İki gənc azərbaycanlı sənətçinin “Eurovision”dakı qələbəsi böyük uğurdur

 

SSRİ XALQ ARTİSTİ , MİLLƏT VƏKİLİ ZEYNƏB XANLAROVA: “ERMƏNİLƏR BURA GƏLMƏSƏLƏR, DÜNYA DAĞILMAYACAQ Kİ?”

 

Zeynəb xanım , ünlü bir sənət xadimi kimi siz sonuncu “Eurovision” yarışması onun nəticələri ilə demək istərdiniz? 

İki gənc azərbaycanlı sənətçininNigarla Eldarın möhtəşəm “Eurovision” yarışmasında qələbəsini böyük uğur, böyük hadisə hesab edirəm. Bu qələbə , bu zəfər Azərbaycanın, Azərbaycan xalqının, dünya azərbaycanlılarının , Azərbaycan mədəniyyətinin , Azərbaycan musiqisinin, bütövlükdə Türk Dünyasının qələbəsidir. Azərbaycan bu günə kimi bir çox sahələrdə böyük uğurlar, nailiyyətlər əldə edib, dünya mədəniyyətinə,incəsənətinə böyük incilər, töhfələr verib, indi bunların sırasına birini əlavə edib.Bundan böyük sevinc, bundan gözəl hadisə, nəticə ola bilməz. Hami kimi mən bir azəri türkü, Azərbaycan ziyalısı, Azərbaycan sənətçisi kimi iki gənc övladımızın bu möhtəşəm qələbəsindən qürur hissi keçirirəm, bundan şərəf duyuram. Elə bilirəm ki, bu, hər birimizin, yer üzündə yaşayan hər azərbaycanlının uğuru,qələbəsidir. Mən bu münasibətlə hamını, bütün xalqımızı təbrik edirəm, bu işdə əməyi keçən,fəaliyyəti olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. İlk öncə dövlət başçımız İlham Əliyevi onun həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı təbrik etmək istəyirəm. Həm hörmətli prezidentimiz İlham Əliyev, həm də onun xanımı Mehriban Əliyeva ötən bu illər ərzində Azərbaycan mədəniyyətinin, Azərbaycan sənətənin inkişafı istiqamətində çox böyük işlər görüblər, hər zaman bu sahəyə böyük qayğı və diqqət göstəriblər,dəstək olublar. Odur ki, bir daha bu işlərinə, bu fəaliyyətlərinə görə onlara öz dərin minnətdarlığımı bildirir, təşəkkürlərimi çatdırıram.

Eyni zamanda havayı yerə deməyiblər ki, ən böyük siyasət elə incəsənətdir. Son qələbəmiz bu deyimin bir daha doğruluğunu sübut etdi. Biz bu qələbəmizlə bir daha Azərbaycanımızın adını,onun mədəniyyətini dünyaya tanıtdıq,üçrəngli bayrağımızı Avropanın tən ortasında dalğalandırdıq. Bildiyiniz kimi, mən bu günə qədər dünyanın 70-dən çox ölkəsində qastrol səfərlərində olmuşam, Azərbaycan mədəniyyətini, musiqisini təbliğ etmişəm, demək olar dünyanı iki dəfə gəzmişəm. Azərbaycandan min kilometrlərlə uzaqlarda məsələn , tutaq ki, yapon dilində mahnı oxumuşam, bu dərhal konsert salonunda əyləşənlərdə böyük marağa səbəb olub, başlayıblar öyrənməyə ki, bu kimdir, haradan gəlib, Azərbaycan harada yerləşir və sair. Yəni, demək istəyirəm ki, ölkəni, xalqı tanıtmaq üçün ən gözəl nümunə , vasitə incəsənət, mədəniyyətdir. Bəzən yüzlərlə, minlərlə siyasətçinin edə bilmədiyini sənət, mədəniyyət adamları, incəsənət, mədəniyyət edir.

Ona görə bir daha bu böyük qələbə ilə bağlı hamini təbrik edir, iki gənc sənətçimizi bağrıma basır, onlara gələcək fəaliyyətlərində növbəti uğurlar arzulayıram və inanıram ki, onlar, eləcə digər gənclərimiz Azərbaycan adına daha neçə-neçə uğurlara, zəfərlərə imza atacaqlar.   

– Bildiyiniz kimi, “Eurovision” yarışmasından dərhal sonra ermənilər gələn il Azərbaycanda keçiriləcək yarışmaya qatılmayacaqlarını bildiriblər. Siz buna necə yanaşırsınız? 

– Ay oğlum, görünür, bu da ermənilərin, məkrli qonşularımızın növbəti oyunları, şoularıdır. Onlar bununla diqqəti özlərini çəkmək və yaxud da uğursuzluqlarını pərdələmək, Azərbaycanın, iki gəncimizin uğuruna kölgə salmaq istəyirlər. Onlardan bundan artıq nə gözləmək olar ki? Adama deyərlər ki, necə olur sənin dövlət adamların, siyasətçilərin, idmançıların bura gələ bilir, ancaq sən yox? Bir də axı, biz indi durub onlara yalvarası deyilik ki? Onlardan ötrü ürəyimiz getmir ki? Yaxud onlar gələn ilki yarışmaya qatılmasalar, dünya dağılmayacaq ki? Gəlmirlər, heç dünəndən gəlməsinlər. Onlar gəlsələr də, gəlməsələr də gələn ilki yarışma çox möhtəşəm şəkildə baş tutacaq. Gəlsələr də, daha neyləmək olar, başqaları necə ,onlar da eləcə...

Gələcəklər və buradan qayıdan nümayəndə heyətləri də xalqımız, dövlətimiz haqda bir daha yüksək təəssüratlarla öz vətənlərinə dönəcəklər. Bir sözlə, dünya bir daha Azərbaycanın və azərbaycanlıların nəyə qadir olduğunu görəcəklər

 

 

Gün.Az

 

525-ci qəzet.- 2011.- 19 may.- S.5.