Sabir Rüstəmxanlı – 65
Müdriklik, Yetkinlik,
bütövlük...
Həqiqəti
çılpaq görmək lazımdır, qoy yalan paltarla bəzənsin!
Pifaqor
O, min beş
yüz illik şeirimizin iki Sabirindən biridir: əvvəl incə
yumorla, ironiya ilə millətə xitabən:
Əcnəbi göydə balonlarda gəzir,
Biz hələ
avtomobil minməyiriz!
– söyləyən
Mirzə Ələkbər söz meydanında at səyirtdi.
Sonra Rüstəmxanlı dünyaya təşrif gətirdi, sələfinə
tərəf üz çevirdi:
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu,
Yandıqca
odlanan ocaqdı.
Daddıqca dadlanan
arzudu.
Bir dərə bahar
leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl
yeridi.
Sabirin “Fəxriyyə”
şeiridi,
Dağları dumanda itən
–
Vətən...Vətən...
– dedi.
Mirzə Ələkbər
Sabir klassik divan ədəbiyyatımızın dumduru
gözündən su içmişdi, mövlanə Füzuli dəli-divanəsiydi,
ancaq şair xoşbəxtliyi onda oldu ki, Füzuli təsirindən,
Füzuli sözünün möcüzəli maqnit cazibəsindən
vaxtında yaxa qurtardı, söz dünyasını, öz məktəbini
yaratdı.
Sabir Rüstəmxanlı
“sovet cəhənnəmində” doğuldu, ancaq heç zaman
mövcud quruluşun zəhərli havasında
boğulmadı, onun əsir-yesirinə çevrilmədi,
şirin ana dilində, ata mülkündə özünəməxsus,
bənzərsiz söz qalasını kərpic-kərpic,
daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu
üçün” deyə-deyə möhtəşəmliyə
yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə
“qızıl qələm” işlətdi, millətinin dərdlərini
pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm
axtardı, ən yüksək tribunalardan, ali mərtəblərdən
çəkinmədən “mən türk oğlu türkəm,
şah nəslindənəm”-söylədi. Milli
mənsubiyyəti ilə öyünə-öyünə
bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi,
öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə
Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza
Sabir Rüstəmxanlı möhürünü vurdu.
“Hər sözüm bir pəhləvandır
kim, bulub təyyidi-həqq”, – demişdi Məhəmməd
Füzuli. Mövlanə özünü “qəmin
hərifi” adlandırsa da, zəmanənin hərifi deyildi,
fövqündə idi – çünki yaratdıqları
şahanəydi. Elə istədiyi vaxt şahın
qapısı da üzünə açıq idi, o,
böyük fateh Şah İsmayıl Xətainin müasiriydi,
bu əsrdaşlıq imkan verirdi ki, istədiyi vaxt qüdrətli
sərkərdəylə görüşsün... Sabir Rüstəmxanlının nəsil şəcərəsi
bəlkə də elə Şah İsmayılın, onun ulu
babaslı Şeyx Səfinin nəsil şəcərəsi ilə
eynidir. Mənəvi bağlar qalsın bir
kənara, ortada mütləq genetik bağlılıq, qan
qohumluğu var. Buna şübhə etmirəm. Axı,
Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində,
istərsə də yaradıcılığında tez-tez
işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”
ifadəsi. Həmin iki söz şairin dilində təsadüfən
cücərməyib, bir gerçək həqiqətə
söykənir, səbəbi var...
Şah İsmayıl Xətai
qələmin qüdrətiylə qılıncın qüdrətini
birləşdirdi: çünki həm şahənşah idi,
həm söz sərkərdəsi. Məğrurcasına
könül rübabını dilləndirməyə vaxt
tapırdı. Sözünün mayası isə ən dərin
qatlardan yol gəlirdi:
Xətaiyəm, al atluyam,
Sözü
şəkərdən dadluyam.
Mürtəza-Əli zatluyam,
Qazilər deyən Şah mənəm!
Sözüylə,
ruhuyla özünü, “yurdunun bölünməz xəritəsi”
adlandıran Sabir Rüstəmxanlı “Bu yurd mənə
Dirəkdəki yəhəriylə,
Axşamıyla, səhəriylə,
Qıyıq gözlü
uşaqların
Cingiltili səsləriylə
Bu yurd mənə
Təxminən 32-33 il öncənin söhbətidir. Dzerjinski adına klubda (indiki Şəhriyar adına mədəniyyət
sarayı) Azərbaycan Yazıçılar
İttifaqının növbəti ənənəvi
qurultayı keçirilirdi. Böyük mərasimdə
Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev, ətrafındakı
hökumət nümayəndələri, görkəmli
söz ustaları iştirak edirdilər. Gənclər
adından Sabir Rüstəmxanlıya söz verildi. Bir anlığa bütün baxışlar ona
tuşlandı.
Biz yerimizdə
donub qalmışdıq. O nədən başlayacaq, nə danışacaq. Qurultay iştirakçılarını razı sala
biləcəkmi? Həssas Heydər Əliyevin,
hökumət adamlarının çıxışına
münasibəti necə olacaq? Gənc Sabirin gözlərində
od parlayırdı, addımları qətiyyətliydi,
içindəki daxili təmkin, yüksək inam sifətində
ifadəsini tapmışdı. Zahirən
özündənrazı təsiri
bağışlamırdı, əksinə, yaşından
böyük şahanə qüruru, məğrur görkəmi
onun dopdolu olduğundan, ən ekstremal, kritik vəziyyətlərə
hazırlığından, daha doğrusu, yetkinliyindən xəbər
verirdi.
O, vəzifə, kitab
çapını eyhamla istəmədi, məişət
şəraitini yaxşılaşdırmaq üçün ev almağı da dilinə gətirmədi. Azərbaycan dilindən, bu qədim türk dilinin
çağdaş problemlərindən
üstüörtülü, sətiraltı da olsa, dövlət
idarələrində ana dilindən çox rus dilinə bəslənən
doğma münasibətdən yana-yana, təpəsindən
tüstüsü çıxa-çıxa
danışdı. Milli manqurtların biganəliyindən,
nazirlərin özbaşınalığından,
yabançı dilə meyl salıb öz ana dilini
unutmalarından tükürpədici faktlar gətirdi. Hamı səsini içinə çəkmişdi,
natiqin göstərdiyi misallar doğru-dürüst idi, ancaq
indiyəcən oğul istəyirdi, ünvanına
çatdırsın. Zəmanə belə
bir övladlıq, oğulluq missiyasını məhz Sabir
Rüstəmxanlının çiyinlərinə qoydu.
Təcrübəli
Mirzə İbrahimovdan (o, ötən əsrin 50-ci illərində
bir dəfə bu məsələnin qurbanına
çevrilmişdi) nəsə soruşan Heydər Əliyevin
sifəti işıqlanmışdı. Mirzə
müəllim isə bu ilıq münasibətdən əməlli-başlı
ürəklənmişdi, tez-tez əyilib respublikanın
birinci adamının qulağına pıçıldayır,
təbəssümlə, səbrlə Sabirə qulaq
asırdı. Arada iki dəfə Heydər
Əlirza oğlu məruzəçinin söylədiklərinə
təmiz Azərbaycan dilində münasibət bildirdi. Bu vacib, cəsarətli problemi
qaldırdığı üçün Sabir Rüstəmxanlıya
təşəkkür etdi.
Beləliklə,
qətiyyət, cəsarət, kişilik, mərdi-mərdanəlik,
millətsevərlik, yurdsevərlik qələbə
çaldı.
Sovetin qılıncının sağa-sola işləndiyi bir
dövrdə, Azərbaycan Sovet
Yazıçılarının ali məclisində
ən ali sözün müəllifi Sabir Rüstəmxanlı
oldu. Onda bir yazar kimi Sabir müəllim
müdrikliyə doğru gedən möhtəşəm yolun
başlanğıcındaydı.
Mən bir dəfə də
səksəninci illərin ortalarında Sabir Rüstəmxanlının
Azərbaycan televiziyasında çıxışına qulaq
asmışam və bir daha yəqin etmişəm ki, o, həqiqətən
sözü ağzında bişirib dilinə gətirir,
yüz sözdən birini, ən sərrastını
seçir, ona görə həmişə hədəfi
düz nişan alır. Onun fəlsəfəsinin və məntiqinin
qabağında tab gətirmək mümkün deyil. Həmin o televerilişdə Sabir müəllim
aparıcıya məhəl qoymadı. Cənubi Azərbaycandan,
güneydə yaşayan həmvətənlərimizin üzləşdiyi
problemlərdən danışdı. Axırda tele-müxbirin
ünvanladığı “Həyatda ən çox nəyi
xoşlayırsan?” sualına Sabir Rüstəmxanlı bircə
kəlməylə cavab verdi:
BÜTÖVLÜYÜ.
Artıq bir nəhəng
sənət adamı üçün, vətəndaş
üçün bu söz əqidə, məram, məqsəd,
tamlıq idi.
Sözün ucundan tutub ucuzluğa getmək
lazım deyildi. Bu
üstüörtülü məntiqi hər kəs
anlayırdı, hər kəs deyə bilmirdi, çəkinirdi,
qorxurdu, ehtiyatlanırdı. Sabir Rüstəmxanlı
isə Sovet DTK-sının təzyiqinə məhəl
qoymurdu, özünü millət yolunda fəda etməyə
hazır idi.
Yeri gəlmişkən,
Sabir müəllimi cəsarət simvolu kimi, müdrik,
bütöv şəxs kimi xarakterizə edərkən bir
konkret yaxşılığını da yada salmaq istəyirəm. “Yazıçı”
nəşriyyatının baş redaktoru olarkən bəzi
istedadsız bədxahlar şeirlərdən ibarət
qovluğumu bilərəkdən itirmiş, gizlətmiş və
sonra guya mənfi rəy yazdırmaqla məni çəkindirmək,
poeziyadan uzaqlaşdırmaq məqsədi
güdmüşdülər. Baş
redaktorun ciddi müdaxiləsi və təzyiqi sayəsində
qovluq tapılıb ortaya gətirildi, həmin nəşriyyat
şairlərinin iştirakıyla müzakirə
başlandı. Heç kəs
cınqırını çıxartmadı, bir irad
tutmadı. Ən nəhayət, Sabir Rüstəmxanlının
özünəxas gur səsi eşidildi: “İnsafınız
olsun, bu nə rəydi, yazdırmısız, bu şəxsin
şairliyinə zərrəcə şübhə yoxdur”. O
zaman maneələrə tuş gəlsə də, “O
ağacın kölgəsi” adlı şeirlər kitabım
“Yazıçı”da nəşr olundu, pis
qarşılanmadı da.
Sabir Rüstəmxanlı
“Ömür kitabı”nı – “Anamın kitabı”nı 25il öncə yazıb. Bu
nəinki bədii publisistikamızın, tarix elmimizin, eyni
zamanda ədəbiyyatımızın şah əsəridir.
Bu adicə kitab deyil, bir ana laylasıdır, ata
çağırışıdır, müdrik baba vəsiyyətidir.
Sözün həm mütləq,
həm həqiqi mənasında bu kitab bir “SABİRNAMƏ”dir.
Mirzə Ələkbər Sabir ötən əsrin
başlanğıcında “Hop-hopnamə”
yaratmışdır, elə həmin yüzilliyin sonunda Sabir
Rüstəmxanlı özünün “Anamın
kitabı”nı yazmaqla “Sabirnamə”ni ortaya qoydu.
Çoxlu sayda kitablar nəşr
olunub, yazılıb, yazılacaq da! Bu kitabın
misli-bərabəri yoxdur, kitablar kitabıdır. Azərbaycan
xalqı üçün bu kitab Lev Qumilyovun “Qədim Rus və
Böyük Çöl” kitabıdır, Oljas Süleymenovun
“Aziya”sıdır, Çingiz Aytmatovun əski qazax
türkünün tarixindən bəhs edən
romanlarıdır.
Məzmun, forma bir yana, bu kitab M.F.Axundovun “Kəmalüdövlə
məktubları” əsərinin əks-sədasıdır. Allah
Mirzə Fətəliyə də rəhmət eləsin!
Mənim yaxşı
yadımdadır, “Ömür kitabı”nın
Azərbaycanda doğurduğu böyük əks-səda. 1989-cu ildə kitab “Gənclik” nəşriyyatında
çapdan çıxdı və ilk nüsxələri əl-əl
gəzdi, satışa çıxmağı ilə
qurtarmağı bir oldu. Hətta o zaman gəlin
köçən qızların cehizliyinə Sabir Rüstəmxanlının
məlum kitabını da hədiyyə qoyurdular...
Bax, doğru
sözün, ürəkdən tikan çıxaran müdrik
sözün qiyməti və hikməti bundadır. Əhsən onu ərsəyə
gətirib ortaya çıxaran istedada!
Sabir Rüstəmxanlı
millət vəkilidir, ancaq yetkinlik çağlarından millətinin
vəkilidir. O,
fəxri addan, orden-medaldan, şöhrətdən ucada durur. Lazım gələndə onlardan imtina da etməyi
bacaran nadir tarixi şəxsiyyətlərdən biridir.
“Ömür kitabı”ndan sətirlər:
“Tarix həm də
duyğu həqiqəti ilə yazılmalıdır!”
“Həqiqət
– elmi kitabların təsvir etdiyindən daha canlı və daha
zəngindir”.
“Bu yazı – mənim
məhəbbət məktubumdur!”
Gözün aydın olsun,
Sabir müəllim, “məktub yetişdi”, xalqına gözəl
kitablar yadigar qoydun! Ardı gəlsin, axı sən
özün deyirsən:
Arzu da beləcə sərhədsiz
olur,
Ümman da beləcə,
göy də beləcə.
Ruhumuz sərhədsiz
olduğu üçün,
Payımız gəlibdir
göydən beləcə!
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2011.- 20 may.- S.7.