“Çörək bol olarsa...”
VƏ YA MÜQƏDDƏS NEMƏTƏ,
MİSİLSİZ MƏNƏVİ DƏYƏRƏ
MÜNASİBƏTİMİZ...
Hər gün səhər
tezdən dükana çörək almağa gedərkən
yolum məhəllədəki zibilləri yığmaq
üçün qoyulmuş dəmir qutuların yanından
keçir. İri, qara metal qutularının dəstəklərindən
asılmış içərisində çörək olan
salofan torbaları gördükdə məni təəccüb
və təəssüf hissi bürüyür. Bu
torbalardakı bütöv və yarımçıq
çörəklərin bir qismi nisbətən təzə
olsa da digər hissəsi göyərmiş, qaralmış və
çox vaxt kiflənmiş halda olur. Bəziləri hətta
içərisində çörək olan torbaları yerə
tullayırlar. Bu vəziyyət, demək olar ki, hər gün
təkrar olunur. Düzdür, bir azdan zibilyığan
maşın gəlir, fəhlələr maşını
yükləyir, çörəyi ayrı kisəyə
doldururlar. Ancaq məni təəccübləndirən odur ki,
insanlarda israfçılıq, gündəlik qidamız olan
müqəddəs nemətə-çörəyə
ehtiramsızlıq haradan yaranıb? Niyə bunun
qarşısı alınmır, nə üçün
insanlar biganəlik göstərirlər? Yəqin ki, bu
xoşagəlməz, ürəkağrıdan vəziyyət
Bakının yüzlərlə zibilxanalarında təkrar
olunur. Belə bir hərəkətə qarşı susmaq,
biganəlik göstərmək, günah işə rəvac
vermək, müqəddəs nemətə
ehtiramsızlığı davam etdirmək deməkdir...
Xəyal məni uzaqlara-uşaqlıq illərimə aparır. Çoxuşaqlı ailəmizdə seyid qızı olan rəhmətlik anam tez-tez uşaqlara deyərdi: Çörək bərəkətdir, onun ehtiramını saxlayın. Çörəyə hörmət olunmasa, o insanlardan qaçar, aclıq, qəhətlik olar. Çörək “Quran”dan irəlidir, əgər yeməyə çörək tapmasaq, aclıq bizi haldan salar, müqəddəs kitabı da tapmarıq. Çörək qırıntıları, yerə düşəndə anam götürüb öpər, gözü üstə qoyardı. Ağacdan düzəldilmiş çörək tabağının yeri otağın yuxarı rəfi idi. Çünki ehtiramlı nemət hər şeydən ucada olmalıydı. Süfrəyə birinci çörək, düz və su qoyulardı. Sonra başqa xörəklər düzülərdi. Qadir Allahın adı çəkilməklə çörəyə əl uzadılardı ki, süfrə həmişə bərəkətli olsun. Süfrə yığışdırılarkən birinci çörək götürülərdi. Yeməkdən sonra Allaha dua edilər, əmin-amanlıq, ruzi bolluğu arzulanardı. Valideynlərimin ən böyük duası bu olardı ki, İlahi bizi heç vaxt çörəklə imtahana çəkmə!..
Şəhərdə doğulub boya-başa çatan və kəndlə heç bir əlaqəsi olmayan insanların çoxunun çörəyin necə hasilə gəlməsindən, bəlkə də, xəbərləri yoxdur. Kənd yerlərində, xüsusən dağlıq rayonlarda taxılın əkilməsi, becərilməsi, yığılması, döyülməsi uzun və çətin prosesdir. Tarixən dağ yamaclarındakı sahələr ot biçildikdən sonra payız əkini üçün xış və ya kotan qoşulmuş öküzlə şumlanardı ki, torpaqdakı bitki yansın, günəş şüalarının təsiri ilə münbitlik çoxalsın. Yayın son ayından başlayaraq sahələrə buğda səpilər, torpaq əkilərdi. İlk payız yağışları kəndlilərdə sevinc hissi oyadar, bir-birinə gözaydınlığı verərdilər. Çünki bu yağışlar gələcəyin ruzi bolluğunun nişanəsi sayılardı. Toxum tez cücərər və torpağa yaxşı kök atardı, qışın şaxtası ona təsir göstərə bilməzdi. Əkilmiş sahələrin qorunması, yazın son ayında alaqdan təmizlənməsi insanlardan qayğı və zəhmət tələb edərdi. İyulun son günlərindən biçin başlanar, taxıl dərzləri xırmana daşınar, biçilmiş taxıl tayalara vurulardı. Eyni zamanda at və ya qaramalı xırmanda açılmış buğda dərzlərinin üstündə hərəkət etdirməklə taxıl məhsulunu samandan ayırırdılar. Bu iş olduqca əziyyətli olurdu. Ancaq hər dəfə çəkilən zəhmət bəhrə verdikdə insanlardan ruh yüksəkliyi yaranır, onların üzü gülür, sabaha, gələcəyə inamı artırdı...
Budur, o dövrdən illər keçmişdir. Doğma yurdumuz Azərbaycan Respublikası müstəqillik əldə etmişdir. Ölkədə kənd təsərrüfatı sahəsində texnikadan geniş şəkildə istifadə olunur, düzənlik sahələrində taxılçılığın inkişaf etdirilməsinə daha çox diqqət yetirilir. Vaxtilə xışla, kotanla şumlanan dağ yamaclarından heyvandarlıqda otlaq sahələri kimi istifadə edilir. Həm dövlətimizdə istehsal olunan, həm də xaricdən alınan taxıl hesabına ölkəmizdə çörək boldur. Ancaq bu bolluğu qoruyub saxlamaq, müqəddəs nemət olan çörəyin qədrini bilmək hər bir vətəndaşın insanlıq borcudur.
Ötən əsrin ortalarında xalq şairi Səməd Vurğun yazırdı:
Çirməyib qolunu qızlar, gəlinlər,
Yığsın qucağına sarı sünbülü.
Torpağa düşməsin
havayı bir dən,-
Çörək bol olarsa,
basılmaz Vətən!
Bəli, harada insanlar firavan
yaşayırsa, çörək boldursa, o ölkə
qüvvətli, qüdrətli və güclüdür. O
ölkənin sərhədlərini igid əsgərlər
sayıqlıqla qoruyur, lazım gələn anda düşmənə
zərbə endirməyi, döyüşdə qələbə
çalmağı bacarırlar.
Tələbəlik
yoldaşım şair Əbülfəz Naxçıvanlı
“Çörək” şeirində bu müqəddəs nemət
barədə fikirlərini belə ifadə edir.
Təndirin başına elat
yığışar,
Könül, göz tox olar,
harda çörək var.
Bir sünbül dəninə
cahan yığışar,
Kədər, qəm yox olar,
harda çörək var.
Təndirdən qalxan
çörək ətri insanlarda könül xoşluğu,
göz toxluğu yaradır, onları bir yerə toplayır, kədəri,
qəmi qovur, yox edir, onlar arasında mehri ülfəti
artırır.
Şair aclıq, qəhətlik
illərini xatırlayaraq yazır:
Çətinə
düşəndə, bir loxma çörək,
Dizlərə taqətdir,
gözlərə işıq.
Əsla yadımızdan
çıxmasın gərək,
Vaxt olub, acından
yatammamışıq.
Müəllif sonrakı bənddə
də qeyd edir ki, çörək and yerimiz olub, babalar ən
ağır cinayəti də kəsdikləri duz çörəyə
bağışlayıblar.
İslam dinində gündəlik
ruzimiz olan çörək əvəzedilməz nemət kimi
yüksək dəyərləndirilir və insanlardan ona
hörmət bəsləmək, onun qədrini bilmək tələb
olunur. Allahın sonuncu peyğəmbərləri Məhəmməd
(s) bir hədisdə buyurur: “Ay Allah, çörəyi bizə
mübarək elə, bizi ondan ayırma. Əgər
çörək olmasa, biz oruc tutmarıq, namaz qılmarıq
və Allahımızın buyurduğu vacib əməlləri
yerinə yetirmərik”. İnsanın əsas yeməyi
çörəkdir, o olmasa başa şeylərlə insan
öz həyatını davam etdirə bilməz. Əgər o
digər şeylərlə qidalanıb ölməsə də,
bədənində qüvvət olmaz. Peyğəmbərimiz
buyurur ki, “namaz qılmarıq, oruc tutmarıq, yəni bu vacibi əməlləri
yerinə yetirməyə taqətimiz qalmaz.
Peyğəmbərimiz digər
bir hədisində buyurur: “Çörəyə hörmət
edin, onun hasilə gəlməyində Ərs ilə Yer
arasında olan çox xalqların əməyi var”. Bu qiymətli
kəlamda dərin mənalar yer almışdır.
Çörəyin hasilə gəlməsi uzun prosesdir.
Buğda əkmək üçün kim isə
çölü şumlayıb, sonra toxumu sahəyə səpib.
Küləklər buludları qovaraq ilahi nemət olan
yağış sularını o yerə gətirib, oranı
sirab edib. Günəşin istisi əkilmiş sahəni
qızdırıb, hava, su, işıq, hərarət və
torpaqdakı maddələr sayəsində o toxum cücərib,
yerə kök ataraq böyüyüb. Müəyyən
müddətdən sonra həşəratlar onu
tozlandırıb, taxıl sünbülləri yetişib,
hazır olub. Sonrakı mərhələdə taxılın
yığılması, döyülməsi, üyüdülməsi
və nəhayət yoğurulub-bişirilməsi ilə bir
çox insanlar məşğul olub.
Şərqin dahi şairlərindən
biri olan Sədi Şirazi bu hədisdən ilhamlanaraq
aşağıdakı beytləri qələmə
almışdır:
Sənə bir parça
çörək vermək üçün
çərxi-fələk
Çalışır Ay,
Günəş,
göydə buludlarla külək.
Səndən ötrü
hamı fərmanda itaətdədilər,
Sən də daim olasan
Xaliqə fərmanda gərək.
Görkəmli söz
ustası bu beytlər vasitəsilə bildirir ki, qadir
Allahın hökmü ilə Ay, Günəş, külək,
bulud, torpaq yer üzünün əşrəfi olan insan
üçün çalışır. İnsan özü də
Allahın qüdrət və əzəmətini dərk etməli,
həmişə onun əmrlərinin icrasına hazır
olmalıdır.
Məhəmməd (s)
peyğəmbərin başqa bir hədisində deyilir: “Sizin
üçün süfrəyə çörək və ət
gətirsələr əvvəlcə çörəkdən
başlayıb aclığın əziyyətini onunla
özünüzdən dəf edin, ondan sonra əti yeməyə
başlayın”. Bu qiymətli kəlamda da çörəyin
ehtiramı önə çəkilir, əvvəlcə yeməyə
ondan başlamaq tövsiyə olunur. El arasında deyilir ki,
süfrədə çörək varsa, demək hər
şey vardır. Eşitdiyim hədislərin birində deyilir
ki, çoxlu var-dövləti olan mömin bir şəxs Məhəmməd
(s) peyğəmbərin yanına gedib ona müraciət etdi: –
Ey Allahın rəsulu, mən böyük var-dövlət
sahibiyəm. Həmişə uca Yaradana ibadət və itaətdəyəm,
Allahın mənə nəsib etdiyi bu sərvətə
görə daima ona şükür edir, həmdsəna oxuyuram.
Ancaq belə düşünürəm ki, bu mal-mülkün
müqabilində etdiyim şükür çox azdır,
cüzidir. Qiyamət günü buna görə Yaradan
qarşısında xəcalətli olaram. Ona görə də
mənə bir yol göstər ki, bundan sonra var-dövlətim
artmasın.
Allahın peyğəmbəri
Məhəmməd (s) buyurdu: – Bazarın bu başından o
başına yol gedə-gedə bir parça çörəyi
yeyin, sərvətinizin artması dayanar.
Var-dövlət sahibi
döşünə önlük taxaraq, bazarın bu
başından o başına yol gedə-gedə “Bismillah” deyərək,
bir parça çörəyi yedi, axırda önlüyə
düşmüş kiçik çörək
qırıntıları ovcuna töküb ağzına
atdı və axırda Allaha şükür, həmd-səna
etdi. O gündən mömin şəxsin sərvəti daha
sürətlə artmağa başladı.
Həmin imanlı kişi
yenidən Peyğəmbərin görüşünə getdi
və əhvalatı ona danışdı. Peyğəmbərimiz
buyurdu ki, sizə bazarda yol gedə-gedə çörək
yeməyi məsləhət gördükdə
düşündüm ki, çörək
qırıntıları yerə düşər, adamlar onu
ayaqlayıb tapdalayar, var-dövlətimizin bərəkəti
gedər, artım dayanar. Ancaq siz ki, çörəyə belə
hörmət bəsləyir, ehtiramla
yanaşırsınız, sərvətiniz çoxalmaqda davam
edər, qəm çəkməyin, kədərlənməyin,
inşallah qadir Allah şükrünüzü də qəbul
edər. Əlbəttə, ibrətamiz hadisədir,
çörəyə ehtiram sahibi istəməsə də sərvətinin
artmasına səbəb olub, Allah-Təala onun əməyini
Özünün səxavət xəzinəsi ilə dəyərləndirib,
var-dövlətini çoxaldıb.
İslam dinində qənaət və qənaətcillik bəyənilir, təqdir olmur. İsrafçılıq isə bəd əməl hesab edilir, “Qurani-Kərimin bir çox ayələrində (“Əraf” surəsi, 31-ci ayə, “Ənam”, 141, “Furqan” 67, “Şuəra”, 151! “Zariat”, 34, “Taha”, 127 və s.) insanlar bu xoşagəlməz işdən çəkindirilir, israfçılar hətta şeytanın qardaşları adlandırılır. İlahi kitabın “Gafir” surəsinin 43-cü ayəsində oxuyuruq: “...Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər”. Əlbəttə, bəndəli həddini aşanların cəzasının ağırlığı çoxlarına bəllidir. Sadəcə ona təəssüflənirsən ki, sanki insanlar günah işləri görməkdə də bir-birilə bəhsə giriblər. Ancaq “Quran” buyurur ki, “yaxşı işlər görməkdə bir-birinizlə ötüşün” (“hədid” surəsi, 21-ci ayə). Qadir Allahın insanların gündəlik ruzisi üçün qərar verdiyi çörəyin israfçılığı belə bir işi görənin ailə büdcəsinin də zərbədir. Çünki manatlar qəpiklərdən yaranır.
Bu gün şadlıq saraylarında, digər ictimai yerlərdə də çörəyə, başqa ərzaq məhsullarına münasibət, onlardan lazımi qaydada istifadə heç də ürəkaçan deyildir. Yekun olaraq qeyd etmək istəyirik ki, müqəddəs nemət olan çörəyin ehtiramım saxlamaq, onun istifadəsində israfçılığın qarşısını almaq hamımızın borcudur. Bu işdə kütləvi informasiya vasitələrinin – mətbuatın, radionun, televiziyanın üzərinə də mühüm vəzifələr düşür.
Hacı BAYRAM
525-ci qəzet.- 2011.- 20 may.- S.6.