Beynəlxalq Muzeylər
Günü, Azərbaycan muzeyləri və...
... MƏDƏNİ SƏRVƏTLƏRİMİZİN
SAXLANC YERLƏRİNİN DÜNƏNİNƏ VƏ
BUGÜNÜNƏ BAXIŞ
Beynəlxalq Muzeylər
Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara
əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər
Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar
arasında mədəni mübadilə və əməkdaşlığın
inkişafına kömək şüarı ilə
keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə
ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə,
bu sahədə mövcud olan problemlərə cəlb etmək
üçün əlamətdar vəsilədir.
Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər fəaliyyət göstərir.
Azərbaycana gəlincə, ölkəmizdə ilk muzey 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə parlamentin binasında (İstiqlal Muzeyi) fəaliyyətə başlayıb, sonrakı illərdə Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), ayrı-ayrı sahələr üzrə muzey-fondlar, rayonlarda tarix-diyarşünaslıq muzeyləri və s. təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var. Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri. Son illər regionlarda Heydər Əliyev Muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Respublikanın bütün muzeylərində Beynəlxalq Muzeylər günü müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri ilə qeyd edilir.
Ölkə prezidenti İlham Əliyevin muzeylərin inkişafı və yeni muzeylərin təşkili ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması barədə sərəncamlar da bu sıradandır.
Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır. 2009-cu il ərzində Sumqayıt, Balakən, Qusar, Xızı tarix-diyarşünaslıq muzeylərində, Lənkəran şəhərində Həzi Aslanovun ev muzeyində, Salyan rayon Heydər Əliyev muzeyində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bədii-tərtibat işləri aparılıb.
İşğal və qarətə
məruz qalmış muzeylərimiz
Bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Həmin ərazilərdə zəngin muzeylərimiz, şəkil qalereyaları ilə yanaşı çoxsaylı mədəniyyət nümunələrimiz də məhv edilib. İşğal altında olan rayonlarımızda vaxtilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardır.
Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub”.
Tədqiqatçı Faiq İsmayılov deyir ki, Qarıqışlaq – Laçın yolunun 2-ci kilometrliyində Minkənd çayının sağ sahilində yerləşən Kosalar kəndi erməni silahlı qüvvələrinin işğalı altında olan kəndin ərazisi tarix və mədəniyyət abidələri ilə zəngin idi. Kəndin ərazisindəki Azərbaycan tarixinin qədim dövrlərinə aid yeraltı keçidlər, süjetli daşlar və memarlıq abidələri vardı.
Kosalar kəndinin ən möhtəşəm abidəsi, 4-9 əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən Ağoğlan kompleksidir. “Qaladan Ağoğlan qəsrinə yeraltı keçidlərin olması barədə fikri ilk dəfə mən 1985-ci ildə irəli sürmüşdüm. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri hələ işğala qədər olan dövrdə aşkar edə bilməmişdik. Laçın torpaqlarının işğalından sonra ermənilər bu qəsrin adını “Tzitzernavank” qoyublar. Bu yaxınlarda yayılan məlumatlara görə, erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər”.
Ağoğlan qəsrinin bu ərazidə ilk dəfə 4-cü əsrdə inşa edilməsi barədə xeyli dəyərli sübutlar mövcud olsa da, bu abidə kompleksinin hələ xristianlığa qədərki dövrə aid olması barədə fikir söyləyənlər də var. Məhz buna görə də mütəxəssislər bu abidə kompleksini xristianlığa qədərki dövrə aid olan abidələr siyahısına daxil edilməsini vacib hesab edirlər. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından 4-cü əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna – monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.
Ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək adı altında abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları ya tamamilə silmiş, ya da formalarını dəyişdirib.
2006-cı ildə ABŞ-ın Kaliforniya ştatından əldə edilmiş ianələr hesabına ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə, bu abidənin guya xristianlığın erməni (qriqoryan) məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdiriblər. Kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş xaçdaşlar basdırıblar, binanın fasadını söküb dəyişərək kirəmid və dəmirlə əvəzləyiblər. Ermənilərin bu saxtakarlığı ilə abidə divarları üzərində göstərilən tarixindən və öz orijinal interyerindən və baxanları heyran qoyan əzəli gözəlliyindən də məhrum olub.
İşğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyəti və tarixinə qarşı əsl soyqırım həyata keçirən ermənilər Ağoğlan qəsrini də hədəf alıblar. Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskoplar İrəvan şəhərində 2007-ci ildə öz daxili qərarı ilə bu abidəyə erməni qriqoryan kilsəsi statusu verib.
Onu da qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.
Beynəlxalq əlaqələr
Son illər Azərbaycanda fəaliyyət göstərən muzeylərinin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq sənədlər imzalanır. Muzeylər təmir olunarkən və ya ekspozisiya yeniləşərkən beynəlxalq normalara uyğun olmasına çalışılır. Muzey əməkdaşları da tədricən xarici muzeylərə ezam olunur və burada təcrübə mübadiləsi keçirlər. Mədəniyyət və Turizm Nazirliyində deyirlər ki, beynəlxalq normaları Azərbaycan muzeylərində tətbiq etməyə çalışırlar. Azərbaycan Dövlət İncəsənət Muzeyində təmirdən sonra belə bir təcrübənin tətbiq edilmə imkanı yaranıb. Bundan başqa, Bakıda yeni yaradılmış Müasir İncəsənət Muzeyi tərtibat səviyyəsinə, digər imkanlarına görə dünyada fəaliyyət göstərən ən məşhur müasir incəsənət muzeyləri ilə bir sırada dayanır. Bu gün bu muzeydə açılan qeyri-adi sərgilər də hər kəsin marağına səbəb olur.
Bundan başqa, dünyanın tanınmış muzeylərində Azərbaycan mədəniyyətinə dair guşələr fəaliyyət göstərir. Pakistanın İslamabad şəhərinin Etnoqrafiya Muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura – Etnoqrafiya və Təbiət-Landşaft Qoruq-Muzeyində, Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin Nizami Gəncəvi Muzeyində, Çinin Folklor, Qadın və Uşaq Muzeyində və digərlərində Azərbaycana aid guşələr yaradılıb. Həmçinin dünyanın aparıcı kolleksiyaları Azərbaycanda nümayiş etdirilir. 2009-cu ildə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyasından Mərkəzi Asiya örtükləri sərgisi təşkil olunub. Bu istiqamətdə Azərbaycan muzeyləri bir sıra beynəlxalq layihələrə imza atır və bu da beynəlxalq əlaqələri genişləndirir.
Azərbaycanda muzey fondlarında saxlanılan maddi-mədəniyyət nümunələrinin sayı artıq 1 milyonu keçib. Muzey işçilərinin sayı 2 min nəfərdən artıqdır. Statistika göstərir ki,
Azərbaycanda muzeylərə maraq da artmaqdadır. Belə ki, yaxın 1-2 ilin statistikasına görə, muzeylərə gələn tamaşaçıların sayı milyon yarımdan artıq olub.
P.SULTANOVA
526-ci qəzet.- 2011.- 20 may.- S.6.