Qorçu – od saxlayan deməkdir
Əməkdar incəsənət
xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
yenicə çapdan çıxmış “Heydər Əliyev
və milli-mənəvi dəyərlərimiz” adlı
sanballı tədqiqat əsəri ilə tanışlıqdan
sonra bu qənaətə gəldim ki, biz, XX əsrin 70-ci illərindən
sonra pərvəriş tapan sənət adamları çox
maraqlı, dolğun və məhsuldar bir dövrdə
yaşamışıq.
Bəli, biz xoşbəxt idik ki, işimizi dəyərləndirən, onun incəliklərini çox vaxt bizdən də yaxşı bilən bir rəhbərin əsrdaşıyıq. Əməyimizə qiymət verən, ideyalarımızı bəyənən və onun pərvəriş tapması üçün münbit mühit yaradan bir şəxsiyyətlə işləmişik ki, bu da əslində böyük bir məktəb idi.
Heydər Əliyev kimi bir nəhənglə işləmək sözün həqiqi mənasında həm unudulmaz zövq, həm sonsuz yaradıcılıq ilhamı, həm də məsuliyyət hissi tələb edirdi. Bu işgüzar dövrün nəbzini tutanlar yaxşı bilirdilər ki, xalqın milli-mənəvi yaddaşının yeni səhifələrini yazmaq missiyası məhz onların qismətinə düşür və onlar da bu missiyanı zərgər dəqiqliyi ilə cilalayıb yazmağa borcludurlar. Çünki bu dövrün Heydər Əliyev kimi dahi memarı, ideyalar daşıyıcısı, sənət xiridarı vardı. Bu insan Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə (1969-2003-cü illər) həm müdrik el ağsaqqalı, həm təcrübəli siyasi lider, həm də ədəbiyyat və incəsənətimizin gözəl bilicisi və hamisi kimi cəmiyyətin mənəvi bazisi sayılan prinsiplərin qorunub saxlanılması və inkişaf etdirilib zənginləşdirilməsi üçün çox dəyərli ideyalarını hamı ilə bölüşürdü. Özü də bunu elə ustalıqla, elə səmimiyyətlə, elə sadə, elə ürəkdən və mərhəmanə edirdi ki, deyilən sözlər, söylənən fikirlər və verilən tövsiyələr görüş iştirakçıları ilə bərabər milyonlarla dinləyici və tamaşaçının da qəlbinə yol tapır, yaddaşında yaşayırdı.
Professor Timuçin Əfəndiyev də “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” əsərində ulu öndərimizin məhz bu keyfiyyətlərini ön plana çəkir. Tanınmış alim və pedaqoq illər boyu fəaliyyətini diqqətlə izlədiyi Heydər Əliyevin Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində çalışan insanlarla – ədəbiyyatçılar, teatr, musiqi, kino xadimləri, təsviri sənət ustaları ilə görüşlərdə dediyi hər bir fikrin, irəli sürdüyü hər bir təşəbbüsün, təklif etdiyi hər hansı bir ideyanın xalqımızın mənəvi cəhətdən daha da zənginləşməsində mühüm rol oynadığını konkret nümunələrlə gözlər önündə sərgiləyir. O, ulu rəhbərin hər kəlməsinin, hər ideyasının həyatda dəfələrlə öz təsdiqini tapdığını, güclü məntiqə, zəngin həyat təcrübəsinə arxalandığını qeyd edir.
Heydər Əliyev belə bir gerçəkliyi dönə-dönə vurğulayırdı ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq olar, lakin hər bir insan və hər bir millət ilk əvvəl öz xalqının mənəvi dəyərlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. O özü bu sahədə birincilərin birincisi-qoruyucu və ötürücü missiyasını məharətlə yerinə yetirən əvəzolunmaz şəxsiyyət idi.
Deyirlər ki, qədimlərdə insanlar kəşf etdikləri odu saxlamağı tayfanın ən mərd, ən cəsarətli, ən qorxmaz və etibarlı adamına əmanət edərdilər və bu insan da o bir ovuc odun keşiyini çəkər, onu qəfil küləkdən, qardan-yağışdan, oğrudan-quldurdan qoruyarmış. Heydər Əliyev də illər boyu xalqın etibarlı od saxlayanı – Qorçusu kimi onun yaddaş xəzinəsini qorumaq işinə xidmət elədi, “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin YUNESKO tərəfindən bütün dünyada bayram edilməsinə nail olmaqla, əslində bu abidəni bir az da azərbaycanlaşdırdı, onu bu xalqın mənəvi yaddaşı kimi “pasportlaşdırdı”. Füzuli, Nəsimi kimi dahi Azərbaycan şair və mütəfəkkirlərinin yubileylərinin beynəlxalq aləmdə qeyd edilməsi üçün də biz bu unudulmaz İnsana minnətdarıq.
Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və yorulmaz səyi nəticəsində romantik poeziyamızın günəşi, 37-ci illərin sürgününə məruz qalmış Hüseyn Cavidin nəşi uzaq Sibir çöllərindən Azərbaycana, görkəmli şairin doğulub boya-başa çatdığı Naxçıvana gətirildi, onun şərəfinə ucaldılan abidədə əbədi dinclik tapdı. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin inşası, Bakıda İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, bir sıra dəyərli memarlıq komplekslərinin yaradılması da məhz Heydər Əliyevin yadigardır.
Timuçin Əfəndiyevin bu qiymətli kitabında belə bir fikir ön plana çəkilir ki, Heydər Əliyev Azərbaycanın taleyüklü siyasi və iqtisadi problemlərinin həllinə cavabdeh olduğu illərdə bir an belə unutmayıb ki, xalqı, milləti yaşadan və onun var olmasına təminat verən bu xalqın əsrlər boyu zərrə-zərrə yaratdığı dəyərlərdir! Ulu öndərimiz bu dəyərləri qoruyub yaşatmağı tövsiyə edərkən qürur hissi ilə deyirdi: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.”
Müəllifin böyük məhəbbət və diqqətlə tərtib etdiyi bu kitabda biz əfsanəvi bir insanın obrazını görürük. Bu insan qibtəedici yaddaşa, tükənməyən enerjiyə, daxili zənginliyə, xarici gözəlliyə, hərtərəfli biliyə malikdir. Onun hər kəsi heyrətə gətirən keyfiyyətlərini əslində, heç sayıb qurtarmaq da mümkün deyil. Bu insanda qəribə bir cazibə qüvvəsi vardı, o müsahiblərini heyran etməyə, onları yönəltməyə, öz maraq dairəsində saxlamağa qadir idi.
Azərbaycanın milli-mənəvi dəyərlərinə sevgi və sayğı ilə yanaşan, məxsus olduğu xalqın dilini bütün gözəllikləri ilə mənimsəyən, öz fikrini səlis və güclü məntiqi arqumentlərlə ifadə edən, ünsiyyətdə olduğu sənət adamlarının, çalışdığı, təmsil etdiyi sənətin incəliklərini professional səviyyədə bildiyini nümayiş etdirən bu unikal şəxsiyyət baxdığı tamaşalar haqqında ən yaxşı teatr bilicisindən daha konkret və faydalı fikirlər söyləyər, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Lətif Kərimov, Kamil Əliyev, Mikayıl Abdullayev, Rasim Babayev kimi rəssamların əsərləri barədə sənətşünaslardan da sərrast və dolğun rəy bildirərdi.
O musiqi mədəniyyətimizin görkəmli nümayəndələri Qara Qarayev, Niyazi, Bülbül, Rəşid Behbudov, Tofiq Quliyev və onlarla digər tanınmış bəstəkar, müğənni, ifaçının yubiley tədbirlərində böyük məhəbbətlə çıxış edərək onların xalq qarşısında xidmətlərini yüksək dəyərləndirərdi.
Həm ölkə, həm də dünya kinosunun ulduzları ilə görüşlərində Heydər Əliyev təcrübəli kinoşünas kimi rejissor və operator işindən, aktyor oyunundan, bəstəkar və rəssamın fəaliyyətindən, bir sözlə, kadr arxasında qalan hər bir işçinin zəhmətindən elə ustalıqla danışar, bu və ya digər ekran əsərinin ideya-bədii keyfiyyətlərindən elə böyük bir səriştə ilə söz açardı ki...
Bu dahi şəxsiyyətin şair və yazıçılar arasında da dostları çox idi və ulu öndərimiz onların hər birinin yaradıcılığını mütəmadi izləyər, hər birinin həyat şəraiti, məişət qayğıları ilə maraqlanar, xoş günlərində, ağır məqamlarda bu insanların yanında olardı.
Kitabdakı nəfis şəkillər də bu unudulmaz görüşlərin maraqlı və yaddaqalan anlarını bir daha xatırlamaq imkanı verir. Bu şəkillərdən bizə nə qədər tanış, doğma sima boylanır. Bu sənətkarların hamısının milli mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafında xüsusi yeri, çəkisi var. Heydər Əliyev onların hər biri ilə səmimi ünsiyyət qurmağa müvəffəq olurdu, yeri gələndə hər birinin yaradıcılığından nümunələr səsləndirirdi, hər bir əsər haqqında maraqlı və dəyərli fikirlər söyləyirdi.
İnsan bəzən bu qüdrətin, bu böyüklüyün qarşısında çaş-baş qalardı. Əcaba, bu qüdrətli siyasət adamı bu qədər vaxtı, imkanı haradan tapırdı ki, həm Azərbaycanı qorumaq, onu müxtəlif dönəmlərdə, ələlxüsus da, Sovetlər birliyinin buxovundan xilas olub milli müstəqilliyini qazanmaq uğrunda mübarizələrdən salamat qurtarmaq üçün dünyanın aparıcı dövlətləri ilə döş-döşə gəlməkdən çəkinmir, həm min bir bəla ilə üzləşən, Qarabağ boyda göynəyən yarası olan bir ölkəni düşmənlərin caynağından almaq üçün çaba göstərir, həm daxildəki müxalif qüvvələrə qarşı mübarizə aparır, həm də xalqın sabaha inamını formalaşdırmaq, ruhdan düşən, sınan milləti yenidən dirçəltmək, onda vətənpərvərlik hissləri aşılamaq üçün yorulmadan, usanmadan çalışırdı.
Ümummilli liderimiz təklənmiş Vətənin, torpaqlarının 20 faizi işğal olunmuş, yüzlərlə övladını Qarabağ müharibəsində şəhid vermiş, milyonlarla qaçqına və köçkünə sığınacaq olmuş Azərbaycanın taleyinə cavabdeh olduğu illərdə bu “tarixi və əfsanəvi şəxsiyyət” (Çingiz Aytmatov) görəsən bu boyda həvəs və marağı, bu humanist duyğuları, bu işıqlı ümidi, gələcəyə nikbin inamı necə yaşada, qoruyub saxlamağa necə nail ola bilirdi!?
Sonra da düşünürsən ki, bunu yalnız Heydər Əliyev kimi SEÇİLMİŞLƏR bacarardılar, çünki Tanrı məhz sevib seçdiyi bəndələrinə dünyanın, necə deyərlər, “axarını dəyişməyi etibar edib”.
Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, profesor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabının ən dəyərli və qiymətli keyfiyyətlərindən biri də onun məntiqi ardıcıllığa söykənmiş quruluş və vahid konsepsiya axıcılığına malik olmasıdır. Müəllif oxucusunu və gələcək tədqiqatçısını (əminəm ki, bu kitab Heydər Əliyev irsini öyrənmək istəyən hər kəs üçün əvəzsiz vəsaitdir) bu yorulmaz şəxsiyyətin şərəfli və mənalı ömrünü tarixi sıralama ilə izləməyə yönəldir, müxtəlif dönəmlərdə, ulu rəhbərimizin xalqın bədii yaradıcılıq yaddaşına münasibətinin ən vacib anlarını öyrənməyə, bu gün də əməlləri, arzu və istəkləri ilə millətinin ilham qaynağına çevrilən, onunla bərabər daha işıqlı və xoşbəxt günlərə addımlayan Dahinin mübarizə dolu, quruculuq amallı illərinə qayıtmaq, hər bir azərbaycanlının qürur və fəxarətlə yad etdiyi şəxsin portret cizgilərini daha dolğun cızmaq imkanı verir.
Bu gün həm ölkə daxilində, həm də Azərbaycan dövləti ilə siyasi, iqtisad və mədəni müstəvidə görüşən hər hansı xarici məmləkətdə hər kəsə yaxşı bəllidir ki, Heydər Əliyev fenomenal bir şəxsiyyət, görkəmli mədəniyyət hamisi, istedadlı insanların yaxın dostu, mənəvi yaddaşımızın qoruyucusu, bir sözlə, qədim və zəngin ənənələri olan Azərbaycanımızın QORÇUSU – Odlar ölkəsinin müqəddəs ocağının, odunun qoruyucusu olan İNSAN, RƏHBƏR, DAHİ idi.
Bu dahi insan haqqında çox yazılıb, hələ bundan sonra da yazılacaq, danışılacaq. İnanıram ki, bu sanballı kitablar və tədqiqat əsərləri arasında tez-tez müraciət ediləcək dəyərli mənbələrdən biri də professor Timuçin Əfəndiyevin sonsuz məhəbbət və qayğı ilə araya-ərsəyə gətirdiyi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz ” kitabı olacaq.
Əliqismət LALAYEV,
əməkdar incəsənət xadimi
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2011.- 20 may.- S.4.