Xəzər Universitetinin 20 illiyi qeyd edilib
Dünən Xəzər
Universitetində sözügedən ali təhsil müəssisəsinin
yaranmasının 20 illik yubileyinə həsr olunan tədbir
keçirilib. Tədbirdə çıxış edən Xəzər
Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib
ki, Xəzər Universiteti 1991-ci ildə Nazirlər Kabinetinin qərarı
ilə qurulub və Azərbaycanda fəaliyyətə
başlayan ilk özəl ali məktəbdir. Xəzər
Universiteti Azərbaycanda bakalavr, magistr və doktor dərəcələri
verən ilk tədqiqat yönümlü özəl universitetdir.
Onun sözlərinə görə, Xəzər Universiteti Azərbaycanda
yeganə universitetdir ki, onun tədris siyasəti və
diplomları Avropa və Amerikanın aparıcı universitetləri
tərəfindən tanınır: “Xəzər Universitetində
əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin
müasir dərsliklərdən istifadə etməsi, təhsillərini
xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin
effektli dərs deməsi və sair kimi işlərə
geniş imkan verir”. H.İsaxanlı vurğulayıb ki, təhsildə
keyfiyyəti və beynəlxalq standartları təmin etmək
üçün Xəzər Universiteti beynəlxalq əlaqələrini
daimi inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət
göstərən tanınmış yerli və xarici şirkətlərlə
yaxından əməkdaşlıq edir: “Universitetdə Mühəndislik,
tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi,
humanitar və sosial elmlər, incəsənət, beynəlxalq
münasibətlər, hüquq, tibb və səhiyyə, təhsil
və sair sahələr üzrə kadr
hazırlığı aparılır. Universitet nəzdində
“Dünya” məktəbi, müxtəlif tədqiqat
institutları fəaliyyət göstərir. Universitetdə azərbaycanlılarla
yanaşı ABŞ, Norveç, Hindistan, Pakistan, İran,
İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB
ölkələri, və sair ölkələrdən əcnəbi
tələbələr təhsil alır”.
Tədbirdə
çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanda
rəsmi fəaliyyətə başlamış ilk özəl
ali məktəbin qurulmasında və ölkədə təhsilin
inkişafında professor Hamlet İsaxanlının xidmətlərindən,
xüsusilə magistr hazırlığında bu universitetin
rolundan danışıb. Nazirin sözlərinə görə,
Xəzər Universitetində keyfiyyət həmişə əsas
meyar olub. Universitetdə yaradılan “Ali təhsildə keyfiyyətin
təminatı mərkəzi” ölkədə bu sahədə
fəaliyyət göstərən yeganə qurumdur: “Universitetdə
200-dən çox professor-müəllim heyəti
çalışır. Bunlar həm tanınmış yerli, həm
də xaricdən dəvət olunmuş mütəxəssislərdir.
Yerli mütəxəssislərin böyük əksəriyyəti
xaricdə təhsil almış və ya təcrübə
keçmişlər. Xəzər universiteti xaricdən dəvət
edilmiş mütəxəssislərin, eləcə də xaricə
göndərilmiş müəllim, tələbələrin
sayına görə Azərbaycanın və yaxın bölgənin
ən qabaqcıl ali məktəbidir”.
Təhsil naziri qeyd edib ki,
universitetdə dünyanın bir çox ölkələrindən
alınıb gətirilmiş, elmin müxtəlif sahələrinə
aid dərslik və monoqrafiyalarla zəngin kitabxana informasiya mərkəzi
tələbələrə xidmət edir. Nazir əlamətdar
yubiley münasibətilə universitetin professor-müəllim
heyətini təbrik edib və onlara yeni uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları universitetin tələbələrinin
yaradıcılıq işlərindən ibarət sərgi ilə
də tanış olublar.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 20 may.- S.2.