Gənc yazarlara örnək yaradıcılıq

 

Daxilində yaratmaq eşqi duyub, yazıçılıq həvəsində olan kəslər qələm əhlinə görə ən ali zirvə sayılan yazıçılığı fəth etmək üçün ideyalar aləminin dörd mərhələsindən keçirlər. Onlar yolun başlanğıcında hər şeydən, hətta bir çox hallarda özlərinə (!) və oxuculara belə qaranlıq qalan, məğzi anlaşılmayan mətləblərdən söz açırlar. Yazıçılığa gedən yolun bu dönəmində qələmə alınanlar oxucuya hansısa bədii, emosional hiss aşılamaqdan daha çox qulaqda “Mən də varam!”, ”Məni də görün!” nidaları kimi səslənir. Onu da qeyd edək ki, bir çox sahələrdə olduğu kimi burada da istisnalar yox deyil. Bu fakt heç də onu deməyə əsas vermir ki, yazmağa başladığı ilk illərdə hər kəs söz fiquru düzüb – qoşanlardan, söz oyununun oyunçularındandır. Fəaliyyətlərinin ikinci dönəmində yazanlar artıq hər şeydən yazmaqdan yeni bir strategiyaya keçərək yalnız cəmiyyəti düşündürən, narahat edən məsələlərin yer aldığı mövzulara istinad edirlər. Bir çox ədiblərimiz var ki, onların məlum fəaliyyətə başladığı ilk illərdə qələmə aldıqları bütün yaradıcılığı boyu yazdıqları ilə müqayisə olunarsa, üstünlük böyük xal hesabıyla birinci tərəfdə olacaq. Üçüncü mərhələ artıq qələm sahibinin yetkinləşdiyi, öz imzasını müəyyən mənada tanıtmış olduğu dövr olması səbəbindəndir ki, o, artıq həyatın onu narahat edən, düşündürən tərəflərini işıqlandırmağa və oxucunun da fikrini həmin məsələlərə yönəltməyə çalışır. Bu mərhələ yazanın yazıçı adlandırılmağa haqq aldığı bir dönəmdir ki, artıq tutduğu yolda onun ardınca yol alıb yürüyən cığırdaşları da var. Dördüncü mərhələ isə həm yaradıcılığın pik nöqtəsi, həm də birinci mərhələyə məntiqi qayıdış kimi də xarakterizə oluna bilər. Bu mərhələni şərtləndirən başlıca cəhət kimin nədən və necə yazmasıdır. Burada haqqında danışmaq istədiyim yazıçı Elçin Hüseynbəylidir. Yeni nəsil nasirlər arasında öz dəst-xətti, yaradıcılıq özəllikləri ilə seçilən Elçin Hüseynbəylinin yaradıcılığını ikinci və üçüncü dövr arasında keçid mərhələsinə aid etmiş olsaq, yanılmarıq. Bir çox ədəbi mükafatlara layiq görülən, hazırda “Ulduz” jurnalının baş redaktoru olan Elçin Hüseynbəyli hər şeydən yazmağı, günümüzün reallıqlarını, cəmiyyətdəki naqislikləri bütün çılpaqlığı ilə qələmə almağı özünün mənəvi borcu hesab edir. Yazdıqlarından da anlaşıldığı kimi, sivilizasiyanın, tərəqqinin qatı müdafiəçilərindən olsa da, eyni zamanda ən yüksək inkişaf səviyyəsində olan elm və texnologiyanın bəşəriyyəti uçuruma, məhvə yuvarlandırdığı qənaətindədir. Öz yaradıcılıq manerası, üslub özəlliyi ilə seçilən Elçin Hüseynbəylinin yaradıcılığını xarakterizə edən başlıca nüans burada içindən keçdiyimiz, ya da içimizdən keçən zamanın nəfəsinin duyulması, əsərlərinin qayəsiylə günümüzün nəbzinin bir vurmasıdır. Yazıçının əsərlərinə eyni zamanda Azərbaycan nəsrində təməli altmışıncı illərdə qoyulan psixologizm də xasdır ki, bu da obrazları temperament yönündən açmaq üçün əhəmiyyətlidir. E.Hüseynbəyli nədən yazır-yazsın, keçən hər səhifədən onun öz obrazı boylanır. Çünki o, qələmə aldığı əsərlərdə obrazlarının duyğu və düşüncələrini yaşayaraq yaradır. Bir çox hallarda isə yazdıqları elə Elçinin öz yaşadıqlarıdır ki, onları bədiiləşdirərək oxucularıyla paylaşır. Bu tək paylaşmaq yox, həm də oxucuya prizmanın hansı bucağından baxmalı olduğunu anlatmaqdır. Daim yenilikçiliyə can atır E.Hüseynbəyli. Ədəbi qəhrəmanlarının temperament baxımından Anarın qəhrəmanlarını xatırlatması onun sələflərini daha dərin bilməsinə və yaxşı olanlardan örnək almasına dəlalət edir ki, bu da gənc yazıçılara nümunə olacaq bir yaradıcılıq manerasıdır. E.Hüseynbəyli insan psixologiyasına nüfuzetmə bacarığıyla daim oxucuların üz tutduğu yazıçılardandır. Bu özünü daha çox onun hekayələrində göstərir. Yazıçının hekayələrində başlıca qayə cəmiyyətin hər üzünü bütün gözəllikləri və eyni zamanda eybəcərlikləri ilə açmaq, ən çılpaq şəkildə oxucuya təqdim etməkdir.

Burada həm xəstələnib yatağa düşərkən bir zamanlar onu sevən arvadının istehzalı baxışlarıyla qarşılaşan ər (“Qumru quşu”), öz vətənindən, dədə-baba yurdundan oğluna uşaqlıq xatirələrindən başqa verəcək bir şeyə gümanı gəlməyən ata (“Keçə kimi qara və soyuq hava... kəndə gün çıxanda qayıdacağıq...”), qaçqınlıq düşəndən bu yana daha da kövrək olan, qara qoçu Qarabağın yolunda qurban deyərək hər gün uzanan yollara göz dikib Vətənə dönəcəyi günü böyük ümid və səbrlə gözləyən nənə (“Qaracanın qara başı”), mübtəla olduğu xəstəlik üzündən üç gün müddətində dünyasını dəyişəcəyini bilərək son nəfəsini vətənində tapşırmaq üçün düşmən tapdağında olsa belə yurduna dönən onkoloq-həkim (“Gözümə gün düşür”), bir xəyanət üzündən öz sevgilisini torpağa gömərək, ona başdaşı qoymağa belə iradəsi çatan nakam aşiq (“Məzar gəlini”) var. Elçin Hüseynbəylinin adı gedən hekayələrində insan psixologiyasına nüfuzetmə məharəti güclüdür. Onun qələm gücünü şərtləndirən başlıca cəhət son cümləyə qədər oxucunu böyük maraq və intizar içərisində saxlamaq məharətidir. Oxucu 53 yaşlı onkoloq-həkimin (“Gözümə gün düşür”) başına nə gələcəyini təxmin edə bilmir. Keçən hər cümlə yeni-yeni ideyalara yol açır, meydan verir. Bütün bu fikirlərin labirintində oxucu yalnız bir şeyi – məhz müəllifin nə düşündüyünü, hadisələri hansı istiqamətə yönləndirəcəyini dərk etməyə çalışır. Elçin Hüseynbəyli bütün stereotipləri iki hekayəsi ilə qırmışdır. Əgər o, “Keçə kimi qara və soyuq hava... kəndə gün çıxanda qayıdacağıq...” və “Qaracanın qara başı” adlı hekayələrindən başqa heç bir roman, pyes, hekayə, məqalə yazmasa idi, yenə də Azərbaycan ədəbiyyatına çox böyük töhfə vermiş yazıçı sayıla bilərdi. Çünki bu hekayələr Qarabağa qayıdışımızı təmin edəcək zəngin fikirlərlə doludur. Yazıçılıq çətin və mürəkkəb bir sənətdir.

Burada hazırlanıb ortaya qoyulan məhsul yazıçının qəlbinin, beyninin və müşahidələrinin vəhdətindən doğulur. Bədii ədəbiyyatın ən ümdə vəzifəsi tərbiyələndirmək olduğunu nəzərə alaraq əlinə qələm alan hər kəs özlüyündə bu məsuliyyəti dərk etməlidir. Ümumilikdə bədii ədəbiyyat dilin zənginləşməsinə, leksikona yeni-yeni leksik vahidlərin daxil olmasına, milli şüurun formalaşmasına, sözün gücündən istifadə edərək əxlaqi, mənəvi dəyərlərimizin qorunmasına xidmət etməlidir. Bədii ədəbiyyat insanda düşüncə tərzinin formalaşmasında, ətraf aləmi dərk etməkdə, insanlarla münasibətin qurulmasında mühüm rol oynayır. E.Hüseynbəyli yaradıcılığı bütün bunlara cavab verən bir yaradıcılıqdır. Onun çox zəngin bədii üslubiyyatı var. E.Hüseynbəyli təkcə yazıçı kimi yox, həm də bir vətəndaş kimi xalqı düşündürən problemlərdən yazır. O, didərginlik həyatı keçirən milyonların haqq səsini ucaldır. Hər kəsin öz soy-kökünə, vətəninə bağlı olmasını təbliğ edir. Onun yaradıcılığına bir məqalə ilə qiymət vermək olmaz. Elçin Hüseynbəyli yaradıcılığı geniş tədqiqat obyekti olmalıdır.

 

 

Könül HEYDƏROVA,

Füzuli rayon 49 saylı məktəbin

dil-ədəbiyyat müəllimi

 

525-ci qəzet.- 2011.- 24 may.- S.7.