Xalq yazıçısı
İlyas Əfəndiyev onun adını daşıyan Elitar
Gimnaziyada yad edilib
Dünən İlyas Əfəndiyev
adına Elitar Gimnaziyada Azərbaycanın xalq
yazıçısı İlyas Əfəndiyevin anadan
olmasının 97-ci ildönümünə həsr edilmiş
xatirə tədbiri keçirilib. Tədbirdə rejissor Mərahim
Fərzəlibəyov, aktyorlar İlham Əsgərov, Əjdər
Həmidov, Akademik Milli Dram Teatrının ədəbi hissə
müdiri Atababa Hacıbababəyov, Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli,
yazıçının nəvəsi Günay Əfəndiyeva,
nəticəsi Aysu Əfəndiyeva da iştirak edib.
Tədbiri giriş
sözü ilə açan Elitar Gimnaziyanın direktoru Sevda
Quliyeva İlyas Əfəndiyev
yaradıcılığından söz açıb və
onun Azərbaycan ədəbiyyatındakı özünəməxsus
yerindən və müstəsna xidmətlərindən
danışıb. Direktor bildirib ki, uzun illər bir nasir kimi
yazıb-yaradan və oxucuların məhəbbətini qazanan
İ.Əfəndiyevin XX əsr Azərbaycan milli
dramaturgiyasının inkişafında da əvəzsiz xidməti
olub. O, böyük sənətkarlar M.F.Axundov, C.Məmmədquluzadə,
H.Cavid, C.Cabbarlı və S.Vurğunun dram
yaradıcılığından bəhrələnib və
dramaturgiyamızı yeni zirvəyə qaldırıb. 50 ildən
artıq bir dövrdə tamaşaçılar onun pyeslərini
maraqla izləyib və bu gün də izləməkdədir. S.Quliyeva
vurğulayıb ki, hər il İlyas Əfəndiyevin
adını daşıyan Elitar Gimnaziyada görkəmli
dramaturqun xatirəsinə həsr olunan tədbir keçirilir:
“Bu gün keçirilən tədbirin rejissoru əməkdar
artist Loğman Kərimovdur”. Tədbirdə
çıxış edən rejissor Mərahim Fərzəlibəyov
bildirib ki, İ.Əfəndiyevin
yaradıcılığında 60-80-cı illər ən məhsuldar
dövr hesab olunur. Bu illərdə onun
yaradıcılığında janr rəngarəngliyi
özünü göstərib, bir-birinin ardınca iri nəsr
əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran,
gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik
səviyyəli nümunələri kimi şöhrət
qazanan “Körpüsalanlar”, “Dağlar arxasında üç
dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə
baxma, qoca”, “Üçatılan” kimi povest və romanları dərc
edilib, maraqlı dram əsərləri yaranıb və səhnələşdirilib.
İlham Əsgərov qeyd edib ki, İ.Əfəndiyev “Sən
həmişə mənimləsən” pyesi ilə Azərbaycan
səhnəsində lirik-psixoloji dramın əsasını
qoyub. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim
günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”,
“Qəribə oğlan”, “Bağlardan gələn səs” və
başqa gözəl pyeslərini yaradıb:
“Ölməz sənət
nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini
zənginləşdirən, yüksək vətəndaşlıq
pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla
yadda qalan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ
açdı, İlyas Əfəndiyev Teatrı yarandı”. Əjdər
Həmidov isə bildirib ki, əlinə qələm
aldığı ilk gündən müasir mövzulara daha
çox müraciət edən dramaturq 1971-ci ildə
mövzusu tarixi keçmişimizdən
götürülmüş “Mahnı dağlarda qaldı”
pyesini yazıb. Yeni yaradıcılıq uğuru kimi
qarşılanmış bu pyesə görə İ.Əfəndiyev
1972-ci ildə Dövlət Mükafatına layiq
görülüb. Atababa Hacıbababəyov vurğulayıb
ki, mövzu məhdudluğunun nə olduğunu bilməyən
ədib müxtəlif janrlarda yazdığı əsərlərində
müasir həyatın təsvirinə daha çox
üstünlük versə də, tarixi mövzulara da diqqətli
yanaşıb: “Yaradıcılığının müxtəlif
dövrlərində bəzən uzaq, bəzən də
yaxın tarixi keçmişimizə müraciət edən
İ.Əfəndiyev bu istiqamətdə bir sıra maraqlı
hekayə və povestlər, pyes və romanlar yaradıb. Belə
mövzulara biz 40-cı illərdə qələmə
alınmış hekayələrində, 70-ci illərdə
tamaşaya qoyulmuş pyeslərində, 80-90-cı illərdə
çap etdirdiyi povest və romanlarında rast gəlirik. Xüsusilə,
yaradıcılığının son illərində
çap etdirdiyi “Geriyə baxma, qoca!”, “Üçatılan”,
“Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı”, “Qaçaq Süleymanın
ölümü” kimi əsərlərində xalqın tarixi
keçmişi təsvir olunub”. Tədbirdə Akademik Milli Dram
Teatrının aktyorlarının ifasında İlyas Əfəndiyevin
“Hökmdar və qızı” tamaşası nümayiş
etdirilib. Eyni zamanda Elitar Gimnaziyanın şagirdlərinin
ifasında İlyas Əfəndiyevə həsr olunmuş
şeirlər səslənib. Çıxışlarda
Günay Əfəndiyevanın müəllifi olduğu
“Şeirə sığmayan ömür” adlı kitaba geniş
şəkildə istinad edilib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 24 may.- S.7.