Uzun, incə bir yol...
21 may 2011-ci il. Saat 12-00-da
çay içə-içə söhbət edirdik.
Naxçıvan Muxtar Respublikası üzrə xüsusi
müxbiri işlədiyi “Azərbaycan” qəzetinin iyun
ayının 4-dəki növbəti letuçkasından
danışırdıq. Sözarası dedim ki: – Məmməd
müəllim, həmin gün sizin doğum
gününüzdür, yəqin Baş redaktorunuz, Bəxtiyar
müəllim, bunu nəzərə alıb sizi təbrik də
edər.
– Şair, qocalırıq
artıq, 49-u da tamamlayıb 50-yə keçəcəyik.
– Məmməd müəllim, 50 illik
yubileyiniz haqqında bir yazı yazacağıma söz verirəm.
– Şair, 50-yə çatsaq
yazarsan. ...50-yə çatsaq... Bu sözü Məmməd
müəllim, heç də hər hansı bir xəstəliyi,
yaxud şikayəti olduğundan demirdi, həmişəki
zarafatlarımızdan biri idi. Amma bəzən dediyimiz sözlərdə
taleyimizin gizləndiyinin fərqinə də varmırıq.
Kim inanardı ki, 50-nin həndəvərində 40-45
yaşlarında görünən bir insan anidən
yanımızdan zamandan da sürətli bir şəkildə
keçib gedəcək.
...Son
kitabınız—“Naxçıvan: dövlət müstəqilliyi
uğrunda mübarizənin dayağı” haqqında yazı
yazırdım. Gözləmədiyim bir zəng... sizin
reanimasiya şöbəsində yatdığınızı
deyəndə sözlərin mənası mənim
üçün pərən-pərən oldu...
Kim dedi, necə dedi, nə dedi bilmədim.
Evdən necə çıxdığımı da
xatırlamıram... Bir də onda özümə gəldim ki,
Naxçıvan mərkəzi xəstəxanasının 5-ci
mərtəbəsində reanimasiyanın önündə
gözlərimə hakim ola bilmirəm... ...Məmməd müəllim,
siz mənim üçün çox mənalar ifadə
edirdiniz. İlk əmək fəaliyyətinə
başladığım müəssisənin rəhbəri—“Şərq
qapısı” qəzetinin redaktoru kimi məni ilk dəfə
siz işə götürmüşdünüz... Heç bir
məqaləsi çıxmayan birinə yazı yazmanın
şərtlərini öyrətmişdiniz, yollarını
göstərmişdiniz. Qəzet işinin
ağırlığına dözməyim müxtəlif bəhanələrlə
3 dəfə işdən çıxmışdım, yenə
də işə qaytarmışdınız...
Səbəbini soruşanlara
cavabınız həmişə mənim üçün dərs
oldu—Elxan mətbuatda mənim əkdiyim fidandır və onun
qurumasını istəmərəm. Sizin bu sözünüzdən
sonra mənim nə haqqım var idi ki, jurnalistikadan, yazı vərdişlərindən
əl çəkəm... Məmməd Yarəli oğlu Məmmədov—Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycanın
və Naxçıvanın əməkdar jurnalisti, Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
Tasrix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix
şöbəsinin müdiri, tarix elmləri namizədi və
3-4 gün əvvəl aldığı dosentlik elmi adının
sahibi. Bütün bunların heç biri sizin
üçün insanlıq məfhumundan yüksəkdə
dayanmadı... Mən sizdən mübarizliyi öyrəndim, məqsədə
çatmaq üçün inadkarlığı öyrəndim,
yenilməzliyi öyrəndim, xeyirxahlığı öyrəndim,
insanları tanımağı öyrəndim... Məmməd
müəllim, siz mənim üçün mənəvi ata
idiniz... Güclü xarakterinizlə həmişə gənclərin
arxasını dayaya biləcəyi sarsılmaz qaya idiniz və
mənim üçün yenə də elə
qalacaqsınız...
...Siz mənim üçün ən
yaxın sirdaş idiniz, yeri gələndə qardaş, yeri gələndə
səhvlərimi deyən və onlardan çıxış
yollarını göstərən dost, yeri gələndə məsləhətlərinə
ehtiyacım olan böyüyüm idiniz. Son 4 ildə mənim qədər
heç kimlə bu qədər səmimi, yaxın
olmadınız... Sizi bəlkə də mənim qədər
bilən, mənim qədər tanıyan da yoxdur.. Eləcə
də mənim qədər heç kimə öz sirlərinizi
açmadınız, fikirlərinizi bölüşmədiniz.
...Yadımdadı, bir dəfə
Bakıdan Naxçıvana gəlirdik. Tələbəlik illərində
yazdığım və yolda sizə oxuduğum şeirlərin
birində belə bir misra var idi—Analı, atalı yetim kimiyik!
Özünüzəməxsus zarafatınızla dediniz ki,
şair, analı, atalı da yetim olar? ...Olurmuş, Məmməd
müəllim, olurmuş... İndi siz getdiniz. Və
oğlanlarınız Vüsar və İqrar kimi, həyat
yoldaşınız Sədaqət xala kimi məni də yetim
qoydunuz... Analı, dədəli də yetim olurmuş, Məmməd
müəllim... Kimim qaldı ki, çətinə düşəndə
üz tutacağım, sevinəndə sevincimi bölüşəcəyim?
...Məmməd müəllim, ömür uzun incə bir
yoldu... Və o uzun yolun ən incə yerindən alır
aparır bizi ölüm... Sizi isə ölümün
apardığına inanmıram, inanmaq istəmirəm... Siz o
uzun və incə yolu çox kəsə getdiniz, həm də
həmişə ehtiyatla sürdüyünüz, bu qədər
bir yerdə olduğumuz müddətdə 100-dən yuxarı
sürmədiyiniz maşınınızla...
Bilgisayarımdakı sizinlə birgə
çəkdirdiyimiz şəkillərə bəlkə də
yüz dəfə təkrar-təkrar baxıram. İçlərində
sizin gülümsəyən bir şəkliniz var...
Mənim üçün siz həmişə
o cür gülərüz qalacaqsız, Məmməd müəllim!
Görəndə sizi sevənlərin xatırlayacağı və
sizi sevməyənlərin unuda bilməyəcəyi o şəkildəki
kimi...
“Naxçıvan: dövlət
müstəqilliyi uğrunda mübarizənin dayağı”
adlı kitabınız haqqındakı yazımı tamamlaya
bilmədim, yarımçıq qaldı. Amma mütləq
tamamlayacam... Düz bir ay bundan əvvəl—aprel ayının
21-də kitabın ilk səhifəsində mənə
yazdığınız “ömrünü söz uğrunda
girov qoyan və gələcəyin böyük jurnalisti olacağına
inandığım” inamınıza layiq olacağıma əmin
ola bilərsiniz. Axı mənə məqsədə
çatmaq üçün inadkar olmağı siz öyrətmisiniz...
Hər gün heç olmasa bir dəfə çay içərdik...
Hər gün telefonuma zəng
gələrdi sizdən. Elə bilirəm elə indicə yenə
zəng vuracaqsız. Və kənd təbiiliyinin
sığındığı şirin leksikonunuzla deyəcəksiz
ki, “Ə şair, evdə neyniyirsən, düş gedək bir
çay içək”...
...Mən gözləyirəm,
Məmməd müəllim! Telefona zilləmişəm
gözümü, qulaqlarım zəng səsindədi...
Ürəyim çay istəyir...
Elxan YURDOĞLU
525-ci qəzet.- 2011.- 24 may.- S.7.