“İyirmi ildən sonra” olanlar
H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “İyirmi ildən sonra” adlı pyesi əsasında hazırladığı tamaşanı teatrsevərlərə təqdim edib. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun müasir melodram kimi təqdim etdiyi əsərdə hadisələr parlaq rolların ifaçısı olmuş aktyor Otellonun ailəsində baş verir. Maddi sıxıntılar nəticəsində vaxtı ilə ona şöhrət gətirmiş sənətinə xəyanət edən xalq artisti yeni iqtisadi münasibətlərin burulğanında nə qədər çapalasa da çıxış yolunu tapa bilmir. Aktyorun ümidsizliyə yuvarlanıb özünü axının ixtiyarına buraxması ailə üzvlərini onun üstünə qaldırır, ən çoxu da ömrünün, həyatının işığı adlandırdığı sevimli arvadı İşıq etiraz səsini ucaldır və ərinin “sən ta məni sevmirsən” sualına “məhəbbətin də limiti var” deyir. İşıq etirazla, tənələr və deyintilərlə kifayətlənmir, təşəbbüsü öz əlinə alır, ailəni kasıblığın məngənəsindən çıxarmağa çalışır. Əsas hadisələr də elə buradan başlayır.
Tamaşada rolları Rauf Ağakişiyev, Xatirə Süleymanova, Vaqif Səmədzadə, İlham Səfərli, Əsmər Qurbanova və Vüsal Mustafayev ifa edirlər. Səhnəqrafiyanın müəllifi Sevinc Həsənova, bəstəkarı sənətşünaslıq namizədi Telman Qəniyevdir.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 25 may.- S.7.