Aşıq Ələsgərin 190
illiyi Moskvada qeyd edilib
Mayın19-da Moskvadakı Millətlər
Evinin böyük zalında ustad Aşıq Ələsgərin
anadan olmasının 190 illiyilə bağlı təntənəli
tədbir keçirilib. Yubiley tədbiri “Ocaq” Azərbaycan Mədəniyyəti
Cəmiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin
Moskva bölməsinin, “Şəhriyar” ədəbi-mədəni
cəmiyyətinin birgə təşəbbüsüylə təşkil
olunub. Tədbiri giriş sözülə AYB Moskva bölməsinin
sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli
açıb. O, Aşıq Ələsgərin zəngin yaradıcılığından
danışıb, ustad aşığın ölməz sənətindən,
xalq ədəbiyyatımızın inkişafındakı
misilsiz rolundan bəhs edib. Aşıq Ələsgərin Azərbaycan
aşıq sənəti, milli aşıq poeziyası tarixində
şərəfli yer tutduğunu, dahi sənətkarlarımızdan
biri olduğunu, aşıq şeirinin, demək olar ki,
bütün formalarında və mənaca gözəl əsərlər
yaratdığını, xalq şeirimizin ən uca zirvələrini
fəth etdiyini vurğulayıb.
AYB-nin Moskva bölməsinin
katibi Nəsib Nəbioğlu Aşıq Ələsgərin həyatının
çətin məqamlarından, aşığın
uğursuz məhəbbətindən, Kəlbəcərlə
bağlı yaddaşlara hopmuş xatirələrindən
söz açıb. Dədə Qorqud, Qurbani, Qaracaoğlan,
Yunus Əmrə, Sarı Aşıq, Aşıq Alı kimi sənətkarlarımızın
yaratdığı ölməz irsi Dədə Ələsgərin
uca zirvəyə qaldıraraq, şirinliyi, müdrikliyi, səmimiyyətilə
əbədi poeziya meydana gətirdiyini bildirib. Nəsib Nəbioğlu
deyib ki, Aşıq Ələsgər öz şeirlərində
xalqımızın həyatını, tanıdığı
insanların taleyini, onların sevinc və kədərini
müdrikcəsinə ifadə edib. Onun fikrincə, Aşıq
Ələsgər öz yaradıcılığıyla
heç kəsi təkrar etməyib, hamını heyrətdə
qoyacaq dərəcədə gözəl sənət nümunələri
yaradıb. Nəsib Nəbioğlu Aşıq Ələsgərin
də hüsnünə şeir qoşduğu Kəlbəcər
gözəllərindən söz salıb,
aşığın ömrünün müəyyən bir
hissəsinin Kəlbəcərdə keçdiyini qeyd edib. Onun
bənzərsiz yaradıcılığının yalnız
şifahi ədəbiyyatımızın yox, yazılı
söz sənətimizin inkişafına da böyük təkan
verdiyini vurğulayıb, şeirlərindən nümunələri
əzbər söyləyib. Tədbirdə Millətlər
Evinin milli təşkilatlarla iş üzrə şöbəsinin
rəhbəri Anatoli Kasonis, “Şəhriyar” Cəmiyyətinin
sədri Vasif Məmmədli, jurnalist Cəfər Sadıq,
şair İlham Bədəlbəyli, jurnalist Əliş Əvəz,
islamşünas Qasım Kərimov da çıxış
ediblər. Aşıq Rəhim Allahverdiyev Dədə Ələsgərin
şeirlərindən oxuyub, Abbas Ağdabanlı sazda ”Yanıq
Kərəmi”, Orxan Əliyev “Baş Sarıtel”
havalarını səsləndiriblər. Müğənnilər
Səxavət Qurbanov, Əhməd Cəbraylıov
aşığın sözlərinə yazılmış
mahnıları oxuyublar. Məşhur cazmen Vaqif Sadıxov
fortepianoda xalq mahnıları ifa edib. Sevil
İsmayılovanın rəhbərliyilə Moskvadakı etno-mədəni
təhsil komponentinə malik 157 saylı məktəbin
şagirdlərinin Aşıq Ələsgərin şeirləri
əsasında hazırladıqları maraqlı kompozisiya
alqışlarla qarşılanıb.
Tədbirin sonunda Aşıq Ələsgərin nəticəsi Nazim Qurbanov yubiley tədbirini təşkil edənlərə dərin minnətdarlığını bildirib. Mərasimdə ustad aşığın həyat və yaradıcılıq yolu barədə qısametrajlı film nümayiş olunub.
Nəbi VERDİYEV
525-ci qəzet.- 2011.- 25 may.- S.7.