“BAŞ KOMANDAN BU DÜNYADAN YAVƏRSİZ GEDƏ BİLMƏZ”

 

Mustafa Kamal Atatürk-130

 

(“Samsundan başlanan yol” romanından)

 

Atatürkün xəstəliyi şiddətlənmişdi. O, fiziki cəhətdən çox dəyişmişdi. Sifətinə baxanda varından yox olurdun. Atatürkün halı fəna idi. İş-gücdə olduğu vaxtlarda çəkisi 76 kiloqram olduğu halda yatağa düşəndən bəri tədricən çəkisi azalmışdı. İndi güclə 46 kiloqrama çatırdı.

Zəifləmiş, rəngi solmuşdu. Elə bil döyüşlərdə düşmənlərin canına vəlvələ salan böyük, yenilməz sərkərdə deyildi. Dünyanın hər yerindən həkimlər çağırılmışdı, fəqət xəstəliyə çarə tapılmırdı ki, tapılmırdı.

Demə, xəstəlik insanın yenilməzliyini əlindən alır, özünə tabe etdirirmiş. Ona görə deyirlər ki, bircə ölümə çarə yoxdur. Türk xalqı intizarda idi. Millət atasının vəziyyətindən hamı – yaşlı da, cavan da, məktəbli də anbaan xəbər tutmaq istəyirdi. Xoş xəbər eşitmək istəyirdilər. Ümidlərini Allahın möcüzəsinə bağlayanlar da az deyildi.

Doktor Asim Arar otağa girdi. Müayinə etdi. Şəfqət bacısı iynə vurdu. Atatürkün gözləri həkimə zillənmişdi. Asim Arar dodağında gülüş:

– Narahat olmayın, halınız yaxşıdır. Fransa ilə əlaqə saxlamışıq. Doktor Fisencer də gəlməlidir.

Atatürk büruzə vermədi, daha doğrusu, həkimin yalanını çıxartmadı. O, hiss edirdi ki, vəziyyəti dünənkinə nisbətən bir az da pisləşib. Ağırlaşmışdı. Dünən qarnından su çəkmişdilər. Su yenə də yığılmaqdadır.

Möhkəm qaşınırdı. Qaşınma o qədər şiddətli idi ki, Atatürk qaşınandan sonra bədənində barmaqlarının açdığı dərin şırımlar qalırdı. Səbəbini soruşanda həkim dedi:

– Bütün bunlar yeməkdən və içkidəndir.

Xəstəlikdən bezmiş Atatürk dilləndi:

– Ölümü istəmək bir cəsarət deyil, amma ölümdən qorxmaq da bir axmaqlıqdır.

Atatürk sayılıb-seçilən hərbçi, sərkərdə və komandan kimi həmişə idmanla məşğul olmuşdu. O, at çapmağı xoşlayırdı, at belində cəbhələri dolaşardı, üzgüçülüklə məşğul idi, yaxşı bilyard oynayardı. Avropa rəqslərini məharətlə ifa edərdi. Fəqət xəstəlik öz işini görmüş, onu yatağa salmışdı. Sağlamlığını, səhhətini cəbhələrdə qoymuşdu. Şaxta, ayaz, öldürücü, yandırıcı Günəşin, istiliyin nə olduğunu bilməzdi. Özünü oda-közə vurardı. Bu xislətli adamlar başqa cür ola da bilmirdilər. Vuruşmuş, döyüşçüləri ardınca aparmış, qələbələr, zəfərlər çalmışdı. Ağ günə çıxanda özü ilə xəstəliklərini də gətirmişdi. Bir ara gözləri ağrıyırdı. Böyrəyinin, qara ciyərinin bu günə düşməsində soyuqlamaların və içkilərin az təsiri olmamışdı.

İndi Atatürk daha çox qara ciyər serrozundan əziyyət çəkirdi. Türklər qara ciyər serrozuna “canavar yemiş” deyirlər. Dostları Atatürkü “yeyən” şeyin “canavar” olduğunu öyrənmişdilər. “Canavar” isə yeməyə başlamışdırsa, şikarını məhv etməyincə əl çəkən deyildi.

Yavəri Salih Bozok bu böyük insanın xəstəlik qarşısında aciz qalmasına dözə bilmirdi. Hamıdan daha çox Salih bəy həyəcan, təşviş keçirir, varından yox olurdu. Onlar Atatürklə ən yaxın yoldaş və dost idilər. Uşaqlıq və gənclik illəri birlikdə keçmişdi. Onlar bir məhəllədə böyümüşdülər. Yaşıd idilər. Eyni hərbi məktəbdə oxumuş, eyni ildə oranı bitirmişdilər. Salih bəy jandarma sinfinə düşmüş, Mustafa isə təhsilini hərbi akademiyada davam etdirmişdi.

Gün o gün oldu ki, Atatürk Milli azadlıq hərəkatına başladı. Anadoluya yola düşərkən Salih əfəndini öz yanına gətirdi. Atatürk Böyük Millət Məclisinin sədri olarkən Salih Bozok – məclis sədrinin yavəri, Atatürk ölkə prezidenti olarkən isə, o, prezidentin baş yavəri oldu. Millət vəkili seçildi. Bir sözlə, Atatürk harada olurdusa, Salih Bozok onun yanındaydı. Bir yerdə illərlə çalışmışdılar, çörək kəsmişdilər, bir-birinə dərin inamları, etibar və etimadları vardı. Atatürk dostu Salihi çox istəyirdi, hörmətini saxlar, nüfuzunu gözlərdi. Atatürk öz məktublarında ona: “Qardaşım Salih”, “Mərhaba ey həzrəti-Salih”, “gözəl sözlü, burma bığlı Salihim” deyə müraciət edərdi.

Saleh Bozok üçün də Atatürkdən böyük şəxsiyyət, gözəl insan, dahi sərkərdə və ordu komandanı, ali baş komandan, cəsarətli, bacarıqlı, bilgili, səriştəli prezident, ölkə başçısı, uzaqgörən diplomat yox idi, ola bilməzdi. Onun yerini kim tuta bilərdi, onun səviyyəsinə kim çıxa bilərdi?

Salih əfəndi heç təsəvvürünə belə gətirə, özünə yer tapa, sakitləşə bilmirdi. Həyatın qanunudur. Bu dünyaya gələn, bir gün də gedəcək. Salih əfəndi də o dünyaya köç edəcək. Fəqət dostu, qardaşı Atatürk can üstədir. Ondan, Salihdən əvvəl həyatla vidalaşacaq? Axı həyat niyə belə amansızdır? Nə yaşadı axı bu böyük insan? 1881-də dünyaya göz açdı. İndi 1938-ci ildir. Halı pisdir. Gələn ilə qalmaz.

Salih Bozok göz yaşlarını tökdü. Atatürk yuxuya getmişdi. Salih əfəndi tez dəhlizə çıxdı. İstəmirdi ki, Atatürk onun göz yaşlarını görsün. Həm də həkimlər Salihi bu vəziyyətdə görsəydilər, bir daha onu Atatürkün yanına buraxmazdılar. Səbirli, hövsələli və möhkəm olmaq lazımdır. Başqalarında inamsızlıq yaratmaq olmaz.

Əli Kılıc dəhlizdə dayanmışdı. O, Salih bəyin elə hey göz yaşı tökdüyünü görüb ona yaxınlaşdı. Əlini onun çiyninə qoydu:

– Salih bəy, toxdayın, – dedi. – Dərd hamımızındır. Əlimizdən nə gəlir?! Kim istərdi ki...

O, sözünü tamamlaya bilməyib, kövrəldi. Əli Kılıc da Atatürkün yavəri və sadiq dostlarından idi. Hər gün ona baş çəkərdi.

Salih razı idi ki, özü ölsün, fəqət Atatürkə bir şey olmasın. Özünün dünyadan köçməsi ilə heç nə dəyişməyəcəkdi, bəlkə yeri də görünməyəcəkdi. Qohum-əqrəbası, yaxınları, dostları bir qədər göz yaşı axıdacaq, sonra sakitləşəcəkdilər. Atatürkün ölümü isə dünyanı sarsıdacaqdı, nəinki Türkiyədə, habelə bütün dünyada kədər oyadacaqdı. Türk milləti yetim qalacaqdı.

Belə günlərin birində Salih bəy on yeddi yaşlı oğlu Müzəffəri Dolmabağça sarayına çağıraraq, ona yer göstərmiş:

– Əyləş və sözlərimə diqqətlə qulaq as, – demişdi. – Atatürk can üstədir. Xəbərin var ki, mənim həyatım qırılmaz tellərlə Atatürklə bağlıdır. Biz ömrümüz boyu sədaqətli yoldaş və dost olmuşuq. Bunu da bil ki, əgər Atatürk ölərsə, mən də həyatıma son qoyacağam. Ailəmizin ümidi sənsən. Ananı, bacılarını sənə tapşırıram. Ailəyə baxarsan. Oxu, ölkəmizə layiqli insan ol.

Müzəffər gözlərini atasına zilləyərək dayanıb durmuşdu. Salih bəy görüb-götürmüş adam idi. Cəbhələrdə nə qədər ölümlər görmüşdü. Çoxları onun yoldaşları, dostları idi. Müzəffər anlaya bilmirdi, Atatürkü sevmək o deməkdir ki, onunla öləsən?! Qəhər onu boğurdu. İndi nə desin, necə etsin ki, atasını öz fikrindən döndərsin?! Bilmirdi. Nitqi sanki kəsilmişdi. O, Salih bəyə heç nə deyə bilmədi. Gücü göz yaşlarına çatdı.

Doktor Asim Arar dincini alırdı. Onun yerini doktor Nihat Reşat Belger tutmuşdu. O, yataq otağına girəndə gördü ki, Atatürk bədənnüma güzgünün qabağında dayanıb özünə baxır. Onun qarnı və ayaqları şişmişdi. Atatürk Asim Ararı görüb:

– Doktor, – dedi, – belə deyirlər ki, guya mən kökəlmişəm. Belə də ağ yalan olar?! Məgər belə də kökəlmə olar?! Əl-ayağım çöp kimi, sifətim arıqlayıb uzanıb, qarnım və ayaqlarım isə bu gündə. Məncə, bu, xəstəlikdir.

Artıq xəstəliyin ikinci dövrü idi. Həkim bir söz demədi. Atatürk ağıllı insan idi, tükü tükdən seçməyi bacarırdı. Özü hər şeyi yaxşı başa düşürdü.

İyul ayı idi. Doktor Fisencer üçüncü dəfə İstanbuüla gəldi. Opretaor M. Kamal Öde Atatürkün qarnına yığılmış suyu çəkirdi. Su çəkiləndə o, xeyli toxtadı. Siqaret yandırdı. Üstəlik qəhvə də içdi. Atatürk çəkilən suyun çoxluğunu görüb son dərəcə təəccüb içərisində dedi:

– Aman allah! Bir görün necə böyük bir yükün altına girmişəm. Bağırsaqlarım suda üzür ki?!

Atatürk elə zəifləmişdi ki, barmaqları arasında siqareti də tuta bilmirdi. Dözə bilmədiyindən məcbur olub səsini qaldırdı:

– Əmr edirəm, bu suyu çəkin!!!

Bu, onun son əmri idi.

İkinci komadan sonra ətrafına göz gəzdirib soruşdu:

– Saat neçədir?

Bu da onun verdiyi son sual idi.

Atatürk xəstəliyinin sonuncu – üçüncü dövrünə qədəm qoymuşdu. Professor Neşat Ömərlə həkim Nihat Reşat onu gözdən qoymurdular. Bir-birini əvəz edir, yaxud ağır vəziyyət yarananda hər ikisi onun başının üstünü kəsdirib dururdular. Doktor Asim Arar da həmçinin. Atatürkdə yaşamağa inam oyadanlar, qayğısına qalanlar arasında Afət İnan xüsusi yer tuturdu. Yalqız, tənha anlarında Atatürkə daha çox dayaq duran da Afət xanım idi.

Atatürk nə vaxtdan idi ki, İstanbulda – Dolmabağça padşah sarayında yaşayır, burada müalicə olunurdu. Saray bütün ölkənin diqqət mərkəzində idi. Atatürk ömrünün son günlərini yaşayırdı. Doktor Fisencer ilk dəfə 1938-ci ilin martında çağrılmış, Atatürkün xəstəliyi dövründə üçüncü dəfə idi ki, İstanbula gəlirdi. Fransalı doktor onun vəziyyətinin ümidsiz olduğunu görüb məsləhət bilmişdi ki, Atatürk öz vəsiyyətnaməsini yazsın. Şəxsi məsələlərlə yanaşı, ölkənin və hökumətin bundan sonrakı durumu bu vəsiyyətnamədə əks olunmalıydı. Atatürk saqqalını təraş etdirdi. Paltarını dəyişdirdi. Katibi Həsən Rıza Soyakı yanına çağırtdırdı.

Atatürk boynuna qırmızı ipək şarf bağlamışdı.

Həsən Rıza ilə o, Dolmabağça sarayının boğaza baxan pəncərəsinin qarşısında əyləşdilər. İyul ayının 5 idi. Atatürk dedikcə Həsən Rıza vəsiyyətnaməni yazırdı...

 

lll

   

Atatürk Vəzifə xanımla Ülküyə son zəngi 1938-ci ilin noyabr ayının 9-da etdirdi. Nəsib əfəndinin səsi titrəyirdi: “Vəzifə xanım, paşam soruşur: “Ülkü necədir, nə edir?” Həm də paşam buyurub Sizə çatdırım ki, onun vəziyyəti yaxşı deyil.

Mustafa Kamal Atatürk 1938-ci il noyabr ayının 10-da, saat 9.05-də İstanbulda – Dolmabağça sarayında 71-ci otaqda dünyasını dəyişdi.

...Məhmət Turgut İstanbulda teleqraf məmuru idi. O, ölkə daxilindən və xaricdən çoxlu teleqram qəbul etmişdi. Onları nəzərdən keçirəndə yerində donub qaldı. Onu sanki ildırım vurmuşdu. Tərpənə bilmirdi. Teleqramlardan birini əlində tutaraq lal-dinməz dayanmışdı. Yer üzünə çox pis xəbər verilirdi: “Havas, Paris, Atatürk öldü”.

Məhmət Turgutun dizləri büküldü və o, taqətsiz halda yerə çökdü.

   

lll   

 

Atatürk dünyasını dəyişəndə Salih Bozok da şok vəziyyətinə düşmüşdü. O, böyük öndərin yoxluğuna inana bilmirdi. Ümidvar idi ki, gözlərini açacaq. Lakin həkim onun gözlərini qapayanda Salih bəy bu yoxluğa inandı. İnanıb tapançasını çıxartdı və köksünə yönəltdi. Əli Kılınc özünü irəli atdı. Fəqət gecikdi. Salih bəy “Baş komandan yavərsiz bu dünyadan gedə bilməz!” deyib tətiyi çəkdi və yerə sərildi.

Baş komandan – Atatürk və onun yavəri Salih Bozok hərəkətsiz uzanmışdılar. Bir gündə iki itki! Hər ikisi böyük itkidir! Həkimlər yaxın gəldilər. Salih bəyin köksü qana boyanmışdı. Doktor Asim Arar onun nəbzini tutdu. Salih bəy sağ idi.

 

lll

 

Həmin gün Müzəffər dilxor, qanıqara və əhvalı pərişan məktəbə getmişdi. Nə böyük öndər, nə də Salih bəy yadından çıxırdı. Səhər idi. Az sonra məktəbin müdiri Müzəffəri otağa çağırtdırdı: “Tez evə get!” – dedi. Müzəffər səbəbini öyrənmək istədi. Müdir özünü tox tutsa da, tablaşa bilmədi, cib dəsmalını çıxarıb gözlərinə sıxdı. Onun hönkürtüsü otağı başına götürdü. Müzəffər nə isə ciddi bir hadisə baş verdiyini anlayıb tez otağı və məktəbi tərk etdi.

Bayraqlar endirilmiş, İstanbul göz yaşlarına qərq olmuşdu. Müzəffəri də ağlamaq tutdu. Demək, Atatürk dünyasını dəyişmişdi. Birdən ayaq saxladı: “Bəs onun atası?!” Axı o demişdi ki, Atatürksüz dünya ona dar olacaq. Müdir də evə getməyimi buyurdu. Yoxsa atam da?!

Küçələr izdihamlı idi. Camaat Dolmabağça sarayına tələsirdi. Müzəffər də onlara qoşuldu.

Açılan atəş Salih bəyin ciyərlərini parçalamışdı.

Uzun müddət müalicə olunduqdan sonra baş yavər Salih Bozok ayaq üstə qalxdı. Fəqət Atatürkdən sonra çox yaşamadı, üç il sonra – 1941-ci ildə həyatdan köçdü və sevimli Atatürkünə qovuşdu.

Sonralar Salih Bozokun böyük oğlu Cəmil Bozok atasının tapançasını xeyli axtardı və onu Yapı Kredi bankının tarix arxivindən tapdı. Sən demə, bir kolleksioner həmin tapançanı əldə edib satıbmış. Smith Dündar markalı bu tapança sədəf dəstəkli 228411 seriya nömrəli idi. Cəmil Bozok çox çalışdıqdan sonra tapançanı qaytara bildi. Və əziz xatirə kimi saxladı. Bu barədə danışan Cəmil bəy deyirdi: “Tapança ailəmiz üçün çox qiymətli bir xatirə idi. Atatürk rəhmətə getdiyi gün atam ürəyinə bu tapança ilə atəş açmışdı. Oğlum Salihdən xahişim budur ki, babasının bu tapançasını ömrü boyu hifz edib saxlasın”.

 

 

Akif ABBASOV,

pedaqoji elmlər doktoru,

professor,

Azərbaycan Yazıçılar

Birliyinin üzvü

 

525-ci qəzet.- 2011.- 25 may.- S.4.