“Cümhuriyyətin süqutu xarici faktorların təsiri altında baş verdi”

 

MUSA QASIMLI: “AZƏRBAYCAN XALQI DÖVLƏTQURUCU, DÖVLƏT YARADICI BİR XALQDIR VƏ ONUN MÜSTƏQİLLİYİ DAİMİ OLACAQ”

 

Hər bir millətin müstəqilliyinin yolu milli oyanışdan keçir. Milləti oyandırmaq, ona doğru-dürüst yol göstərmək, milli ideologiyanın əsas istiqamətlərini işləyib hazırlamaq və onu xalqa aşılamaq heç də asan olmayıb. Bu baxımdan Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yol da hamar cığırla getməyib.Cümhuriyyətin yaranması ərəfəsində müxtəlif milli partiyaların meydana gəlməsi, onların ideya istiqamətləri və nəhayət cümhuriyyətin yaranmasının xalqın milli oyanışında, milli şüurun formalaşmasında oynadığı rol və digər məsələlərlə əlaqədar tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı “525”ə müsahibə verib.

–Musa müəllim, XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ideoloji-siyasi vəziyyəti necə dəyərləndirmək olar?

– XX əsrin əvvəllərində Azərbaycanda bütün imperiya ərazisində olduğu kimi inqilabi təlatümlər baş verdi. Azərbaycan 1828-ci ildə bölüşdürüldükdən sonra ölkədə bir neçə istiqamətdə inqilabi hərəkat formalaşmışdı. Bu hərəkatlardan biri sosial-demokratiya istiqamətində idi. Həmin dövrdə demək olar ki, Avropanın qabaqcıl ölkələrində sosial-demokratiya ideyaları üstünlük təşkil edirdi. Bakının əhalisi də demoqrafik baxımdan xeyli dərəcədə dəyişdirilmişdi. Çar Rusiyası Bakıda müxtəlif millətlərin nümayəndələrini yerləşdirdi və bunun nəticəsində Azərbaycanda, xüsusən Bakıda bu hərəkat üstünlük təşkil edirdi. Lakin Birinci Rus burjua-demokratik inqilabının gedişində Azərbaycanda xalqın maraqlarını müdafiə etməyə yönəlik olan bəzi partiyalar, siyasi təşkilatlar yaranmağa başladı. Onlardan birincisi Difai partiyası oldu. 1907-10-cu illərdə Stolipin irticası başa çatdıqdan sonra yenidən nisbi bir yüksəliş baş verdi. Artıq xalqlar öz talelərini milli hərəkatda görməyə başladılar və 1911-ci ildə Müsavat partiyasının yaradılması elan edildi. Bu, Azərbaycan milli hərəkatında müstəsna rol oynadı.

–Həmin dövrdə Azərbaycanın istiqlalını hazırlayan və ona aparan şərtlərdə xarici, yoxsa daxili faktorlar mühüm rol oynayırdı?

– Hər iksinin rolu var idi. Bu faktorlar Birinci Dünya müharibəsi gedişində üzə çıxdı. Azərbaycanın istiqlalını elan etməkdən ötrü əhalisi, ərazisi var idi və yalnız qalırdı hökumətin yaradılması. Azərbaycanlılar Cənubi Qafqazda ən çox sayda xalq idi. Ərazi baxımından da azərbaycanlılar ən böyük əraziyə sahib idilər və bu, onların tarixi torpaqları idi. Birinci Dünya müharibəsinin gedişində müxtəlif ölkələrin çar Rusiyasının tərkibində olan Azərbaycana dair planları var idi. Azərbaycan ziyalıları isə ölkənin çarizmin zülmündən azad edilməsindən ötrü müxtəlif planlar hazırlamışdılar. Onların bir qismi öz ümidlərini xarici amil kimi Osmanılı imperatorluğuna bağlayırdı. Çünki Osmanlı imperatorluğu həm türkçülüyün, həm də İslamın mərkəzi idi. Azərbaycanlı ziyalılarının bir neçəsi hətta Ərzuruma gedərək orada türk hərbi strateqləri, xadimləri ilə görüşüb ölkənin istiqlalı məsələsini müzakirə etmişdilər.

– Bəs Azərbaycanın istiqlalı üçün şərait nə zaman formalaşdı?

– Bu, tədricən 1917-ci ilin fevral inqilabından sonra formalaşmağa başladı. Fevral inqilabı nəticəsində Rusiyada çarizm çökdü, Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu, müvəqqəti hökumət yarandı, ölkədə demokratik islahatlar verildi və demokratik təsisatlar yaranmağa başladı. Həmin dövrdə ölkə ərazisində 3 hakimiyyət mövcud idi: rəsmi struktur olan müvəqqəti hökumətin strukturları, milli şuralar və bir də sovetlər. Sovetlər daha çox sosial-demokratiya ideyalarını müdafiə edirdilər, Rusiyanın ucqarlarında isə milli şuralar var idi və Azərbaycanda da bu şuralar formalaşmağa başladı. Azərbaycanda bu hərəkatın önündə ziyalılar gedirdi. İstiqlalın elan edilməsi ərəfəsində Azərbaycanda təxminən 63-65 nəfər yüksək təhsilli ziyalı var idi. Onlar xalqın bütün problemlərini həll edib, inkişafının yollarının müəyyənləşdirilməsini öz üzərlərinə götürdülər.

– Tarixi faktlardan məlum olduğu kimi, 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazda tamamilə fərqli bir şərait yarandı. Tiflisdə olan amerikan, ingilis, fransız konsulları Cənubi Qafqazdan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Transqafqaz Seymini formalaşdırdılar. Bunlar əsasən millətçi qüvvələr idi və onlar ABŞ, Böyük Britaniya, Fransa yardımları ilə, maddi və mənəvi dəstəkləri ilə formalaşdırıldı. Sizcə, burada əsas məqsəd nə idi və yaranmış ab-hava Azərbaycana necə təsir edirdi?

– Əsas məqsəd ondan ibarət idi ki, bolşeviklərin hakimiyyəti formalaşdırılmasın və müvəqqəti hökumətin strukturları ölkə ərazisində bərpa edilsin. Bolşeviklərin müharibədən çıxması tamamilə yeni bir situasiya yaratdı. 1917-ci ilin noyabrın əvvəllərində keçirilən seçkilərdə Şaumyan başda olmaqla Bakıda Bakı Soveti quruldu. Amma onlar real gücə malik deyildilər. Bolşeviklər həm Almaniya, həm də onun müttəfiqləri ilə sülh müqavilələri bağladılar. Bolşevik Rusiyasının Osmanlı imperiyası ilə Ərzincanda imzaladığı barışıqdan sonra türklər Qafqaz istiqamətində böyük üstünlüklər əldə etmiş oldu. Osmanlı imperiyasının Cənubi Qafqazda fəaliyyətini məhdudlaşdırmaqdan, Azərbaycan xalqının istiqlala gedən yolunu kəsməkdən ötrü bolşevik qüvvələri və Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu ilə birlikdə geri çəkilən erməni terror dəstələri Cənubi Qafqazda 1918-ci ilin mart ayında kütləvi şəkildə azərbaycanlılara qarşı qırğınlar və soyqırımlar həyata keçirdilər. Amma bütün bunların heç biri Azərbaycanın istiqlalının qarşısını ala bilmədi. Həmin dövrdə Transqafqaz Seymində çoxlu ixtilaflar var idi. Bu qurum azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını ala bilmədi. Kütləvi qətliamlar baş verdi. Beləliklə, daxili ixtilaflar və xarici təzyiqlər üzündən Transqafqaz Seymi dağıldı. 1918-ci il mayın 28-də Tiflisdə Oriyent oteldə Azərbaycanın İstiqlal bəyannaməsi elan edildi.

– İstiqlal bəyannaməsinin elan edilməsi xalqın sonrakı taleyində hansı rolu oynadı?

– Bəyannamə mühüm tarixi əhəmiyyətə malik olan bir sənəd idi. Bütün müsəlman Şərqinə cümhuriyyət, respublika ideyasını, Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı ilk dəfə olaraq respublika formasında dövlətini yaratdı. Əlbəttə, bu o demək deyildi ki, buna qədər azərbaycanlıların dövləti olmayıb. Dövlət olub, yalnız 1828-ci ildə çarizmin işğalından sonra Azərbaycanda dövlətçilik ənənələri kəsilmişdi.

Hökumətin ilk kabinetinin tərkibi yaranırdı, ilk baş nazir Fətəli Xan Xoyski oldu. Milli Şura Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında müəyyən tədbirləri həyata keçirdi və hökumət 1918-ci ilin iyunun ortalarında Tiflisdən Gəncəyə köçdü. Hökumətin qarşısında duran başlıca vəzifə Azərbaycanın təbii paytaxtı olan Bakını azad etmək, Azərbaycanı de-fakto tanıtmaq və hökumət strukturlarını formalaşdırmaqdan ibarət idi. Bakını azad etməkdən ötrü Gəncədə olan Nuru paşa komandanlığı altında Qafqaz İslam Ordusu yaradıldı. Çarizm dövründə azərbaycanlılar orduya çağırılmadığından hərb sənətini yadırğamışdılar. O dövrdə vəhşi diviziya adlandırılan ordunun 600 nəfər üzvü də onun tərkibinə daxil edildi və Azərbaycanda ordu yaradıldı. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri azad edildi, Azərbaycan özünün təbii, tarixi, siyasi və mədəni paytaxtına qovuşdu. Bakıda geniş tədbirlər həyata keçirildi, hökumət strukturları formalaşdırıldı, Bakı Dövlət Universiteti əsası qoyuldu, məktəblər açıldı, müəllimlər dəvət edildi, dərsliklərin çapına başlanıldı. Milli Azərbaycan mətbuatının inkişafında yeni bir dövr başlandı. Türkmənçay müqaviləsindən 1918-ci ilə qədər keçən müddət ərzində azərbaycanlılar ilk dəfə olaraq Bakıda özlərini inamlı hiss etdilər.

Bununla yanaşı, o dövrdə Azərbaycan üçün heç də hər şey qaydasında getmirdi. Bəzi mürəkkəbliklər hökm sürürdü. Beynəlxalq vəziyyət Azərbaycanın xeyrinə deyildi. Bir tərəfdən Şimaldan bolşevik təhlükəsi, digər tərəfdən Denikin təhlükəsi qalırdı. Qərb ölkələri həmin dövrdə Azərbaycanın və onunla bərabər yeni yaranmış dövlətlərin istiqlalını tanımağa hazır deyildilər. Azərbaycan xalqı isə dövlətsevər idi və öz dövlətinin əleyhinə çıxmadı. 1920-ci ilin aprelin 27-də Azərbaycanda hakimiyyət təslim edildi və XI ordu Azərbaycanın istiqlalına son qoydu. Ölkənin istiqlalına son qoyulması bilavasitə xarici faktorların təsiri altında baş verdi.

– Necə düşünürsünüz, cəmi 23 ay fəaliyyət göstərən, xalqa demokratik dövlətin, müstəqilliyin necə olmasını dadızdıran ADR-in meydana gəlməsinin başlıca əhəmiyyəti nə oldu?

– Bu, müstəsna tarixi əhəmiyyətli bir hadisə idi. Onun bayrağı, gerbi, himni, dövlət atributları qəbul edildi. Azərbaycan xalqı müstəqilliyin nə olduğun bildi. 23 ay müstəqil olmasına baxmayaraq cümhuriyyətimizin yaranması şübhəsiz tarixi bir hadisə idi. Azərbaycan 1918-20-ci illərdə müstəqil dövlət olmasaydı, 1920-ci ildə Rusiyanın tərkibinə bir də qatılacaqdı. Onu bilmək olmazdı ki, 1920-ci ildə Azərbaycan məhz Azərbaycan Sovet Sosialist Respublikası adlanardı, ya yox. Bugünkü Azərbaycan Cümhuriyyətin varisidir və çox müsbət haldır ki, son illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı ciddi işlər görülür. 1998-ci ildə mərhum prezident, milli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi qeyd edildi. Həmin sərəncama uyğun olaraq Azərbaycanda çoxlu işlər görüldü, kitablar nəşr olundu, parlamentin stenoqramları dərc edildi, çoxlu sənədlər üzə çıxarıldı. Bütün bunların hamısı müsbət bir haldır. Ötən il isə prezidenti İlham Əliyevin sərəncamı ilə cümhuriyyətimizin 90 illiyi təntənəli qeyd edildi. Eyni zamanda bu il xarici ölkələrdə biz belə tədbirlərin şahidi oluruq. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı dövlətqurucu, dövlət yaradıcı bir xalqdır və onun müstəqilliyi daimi olacaq.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 25 may.- S.4.