Müasir Azərbaycan
dramaturgiyası haqqında məruzə dinlənilib
Ötən gün Yazıçılar Birliyinin “Natəvan” klubunda tənqidçi Əsəd Cahangirin müasir Azərbaycan dramaturgiyasına həsr olunmuş məruzəsi dinlənilib. Məruzədə Əsəd Cahangir 2004-2011-ci illərdə milli dramaturgiyamızın keçdiyi yoldan bəhs edib. Tənqidçi bu zaman ərzində güclü yeniləşmə getdiyini və yazıçıların öz əsərlərini daha real və təbii tərzdə yazmağa çalışdıqlarını və eyni zamanda naturalizmə meylin gücləndiyini vurğulayıb. İlyas Əfəndiyevin dramaturgiyasına nəzər salan tənqidçi onun “Sən həmişə mənimləsən” pyesindən sonra epoxa yaradan səhnə əsərlərinin hələ yazılmadığını diqqətə çatdırıb. Tənqidçi çağdaş dramaturgiyamızın hazırkı problemli vəziyyətini çözmək üçün atılan addımların yetərli olmadığını bildirib. Əsəd Cahangir bugünkü ədəbiyyatı coşqun 60-70-ci illər ədəbiyyatı ilə müqayisə etməyin təbii fikir ayrılığı doğurduğunu dilə gətirib. Daha sonra tənqidçi 2004-2011-ci illərdə yazılan dram əsərlərinin təhlilini verib. O, çağdaş dramaturqları iki qrupa ayırıb: ənənəvi və yenilikçi dramaturgiya xəttinin təmsilçiləri. Tənqidçi ənənəvi dramaturgiya xəttinin təmsilçilərindən Əli Əmirli, Xeyrəddin Xoca, Tofiq İsmayılov, Fikrət Qoca yaradıcılığını, yenilikçi xətdən Mövlud Süleymanlı, Vaqif Səmədoğlu, Afaq Məsud, Vidadi Babanlı, Aygün Həsənoğlunun adlarını qeyd edib.
Fikrət Qocanın “Otellonun oğlu” dramına geniş şəkildə münasibət bildirən Əsəd Cahangirin əsər haqqında yekun fikri bu olub ki, bu, yalnız Azərbaycana deyil, bütün dünyaya ünvanlanan mesajdır. Tənqidçi ənənəvi dramaturgiya xəttinin davamçısı hesab etdiyi görkəmli dramaturq Əli Əmirlinin “Köhnə ev”, “Varlı qadın”, “Ağqoyunlular və Qaraqoyunlular” pyesləri, Əjdər Olun, Aygün Həsənoğlunun, Elçinin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin dram əsərləri haqqında da maraqlı fikirlər söyləyib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dramaturq Əli Əmirli Əsəd Cahangirin çox vacib bir mövzuya toxunduğunu, çağdaş dramaturgiyamız haqqında maraqlı məruzə ilə çıxış etdiyini bildirib. “Ümumiyyətlə, Əsədin təhlil üslubu çox ədalətli və obyektivdir. Bu da təbii ki, onun teatra olan məhəbbətindən irəli gəlir. Onun tənqidində də, tərifində də müəyyən olunmuş ölçü gözlənilir. Bugünkü məruzə üçün mən Əsədə təşəkkürümü bildirirəm”. Əjdər Ol da öz növbəsində Əsəd Cahangirin məruzədə toxunduğu problemləri çox düzgün analiz etdiyini vurğulayıb. Elçin Hüseynbəyli: “Ümumilikdə məruzə çox maraqlı idi. Maksimum obyektivlik gözlənilib. Nə həddindən artıq tənqid, nə də həddindən artıq tərifə yol verilib” – deməklə rəyini açıqlayıb. E.Hüseynbəyli belə tədbirlərdə teatr rəhbərlərinin və rejissorların da iştirak etməsinin vacib olduğunu dilə gətirib.
Aygün Həsənoğlu Əsəd Cahangirin onun yaradıcılığı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
AYB-nin katibi Arif Əmrahoğlu Ə.Cahangirin məruzəsinin elmi əsasda hazırlandığını və dünya dramaturgiyası kontekstinə söykəndiyini önə çəkib.
Xalq yazıçısı Anar məruzədə kəskin tənqidin və mədhiyyəçiliyin olmadığını, Əsəd Cahangirin sadəcə əsərlərin analizini verməyə çalışdığını diqqətəlayiq məqam kimi vurğulayıb və tənqidçinin bu işin öhdəsindən gələ bildiyini diqqətə çatdırıb. “Ədəbiyyata yeni nəsil yazarlar gəlir. Onların fərqli fikirlərini də alqışlamaq lazımdır” – deyə xalq yazıçısı çıxışını yekunlaşdırıb.
GÜNEL
525-ci qəzet.- 2011.- 26 may.- S.7.