Mərhum rəssam Fazil Əliyevin fərdi sərgisi təşkil olunub

 

“Qalereya 1969” Sərgi Qalereyasında mərhum rəssam Fazil Əliyevin əsərlərindən ibarət sərgi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov çıxış edərək rəssamın həyatı, yaradıcılıq yolu, insani keyfiyyətləri, sənətkar məziyyətləri barədə danışıblar. Çıxış edənlər rəssamın əl işlərinin mükəmməllik nümunəsi olduğunu, rəssamlıq sənətini öyrənən gənclər üçün əsl məktəb, etalon sayıldığını diqqətə çatdırıblar. Rəssamın ailə üzvləri adından çıxış edən Fatma Əliyeva həyat yoldaşının yaradıcılığına verilən dəyər və diqqətə görə təşkilatçılara minnətdarlığını bildirib.

Mərhum rəssam Fazil Əliyev 1947-ci ildə indiki Hacıqabul şəhərində doğulub. 1965-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1965-1971-ci illərdə Sankt-Peterburqda İ.Y.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini davam etdirib. 1971-ci ildən isə təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. Rəssam 1980-1984-cü illərdə Gəncə Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışıb. Rəssamın həm sağlığında, həm də vəfatından sonra dəfələrlə sərgisi keçirilib. May ayının 28-dək davam edəcək fərdi sərgidə rəssamın müxtəlif mövzularda işlədiyi 71-dən artıq müxtəlif ölçülü əsəri nümayiş olunur.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 26 may.- S.7.