Ümumrespublika Satira Qəzəl Müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü münasibətilə elan olunmuş Ümumrespublika Satira Qəzəl Müsabiqəsinin yekunu ilə əlaqədar qaliblərin mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, M. Ə. Sabir adına Kitabxanada keçirilən tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əvəz Qurbanlı Sabir yaradıcılığından söz açıb bu müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Mirzə Ələkbər Sabir tamamilə yeni bir yol açıb, yeni bir məktəb yaradıb. Bu məktəbin bu gün davamçıları yetişməlidir. Cəmiyyət varsa, onun problemləri var o problem həm poeziya dili ilə deyilməlidir. Bu müsabiqəni həm qəzəlin inkişafına xidmət, həm satiramıza dəstək olaraq həyata keçirdik. Sözsüz ki, əsas məqsədimiz böyük ustadımızı yad etməkdir”.

Ə.Qurbanlının sözlərinə görə, müsabiqəyə 70-ə yaxın material daxil olub, 10 yer üzrə qaliblər müəyyənləşib. Müsabiqədə I yeri Məmməd Məcidoğlu, II yeri Əlibəy Məmmədov, III yeri isə Vüsal Qocayev qazanıb. Eyni zamanda 7 nəfər fəxri diplomla mükafatlandırılıb. Mükafatlar təşkilatçıların şəxsi hesabına verilib. I yeri tutana 150, II yerin sahibinə 100 III yerə görə isə 50 manat məbləğində pul mükafatı təqdim olunub.

Mayın 29-da isə təşkilatçıların qaliblərlə birgə Şamaxıya səfəri planlaşdırılır. Müsabiqə iştirakçıları Mirzə Ələkbər Sabirin qəbrini ziyarət edəcəklər.

Mükafatlandırma mərasimində iştirak edən M.Ə. Sabirin gəlini, əməkdar müəllim, fəlsəfə doktoru Zemfira Tahirli müsabiqə təşkilatçılarına təşəkkürünü bildirib.

 

 

525-ci qəzet.- 2011.- 26 may.- S.7.