“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı: tədbirlər davam edir
Ulu babalarımızdan bu günümüzə gəlib çıxan və bizlərə əmanət qalan maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması, onların araşdırılıması və bu istiqamətdə gənc nəslə təbliğ olunması “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əsas məqsədidir. Bu məqsədlə İctimai Birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaxından köməyi ilə “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği” adlı layihə istiqamətində tez-tez müxtəlif maraqlı tədbirlər təşkil edir.
Növbəti tədbir Xəzər rayonunun Qala qəsəbəsində Kəlbəcər və digər rayonlardan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış sahəsində keçirilib.
Tədbirdə xalq sənət nümunələrinin nümayişi, xüsusən də gənc nəsil üçün artıq unudulan və xalqın yaddaşından silinməkdə olan məişət mövzulu xalq oyun tamaşaları göstərilib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin unudulmaqda olan xalq sənəti nümunələrinin, xüsusən də ailə-məişət mövzusunu əks etdirən xalq oyun tamaşalarının toplanması, lentə alınması bu istiqamətdə maarifləndirici materialların hazırlanması işini həyata keçirməklə onların yaşadılmasına önəm verməsi tədbirdə çıxış edən natiqlər tərəfindən diqqətəlayiq hal kimi dəyərləndirilib.
Qeyd edilib ki, xalq həyatının ayrı-ayrı cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən “Kilimarası” və “Maral oyunu” kimi əxlaqi-tərbiyəvi folklor nümunələrinin nümayişi, həmin meydan tamaşalarında aşılanan yüksək humanist duyğular, şərin cəzalandırılması, ailənin, yaxın insanların qorunması, onlara həmişə dayaq durulması və sair bu kimi müsbət keyfiyyətlər insanları bir-birinə daha da yaxınlaşdırır. Ulu babalarımızın, ağbirçək nənələrimizin bu günə kimi göz bəbəyi kimi qoruyub saxladığı xalq yaradıcılığı incilərinin nümayişi tamaşaçılarda böyük maraq doğurur.
Rəşad HACIYEV
525-ci qəzet.- 2011.- 26 may.- S. 7.