Bakıda I Beynəlxalq
Kukla Teatrları Festivalının
açılışı olub
Dünən Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə I Beynəlxalq Kukla Teatrları Festivalı start götürüb. Festivalla əlaqədar olaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava, UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri, Azərbaycanın TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı və Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Azərbaycanda ilk dəfədir ki, Avropa və Şərq ölkələrinin iştirakı ilə beynəlxalq kukla teatrı festivalı keçirilir. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Nazir müavini qeyd edib ki, tədbirlə əlaqədar olaraq Bakıya 16 ölkədən 155 qonaq gəlib. Festival çərçivəsində 22 tamaşa göstəriləcək. Tamaşalar Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında nümayiş olunacaq. Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər, “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçiriləcək, Bakıda beynəlxalq teatr konqresinin təşkili müzakirə olunacaq. Hər iştirakçı teatra diplom və xatirə hədiyyəsi veriləcək. UNİMA-nın baş katibi Jak Trüdo yeni yaradılan UNİMA-Azərbaycan Mərkəzi ilə sıx əməkdaşlıq yaradacaqlarına ümidvar olduqlarını deyib.
UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan ölkələrin bir-birlərini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırıb. Onun sözlərinə görə, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında qardaşlıq və dostluq körpüsü formalaşdıracaq.
TÜRKSOY-da Azərbaycan nümayəndəsi Elçin Qafarlı teatr sahəsində yeni bir dövrün başladığını bildirib. O, gələcəkdə TÜRKSOY-un tərkibində Kukla Teatrları Birliyinin yaradılması ideyası ilə çıxış edib. E. Qafarlı TÜRKSOY adından UNİMA-nın baş katibi Jak Trüdoya xatirə hədiyyəsi də təqdim edib.
Tamaşalara biletlər oktyabrın 15-dən etibarən satışa çıxarılıb. Tamaşalara xüsusi ehtiyacı olan uşaqlar biletsiz gətiriləcək. Hər nümayişdən öncə tamaşanın qısa xülasəsi oxunacaq. Göstəriləcək tamaşaların əksəriyyəti mim tamaşalardır, yəni sözdən çox hərəkət üzərində qurulub. Beynəlxalq Kukla Teatrları Festivalı hər iki ildən bir ənənəvi olaraq keçiriləcək.
Mətbuat konfransından sonra Kukla Teatrının həyətində festivalın təntənəli açılış mərasimi olub. Teatrın binasının ətrafında müxtəlif nağıl qəhrəmanlarının böyük kuklaları qoyulub. Açılışda uşaqların ifasında mahnılar səslənib, müxtəlif kukla tamaşalarından parçalar göstərilib. Mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qatılıb. Açılışdan sonra Kukla Teatrında Kamran Şahmərdanın quruluş verdiyi “Ağ və qara” tamaşası nümayiş olunacaq.
I Beynəlxalq Kukla Teatrları Festivalı noyabrın 6-da başa çatacaq.
525-ci qəzet.-
2011.- 2 noyabr.- S.7.