Efirdə
kövrək addımlar
BU
ADDIMLAR AZƏRBAYCANIN SƏS YADDAŞINI YARADARAQ, ONU YENİ MƏDƏNİYYƏTƏ
VƏ FƏRQLİ
CƏMİYYƏT MÜNASİBƏTLƏRİ BURULĞANINA
TƏRƏF ÇƏKİRDİ
AZƏRBAYCAN RADİOSU-85
Noyabrın
6-da Azərbaycanda radionun müntəzəm yayıma
başlamasının 85-ci ili tamam olur. Bu münasibətlə
filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio
jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlinin
radio tariximizin ilk dövrlərini əks etdirən silsilə
yazılarını təqdim edirik.
Xatırladırıq ki, Q. Məhərrəmli
təkcə tanınmış praktik jurnalist, publisist və
teleaparıcı deyil, həm də media mütəxəssisi,
o cümlədən televiziya və radio tariximizin nüfuzlu
araşdırmaçılarından biridir. O, radionun tarixi, nəzəriyyəsi
və yaradıcılıq problemlərindən bəhs edən
“Radio dalğalarında”, “Danışır Təbriz”, “Radio dərsləri”,
“Radioteatr: dünən və bu gün”, “Deystvie u mikrofona”(rus
dilində) və “Radiodramaturgiya dili” kimi kitabların müəllifidir.
Radio
necə yaranıb?
Dünənki yazıdan sonra redaksiyaya və mənə
olan çoxsaylı zənglərdə, əsasən bu sual səslənirdi:
“axı radionu Popov kəşf edib, bəs bu Markoni haradan
çıxdı?” Tanış sualdır və 12 il əvvəl
də “Radio dalğalarında” kitabımda Qərbdə
çoxdan bəlli olan bu məlumatı açıqlayanda
yerli mütəxəssislər də eynən bu sualı
verirdilər. Sual varsa, deməli radionun kəşfi ilə
bağlı bəzi şeyləri daha detallı
aydınlaşdırmaq lazımdır.
Radionun tarix meydanına çıxması
üçün səsin yazılıb-yenidən
canlandırılması, bundan daha önəmlisi isə fəzada
mövcud olan elektromaqnit dalğalarının tapılıb bəşəriyyətin
ixtiyarına verilməsi zəruri idi. Səsyazmanın tarixi
13-cü əsrdə-Almaniyada qraf “Böyük Albert”lə
başlasa da, sonralar Fransa (J.Dyuqamel və L.Skot), Böyük
Britaniya (T.Yunq) və Rusiyada (A.Krotsenşteyn) davam etdirilsə
də proses 19-cu əsrdə ABŞ-da sona çatdı. Məşhur
ixtiraçı T. Edison davamlı sınaqlardan sonra 1877-ci ilin
dekabrında düzəltdiyi fonoqrafın qarşısında
həyəcanla “Meri və onun körpə quzusu” adlı
uşaq şeirini söyləyir. Bir dəqiqədən sonra
ixtiraçının köməkçisi C.Krues heyrət
içində aparatın həmin şeiri anlaşılmaz
şəkildə təkrar etdiyini eşidir. Beləliklə, səsin
dəqiq yazılması və onun yenidən eşidilməsi kəşf
olunur, lakin bu, radionun kəşfi demək deyildi. Bundan əvvəl
teleqrafın (1837), Morze əlifbasının (1843), telefonun
(1876) və səsin telefonla ötürülməsinin (1880) kəşfi
də hələ radionun ixtirasını
yaxınlaşdırmırdı. Bunun üçün fəzadakı
elektromaqnit dalğaları kəşf olunmalı, bu
dalğaların axını insanın iradə və istəyinə
tabe edilməli, məlumatı naqilsiz, yəni elektromaqnit
dalğaları ilə uzağa ötürmək üsulu
meydana çıxmalı idi.
Əvvəlcə ingilis fizikləri-M. Faradey
(1834) elektrik sahəsini kəşf etdi, sonra U.Hamilton və C.
Maksvell fəzada elektromaqnit dalğalarının
mövcudluğu haqqında nəzəri fikirlər irəli
sürdülər (1867), bir müddət sonra (1886) alman alimi
H.Hers eksperimentlər yolu ilə bu dalğaların əks
olunma və sınma xassəsinin olduğunu sübut etdi. Bir
ildən sonra vibratorlu antena və qığılcımlı
generator ötürücülü elektromaqnit
dalğalarının şüalanma üsulunu da aşkarlayan
H.Hers radionun ixtirasının bir addımlığında
dayanmışdı. Lakin “Tanrının səsi”ni kəşf
etmək başqa bir adamın taleyinə
yazılmışdı.
Kəşf kimindir: Markoni, Popov, yoxsa Tesla?
Radionun kəşfi
1894-cü ildə italiyalı mühəndis, radiotexnik Qulyelmo
Markoniyə nəsib olur. Uzaq məsafəyə hava
dalğaları ilə simsiz xəbər göndərmək
marağını təmin etmək üçün
Boloniyadakı evinin damında inadla təcrübələr
aparan ixtiraçı (bu arada qapı zəngini də icad
edir), nəhayət, öz istəyinə çatır.
Markoni hələ
məktəbliykən beynindən çoxlu ixtiralar etmək
istəyi keçirdi. 20 yaşında olarkən elektromaqnit
dalğaları haqqında oxuduğu bir yazı onu çox cəlb
etdiyindən gənc mühəndis eksperimentlərə
başladı. O, xəyali olanları praktikada tətbiq etmək
qərarına gəldi. Markoninin valideynləri (atası
italyan, anası ingilis idi) övladlarının çox xərc
aparan eksperimentləri üçün pullarını əsirgəmədilər.
Maraq, bilik və praktik bacarıq 20 yaşlı bu gənci
bütün Avropada məşhurlaşdırdı. İtaliyada yaşayan Markoni 21
yaşında İngiltərəyə köçdü və
orada naqilsiz (simsiz) rabitə şirkəti yaratdı.
İxtiraçı
mühəndis həmin şirkətin ən böyük layihəsi
kimi Atlantik okeanı üzərindən Avropadan Amerikaya radio
siqnalları göndərmək qərarına gəldi. O
dövr üçün bu, çox çətin, bir az da
ağlasığmaz iş idi. Əvvəlcə hava şəraiti
və güclü külək səbəbindən bəzi
uğursuzluqlar oldu, lakin Markoni inadından dönmürdü.
Nəhayət, 1901-ci il dekabrın 12-də aparılan
sınaqlar zamanı Markoni və köməkçiləri
Londondan verilən və 3500 km-dən gələn dalğada
“S” hərfinin 3 Morze siqnalını Kanada sahillərində
eşidə bildilər. Bu, bir əsr ərzində bəşəriyyəti
qığılcımdan süni peykə aparmış
fantastik yolun başlanğıcı idi. Həmin vaxt 27
yaşı olan və sonralar ? 1909-cu ildə bu kəşfinə
görə K.Brude ilə birlikdə Nobel mükafatına layiq
görülən Markoninin özü də bu prosesin elmi tərəfini
başa düşə bilmirdi. Lakin o, bunun mümkün
olduğunu təcrübədə sübuta yetirdi və alimləri
vadar etdi ki, bu kəşfin nəzəriyyəsi üzərində
düşünsünlər.
Q.Markoni ilə
təxminən eyni vaxtda, 1895-ci ildə rus mühəndisi
Aleksandr Popov da elektromaqnit dalğalarını kəşf
etmiş və onun tapıntısı dərhal təcrübədə
sınaqdan keçirilmişdi. Elektromaqnit dalğaların
mövcudluğunu göstərməyin daha həssas və
etibarlı üsulunu tapan A.Popov bu dalğaları bilavasitə
qeydə alan “Kogerer” adlı ölçü cihazı da
düzəltmişdi. 1900-cü ilin sərt qışında
Finlandiyada – Lavensaari gölündə qəzaya
uğramış balıqçıların xilas edilməsində
A.Popovun təklif etdiyi bu cihaz radioteleqraf kimi mühüm rol
oynadı və bundan sonra rus mühəndisinin ixtirasına
diqqət xeyli artdı. Son dövrlərdə, yəni
dünya elmi ilə təmaslar artdıqca, o cümlədən
radionun tarixi ilə bağlı dəqiq bilgilər
çoxaldıqca Rusiya alimləri yanlış olaraq “radionu
kim kəşf etmişdir ? Markoni, yoxsa Popov?” dilemmasını
ortaya atmağa çalışırlar. Əlbəttə,
radionun inkişafında A.Popovun xidmətləri
danılmazdır. Amma dünya radionun banisi kimi Markonini
tanıyır. Amma yaxşıdır ki, bu sahədə
A.Popovun ixtiraları da danılmır. Məsələn, son
dövrün bir çox sorğu kitablarının səhifələrində
Markoni və Papov “barışdırılır”.
Tarixi məlumatlara
görə, A.Popov özü Markoninin uğurlarına normal
yanaşmış, prosesləri çox sakitliklə izləmişdi.
Bu iki görkəmli ixtiraçının
görüşü də maraqlı tarixi faktdır. Markoni
Paris sərgisindən sonra Rusiyaya gələrək A.Popovla
görüşmüş (hərçənd ki, Stalin
dövründə çəkilmiş rus filmində bu
görüş çox eybəcər təqdim olunub) və
fikir mübadiləsi aparmışlar. Bu görüşdən
sonra A.Popov radiotexnika sahəsindəki işlərini daha da
intensivləşdirmişdir.
Markoninin
birinciliyinə şərik olmaq istəyənlər təkcə
ruslar deyil. Elə Amerikanın özündə də
elektromaqnit dalğalarını “ram” etmiş bu böyük
ixtiraçıdan əvvəl kəşf edənlərin
olduğunu iddia edənlər var. Məsələn, bəzi mənbələrdə
göstərilir ki, hələ 1872-ci ildə Maklon Lomis
adlı bir amerikalı mühəndis Vircinyada iki dağ
arasında simsiz məlumat göndərilməsi ilə
bağlı uğurlu sınaqlar aparıb və hətta bu kəşfi
üçün patent də alıb. Yenə də konkret
qaynaqlara əsasən göstərilir ki, radionun banisi xorvat əsilli
amerika alimi Nikola Tesladır və güya Markoninin zirəkliyi,
çox reklam olunması bu “təvazökar” alimin
ixtiralarını kölgədə qoymuşdur, hətta
ABŞ Ali məhkəməsi 1943-cü ildə xüsusi qərarla
N.Teslanın Markonidən əvvəl fəzada elektromaqnit
dalğaları ilə yayım apardığını təsdiq
etmişdir. Lakin fizika elmi və praktika üçün
Teslanın üzə çıxardığı elektromaqnit
dalğalarının məlumat ötürmək
üçün yararlı bir vasitə olub-olmaması
qaranlıq qalmışdır. Beləliklə, bütün
mübahisə və iddialara baxmayaraq, dəqiq bilinən bir
şey vardır ki, radio adlı möcüzəni bəşəriyyətə
Q.Markoni bəxş etmişdir. Ona görə də artıq
tarix bu mövzuda gərəksiz mübahisələrə həvəsli
görünmür.
Bakı radiosunun ilk addımları
Biz dünənki
yazıda Azərbaycan radiosunun efirə uzun
hazırlıqları barədə
danışmışdıq. Bu hazırlıqlardan sonra o
dövr üçün ciddi əlamətdar hadisə
sayılan Böyük Oktyabr Sosialist inqilabinin 9-cu
ildönümünə bir gün qalmış-noyabrın 6-da
(1926) Bakı studiyası müntəzəm yayıma
başladı. Radio ilk günlərdə efirə hələlik
1 saat, axşam saat 18-dən 19-a qədər
çıxırdı. Lakin təxminən bir aydan sonra
verilişlərin həcmi 60 dəqiqədən üç
saata çatmışdı və radioya indi təkcə
Bakıda deyil, onun ətrafında da maneəsiz qulaq asa bilirdilər.
Proqramlar iki dildə ? Azərbaycan və rus və dillərində
aparılırdı. Bundan əlavə erməni dilində
“Kommunist” radio qəzeti verilirdi. Rusca verilişləri çox
zaman stansiyanın texniki Vadim Verle özü aparırdı.
Studiyanın müdiri İzrail Qotlib hərdən ona kömək
edirdi. Bir neçə aydan sonra, yəni 1927-ci ilin
payızında Arnold Martirosov və daha sonra Yelena Orbeliani rus
diktorluğuna qəbul edildilər.
Verilişlərin,
indiki mənada, düşünülmüş, sistemli cədvəli
yox idi. Studiyadan, əsasən, rəsmi qəzetlərin baş
məqalələri oxunurdu (ilk günlər bu təcrübə
rus dilində aparılırdı), siyasi xadimlər
çıxış edir və şairlər öz şeirlərini
oxuyurdular. Eyni zamanda radio ilə konsert proqramları, xanəndələrin
çıxışları, müxtəlif məzmunlu elanlar
səslənirdi. Xüsusən bədii və musiqi verilişləri
hansısa sistem üzrə qurulmuş proqramla deyil,
icraçıların hazırladıqları repertuar əsasında
müdirin özü tərəfindən tərtib edilən
gündəlik proqramla gedirdi. Amma konsertlərə daha
geniş yer verilirdi və təsadüfi deyildir ki, 1926-cı
ilin noyabr-dekabr aylarında radio ilə 40 konsert verilmişdi. Əhali
bu konsertləri çox maraqla dinləyir, xanəndələrin
çıxışlarına münasibət bildirirdi. İlk
vaxtlarda ictimai yerlərdə, o cümlədən istehsalat
müəssisələrində keçirilən
diskussiyaların əsas mövzularından biri də
“danışan qutu” ilə bağlı idi.
Fəaliyyətə
başladığı 5-6 ay ərzində radio studiyası
yaradıcılıq qurumu kimi deyil, daha çox texniki vasitə
kimi diqqəti cəlb edirdi. Hələlik əsas məsələ
ölkədə radio qurğularının və
ötürücülərin sayının artmaq idi. Ona
görə Radio bürosu səylərini
bu istiqamətə yönəltmişdi və işin konkret nəticələri
də vardı. Məsələn, 1926-cı ildə Bakıda
50 radioqurğu var idisə, bir il sonra onların sayı 120-ni
keçmişdi. Artıq 1927-ci ildə Naxçıvanda,
Stepanakertdə radio həvəskarları dərnəkləri
yaradıldı. Qubada, Şəkidə, Lənkəran və
Astarada ötürücü stansiyalar tikildi. 1928-ci ildə kənd
yerlərində də radio qurğularının sayı
artırılaraq 185-ə çatmışdı.
Radionun ilk əməkdaşları
1927-ci ilin
fevral-mart aylarından yaradıcı qrupları toplamağa,
efirə yeni məzmun verməyə və işi
canlandırmağa başladılar. Məhz həmin dövrdə
radioya Azərbaycan (türk) dilində yaxşı
yazıb-oxuyan daimi əməkdaşlar, o cümlədən
diktorlar axtarışı başlanır. Radionun təşəkkül
dövrü, ciddi sınaqlar və formalaşma dövrü bu
əməkdaşların həyatından keçəcəkdi.
Həmin adamlar Bakı radiosunun təşəkkül mərhələsinin
işıqlı simaları, kövrək addımların,
mikrofon qarşısında canlı efirin bir çox “macəralarının”
ilk şahidləri olacaq, sonra bu tarixi öz hafizələrində
və xatirələrində canlandıracaqdılar.
Həmin
şəxslərin bir çoxu-ilk azərbaycanlı diktor
İsmayıl Əlibəyov, ilk qadın diktorumuz Raya
İmanzadə, diktor Ənvər Həsənov, Leyla Terequlova,
Hüseyn Natiq, ömrünün sonunadək efirdə bənzərsiz
verilişlər oxumuş Soltan Nəcəfov, radionun bədii
rəhbəri olmuş Müslüm Maqomayev, ədəbi-bədii
redaksiyaya rəhbərlik etmiş Məmməd Səid Ordubadi,
həmçinin bu dövrdə radionun fəal əməkdaşları
kimi çalışmış görkəmli ədəbiyyatşünas
Məmməd Arif, xalq şairi Məmməd Rahim və əməkdar
incəsənət xadimləri Qubad Qasımov və Səftər
Turabov Azərbaycan radiosunun tarixinə qızıl səhifələr
yazmışlar.
“Heç mənim
yuxuma da girməzdi ki, doğulduğum Ağdaş rayonundan
Bakıya gəlib Politexnik İnstitutunda oxuyanda radio ilə də
əməkdaşlıq edəcəm”-deyən ilk diktor
İsmayıl Əlibəyov işə 1927-ci ilin iyununda qəbul
olunmuşdu. İsmayıl müəllim xatırlayırdı
ki, ilk dövrlərdə radionun kollektivi kiçik, lakin
“hazırladığımız verilişlər məzmunlu,
maraqlı, kəmiyyətcə xeyli zəngin idi. Burada o
zamanın məşhur incəsənət xadimləri: Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynağa
Hacıbababəyov, Hüseynqulu Sarabski, Qurban Pirimov, Lazar,
Saşa Ohonezaşvili, Qrişa Badalov, Cahan Talışinskaya,
professor Bretanitski, professor Speranski, Vladimir Kozlov, habelə Vyana
dirijoru Ştrassenin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet Teatrının orkestri
çıxış edirdi.
Ədəbi,
ictimai və siyasi mövzularda verilişlərimiz, o cümlədən
radio qəzeti, son xəbərlər, gündəlik metereoloji
məlumatlar və s. müvəffəqiyyətlə
aparılırdı. Bu materiallar lazımi diqqət və səliqə
ilə möhtərəm əməkdaşımız Qubad
Qasımovun rəhbərliyi altında xüsusi bir qrup tərəfindən
hazırlanırdı.
1928-ci ildə
kollektivimizə Azərbaycan diktoru sifəti ilə Raya
İmanzadə, daha sonra Ənvər Həsənov daxil oldular.
Beləliklə, Azərbaycan radiosunda diktor qrupu bir qədər
genişləndi...”
Raya İmanzadə nələri
xatırlayır...
Sabir
adına Pedaqoji məktəbi bitirib Salyan rayonunda müəllim
işləyən Raya İmanzadə 1928-ci ildə ali təhsil
almaq məqsədilə Bakıya gəlir və Dövlət
Darülfünunun hüquq-iqtisad fakültəsinə daxil
olur. İş axtarmağa başlayanda qonşuluqda yaşayan
diktor İsmayıl Əlibəyov ona radionu təklif edir... Beləliklə,
həmin ildən onun həyatının yeni bir mərhələsi
başlayır... Nə yaxşı ki, BDU-nun Jurnalistika
fakültəsinin Televiziya və radio jurnalistikası
kafedrasında Raya xanımın ( və başqalarının
da) həyatının bu mərhələsi haqqında qiymətli
xatirələrini yazıb saxlayıblar. İndi həmin
günlərin havasını duymaq üçün bu xatirələr
misilsiz bir bələdçidir. Həmin xatirədən bəzi
sətirlər: “...Mikrofon qarşısında oxuduğum ilk
veriliş yaxşı yadımdadır. Bu, kolxoz təsərrüfatının
fərdi təsərrüfatdan iqtisadi üstünlükləri
haqqında danışıb kolxoza daxil olan ailə üzvlərinin
adları sadalanan bir veriliş idi. Həmin verilişdən
sonra studiyada görkəmli ustad müğənni Cabbar
Qaryağdıoğlu qocaman tarzən Qurban Pirimov və
kamançaçı Saşa Ohanozaşvilinin müşayiəti
ilə “Rast” muğamını oxudu.
Birinci iş
günümdə, sonralar məşhur dirijor olan, o zaman isə
pianoçu kimi çıxış edən Niyazi, məşhur
qarmonçalan Əhəd Əliyev, dəfçi Xalıq
Babayev, müğənni Səltənət Qacar
çıxış etdilər. Veriliş müddətində
tez-tez “bərkdən” siqnalı verilirdi. Mikrofonlar həssas
olmadığından çox vaxt
çığıra-çığıra oxumaq lazım gəlirdi.
Ən böyük çətinliklər bayram günlərində,
beynəlmiləl verilişlər verdiyimiz zaman olurdu.
Çünki mikrofon əl ilə idarə olunurdu.
O zaman RV-47
stansiyası işləyirdi. Bu, gücsüz bir stansiya idi.
Proqramlar ancaq Bakının yaxın ətraflarında
eşidilirdi. Verilişin bütün
iştirakçıları çox da böyük olmayan
studiyaya toplaşır və proqramın sonunadək gərgin
halda otururdular. İçəri çox isti olardı.
Studiyanın havasını dəyişmək
müşkül bir iş idi. Qapını foyeyə
açmaqla havanı təmizləyirdik.
Yaxşı
xatırlayıram... Biz tez-tez Əli Bayramov adına
Qadınlar klubunda olur, oradan verilişlər aparırdıq. O
illərdə nəqliyyat vasitələri at arabaları və
faytonlar idi. Bəzən də hamballardan istifadə olunurdu.
Verilişi təşkil
etmək üçün gücləndirici cihazları,
mikrofonu və kabelləri faytona qoyub kluba aparardıq. Bəzən
yolda bu cihaz və aparatlar xarab da olurdu. Bir saat veriliş aparmaq
üçün üç gün hazırlıq işi
gedirdi.
Verilişlərin
mövzularına gəldikdə isə onlar beşilliyin əzəmətli
planlarının həyata keçirilməsində
xalqımızın qazandığı nailiyyətlərə,
əmək qabaqcıllarına, maarif və mədəniyyətin
inkişafına, savadsızlıqla mübarizəyə,
qadınları ictimai istehsalata cəlb etmək məsələsinə,
dövlət təsərrüfatında və artellərdə
işləyən qabaqcıl qadınlara, respublikamızda fəaliyyət
göstərən mətbuat orqanlarının, habelə
“Şərq qadını” jurnalının fəaliyyətinə
həsr olunardı. Bu verilişlər məni “Şərq
qadını” jurnalının redaktoru Gülarə
Köylü qızı, Ceyran Bayramova, Sənaye
Akademiyasının ilk qadın məzunlarından olan Qəmər
xanım Rəhimova, Züleyxa Seyidməmmədova ilə
tanış etdi.
1929-cu ildə
radiostudiya Bakı Baş Poçt-Teleqraf binasına
köçdükdən sonra veriliş gedən otaqların
şəraiti bir qədər yaxşılaşdı. Efirdə
patefondan istifadə etməyə başladıq. Mikrofonlar,
gücləndirici aparatlar az da olsa təkmilləşdi...”
(Ardı var)
Qulu Məhərrəmli,
Professor
525-ci qəzet.- 2011.- 2 noyabr.- S.4.