“Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnikamövzulu simpozium keçirilib

 

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” mövzusunda beynəlxalq elmi simpozium təşkil edilib. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Kukla Teatrları festivalı çərçivəsində düzənlənib. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycanda son illər keçirilən beynəlxalq festivallar, forumlar, simpoziumların ölkəmiz üçün əhəmiyyətindən, bu tədbirlərin təcrübə mübadiləsindəki önəmindən danışıb. Beynəlxalq Kukla Teatrları Festivalı haqqında məlumat verən M.Əlizadənin sözlərinə festivalda 16 ölkədən 20-dən çox kukla teatr iştirak edir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Bakıda keçirilən 1-ci Beynəlxalq Kukla Teatrları Festivalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunduğunu vurğulayıb. Azərbaycanda müstəqillik illərində teatrın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verən nazir müavini tarixə nəzər salaraq ayrı-ayrı illərdə ümummilli lider Heydər Əliyevin mədəniyyət obyektlərinin, teatrların və onların maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncamları diqqətə çatdırıb: “Ölkə başçısı İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamı ölkədə fəaliyyət göstərən Akademik Milli Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Kukla, Rus Dram Teatrlarının təmiri və müasir texnika ilə təchiz olunmasına həsr olunub. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq olunması və digər mühüm sərəncamlar teatrlarımızın inkişafı, dünyaya inteqrasiyası rolunda əhəmiyyətli mövqe tutur. Ötən il Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: Problemlər, perspektivlər və alternativlər” mövzusunda keçirilən I Beynəlxalq elmi-praktik konfransı ölkəmizlə dünya ölkələrinin teatr xadimləri arasında təcrübə mübadiləsi sahəsində əhəmiyyətli olub”. Ə.Vəliyevin sözlərinə görə, noyabrın 4-də Muzey Mərkəzinin İncəsənət Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Birinci Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək. Uşaqların formalaşmasında kukla teatrlarının rolundan danışan Ə.Vəliyev bunun uşaqların sonrakı mərhələlərdə daha diqqətli tamaşaçı olmaq baxımından vacib hesab etdiyini bildirib.

Elmi simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri – UNİMA-nın baş katibi Jak Trüdo, teatrşünas Aydın Talıbzadə, Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham, Uşaq və Gənclər üçün Teatrların Beynəlxalq Assosiasiyasının prezidenti İvetta Hardi, Gürcüstanın İliya Universitetinin rektoru Levan Xetaquri, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiriibaşqalar çıxış edərək ölkələrində kukla teatrının inkişafı, şəxsi praktikaları haqqında məlumat verərək, Şərq və Qərbin kukla teatrları məsələlərini müzakirə edərək, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, noyabr ayının 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASSİTEJ- Azərbaycan Milli Mərkəzinin ilk toplantısı, noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr tənqidçilərinin toplantısı, noyabrın 5-də isə Azərbaycan Dövlət Kukla Teatrında UNİMA-Azərbaycan Milli Mərkəzinin ilk toplantısı gerçəkləşəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 3 noyabr.- S.7.