Efirdə
yeni mədəniyyət qığılcımları
AZƏRBAYCAN
RADİOSU-85
(Əvvəli ötən
saylarımızda)
İlk
addımlarını atan Azərbaycan radiosunun efirində bir tərəfdən
və sovet ideologiyası və sosializm yarışı təbliğ
olunurdusa, digər tərəfdən musiqi və teatrla sıx
bağlı olan yeni mədəniyyətin işartıları
duyulurdu.
Azərbaycanda
radionun müntəzəm yayıma başlamasından 85-ci il
keçir. Radio necə və hansı şəraitdə fəaliyyət
göstərib, onun ilk dönəmləri necə olub, burada
kimlər çalışıb, efirdə nələrdən
danışılıb? Bütün bunlar barədə
filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio
jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlinin
radio tariximizlə bağlı təqdim etdiyi silsilə
yazılarda söhbət açılır.
Xatırladırıq
ki, Q. Məhərrəmli təkcə tanınmış
jurnalist, publisist və teleaparıcı deyil, həm də
televiziya və radio tariximizin azsaylı
araşdırmacılarından biridir. O, radionun tarixi, nəzəriyyəsi
və yaradıcılıq problemlərindən bəhs edən
“Radio dalğalarında”, “Danışır Təbriz”, “Radio dərsləri”,
“Radioteatr: dünən və bu gün”, “Deystvie u mikrofona” və
“Radiodramaturgiya dili” kimi kitabların müəllifidir. Bu
mövzuda əsərləri ingilis, rus və fars dillərində
də çap olunmuşdur.
“Son
zamanlarda Azərbaycan radioverilişləri keyfiyyət etibarilə
yaxşılaşmağa üz qoymuşdur. Yeni üsullar tətbiq
edilməkdədir: səs və gurultularla müşayiət
edilən səhnəciklər, kəndli səhnəcikləri,
müxtəlif radio çağırışları və
mitinqləri tərtib edilməkdədir” – “İnqilab və mədəniyyət”
jurnalı 1930-cu ildə belə yazır və Azərbaycan
radiosunun apardığı yaradıcılıq
axtarışlarını təqdir edirdi. Əslində bu təqdir
daha çox radionun studiyadan kənara çıxaraq, canlı
verilişlər təşkil etməsi, həyatı canlı
səslər palitrası ilə əks etdirməyə cəhdi,
bir növ, indi başa düşdüyümüz mənada sənədli
publisistikanın yaranışı ilə bağlı idi...
Efirin yarış salnamələri
Bu illərdə
radionun daimi mövzuları formalaşırdı, bunlar əsasən
marksizm-leninizm ideyalarının təbliği və sosializm
yarışının işıqlandırılması idi. Təbliğat
və sənaye-quruculuq mövzulu verilişlər
çoxalır, onların işıqlandırılması
üçün yeni formalar tətbiq olunurdu və bu zaman daha
çox Moskva radiosunun təcrübəsinə istinad edilirdi.
Məsələn, Moskva radiosu 1930-cu ildən “Həyatdan
translyasiyalar” adlı silsilə reportajlara
başlamışdı və onun ilk buraxılışı
həmin il dekabrın 2-də “Yüz dəqiqə Dneprohesdə”
adı ilə efirə getmişdi. Müəyyən
kompozisiyası olan radioreportajlar xüsusi yaradıcılıq
səyi və yüksək texniki hazırlıq tələb
edirdi. Görünür, bu hazırlığa malik
olduğundan həyatı canlı “göstərmək”
üçün Azərbaycan radiosu da belə mürəkkəb
verilişlər hazırlayırdı. İlk belə proqram
1931-ci il aprelin 10-da Moskva radiosunun “Proletari” radioqəzeti ilə
birgə hazırlanmışdı. Təxminən bir
saatlıq həmin reportaj Xudatda balıq ovuna həsr
edilmişdi. Bu, 1928-ci il noyabrın 7-də Bakının 5
böyük şəhərlə birgə SSRİ
miqyasında keçirilən radiosəsləşmədə
iştirakından sonra Azərbaycan radiosunun mühüm nailiyyəti
idi.
Daha sonra
Ümumittifaq radiosunun cəbbəxanasından radiosəsləşmə
formasını əxz edən respublika radiosu bir-birilə
yarışan sənaye müəssisələrinin efir
dialoqunu canlandırmışdı. Azərbaycan radiosu bu forma
ilə Ümumittifaq miqyasına da çıxır və
respublikada gedən proseslər barədə SSRİ-nin digər
regionlarındakı dinləyicilərə məlumat verdi. Məsələn,
1933-cü ilin payızında “Pravda” qəzetinin təşəbbüsü
ilə Ümumittifaq radiosunun təşkil etdiyi radiosəsləşmədə
Moskva, Leninqrad, Xarkov və Sverdlovsk kimi nəhəng sənaye
mərkəzləri ilə yanaşı, neft Bakısı da
iştirak etmişdi. Şöhrətli buruq ustası Ağa
Nemətulla bütün ölkəyə Azərbaycan neftçilərinin
fədakar əməyindən danışmış və
radiosəsləşmədə iştirak edən müəssisələrin
kollektivlərini Bakı neftçilərinin sifarişlərini
vaxtında yerinə yetirməyə
çağırmışdı. Tədricən bu radiosəsləşmələrdə,
belə məsul dialoqlarda yüksək-vəzifəli dövlət
və hökumət adamları da çıxış edirdilər.
Məsələn, 1931-1932-ci illərdə keçirilən
radiosəsləşmələrdə D.Bünyadzadə,
Q.Musabəyov və başqaları çıxış edərək
beşillik planın necə yerinə yetirilməsi barədə
elə birbaşa studiyadan raport vermişdilər.
Neft və pambıq uğrunda
1933-cü
ilin mayın 5-də Azərbaycan Xalq Komissarları Sovetinin qərarı
ilə XKS yanında Radiolaşdırma və Radio Verilişləri
Komitəsi yaradıldı. Artıq bu dövrdə ölkə
radiosunun gündəlik verilişlərinin orta həcmi 8,5
saata çatmışdı. İndi radio siyasi-maarif işini
genişləndirmək və ölkənin təsərrüfat
həyatını yeni dövrə uyğun şəkildə
daha geniş işıqlandırmaq vəzifəsini daha
geniş miqyasda aparırdı. Məsələn, həmin illərdə
Azərbaycan radiosunda səslənən və artıq məzmunca
təzələnmiş “Neft və pambıq uğrunda”
adlı ictimai-siyasi proqramın nəzərdən keçirilməsi
göstərir ki, jurnalistlərin əsas vəzifəsi
iqtisadi yeniliyi işıqlandırmaq və onun arxasında
sosializmin gücünü göstərmək olmuşdur.
Təxminən 20 dəqiqəlik proqramda
Muğan torpağına ilk traktorun gəlişindən, pambıqçı
Bəsti Bağırovanın məhsulu ikiəlli
yığmasından tutmuş Montin adına zavodda qazma
avadanlığı istehsal edən yeni sexin işə
düşməsi və Bakı mədənlərində ilk
maili neft quyusu qazılmasınadək müxtəlif
mövzular əks etdirilmişdi. Verilişdə çoxlu
sayda əmək qabaqcılının adı çəkilirdi.
İlk beşilliklər dövründə bu proqram əmək
adamlarının tribunasına çevrilmişdi. Ağa Nemətulla,
Gülbala Əliyev, Mikayıl İsmayıl, Usta Baba Pirməmməd,
Ağasəf Bağırov, Əhəd Möhüb kimi
şöhrətli neftçilər, Bəsti Bağırova,
Manya İskəndərova, Qüdrət Səmədov, Sürəyya
Kərimova kimi pambıqçılar bu proqramda
çıxış etmişdilər. İstehsalat xəbərlərinin
mövzusu, onların əhatə dairəsi və mövzuya
yanaşma üsulu onu göstərirdi ki, ölkənin
bütün təsərrüfat həyatının geniş mənada
idarə olunmasında, kütlələrin “əmək
şücaəti”nə ruhlandırılmasında radio misilsiz
rol oynayır, onun səyyar mikrofonları tez-tez əsas
istehsalat sahələrində – neft mədənlərində,
zavod və fabriklərdə, pambıq tarlalarında qurulurdu.
Qələm əhli,
mikrofon qarşısına!
Qocaman diktor Soltan Nəcəfov
xatırlayırdı ki, həmin dövrdə mətbuatda və
ədəbiyyat sahəsində tanınan yazıçı və
jurnalistlərdən – Eynulla Ağayev, İsrafil Nəzərov,
Yusif Şirvan, Həmid Axundlu, Məmməd Əkbər və
başqalarının Bakının Sabunçu, Balaxanı,
Ramana, Artyom adası, İliç buxtası və Lökbatan
neft mədənlərində çalışan
staxanovçular barədə yazdıqları oçerklər
radioda tez-tez səslənirdi. Əlbəttə,
işıqlandırdığı mövzuların, o cümlədən
sənaye-istehsalat-yarış mövzularının bir
çox hallarda quru və cansıxıcı olmasına
baxmayaraq, habelə mükəmməl publisistikadan
danışmaq tez olsa da, hər halda Azərbaycanda
radiojurnalistika təşəkkül taparaq inkişaf edirdi.
Radio tədricən spesifik dilə, cilalanan janrlara, çevik
formalara və qəzetdən fərqlənən təhkiyə
üslubuna yiyələnirdi.
Radio şair və yazıçılarla
mikrofon qarşısında davamlı görüşləri də
ənənəyə çevrilmişdi. Azərbaycan sovet
poeziyasının pionerlərindən sayılan Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd
Rahim, Əbdülbaqi Fövzi və başqalarının əmək
qəhrəmanlığına səsləyən şeirlərini
çox vaxt radio ilə oxuyurdular. Mikayil Müşfiqin
“İliç buxtası”, yazıçı-dramaturq Mirzə
İbrahimovun “Dneprostroy” şeiri də ilk dəfə məhz
radio ilə səslənmişdir. Dövrün ab-havası elə
idi ki, yaradıcı adamların bu yarışları və “əmək
xariqələrini” vəsf etməməsi mümkünsüz
idi. Çünki ölkədə artıq repressiya
maşını işə düşmüşdü.
Məmməd
Rahimin diktorluğu
Xalq şairi Məmməd Rahim Azərbaycan
radiosunun ilk diktorlarından biri olub. Şair xatirələrində
vaxtilə görkəmli ədəbiyyat və incəsənət
xadimlərinin çalışdığı radionu belə
xatırlayır: “Radioya qiymətli vaxtlarını sərf edənlərdən
Məmməd Səid Ordubadini, Müslüm Maqomayevi, Məmməd
Arifi, sonralar Hüseyn Natiqi xatırlayıram.
Radio xalqın həyatında yaranan yenilikdə,
onun mədəni inkişafında, heç şübhə
yoxdur ki, mühüm rol oynayır. Yuxarıda adlarını
çəkdiyim sənətkarların bu müəssisədə
işləmələri o zaman əlamətdar bir hadisə idi.
Məmməd Səid və Məmməd Arif ədəbi
verilişlərin mündəricəli, geniş əhatəli,
maraqlı və orijinal olmasına ciddi fikir verirdilər...
İndi 30-35 il keçmişə nəzər salanda tarix
üçün bu müddətin az olmasına baxmayaraq
böyük inkişaf mərhələsi keçdiyimiz
aydın görünür. O zaman Radio Komitəsində indiki dəqiqlik və
yüksək tələbat yox idi. Bir ay əvvəldən plan
tutmaq çətin idi. Yazılan bir musiqi əsəri, ədəbi
material sabah efirə verilə bilirdi.
Bəzən bir işçinin,
musiqişünasın gecikməsi üzündən
verilişin bir neçə dəqiqə, hətta yarım
saat dayanması halları da olurdu. Heç yadımdan
çıxmayır, xalqımızın şanlı
övladı Məşədi Əzizbəyovun kiçik
oğlu Aslan Fatma adlı bir qızla yanıma gəlmişdi.
İşdən sonra dəniz sahilinə gedəcəkdik.
Çalğıçılar gecikirdilər. Radio bu ucbatdan
danışmırdı. Bilirdim
ki, tibb institutunun tələbəsi olan Fatma yaxşı piano
çalır. Birdən ağlıma gəldi ki, niyə radio
danışmasın, Fatmadan xahiş edim çalsın. Fatma həyəcan
keçirdi, mənim xahişimi də yerə salmadı.
Razılıq verdi. Məsuliyyəti üzərimə
götürüb onu veriliş otağına dəvət elədim.
Pianonun dilləri səsləndi. Bir-birinin dalısınca
gözəl oyun havaları dalğalandı. Beləliklə,
boş qalan yer doldu. Bu yadımdadır ki, telefon bir neçə
dəfə zəng çaldı. Pianoçunun kim olduğunu
soruşdular. Razı qaldıqlarını bildirdilər.
Mən
işə gecikənləri, cavan olmağıma baxmayaraq ərkyana
danlardım. Lakin bir gün özüm gecikdim. Mənim də
günahım üzündən beş dəqiqə radio
danışmadı. Rəsmi surətdə mənə töhmət
verib elanlar lövhəsindən asdılar. Günahımı
dərk eləmək əvəzinə, incidim, sabahdan işə
gəlmədim. Beləliklə, mənim radioda işləməyimə
son qoyuldu və mən, o zamanın gənc şairi
vaxtımı tamamilə ədəbiyyata verməyə
başladım.
Bədii verilişlərin isti nəfəsi
30-cu illərin
əvvəllərində Azərbaycan radiosunda bədii
verilişlərin çəkisinin artdığı
müşahidə edilir. Yəni musiqi verilişləri, ədəbiyyat
və incəsənətə aid proqramlar, həmçinin
mikrofon qarşısında səsləndirilən dram əsərləri
sənaye-iqtisadiyyat proqramlarını tədricən efirdən
sıxışdırırdı. Məsələn, əgər
1929-cu ildə ümumi verilişlərin 51 faizini siyasi
informasiya, radioqəzetlər və kütləvi təbliğat
təşkil edirdisə, bədii verilişlərin həcmi 36
faiz idi. 1932-ci ildə bu nisbət təxminən bərabərləşmişdi,
1933-cü ildə isə bədii verilişlərin artması
tendensiyası müşahidə edilir və onlar efirə gedən
8,5 saatlıq ümumi proqramın 59 faizini təşkil edirdi.
1934-cü ildə isə ictimai-siyasi verilişlər cəmi
24,1 faiz olduğu halda, ədəbi-bədii proqramlar ümumi
yayımın 62,7 faizini əhatə edirdi. Əlbəttə,
bədii verilişlərin belə tədrici dinamikasını
şərtləndirən bir neçə səbəb
vardı. İlk növbədə, radioqəzetlərin ləğvi
bədii verilişlərin kəmiyyət və keyfiyyətcə
inkişafına, onların xüsusi çəkisinin
artmasına böyük təsir göstərdi. Yəni qəliz
dildə yazılmış uzun və darıxdırıcı
məqalələrin əvəzinə, dinləyicidə maraq
doğuran ədəbi-bədii və musiqi verilişləri səslənməyə
başladı.
Bu
verilişləri hazırlayanlar ona barmaqarası baxa bilməzdilər.
Çünki təsir dairəsi teatr və konsert salonundan
qat-qat geniş olan radio, məhz bədii verilişlər vasitəsilə
dinləyicidə estetik zövq formalaşdırırdı.
Amma böyük peşəkarlıq və uzaqgörənlik tələb
edən bu verilişlərin hazırlanması heç də
asan başa gəlmirdi. Xüsusən ilk dövrlər bu sahədə,
sözün həqiqi mənasında, külüng
çalmaq, əsəbləri və bütövlükdə
sağlamlığı qurban vermək lazım gəlirdi. Azərbaycan
mədəniyyətinin işıqlı simalarından biri olan
M.Maqomayevin radiodakı unudulmaz cəfakeşliyi və onun
istirablarla dolu üçillik qızğın fəaliyyəti
buna parlaq misal idi.
“RV – 8” marşının sədaları
altında
İndi
radioda tez-tez səslənən “RV – 8” marşı
böyük bəstəkar Müslüm Maqomayevindir. Hələ
o vaxt musiqi ictimaiyyətinin daha çox “Azərbaycan
çölləri” rapsodiyasının müəllifi kimi
tanıdığı bəstəkar M. Maqomayev 1929-cu ilin
oktyabrında Bakı radiostansiyasına musiqi rəhbəri təyin
olunur. Həmin vaxtlar efirə musiqi nisbətən az gedirdi,
amma hər halda canlı konsertlər verilirdi. Musiqi rəhbərinin
vəzifəsi isə repertuar məsələsinin həlli ilə
yanaşı, bu radiokonsertləri yüksək səviyyədə
təşkil etmək idi. “Azərbaycan musiqi sənəti
yolunda duran bütün maneələri amansızcasına məhv
edən cəsarətli bir novator” (Ü.Hacıbəyov) olan
M.Maqomayev işə başladığı ilk gündən
çətin vəziyyətlə qarşılaşır:
çox zaman canlı konsert təyin olunduğu vaxtda
musiqiçilər studiyaya gəlib çıxmır, yaxud bir
qismi gəlir, bir qismi gecikir və nəticədə konsertlər
pozulurdu. Radionun rəhbərliyi isə bunlara göz yumur və
vəziyyətdən birtəhər çıxmaq
üçün yollar arayırdı. O vaxt musiqi redaksiyası
Şərq və Qərb adı ilə iki yerə
bölünürdü və belə əcaib hallar ən
çox Şərq bölməsində baş verirdi.
Hər
şeydə dəqiq və intizamlı olmağı
xoşlayan M. Maqomayev çox çətinliklə də olsa
bu vəziyyəti sahmana sala bildi. Onun həmin illərdəki
psixoloji sarsıntılar, yaşadığı əsəbi,
gərgin anlar istedadlı alim-yazıçı,
yaradıcılıq taleyini radio ilə sıx bağlayıb,
burada bənzərsiz proqramlar yaratmış Rəfael
Hüseynovun “hərarətli bir üslubda yazılmış”
(Anar) və M.Maqomayevi bizə yaxından tanıdan
“Yaşıl yarpaq” sənədli əsərində dəqiqliyi
ilə təsvir olunmuşdur.
M.Maqomayev
radionun musiqi rəhbəri kimi təkcə canlı konsertlər
təşkil etmir, həm də efirdə səslənən
ictimai-siyasi və ədəbi-dram verilişlərinə musiqi
tərtibatı verir, bəzən ürəyinə yatan
verilişlərə, səhnəciklərə ayrıca
orijinal musiqi də yazırdı. Xüsusən “Radioqəzeti”nin
musiqi düzümünü həll etmək bəstəkardan
xeyli vaxt alırdı. Məhz bu verilişlərin musiqi tərtibatına
artan tələb, habelə dinləyici marağı radioda
repertuar məsələsini ön plana
çıxarırdı. Verilişlərin 70-90 faizinin
muğamat üstündə qurulması bütövlükdə
radionun musiqi mənzərəsinə bir yeknəsəqlik gətirirdi.
M.Maqomayev bu yeknəsəqliyin əleyhinə
çıxırdı və təəssüf ki, bəziləri
bunu böyük bəstəkarın, ümumiyyətlə,
muğamlara xor baxması kimi yozurdu.
M.Maqomayevin
böyüklüyü onda idi ki, heç bir dedi-qoduya baxmadan
inadla işləyir, yaradır və ansambl, orkestr məsələsi
ilə eyni vaxtda daha bir vacib məsələnin – repertuarın
lazımi səviyyədə olması yolunda
çalışırdı. O, əvvəlcə müğənnilərdən
başlayır, təsadüfi dəvət olunanlardan imtina
edir. Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov,
Yavər və Münəvvər Kələntərlilər,
Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Bikə
Səmədzadənin radioda işə götürülməsinə
müvəffəq olur. Amma dəvət prinsipindən də
tamam əl çəkmir, yeri düşdükcə müxtəlif
rayonlardan ustad aşıqları, ifaçıları radioda
çıxışa çağırtdırır. Təsdiqlənmiş
siyahı üzrə müxtəlif müğənnilərin
ifasında radioda səslənən 400 musiqi nömrəsini
saf-çürük edir, onlardan 100-nü saxlayır. Repertuara
20 yeni musiqi nömrəsi əlavə edir. Amma bunlar da
azlıq etdiyinə görə, o dövrün
tanınmış bəstəkarları Rifatova, Burşteynə,
Nəsirbəyova, Xeyfestə, Asəf Zeynallıya yeni
mahnılar yazmağı sifariş verir. Lap əlimyandıda
olduqda isə Üzeyir Hacıbəyovdan müasir mövzuda
mahnılar yazmasını xahiş edir.
İki dahinin yadigarı-Şərq alətləri
orkestri
İnadkar
M.Maqomayevin radionun musiqi yayımı sahəsində nizam
yaratmaq sahəsindəki səyləri 1931-ci ildə
Ü.Hacıbəyovla birgə Radio Komitəsində notlu
Şərq alətləri orkestri yaratması ilə nəticələnir.
Bu, bütövlükdə Azərbaycanın mədəni həyatında
çox böyük bir hadisə idi və həmin günlərdə
Ü.Hacıbəyov orkestrin repertuar siyasətini müəyyənləşdirərək
yazırdı: “Bu orkestrin repertuarı milli məhdudiyyət
nişanəsi daşımamalı, lakin həddən artıq
pərakəndə də olmamalıdır”. Uzun
çalışmalardan sonra yaradılmış yeni orkestrin fəaliyyəti
M.Maqomayevi də uşaq kimi sevindirirdi. Böyük sənətkar
həmin günlərdə yeni musiqi kollektivinə
qayğılarının nisbətən azalması kimi
baxır və fəxrlə bəyan edirdi ki, indi bizim notla
çalan orkestrimiz var. Həqiqətən də bu orkestrin
yaradılması (hərçənd ki, o vaxtlar Azərbaycan
Konsert Birliyində Dövlət Şərq orkestri mövcud
idi) musiqi sahəsində xüsusi əhəmiyyətli
addım idi. Belə bir incə məqama da diqqət yetirmək
lazımdır ki, Ü.Hacıbəyov və M.Maqomayev Şərq
alətləri orkestri yaratmaq uğrunda çalışarkən
dövlət filarmoniyasında 12 nəfərlik, sırf ermənilərdən
ibarət belə bir musiqi ansamblı fəaliyyət göstərirdi.
Mədəniyyət Nazirliyinin bu ansamblın bazasında orkestr
yaratmaq təklifinə hər iki bəstəkar “yox”
demişdi.
Radioteatrın “əlvan” tamaşaları
30-cu illərin
əvvəllərindən başlayaraq radioda ədəbi-dram
verilişləri həm kəmiyyətcə, həm də
keyfiyyətcə artmağa başlayır. Artıq hər
gün efirə 1,5-2 saatlıq proqramlar verilirdi. Bunun bir səbəbi
həmin illərdə respublikanın görkəmli ədəbi
simalarının və tanınmış incəsənət
xadimlərinin radionun getdikcə genişlənən fəaliyyətində
fəal iştirakı ilə bağlı idisə, digər səbəb
M.S.Ordubadinin buradakı yorulmaz işi idi. Görkəmli nasir
uzun müddət bədii-siyasi verilişlər bölməsinə,
ədəbi-dram verilişləri redaksiyasına rəhbərlik
etmiş, hətta kənd üçün verilişlər
redaksiyasının məsul redaktoru olmuşdur
Qocaman diktor
Soltan Nəcəfov xatırlayırdı ki, radioda
hamının hörmətlə “Mirzə” deyə
çağırdığı M.S.Ordubadi olduqca məhsuldar
işləyirdi. Elə olurdu ki, o, bir gecəyə müxtəlif
mövzularda bir neçə səhnəcik yazıb gətirirdi.
Xüsusən onun Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasına həsr edilmiş və qısa müddətdə,
həm də böyük ilhamla yazılmış “Aprel gəlini”
mənzum pyesini xatırlayan S.Nəcəfov deyirdi ki, sonralar
Müslüm Maqomayev bu əsər üzərində çox
çalışmışdır. Amma opera xeyli gec –
1936-cı ildə tamaşaya qoyulmuş və yüksək də
qiymətləndirilmişdi.
1931-ci ildə
Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi
“Radioteatr” qrupu yaradılır. Radioteatrın təşəkkülü,
inkişafı və spesifikası ilə bağlı növbəti
fəsildə geniş söhbət açacağıq. Amma bəri
başdan deyək ki, radioda belə bir qrupun fəaliyyətə
başlaması, həm 30-cu illərdə özünün qızıl
dövrünü yaşayan Azərbaycan teatr sənətinin,
bənzərsiz səhnə əsərlərinin efir vasitəsilə
təbliği, həm də ayrı-ayrı nəsr və dram əsərlərinin
səhnələşdirilməsində tarixi rol oynadı.
1930-cu ildə
radioda ədəbi-dram verilişləri redaksiyası
yaradılır. Bu, artıq bədii verilişləri müəyyən
sistemə salmağa, o cümlədən efirə verilən
kiçik səhnəciklərin sayını daha da
artırmağa imkan verir. Redaksiya həmin vaxtlar yüksəlişdə
olan Azərbaycan Milli Dram Teatrı ilə yaradıcılıq
əlaqələri qura bilir. Aktyorlar radio ilə əməkdaşlığı
cəlb olunurdular. Hətta 1930-cu ilin sentyabrında həmin
teatrın aktyorlarından ibarət kiçik dram qrupu təşkil
olunur. Həmin qrupa başçılıq edən Mustafa Mərdanov
radio üçün hazırlanan pyeslərin əsas
rejissoruna çevrilir. Qrup üzvləri mikrofon qarşısında
bədii parçalar oxuyur, şeir söyləyir və səhnəciklərdə
çıxış edirdilər. Lakin aktyorların
teatrdakı intensiv işləri ilə radionun gündəlik
iş rejimi vaxt baxımından müəyyən çətinliklər
ortaya çıxarırdı. Buna görə də
M.S.Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun
ayında radionun öz diktorlarından ibarət “Dram qrupu”
yaradıldı.
30-cu illərin
əvvəllərində Azərbaycan səhnəsinin
ulduzları M.A.Əliyev, M.Davudova, S.Ruhulla, M.Mərdanov,
Ülvi Rəcəb və başqaları yeni
yaradılmış radioteatrla daha geniş əməkdaşlığa
başlayırlar. Tezliklə radio ilə ilk böyük
tamaşa səsləndirildi. Radionun ilk əməkdaşlarının
(Q.Qasımov və S.Nəcəfov) xatırladıqlarına
görə bu, görkəmli dramaturq H.Cavidin “Şeyx Sənan”
pyesi idi. Tanınmış aktyorların iştirak etdiyi və
1931-ci ilin dekabrında efirdə səsləndirilən bu
radiotamaşada A.M.Şərifzadə, Ü.Rəcəb kimi
böyük sənətkarlarla yanaşı, radionun dram
qrupunun üzvləri də iştirak etmişdilər.
Diktorlardan Əsgər Mövsümzadə – Şeyx Abuzər,
Səməd Səmədov – Uruz, Həsən Ağayev –
Özdəmir, Soltan Nəcəfov isə Dəli Dərviş
rolunu oynamışlar.
Həmin
tamaşadan sonra Azərbaycan radiosunda daha böyük ədəbi
verilişlər efir üzü görməyə
başladı. Tezliklə A.S.Puşkinin “Boris Qodunov” əsəri
böyük uğurla radioda “göstərildi”. Əsəri Azərbaycan
dilinə M.S.Ordubadi tərcümə etmiş, tamaşanı
isə M.Mərdanov hazırlamışdı. Bu müvəffəqiyyətlərdən
sonra C.Məmmədquluzadənin “Ölülər”,
C.Cabbarlının “Aydın”, U.Şekspirin “Hamlet” kimi məşhur
tamaşaları radioteatrın inkişafına təkan verdi.
( ardı
var)
Qulu MƏHƏRRƏMLİ ,
Professor
525-ci qəzet.- 2011.-
3 noyabr.- S.7.