Ağacsansa – Çinar ol!
Bu
yaxınlarda görkəmli şair, dramaturq və publisist Hidayətin
Özbəkistanın “Mənəviyyat” nəşriyyatında
“Dağlar nəğməsi” şeirlər kitabı
işıq üzü görüb. Kitabı Azərbaycan ədəbiyyatından
çoxlu tərcümələr etmiş istedadlı şair
Osman Kuçkar özbəkcəyə
uyğunlaşdırıb. Nəfis şəkildə çap
olunmuş şeirlər toplusuna Özbəkistanın Xalq
şairi Osman Əzim ön söz yazıb. Həmin ön
sözü təqdim edirik.
Mən Azərbaycan
şairi Hidayət ilə ilk dəfə 1982-ci ildə
Gürcüstanda görüşmüşdüm. Orada sabiq
İttifaq şairlərinin iştirakı ilə böyük
poeziya bayramı keçirilmiş, müxtəlif
respublikalardan gəlmiş sənətkarların müxtəlif
dillərdəki şeirləri səslənmişdi. Bu törəndə
mən Gürcüstanın Mayakovski adına Dövlət
mükafatına layiq görüldüm. Bu mükafatla məni
ilk təbrik edənlərdən biri də Hidayət
olmuşdu.
2005-ci ildə
Azərbaycanda çap olunan “Dünya ədəbiyyatı”
jurnalının baş redaktoru Səlim Babullaoğlunun təşəbbüsü
ilə bir dəstə özbək şairini Bakı şəhərinə
dəvət elədilər. Ondan bir neçə ay əvvəl
çağdaş özbək və Azərbaycan poeziyasından
bir-birilərini xəbərdar etmək məqsədilə
bizim “Cahan ədəbiyyatı” jurnalı bir sayının
böyük hissəsini Azərbaycan şeirinə həsr eləmiş,
öz növbəsində Azərbaycanda nəşr olunan
“Dünya ədəbiyyatı” jurnalında da özbək
poeziyasından nümunələr verilmiş, hətta azərbaycanlı
dostlarımız biz gedib çatana qədər özbək və
gürcü ədəbiyyatlarından örnəkləri
ehtiva edən yığcam bir almanaxı da çapdan
çıxarmağı çatdırmışdılar.
Qərəz,
Bakı şəhərinə gəlib çatan kimi poeziya
törənləri, ədəbi söhbətlər, Bakı
şəhərinin tarixi yerlərinə səyahətlər
bir-birini əvəz etməyə başladı.
Səhərisi
günü bizi Azərbaycan Respublikasının Milli siyasət
məsələləri üzrə Dövlət
müşaviri Hidayət Xuduş oğlu Orucovun qəbul edəcəyini
dedilər.
Böyük
kabinetdə cüssəli, səmimi bir insan qapı
önündə bizi gülərüzlə
qarşıladı. O, bundan təxminən iyirmi il əvvəl
Gürcüstanda görüşdüyümüz həmin
şair Hidayət idi. O bizim yolda necə gəldiyimizi, necə
yerləşdiyimizi soruşub hal-əhval tutdu, dərhal həmin
uzaq xatirələrdən söz açdı. Sonra söhbət
bu günə qayıtdı. Ədəbiyyatın ictimai
mövqeyi, xalqlar dostluğunu möhkəmlətmək,
sülh və insanpərvərlik qayələrinin geniş təbliğində
sənətkar qarşısındakı məsuliyyət haqda
xeyli müzakirələr yürüdüldü. Ədəbiyyatlarımız
tarixindən misallar gətirildi. Mən bu söhbət əsnasında
hansı vəzifədə işləməsindən
asılı olmayaraq, Hidayəti hər şeydən əvvəl
ədəbiyyatın qüdrətinə inanan, onun bəşər
sivilizasiyasındakı yeri və rolunu dərindən hiss edən
yazar kimi kəşf elədim.
Budur, əlimizdə
Hidayətin özbək dilinə tərcümə edilmiş
kitabı var. Ümumiyyətlə, şeir haqqında
danışmaq xeyli çətin məsələdir.
Çünki onda şairin yüksək duyğuları, ahəngləri,
bədii məharəti, şeir dili adilik kəsb edir. Nəzmi
tərcümələr haqqında danışmaq isə ikiqat
çətin məsələdir. Çünki belə poetik əsərin
arxasında artıq həm şairin özü, həm də
onun tərcüməçisi dayanır.
Lakin belə
olsa da, Hidayətin şeirlərini oxuyan şeir həvəskarı
onların bizim qəlbimizə çox
yaxınlığını hiss eləyir. Çünki
onlarda da həmin ana təbiət, məhəbbət,
xalqın tarixi, arzu-ümidləri, ana yurd, Vətən sevgisi,
övladları kamil görmək istəyi, yer üzündə
xeyir və ədalətin qələbəsi... Bir sözlə,
bizə yaxşı tanış mövzular! Hidayətin
özbək dilinə tərcümə olunmuş şeirləri
ilə tanış olduğum zaman bir misra yaddaşıma
möhkəm həkk olundu: “Ağacsansa – çinar ol!”
Doğrudan
da, Hidayət hansı mövzunu qələmə
alırsa-alsın, ona öz qəlbinin cilasını, hərarətini
bəxş edir, öz poetik-fəlsəfi xülasələrini
sərgiləyir. Onun üçün də bu şeirlər
bizi dünyaya dərindən nəzər yetirməyə, hər
bir vaqiə-hadisənin dərinliyindəki poetik mənanı
qavramağa dəvət edir.
Məsələn,
Hidayət Vətən haqqında yazanda ona həmd-səna
oxumaq, təntənəli müraciət etmək, ona
özünün hədsiz məhəbbətini çılpaq
və ritorik üsulla izhar etmək yolu ilə getmir. Şair
üçün beşikdəki ana laylası da, min illər əvvəl
yaşamış əcdadların öz güzəranları,
arzu-istəkləri haqda şəkillər həkk etdikləri
Qobustan qayalıqları da, adamları
köçürülüb kimsəsiz qalmış, ucqar bir
kənddə ahəstə ləpələnən
Göygöl də, böyük günahlarla zəngin nurani
keçmiş də, öz gözəl istiqbalını
yaratmaqda olan zəhmətkeş xalq da Vətənin
ayrılmaz hissələri, bir-birini tamamlayan
anlayışlardır.
Şairi həmişə
irəliyə doğru aparan, onun səy-hərəkətlərinə
güc-qüvvət, səbat, könlünə inam və
işıq bəxş edən bir duyğu var. O, ümid
duyğusudur. İnsan bax bu ümidlə hər cürə məşəqqətləri,
ömür yollarında rast gəlinən müxtəlif
eniş-yoxuşları qət etməyə qadirdir:
Ümidlə
şimşəyi
göylərdən ayır, –
Qələbən
sığmasın ağıza, dilə!
Bəzən
bir ömürdən artıq yaşayır
Ümidsiz xəstələr
ümidlər
ilə!
Lakin
insanın ömrü daima çay kimi rəvan axmır, həyatda
öz istəyinə heç də həmişə nail ola
bilmir. Bəzən mühüm nəsnələr bir
qıraqda qalıb, xırım-xırda maraqlar, dəyər-dəyməz
güzəran qayğıları, həyatın qiyməti
anlamını öz tələsinə sürükləyir:
Bütün
günüm iş yerində qaralanır...
Macalım
yox fikirləşəm:
Günlər
niyə belə tez-tez yumrulanır,
Aylar niyə
belə tez-tez yuvarlanır?
Abdulla Arifin “Həyat qayğıları”
adlı şeiri ilə həmahəng olan “Macal” şeirində
Hidayət insanın həyatda ilk öncə mühüm
olanı ötərgidən, vacib olanı zəruri olmayandan fərqləndirib
yaşaması lazımlığını bir qayə kimi irəli
sürür.
Bəli, insan ömrünün hər bir dəqiqəsi,
hər bir saniyəsi əzizdir. Əgər o, bax bu ləhzələrin
qədrini bilib yaşayırsa, dan işığına – məcazi
mənadakı münəvvər danlara gedib çatacaq. Uzaq
kimi duyulan bu danlar isə durmadan axmaqda olan an və ləhzələrdən
ibarətdir:
Bu gün
dostlar olsun həm solum, sağım,
Heç nəyi
sabaha saxlama, gülüm!
Bəlkə
bir an sonra axır qonağım
Olacaq son nəfəs,
olacaq ölüm...
Sabaha
çox var...
Şərq
şeiriyyətində ustadlara ehtiram həmişə yüksək
məqamda yer tutub, onların xatirəsinə dərin hörmət-ehtiram
bəslənilib. Çünki onların, xüsusən, dahi
ustadların yaradıcılığı, həyat, cəmiyyət
haqqında fəlsəfi görüşləri, bədii məharəti
nəsillər üçün böyük bir məktəbdir.
Azərbaycan ədəbiyyatında, o cümlədən, Hidayət
poeziyasında da bu cəhət aydın nəzərə
çarpır. Hidayət dünya ədəbiyyatına Nizami,
Nəsimi, Füzuli, Xətai kimi bir çox dahilər
vermiş Azərbaycanla fəxr eləyəndə həmin
ustadların nə qədər yüksək zirvələr fəth
etdiyini, onların qarşısında hər sənətkar
özünü sənətkar adlandırmağa cürət
etmədiyini, xəcalət hissi keçirdiyini etiraf edir. O
cümlədən Hidayət “Nizaminin məqbərəsi
önündə” adlı şeirində “Xəmsə” ənənəsinin
əsasını qoymuş Nizami Gəncəvinin əlçatmaz
məqamına fəxrlə və həvəslə baxır:
Bura qonaq gələn
böyük şairlər
Şair
olduğunu demir, utanır...
Hidayət həmin
şeirinə:
Razıyam,
adicə
gözətçi olum
Belə əbədiyyət
məqbərəsinə! –
misraları
ilə yekun vurur. Burada söz adi gözətçilikdən
deyil, daha çox misilsiz irsi göz bəbəyi kimi qoruyaraq,
ona toz toxundurmadan yeni nəsillərə çatdırmaq
haqqında getdiyini həssas şeirsevər dərhal hiss eləyir.
Hidayət
şeirlərinin forması haqqında söz gedəndə
şairin dördlük yazacam, səkkizlik yazacam deyə əvvəlcədən
hazırlanmış ölçülər əsasında
şeir yazmadığının, şair ürəyində
doğulan hər bir duyğu, hər hansı məzmun
özünə özü forma seçdiyinin şahidi
olursunuz. Ona görə də onun
yaradıcılığında həm heca, həm də sərbəst
şəkilləri, bir ölçü, eyni qəlibə
sığmayan sətirlər, daxili qafiyələr axıb gəlir,
hər bir şeir özünə uyğun libas, özünə
münasib don seçir.
Hidayət
şeirlərinin çağdaş özbək şeiriyyəti
ilə həmahəng cəhətləri haqqında çox
danışmaq olar. Xüsusən, onun məhəbbət, vəfa,
həya, sədaqət, mərdlik, düzgünlük, vicdan,
halallıq kimi bir sıra mənəvi-ruhi, əxlaqi anlayışlara
insani və poetik münasibəti bu iki xalq şeiriyyətinin
bir-birinə nə qədər yaxın olduğunu göstərir.
Bax bu
nöqtədə türk xalqları poeziyasının,
onların hansı torpaqda kök atırsa-atsın –
böyük bir çinar timsalında canlandığına,
hansı irmaqlardan axır-axsın – nəhəng bir dənizə
töküldüyünə iman gətirirsən.
Ən qədim
daşbitiklərdən tutmuş Nəvai və Füzuli, Nəsimi
və Məşrəb, Babur və Xətai, Abdulla Qədiri və
Hüseyn Cavid, Qafur Qulam və Səməd Vurğundan
üzü bəri müntəzəm davam edən ənənələrin
əbədi olacağına inanırsan.
Xüsusən
müstəqillik illərində Daşkənddə
böyük Azərbaycan şairi Nizami Gəncəviyə,
Bakıda isə ulu özbək şairi Əlişir Nəvaiyə
heykəl ucaldılması, iki xalq arasında bir çox ədəbi-mədəni
törənlərin keçirilməsi ənənəsi əzəldən
möhkəm olan dostluğumuzun bundan sonra daha da möhkəmlənəcəyini
göstərir. Bu cərəyanda isə ədəbiyyatın,
o cümlədən, poeziyanın öz yeri, vəzifəsi,
öz mövqeyi vardır.
Osman ƏZİM,
Özbəkistanın
Xalq şairi
525-ci
qəzet.- 2011.- 3 noyabr.- S.7.