Moskva, Moskva...

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Ora qədər hər şey problemsiz ötüşdü. İndi bircə qalırdı proqram üzrə hərəkət etmək. Amma mənim içimdə nəsə qəribə bir nigarançılıq vardı. Siqareti-siqaretə calayır, nigarançılığımın, narahatlığımın səbəbini tapmağa çalışırdım. Sözün düzü, bu hiss mənim içimi bürüyəndə,nəyin məndə bu duyğunu oyatdığı barədə düşünmədim. Sadəcə birdən-birə elə bil içimdə böyük bir boşluq yarandı. Dərin,işıqsız və vahiməli bir boşluq. Ağlıma axmaq bir fikir girmişdi: səni tale elə bunun üçün bura gətirib, sən mütləq o boşluğa yuvarlanacaqsan. Bir yandan bu səfeh düşüncənin, əsrarəngiz hissin arasında çabalayır, o biri yandan hey özümə deyirdim ki, sən heç sərxoş olanda bu qədər sərsəm düşüncələrlə əlləşmirsən, indi nə olub sənə? Səbəb nəydi, niyə içimdə nəyinsə baş verdiyinin fərqində ola-ola bu fikirdən yaxamı qurtara bilmirdim?

Birinci gün təntənəli açılış mərasimi oldu və biz ordan çıxan kimi müxtəlif seksiyalara bölündük. Pərvinlə mən şair-tərcüməçi Boyarinovun rəhbərlik edəcəyi seksiyaya yazıldıq. Bu bölmədə ana dili rus dili olmayıb, başqa dillərdən rus dilinə sətri yaxud bədii tərcümə edilmiş mətnlərin müəllifləri toplaşırdı.

Boyarinov zarafatcıl, böyük şövqlə danışan, adamda müsbət ovqat yaradan bir adamdı. Danışanda bəzi sözlərin son hecasını xüsusi uzatması, üzündə rus sarışınlığı ilə möhkəm “vuran” adamların qırmızılığı, səsində çoxdan siqaret çəkənlərə məxsus xırıltı vardı; bir sözlə Boyarinov bütün tərəfləri ilə tipik rus kişisi idi. Mən onu bir az da məşhur rus yumoristi Vinokura bənzətdim. Jestlərində ona bənzərlik çox idi.

İş elə gətirdi ki, bizim seksiyada mətnlərin oxunuşu mənim şeirlərimlə başladı. Mən şeirlərimi ana dilimizdə oxudum (orijinalın intonasiyasını, səslənişini eşitmək üçün bunu Boyarinov istədi), Pərvin isə həmin şeirlərin öncədən sətri tərcümə edilmiş variantlarını səsləndirdi və müzakirələr başlandı. Həyəcanlı deyildim desəm, əməllicə yalan danışmış olaram. Amma özümü o yerə qoymurdum, guya bu cür tədbirlər-filan mənim üçün boş şeydi. Bütün duruşumla demək istəyirdim ki,biz nə tədbirlər görmüş adamıq,işinizdə olun.

Şeirlərim cüzi tərcümə qüsurlarını çıxmaq şərtiylə çox bəyənildi. Məndən sonra Marieldən olan bir xanım öz şeirlərini oxumalı idi. Pərvinlə mən Marielin adını birinci dəfə eşidirdik. Ölkənin adı qəribədi, elə bil hansısa zarafatcıl bir adamdan soruşublar ki, bu ölkəyə nə ad qoyaq, o da dolamaq üçün deyib, nə bilim e, Arieldən, Marieldən bir şey qoyun da... Amma sən demə onların öz dili, əlifbası varmış. Bütpərəstmişlər.

Bu gülərüz, zərif qız şeirlərinin surətini bizə payladı və oxumağa başladı. Mən şeirlərin surətinə göz gəzdirdim və ağlımdan keçdi ki, kaş bu misranı rus dilinə çevirə biləydim: “Heyrət ey büt, surətin gördükdə lal eylər məni...”

Birinci günün müzakirələri yekunlaşanda Pərvin sabahkı müzakirələr üçün bir neçə nüsxədə çap etdirdiyi hekayələrini ordakı iştirakçılara payladı... Sabah dəhşətli şeylər olacaqdı...

Hər şey əla başlamışdı və əla da davam edirdi, amma mən beynimin bir tərəfi ilə elə hey içimdəki boşluq hissini qılınclayıb öldürmək istəyirdim. Olmurdu. Narahatçılığımın nəbzi gah tez-tez vurur, gah da öləziyirdi. İçimi kəsəyən kimi gəmirən o məlun, o var olmayan, o boşluq deməkdən başqa söz tapmadığım naməlum şey, uçurum, tale, fələk, qorxu, bəlkə də tənhalıq deməli olduğum o qəribə hissi ha başqa şeylər düşünərək baltalamaq, qılınclamaq istəyirdimsə, alınmırdı, o əjdahanın kəsilən başının yerindən başqaları çıxırdı. Alnımda, qolumda, başımın içində saatlı bomba işə düşmüşdü elə bil. Çık, çık, çık, çık, çık...

Tərəddüdlərimin, narahatçılığımın marafonuna start verilmişdi, artıq mən heç cür onları dayandıra bilməzdim. Danışırdım, gülürdüm, siqaret çəkirdim, salamlaşırdım, yemək yeyirdim, amma bütün bunları edərkən içimdə daim öz-özümə təkrarlayırdım: narahat olma, keçəcək, keçəcək, mütləq keçəcək.

Dünya get-gedə öz həqiqi, parlaq rənglərini itirməyə, tutqunlaşmağa, bulanıqlaşmağa başlayırdı. Sanki kimsə mənim beynimin içinə bir mikrofon qoymuşdu və mənim iç səsim bu mikrofona yüksək səslə nəsə deyirdi və mən hiss edirdim ki, onun əmrindən çıxmaq mənim üçün çətindir.

İkinci gün seminarımıza, planlaşdırdığımız kimi, Pərvinin hekayələrinin müzakirəsi ilə başlamalı idik. Hiss edirdim ki, Pərvin, büruzə vermək istəməsə də, həyəcanlıdır. Oxuyacağı hekayəni təkrar-təkrar vərəqləyir, mətnin bəzi yerlərini qeyri-ixtiyari dilinin altında səsləndirirdi. Bunu təkcə həyəcana yozmaq, əlbəttə ki, ədalətsizlik olar, burda həm də məsuliyyət hissi var idi.

Dünəndən artıq Boyarinovun əlində hekayələrin çap variantı var idi. Pərvin hekayələrindən birini oxudu və müzakirələr başlandı. Mən səfər yoldaşım Pərvinin yazıları ilə mətbuatdan tanış idim və bəzi hekayələri, esseləri barədə də fikirlərimi özünə demişdim. Amma həm səfər boyu müxtəlif mövzularda elədiyimiz söhbətlər, həm də onun seminardakı çıxışı mənə Pərvini tamam fərqli rursdan tanımaqda kömək elədi. Əvvəla onu deyim ki, onun hekayələri həddən artıq yaxşı qarşılandı və elə orda, seminardaca Boyarinov Pərvinin hekayələri və ümumən bizim çıxışımız barədə, Azərbaycan ədəbiyyatı haqqında çox yüksək fikirlər dedi. Məlum oldu ki, Boyarinov əslində bizim ədəbiyyatı yaxşı bilirmiş, hətta bizim iki şairimizin – Qabilin və Məmməd İsmayılın şeirlərini ruscaya çeviribmiş. Pərvinin hekayəsinin müzakirəsinin yekununda isə dedi ki, Azərbaycanlı gənclər bizi çox sevindirdi və biz müzakirələrimizə elə bir yüksək mərtəbədən başladıq ki, sonrakıların vəziyyəti deyəsən ağır olacaq.Elə dediyi kimi də oldu.

Qayıdaq Pərvinin obrazında özüm üçün aşkarladıqlarıma. Söhbətlər əsnasında gördüm ki, əslində kifayət qədər mütaliəli, geniş dünyagörüşlüdür. Amma görünür, həm yazdığı bəzi mətnlərdə, həm də həyatda özünəifadə məsələsində müəyyən kompleksləri aşa bilmir, yaxud bəlkə də onları özü-özü üçün yaradır. Açığı, mən bu səfərəcən elə bilirdim ki, o, təkcə Azərbaycanı ədəbiyyatını, xüsusilə XX əsr ədəbiyyatımızı yaxşı oxuyub, amma söhbətlərimizdən məlum oldu ki, dünya ədəbiyyatı, dünya kinosu, musiqisi barədə də məlumatlıdır. Demək, adamlar özlərini ifadə etməkdə çətinlik çəkəndə, onlar barədə formalaşan rəy də birmənalı olmur. Önyarğı isə hər zaman təhlükəlidir.

Get-gedə öz narahatlığıma, ad tapa bilməyib boşluq dediyim o duyğuya dair müəyyən şeyləri aydınlaşdırmağa başlayırdım. Amma öz suallarıma verdiyim cavablar, gəldiyim qənaətlər məni düşdüyüm ovqatdan tam çıxara bilmirdi deyə, başa düşürdüm ki, nəsə yarımçıqdı, natamamdı.

Dəftərçəmə xırda-para qeydlər yazırdım, sonra isə köhnə qeydlərimə baxıb fikrimi dağıtmaq istəyirdim. Pamukla bağlı saysız qeydlərim vardı. Onlardan birində Pamukun 2008-ci ildə Frankfurt kitab yarmarkasındakı çıxışından dəftərimə köçürdüyüm bir hissə elə bil məni bir balaca özümə gətirdi. Pamuk yazır: ”Frankfurt kitab yarmarkasına ilk gəlişimdə get-gedə böyüyən bu məkanda qədəmlərimi bugünkü qədər rahat atmırdım. 1990-cı ilin sentyabrında alman dilinə çevrilən ilk kitabım “Bəyaz qala” çap olundu. Kitabın tərcüməsi bir mükafata layiq görülmüşdü və mən tərcüməçimlə birgə Frankfurta dəvət olunmuşdum. O zamankı naşirim Unseld üzümə gülür, tənqidçilər xoş sözlər deyir, hər kəs mənimlə yaxşı davranırdı. Məmnun və rahat olmalıydım, amam gərgin idim və bir xəyal qırıqlığı yaşayırdım. İçimizə dərindən işləyən bütün xəyal qırıqlıqları kimi vaxtında səbəbini bilmədiyimiz o hissi indi, 18 il sonra yaxşı başa düşürəm. Dünya kitab və naşirlik sənayesinin, İstanbulda təsəvvür etdiyimdən, çox böyük və zəngin olduğuna Frankfurtda şahid olmağın narahatlığıydı bu... “

Pamuk keçirdiyi hissə bənzəyən duyğular yaşasam da, mənim vəziyyətim bir az ayrı cür idi. Mən də əks hallar baş verirdi. Doğrudur, Moskva düşündüyümdən dəfələrlə əzəmətli və böyük idi, amma iş ədəbiyyata gələndə 150 nəfərin iştirak etdiyi bu müşavirədə dişə dəyən bir ədəbi nümunəyə rast gəlməməyinin məyusluğu içindəydim. Dünyanın harasından baxsan görünən, əzəmətli XIX əsr rus ədəbiyyatını düşündükcə mən həmişə vahimələnmişəm, lakin indi məlum olurdu ki, həmin o nəhəng bədən, qoca rus ədəbiyyatı çox yorğun düşüb. Sevdiyim yazıçıları yetirən bir xalqın ədəbiyyatı barədə bunları yazıb-yazmamağın tərəddüdü, gördüklərimin məndə yaratdığı məyusluq narahatlığımın sadəcə bir tərəfi idi.

Növbəti gün biz divarda bir elan gördük. Elanda yazılmışdı ki, 15 oktyabrda, saat 14:00-da Çukovski adına muzeydə şair Kuprianovla görüş olacaq. Görüşdə iştirak edəcəklər arasında öz həmyerlimiz, məşhur yazıçı Çingiz Hüseynovun adını görəndə sevindik və qərara aldıq ki, bu görüşə mütləq gedək.

Yarım saat qalmış həmin yeri tapdıq. Bizi xoş qarşıladılar, hardan gəldiyimizi soruşdular və Azərbaycandan olduğumuzu eşidəndə heyrətqarışıq bir sevinclə, əyləşmək üçün yer göstərdilər. Şair Kuprianovla görüş Çukovski muzeyinin özündə yox, muzey yerləşən ərazidəki kiçik bir evdə idi. Təxminən 10-15 nəfərin yerləşə biləcəyi bir otaqda, səliqəli bir süfrə açılmışdı, şairin özü hələ gəlməmişdi. Amma biz, təbii ki, Çingiz müəllimlə salamlaşıb söhbətə girişdik və o bizi – həmvətənlərini gördüyünə elə sevindi ki, guya birdən 10 yaş cavanlaşdı. Süfrəyə kolbasa, pirojnalar, rusların özlərinə xas yüngül, “praktik” təamlarından düzdülər. Təbii ki, çaxırı, viskisi öz yerində. Bir azdan Kuprianov gəlib çıxdı və masanın başına keçib netbukunu çıxardı. Bir qədəh viski içib başladı asta səslə, aram-aram şeirlərini oxumağa. Sonra ona müəyyən suallar verildi və o bunları cavablandırdıqca mən qarşımızda oturan bu şairin nə qədər mütaliəli, savadlı olduğunu gördüm. Çingiz Hüseynova isə xüsusi bir hörmət vardı, ona “Bizim patriarxımız” deyə müraciət edirdilər. Şairlə görüşün bu formatını çox bəyəndim və ordan qayıdanda Pərvinə dedim ki, bunu Bakıya qayıdıb reallaşdırmaq lazımdır. Amma sonra ikimiz də bir fikirlə razılaşmalı olduq ki, bizdə hər şey bu qədər mədəni sonluqla bitməyə bilər. Çingiz Hüseynov çıxanda dedi ki, sabah mütləq evimə gəlin, qonağım olun, söhbətləşək. Sözsüz, razılaşdıq.

Get-gedə içimdəki boşluq hissi, qorxu, narahatlıq aradan çıxmağa başladı. Bu necə oldu, nədən sonra oldu, əvvəlcə anlamadım. Sonra isə başa düşdüm. Başa düşdüm ki, yazmağa başlayırsan, çox keçmir ki, yorulursan, fasilə verirsən. Qayıdıb yazdığın hissəyə baxırsan, bəyənmirsən, silirsən və yenə sənə dişlərini ağardan vərəqlə təkbətək qalırsan. Musiqi dinləyirsən, otaqda var-gəl edirsən,ürəyin istəyən alınmır deyə əsəblərin tarıma çəkilir. Bircə an içində bütün rənglər bulanıq,tutqun olmağa başlayır. Hər şey anlamını itirir. Amma elə ki, o gözlənilməz, sirli-sehrli birinci cümləni tapırsan, bax, onda, sənin üçün dünya yenidən al-əlvan olur, hər şeyi sevməyə başlayırsan.

 

 

QİSMƏT

 

525-ci qəzet.- 2011.- 5 noyabr.- S.25.