ORALARDA KİMLƏR VAR: TOFİQ
HÜSEYN
MƏNİM YAZIMLA BİTƏN
KİTAB
Amma bu yazı
təkcə ona görə yazılmır
Bu yazının yazılması
üçün vəsilə olan başqa şeylər də
var. Məsələn, şair Tofiq Hüseyinlə (bu
soyadı yazan kimi Tofiqin kitabının üz
qabığına baxıram ki,düz yazdım ya yox,
görürəm ki, Hüseyin sözü mənim
yazdığım kimi yox, Hüseyn yazılıb.Bu
sözün dəqiq yazılışını məncə
sevimli yazar Aslan Qəhrəmanlı daha yaxşı bilər.
Baxmayaraq ki,riyaziyyatçıdı) məni ən əvvəl
bir ruh yaxınlığı,ruh yaxınlığı deyirəm
ha,stil yaxınlığı demirəm,birləşdirir. Bu
ruh yaxınlığı çox təbii ki, bir-birinə
yaxın olan vətən torpağından çıxmaq və
o torpağın istisini buralara gətirməkdir.Tofiq
özünün ruh halini belə qələmə alıb:
“Mənim doğulduğum kənd
dünyanın ən balaca kəndidir. Uşaqlar dərsə
qonşu böyük kənddəki məktəbə gedirlər,
böyüklər qonşu böyük kənddəki
mağazadan pal-paltar, qənd-çay alırlar.Bu balaca kəndin
qismətinə bir dənə də balaca dayanacaq
düşüb. Dəmiryolu stansiyası kəndimizin
yanından keçir. Qatar kəndimizin yanındakı bu
kiçik dayanacaqda az qala lap candərdi dayanır,
dayanmağı ilə də dəbərməyi bir olur.Bu vaxt
bir adam güclə qatara minir, bir adam da ancaq onu edir ki, qatardan
yerə tullanır. Böyük-böyük stansiyalarda qatara
minib böyük şəhərlər, böyük kəndlər
görə-görə gələn müsafirlər olsa–olsa
gözucu bizim kəndə baxırlar, bu kəndin məğmun,
sısqa görkəminə, ya nəyə görə isə
bir az qəribsəyirlər.Kiçik adamlar, kiçik kəndlər,
gözdən-könüldən uzaq kiçik tənha
dayanacaqlar adamı kövrəldir, onun ürəyinə qəriblik,
həzinlik gətirir. Hətta adamın içində hərdən
dəli bir istək də baş qaldırır; istəyirsən
lap gecənin tən yarısında bu tənha, kiçik
dayanacaqda qatardan yerə atılasan, qolunu bu dayanacağın
boynuna dolayasan, onu ovundurub könlünü alasan, yaxud bu
kiçik kəndə girib itlərin, xoruzların yuxusuna
daş atasan, bu kənddə bir canlanma, bir haray-həşir
yaradasan”.
Daha sonra mən Tofiq Hüseyni həmişə
öz ədəbi nəslimin yaradıcılarından biri
bilmişəm, baxmayaraq ki, o məndən uşaqdı.Bizim nəslin
yaradıcıları klassik şeirin başına necə deyərlər
oyun açıb, bir başqa axarla getdilər ki, indi-indi bu
axarın üstünlüyü daha da qabarıq
görünür.Baxın, iyirmi beş ildən sonra Nobel
mükafatı alan Tomas Tranströmerin ( hansı yolla verilib bu
onlara məlumdur) mükafat alması bunun bariz nümunəsidi.
Amma klassik stilin o qədər gözəl
yaradıcıları var ki,onunla tam şəkildə
mübarizə bir az hələ çox çəkə bilər.Görünən
bu ki, bu qənaətə gəlmək olar, klassik stillə
mübarizə öz bəhrəsini verir.Versə də ondan
ayrılmaq çox zor bir işdi.
Və uzun illərin
tanışlığına baxmayaraq,uzun müddət az-az
görüşsək də son illərdə
görüşlərimizin daha da sıxlaşdığı
şair Tofiq Hüseyn böyük çoxluğu klassik stildə
və üstündə də klassik bir rəsm olan
İKİCİLDLİYİN birinci cildini (ŞEİRLƏR)
bir neçə vaxtdı oxuculara təqdim edib.Oxucular dedim
(vallah adamın qıdığı tutur) qalıb ki, indi
oxucu. Onlardan biri elə mən.Dostum kitabını iş yerində
mənə verib, mən də kitabı iş yerindəcə
kitabxanamda kitabların arasına qoymuşam ki, nə zamansa evə
aparım və qoca yaddaş mənə xəyanət eləyib
( amma, Aslan Qəhrəmanlı deyir
ki,skleroz,yaddaşsızlıq 80-dən sonra başlayır,səksənə
çıxsaq də...) kitab yaddan çıxıb qalıb
orda və bir gün onun bu cildi haqqında söz düşəndə
mənə də kitab ver nə olar, o da, Tofiq bəy , mən
sənə o kitabı vermişəm axı,- dedi.
İnanın ki, bədənimə
vic-vicə düşdü. A balam kitab hanı və
yuxarıda yazdığım kimi kitabı iş yerimdə mənə
bağışlanan kitablar ailəsində yuxulayan
gördüm.Bu narahatçılığın səhəri,
həqiqətən də yaradıcılığına və
şəxsiyyətinə bələd olduğum Tofiq
Hüseynin kitabını tapan kimi sevindim,apardım evə və
şeirləri oxumağa üz tutdum.
Halal olsun bu şair və publisist Tofiq
Hüseynə, halal olsun ona görə ki, məndən incimədi
və sonralar heç üstünü də vurmadı.
Həqiqətən yuxarıda
yazdığım kimi klassik məzmunda və klassik bir görümdə
olan bu kitabın üstündəki foto da şeirlərin məzmunu
ilə üst-üstə düşən bir tərtibatdan xəbər
verir.Kitabın üstündəki foto mənə klassik rus
yazıçısı Lev Tolstoyun eyni pozda və eyni kresloda
Yasnaya-Polyanada çəkdirdiyi fotonu,rəsmi
xatırladır.
Bu bilərəkdən olub, yoxsa Tofiqin
şəklini çəkən bu məkanı seçib, deyə
bilmərəm, amma həqiqətən dediyim kimi,içindəki
şeirlərin siqlətini və klassik formasını
tamamlayan bu tərtibat diqqəti çəkir. Baxın kitab və
çap mədəniyyətimizin son illərdəki irəliləyişi
də buna parlaq misaldır. Bu foto çox yerdə çap
olunub və onun müəllifinin kim olduğunu bilməsəm
də, ona sağ ol deməyi borc bilirəm.
İndi hər hansı bir şairin
populyarlığı və tanınması şansa,bəxtə
və bir də əlahəzrət vəzifəyə
bağlı bir iş olduğu üçün( istisnalar var təbii
ki) bu da bizlərə bir təsəllidi. Tofiq Hüseyn belə
təsəllilərlə şeir və sənət yoluna
çıxmayıb və onun haqqında yazılan
yazılardan (çox az yazılan yazılardan) belə məlum
olur ki, Tofiq Hüseyn vəfalı bir insan və
yaradıcı olaraq böyük Rəsul Rzadan təfəkkür
və dəyişim öyrənsə də irəlidə
yazdığım kimi klassik stilin ən öncül və
sevilən yaradıcılarından biridir və bu barədə
elə bu qəzetdə şair Məmməd
İsmayılın çox gözəl yazısı da bu vəsilə
ilə çap olunub.Və həm də onun kitabında
çap olunan şeirlərdə bunu açıq- aydın
gördüm. Baxın, klassik stil dedikdə, mən heç
vaxt onun necə olması barədə fikir yürütmək
istəməmişəm, amma Tofiqin şeirlərində
klassik formanın bir cəhəti də diqqəti çəkir
ki, bu da bənd və misraların poetik doluluğu və
dolğunluğudur.
Kitabın 10-cu səhifəsində bir
şeir var, o şeir həmən dediyim klassik stilin,bir az
altmışıncı və daha irəlilərin yazı tərzinə
çox uyğun misaldı.Həmən o klassik sitilin yəni
bir neçə bənddən ibarət olan ÖMRÜMÜN
KARVANI şeirində bütün misraların doluluğu diqqəti
çəksə də, son bənd şairanə desək bir
boksçunun qələbə zərbəsini
xatırladır.
Sıxmayır qəlbimi daha intizar
Sarban eyləmişəm
zehni duyğunu
Adi karvanlardan
bircə fərqim var
Bilmirəm haradı
mənzilin sonu...
Üstündə təkrar-təkrar dayandığım
klasik vəzinin (yəni gücü şeirin son bəndinə
saxlamaq) bizdə çox gözəl ustaları var və Tofiqin şeirlərində bu vəfa insanı qətiyyən incitmir,hardasa ona rəğbət yaradır.
Və Tofiq
Hüseyn Azərbaycan
ədəbiyyatında yaxın
dostlarına və tanışlarına şair
kimi bəlli olsa da,onun
bir etirafı həmişə düşündürücü
olub.Bir vaxtlar mənə verdiyi intervyüdə də həmin anı xatırlatmış və
demişdi:
“Bütün bunlara baxmayaraq həyatımdan razı deyiləm. Mənə elə
gəlir ki, nəsə çatışmır.
Bu “nəsə”nin də nə olduğunu bilirəm. Yaxşı şair ola bilərdim,
ola bilmədim. Belə bir şeirim var.
Şirvan torpağında
bir ev
tikmişəm
İşığın çəkmişəm,
suyun çəkmişəm
Yuva sevincimi
dostlarımla mən
Bölməkdən savayı
işim qalmayıb.
Tikdiyim bu
evin üstə çıxacam
Ordan yaşadığım ömrə baxacam.
Baxacam, görəcəm
bu ömrə ancaq
Gülməkdən savayı
işim qalmayıb.
Mən bilmirəm,
Tofiq Hüseyn bizim şeir dünyamızda və ya şeir dünyasında
vuruşan neçə
milyon şeir yazan insanlar arasında boy verib görünmək istəyində
olub olmayıb, özünü ifadə eləmək üçün
başqa yol tapmadığı zamanın,
vaxtın axarında çırpınandan sonra
şeir yazmağa başlayan bu dostumuzun bir iddiası var ya yox, amma
bütün şeirlərində
bir iddiasızlıq var ki, bu
onun dostları arasında xüsusi bir yer tutmasına
böyük bir amil olmuşdur.Bəzi etiraflar insanlarımız və xüsusiylə qələm sahibləri arasında o qədər də yaxşı qarşılanmır və
bir az da
buna təvazökarlıq
deyirlər.Bu məqam
Tofiqin şeirlərində
və yazılarında
görünməkdədi.Amma Tofiq o qədər səmimi bir insandı ki, onun hər bir
poetik etirafına qəmlənirsən və
bu etirafdan çigrinmirsən.Yuxarıda misal
gətirdiyimiz
BAXACAM, GÖRƏCƏM BU ÖMRƏ
ANCAQ
GÜLMƏKDƏN SAVAYI İŞİM
QALMAYIB,
- misralarında
gülüş adlı
nəsnənin insanda bir kədər və bir qüssə
yaratdığını hiss edirsən.Bü qüssə
və bu kədər onun şeirlərində böyük
üstünlük təşkil
edir.Nədən? Bilmirəm. Neyçin bilmirəm,amma mən hər dəfə ondan soruşanda ki, ay Tofiq, doğma
kənddən çıxıb,
ordan çox da uzaqda olmayan
bir yerdə məskən salmaq səni darıxdırmır
ki...
–Yox, darıxmıram,-deyir.Amma
bütün şeirlərində
darıxmaq dolusu bir hava, bir
ovqat insanı içinə alır və yenə də şeir onu xilas edir:
Elə ki
ömürdən gündən
bezirəm
Elə ki
torpaqdan
,göydən bezirəm
Əlimi doğmadan,
yaddan üzürəm
Şeiri çağırram
öz harayıma
Məni qəm
əlindən şeir
qoparır
Hələ o ocaqda gərək yanam mən
Müsəlman imama pənah aparır
Şeiri imam bilən
müsəlmanam mən...
İnanın bu dünyanın
çox qarışıq
vaxtında şeirə
bu sitayişin özü bəlkə də çoxuna bir təhər gələr, amma deməli belə qələm sahibləri də var.
ONLAR NƏ
DEYİBLƏR
XƏLİL RZA : Mən Tofiqin yaradıcılığını bir neçə ildir ki, izləyirəm.
O, həmişə axtarır,
öyrənir, öz poetik səviyyəsini yüksəltməyə çalışır.
Onun misralarında klassik Azərbaycan şeirinin, xüsusilə S.Vurğunun
poeziyasının dərin
qatlarından süzülüb
gələn bir işıq parlamaqdadır.
Bu yazılarda müasir gəncliyin fikir və arzuları
çırpınır, Azərbaycan
təbiətinin ətri
duyulur.
Yaxşı yol
qardaşım! Qoy daşımaq
istədiyin şair adının böyük məsuliyyəti səni həmişə narahat etsin. Yalnız böyük iradə,
gərgin zəhmət,
heç bir zaman susmayan Vətən eşqi sayəsində bu adı doğrultmaq olar. Böyük rus şairi Blok demişkən: poeziya meydanında at çapmaq zəif adamların işi deyil.
1963-cü il
Sakit, təmkinli, üzündən təbəssüm
çəkilməyən...
Xalq şairi
Sabir Rüstəmxanlı:
Tofiq Hüseyni tələbəlik illərindən
tanıyıram. Sakit, təmkinli,
dostlarla görüşəndə
üzündən təbəssüm
çəkilməyən bir
oğlan idi. Söhbətlərimizdə, mübahisələrimizdə daha çox gülüşü, zarafatları
ilə iştirak edərdi. Qızlar yataqxanası ilə
üzbəüz otağında
erkən dən düşən saçlarını
tumarlaya-tumarlaya fikrə
gedərdi.
Şeirlərini çox ehtiyatla,
utana-utana üzə çıxarardı. Bu
şeirlər Tofiqin özünə, onun doğulduğu torpağa,
tanıdığı adamlara,
ehtiyac içində keçmiş uşaqlıq
illərinə oxşayırdı
və daha çox kövrək, səmimi hisslərdən doğulurdu, ürəyin sarı siminə köklənirdi.
lll
Not: Tofiq Hüseynin klassik şeir dünyasına etibarını bir daha təsdiqləyən tanışlıq :Tofiq Hüseyn
(Hüseynov Tofiq Fadulla oğlu).
SEÇİLMİŞ ƏSƏRLƏRİ.2cilddə.1cild.Bakı:Mütərcim 2011,228 səh.
Seçilmiş əsərlərin birinci cildində Tofiq Hüseynin .
klasik şeir
dünyasına etibarını
bir daha təsdiqləyən tanışlıq
əsasən ötən
əsrin 70-80-ci illərində
qələmə aldığı
müxtəlif səpkili
şeirləri,mənzum felyetonları,poemaları
toplanmışdır.
Kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
Tofiq ABDİN
525-ci qəzet.-
2011.- 5 noyabr.- S.23.