Təmiz ad və şərəfli
ömür
Aslan Yunis
oğlu Nəsibov! Bu ad-soyad indi bəzilərinə,
xüsusilə, gənc nəslə çox şey deməsə
də, ancaq əslində çoxları, xüsusən
60-80-ci illər nəsli onu yaxşı tanıyır.
Sözün əsl və həqiqi mənasıda İnsan olan
Aslan müəllim sovet sisteminin yetişdirməsi, nomenklatura
nümayəndəsi, uzun illərin partiya-sovet işçisi
olmasına baxmayaraq, o vaxtın və elə indinin
özündə yüksək titullu bir sıra vəzifə
sahiblərinə müəssər olmayan saflığı, təmizliyi,
yüksək mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti,
siması ilə tanınıb-seçilib, hörmət-izzət
sahibi olub. Aslan müəllim vəzifənin
hörmətə mindirdiyi vəzifə sahiblərindən
deyil, vəzifəni hörmətə mindirən, vəzifəyə
hörmət gətirən məmurlardan olub. Məndən
yaşca təxminən iki dəfə böyük olmasına
baxmayaraq, artıq 7 ilə yaxındır Aslan müəllimlə
dostluq edirəm və ötən dövrdə bu dostluq
münasibətləri daha da irəliyə gedərək ailəvi
dostluğa, mənəvi ata-oğul münasibətlərinə
kecib. 39 yaşım olsa da, qeyri-təvazökarlıq
olmasın, yaşıma görə, həyat təcrübəm
elə də az deyil. Bu illər ərzində
böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz
çox insanlar görmüşəm, ancaq nə deyim Aslan
müəllim kimisinə çox az, hətta,
nadir hallarda rast gəlmişəm. Çünki
qardaşlarımız osmanlı türkləri
demişkən, Aslan müəllim içi-dışı eyni
olan insanlardan, mayası səmimiyyətlə,
kübarlılıqla, insaniyyətlə, yüksək mənəviyyatla
yoğrulan şəxsiyyətlərdəndir. Çox qəribədir,
lap uşaq yaşlarımdan, ağlım kəsən dövrdən
bu yana hər zaman öz həmyaşıdlarımdan
uzaq olmuşam, daha çox yaşca özümdən
böyük olan insanlarla oturub-durmağa, onlardan nələrisə
öyrənməyə çalışmışam və bu
xasiyyətim indiyə kimi davam edir... Aslan müəllimlə
tanışlığı Böyük Yaradanın mənə
olan lütfü hesab edirəm və ona sonsuz minnətdarlığımı,
şükranlığımı bildirirəm. Eyni
zamanda, məni bu insanla tanış etdiklərinə
görə tanınmış partiya-sovet işçiləri
mərhum Əhəd Kərimova və gözəl insan Bilal
Mahmudova da sönsuz təşəkkürlərimi bildirirəm.
Məhz onların sayəsində mətbuatdan uzaq, guşənişin
həyat tərzi yaşayan Aslan müəllimin belə demək
mümkünsə, “saqqızını oğurlamağa”, ondan
bir zamanlar “525-ci qəzetdə” müəllifi olduğum “Sabiqlər”
rubrikası üçün müsahibə almağa nail oldum
və tanışlığımız da məhz elə o
vaxtdan 2005-ci ilin martından başladı...Aslan müəllim,
yaşının təxminən 30-35 ilini yüksək
dövlət vəzifələrində işləsə də,
onun həyat yolu, taleyi təsəvvür edilməyəcək
dərəcədə enişli-yoxuşlu,
ağrılı-acılı olub. Çox erkən
yaşlarından hər iki valideynini itirən, ata-ana itkisi,
acısı yaşayan, uşaq evində böyüməyə
məcbur olan Aslan müəllim bütün
yaşadıqlarına rəğmən həyat yollarında
heç zaman sınmayıb, əyilməyib, gərdişi-dövrana
baş əyməyib, hər zaman mətin, əyilməz olub və
bu gün də belədir. Amma
taleyin acı hökmü ilə vaxtsız valideyn şəfqətindən
uzaq düşən Aslan müəllimin doğum tarixi
doğru-dürüst də bəlli deyil, sadəcə, vaxtilə
ona yaxın olan bir insanın qəfil, gözlənilməz təklifi,
təşəbbüsü ilə hər ilin 10 noyabr tarixini
Aslan müəllim yaxınlarının əhatəsində
öz simvolik doğum günü kimi qeyd edir. Dünən
Aslan müəllimin simvolik doğum günü, 80 illik yubileyi
idi. Bu əlamətdar gün münasibətilə
ailəlikçə Bütöv Şəxsiyyət Aslan Yunis
oğlunu təbrik edir, ona səadət,
cansağlığı arzulayıram. Eyni zamanda, təxminən
6 ay-1il Şabran və Tovuzda görüşdüyüm,
söhbətləşdiyim, yəni, bir zamanlar Aslan müəllimlə
birgə çalışmış, qurub-yaratmış
insanların bəzilərinin fikirlərini oxucuların diqqətinə
çatdırıram.
Allahverdi Qasımzadə – Şabran
şəhər bələdiyyəsinin sədr müavini
– 1971-ci
ildə Xaçmaz rayon İstehlak Cəmiyyətinə
yoxlayıcı işinə götürülmüşəm.
Mənim özüm dəvəçili
(şabranlı) olmağıma baxmayaraq, əmək fəaliyyətinə
Xaçmazdan başlamışam. Həmin
müddət ərzində gənc komsomolçu kimi etimad
göstərərək məni İstehlak Cəmiyyətində
komsomol təşkilat katibi vəzifəsinə seçdilər,
bununla yanaşı, yoxlayıcı kimi fəaliyyətimi də
davam etdirirdim. Sonra elə oldu ki, Aslan
müəllimi Xaçmaz Rayon Partiya Komitəsinin birinci katibi
vəzifəsinə göndərdilər. Yadımdadır,
o zaman keçmiş SSRi-nin 19-cu partiya qurultayı
keçirilirdi. Həmin qurultaya da nümayəndə
kimi Aslan müəllimi göndərmişdilər. Qurultaydan sonra Aslan müəllim rayona gəldi,
qurultay iştirakçısı kimi onun ilk
görüşü rayon İstehlak Cəmiyyətində gənc
komsomolçularla oldu, həmin görüşü də
komsomol katibi kimi mən təşkil etmişdim. Qeyd edim ki, bu görüş də çox gözəl
alındı. Onu bildirim ki, Cəmiyyətin
850-yə yaxın işçisi var idi ki, onlardan da 550 nəfəri
komsomol təşkilatının üzvüydü. Bu görüşdən razı qalan Aslan müəllim
böyük etimad göstərərək məni Rayon
İstehlak Cəmiyyətinə sədr təyin etdi. Ancaq bu vəzifədə çox da işləmədim.
İşdəki fəaliyyətimi nəzərə alaraq o
vaxt məni Bakıya – “Azərittifaq”a
apardılar və baş əmtəəşünas vəzifəsinə
təyin etdilər. Aslan müəllimlə az
müddətdə işləsəm də, qeyd etməliyəm
ki, o, gözəl, bacarıqlı partiya rəhbəri,
dövlət adamı idi. İşlədiyi müddət ərzində
də hər zaman insanların etimadını
doğrultmağa çalışırdı və buna da nail olurdu. O, əsl fəhlə-kəndli
partiyasının nümayəndəsi kimi elə daim fəhləyə,
kəndliyə böyük önəm verirdi, onlara arxa-dayaq
olmağa çalışırdı. Onda demək
olar ki, bütün müsbət keyfiyyətlər cəmləşmişdi.
Onunla bir yerdə işlədiyim dövrdə, demək olar ki,
hər zaman mənim fəaliyyətimlə, işimlə də
maraqlanırdı, Xaçmazdan Bakıya gedəndə də,
sonralar görüşəndə də hər zaman deyirdi ki,
gərək gənc, bacarıqlı bir mütəxəssis
kimi qalıb burada işləyəydin... Bu insan
haqqında çox sözlər demək olar, o bütün
xoş sözlərə layiqdir. Mən bu
insana cansağlığı, uzun ömür arzulayıram.
Arzu edirəm ki, onun 80 yaşının üstünə hələ
neçə onilliklər gəlsin!
Mücaməddin Axundov – Tovuz rayon
İstehlak Cəmiyyətinin sədri
– Aslan
müəllimi Tovuz rayonunda birinci katib işləyəndən
tanıyıram. O dövrdə mən öz sahəmiz üzrə
həmkarlar təşkilatının sədri işləyirdim.
1984-cü ilin avqustunda rayonda ticarətin vəziyyəti
ilə əlaqədar Büronun iclası keçiriləsi
oldu. İclasın gedişatında
“raypoittifaq”ın sədrinin vəzifədən getməsi məqsədəuyğun
sayıldı. Sədr vəzifəsinin də
icrasını müvəqqəti olaraq mənə həvalə
etdilər. O zaman çoxları Aslan müəllimin
yanına gəlib gedirdi, minnətçi
düşürdülər ki, öz adamlarını bu vəzifəyə
təyin etdirsinlər. Ancaq yatsam yuxuma girməzdi
ki, bu vəzifə mənə həvalə olunacaq. Ona görə ki, vəzifədə adamım yox idi.
O dövrdə hamı bilirdi ki, müəyyən adamlar vəzifəyə
təyin ediləndə onlardan pul alınmalıdır. Sən demə, o dövrdə də müəyyən
adamlar varmış ki, bu vəzifəyə gözləri
düşübmüş, öz adamlarını təyin
etdirmək istəyirlərmiş. Hətta
bir nəfər o vaxtkı pulla 150 min rubl təklif edibmiş
ki, filankəsi bu vəzifəyə qoyarsınız. Qeyd
edim ki, Aslan müəllim çox işgüzar adam idi. Səhər saat 5-də
durur, təsərrüfatı gəzir, saat 10 tamamda raykomun
qabağında dayanırdı. Raykomun həyətində
yerləşən bufetdə bir qismət səhər yeməyini
yeyər və kabinetinə qalxardı. Özü də
çox ciddi adam idi. İndi
gördüyünüz mülayim Aslan müəllim deyildi.
O, təsərrüfatları hərləndikcə, hər yerdə
insanlarla söhbət edib, müəyyən adamlardan da məni
soruşurmuş ki, “raypoittifaq”da belə bir adam
var, o necə adamdır? Ümumi götürəndə
rayonun o, yeri qalmır ki, orada məni soruşmasın. Yaxşı oğlandır, işinin öhdəsindən
gələ bilər deyənlərin sayı da çoxuymuş,
müəyyən adamlar da xətir, ona yarınmaq
üçün deyirlərmiş ki, hələ çox
cavandır, ora böyük idarədir, öhdəsindən gələ
bilməz. O vaxt da mənim 35 yaşım vardı. Nə
isə ümumi fikrə gələndən sonra bizdə
üçüncü katib varıydı, axşamüstü
saat 8-dən sonra məni və bizdə əmtəəşünas
işləyən Sədaqət xanımı yanına
çağırdı və zərf verdi.
Dedi ki, bunu açmağa ixtiyarınız yoxdur, bunu “Azərittifaq”a aparacaqsınız. Başa
düşdüm ki, mənə etimad göstəriblər.
Eyni zamanda, bizə tapşırıq verildi ki, Bakıya gedəcəyinizi
heç kim bilməməlidir. Sözün qısası hər ikimiz Bakıya
getdik, səhər tezdən sənədlərimizi “Azərittifaq”a
təqdim etdik. Tovuzun Mədəniyyət Evində bizim
müvəkkillər, rayon ictimaiyyətinin geniş
iştirakı ilə seçki keçirildi, Aslan müəllim
mənim namizədliyimi təklif etdi və belə bir söz
işlətdi ki, baxmayaraq, Axundovun əmisi məlum olmayan səbəblərdən
Türkiyədə yaşayır, ancaq Büro onun namizədliyini
irəli sürür. Seçki keçirildi, mən
“raypoittifaq”ın sədri seçildim. Onu
da qeyd edim ki, 1972-ci ildə partiya üzvlüyünə namizədiydim
Bürodan keçməliydim.Dedilər ki, tərcümeyi-halında
əminin xaricdə yaşaması məsələsini qeyd etmə.
Bəlkə də bunu mənə məqsədli
şəkildə deyirdilər, deyə bilmərəm, o vaxt gəlib
Ağsaqqallar Şurasından keçməli oldum. Orada tərcümeyi-halımı oxudular, bir nəfər
də milliyyətcə rus olan qadın var idi – maliyyə
şöbəsinin müdiriydi – bir “zapiska” yazıb
Şuranın sədrinə tərəf uzatdı. Orada göstərilirdi ki, bəs Axundovun əmisi
Türkiyədə yaşayır. Nə isə sonradan məsləhət
bildilər, xidmətlərimi, fəaliyyətimi, ailə tərkibimi
nəzərə aldılar – atam “Lenin” ordenli əməkdar
müəllim olub – və dedilər ki, get bildir ki, əmin
Türkiyədə yaşayır, amma onunla heç bir əlaqəniz
yoxdur. “Raypoittifaq”da yenicə fəaliyyətə
başlamışdım, heç bir ay keçməmişdi,
ərizələr yazılmağa başladı, nə
başladı. Yazırdılar ki, əmisi
xaricdə yaşadığı halda, partiyaya daxil olanda, tərcümeyi-halında
bunu gizlədib, amma belə bir adamı Aslan müəllim
“raypoittifaq”ın sədri qoyur. Bunu da təşkil
edənlər həmin 150 minin marağında olan adamlar idi,
Aslan müəllimin işinə pəl vurmaq istəyənləriydi.
Həmin ərizələr də sel kimi Aslan
müəllimin üstünə qayıdıb gəlirdi.
Aslan
müəllim eyni zamanda bildirdi ki, prokuror, milis rəisi, Xalq Nəzarəti
Komitəsinin sədri “raypoittifaq”ın anbarına girə bilər,
ancaq oradan icazəsiz bir dənə iynə götürə
bilməz. Bundan sonra çoxları elə bildi
ki, bizim əvvəllərdən yaxınlığımız
var. Hətta bəziləri müəyyən dövrlərdə
yanıma gəlməyə başladılar ki, Aslan müəllimə
onu de, bunu de və sair. Ancaq mənə ona istəsəydim
belə heç nə deyə bilməzdim... Aslan
müəllimi insan kimi də, keçmiş rəhbər
şəxs kimi də bu gün yenə həmin səpgidə
qəbul edirəm. Özü də həmişə
deyib ki, Allah-Təala sənin kimi bir insanı mənə bəxş
edib. Sən mənim qardaşımsan.
Bu gün də bizim
qardaşlığımız davam edir. Bütün
ailə üzvlərim, qohum-əqrəbam adından o
böyük İnsana və Şəxsiyyətə uzun
ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm.
Allah-Təala onu bizlərə çox görməsin!
Kamil Həmzəoğlu
525-ci qəzet.- 2011.-
11 noyabr.- S.6.