Məhəmməd Əmin Rəsulzadə
Əsərləri
Üçüncü cild
(1915-1916)
Nəşrin
redaktorları: prof. Şamil Vəliyev
və elmi işçiSamir Mirzəyevdir.
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
“Qardaş
köməgi” nəşri münasibətilə
Milli fəlakət qarşısında
milli mətbuatımızın ittihadını göstərən
bir “Qardaş köməgi” qəzetəsi nəşr olundu.
Rusiya müsəlman və türk mətbuatında
“Qardaş köməgi”nin nəşri bundan sonra bu qəbildən
nəşr olunacaq qəzetələrin birincisini təşkil
edəcəkdir. Hətta “Qardaş köməgi”nin birinciligi
yalnız Rusiya dairəsində qalmıyıb, ehtimal ki,
bütün İslam aləminə dəxi şamil olur.
Qardaş köməginin mündəricatını
burada tənqid və ya təqriz edəcək degiliz. Bu vəzifə
hər halda bizə, yəni bu qəzetənin mühərrir və
naşirləri olan Bakı müsəlman qəzetəçilərinə
aid degildir. Az vəqtdə – üç-dört günün ərzində
sansorun ən qatı və diqqətli şəraitini nəzərə
alaraq, bu qədərini bacara bildik.
Qəzetənin satışı da
müvəffəqiyyətlə keçdi. Qafqasiya müsəlman
mətbuatı üçün görülməyən bir
“tirac”la nəşr olundu. Nüsxəsi 10 qəpikdən olmaq
üzrə on mindən fəzlə dağıdıldı.
Fəqət məsələnin əsil əhəmiyyəti
nə qəzetənin şəraiti-mövcudə daxilində
tərtib verilən mündəricəsində, nə də
onun satışındadır.
Doğrudur ki, mündəricatı qəzetəçilərimizin
iqtidari-təhririyyəsini və satışı xəlqimizin
hissiyyatı-milliyyəsini göstərmək
üçün birər dəlil ola bilər. Fəqət
bununla bərabər işin ən ümdə cəhəti bizə
görə mətbuatın iki-üç günlügə
olsun öz xüsusiyyətlərini, bənliklərini unudub
milli işdə birlik göstərmələrində və
özlərinin bir amala, bir məqsədə xidmət etdiklərini
nümayiş etdirmələrindədir.
Xəlqimizin bir qismi aid fəqtlərdə
qəzetəçilərimiz arasında vaqe olan
münaqişati-qələmiyyə və
müşazehati-fikriyyəni, naşirlərimiz miyanında
vaqe olan rəqabəti-ticariyyəni nəzərə alaraq mətbuat
haqqında dün bir fikir bəsləməkdə idi. Bu fikri
bilənlər hər nə qədər əksərən
işlərin həqiqətinə yetişməkdən aciz əvamlar
olsa da, içlərində qəzetəçilərin bəzən
pək lüzumsuz və yersiz olaraq yekdigərlərinə
qarşı vaqe olan təcavüz və tərzilərindən
dilgir və narazı olanlar da yox degildir.
Oxuculardan bir qisminə anlatmaq
müşkül olurdu ki, qəzetələrin adi vəqtlərdəki
ixtilafına baxmıyınız. Mətbuatın
ixtilafından zərər gəlməz. Bu gün müxtəlif
gördügünüz qəzetələr, yarın lüzum
gəlirsə, milli bir müsibət, milli bir məsələ
qarşısında müttəhid və müttəfiq
olurlar. Mətbuat tərəfdarlarının bu müdafiəsi
ilə razı olmayanlar vardısa əvvəlki gün
“Qardaş köməgi” nəşr olunduğu zaman yəqinən
ki, təslim olmuşlardır.
İştə “Qardaş köməgi”nin
ən böyük həmiyyəti bu nöqteyi-nəzərdəndir.
Buna görə də “Qardaş köməgi”nin
çıxdığı gün əməlpərvər
cavanlarımız üçün müstəqil bir gün təşkil
eləmiş idi. Qəzetə moizələri miyanında bir
çox müəllimləri, mühərrirləri, aktyor və
tüccarları da görərdiniz. Bunları namüsaid, soyuq
və “xətər”li bir havada küçə-küçə
dolaşıb da biri iki şahıya qəzetə satdıran
şey iştə bir tərəfdən zavallı hərbzədələrə
hüsni-mərhəmət, digər tərəfdən də
“milli məsələlərdə ittihad” fikrini gözlərə
göstərmək idi.
Əsası çürüməmiş,
xəstəliyi müalicənapəzir bir halə gəlməmiş
olan millətlər öylədirlər. Adi vəqtdə
aralarında bir çox ixtilaflar olur, müxtəlif məslək
və firqələrə bölünürlər. O məslək
və firqə ərbabi yekdigərləri arasında bəhsləşiyor,
çənəboğaz oluyor, hətta
dögüşüyorlar da... Fəqət bu ixtilaf heç də
qorxunc degildir. Biləks ictimai – əməliyyəsincə
mühəqqəqdir ki, millət tərəqqi etdikcə əfradi
– millətin elm və səvadi artdıqca aralarındakı məslək
ixtilafları da çoxalır. Məslək ixtilafının
çoxluğu tərəqqi və təməddünün
şahidi sayılır. Fəqət bu şərtlə ki,
millətin ümuminə xaricdən bir bəla gəldigini
duyunca bu ixtilaflar unudulub da məzkur məsələdə
bütün firqə və məslək ərbabi ittihad edə
bilsinlər.
Avropanı bürümüş
müharibə bütün dövlətlərlə bərabər
ayrıca bir dövlət təşkil etməyib də
böyük bir dövlətin kiçik bir cüzini təşkil
edən millətlər üçün böylə ümumi
məsələ və ümumi təhlükələr
çıxardı. Bunun nəticəsində də dövlətlər
və millətlər arasında mövcud olub da ən
barışmaz düşmən sayılan firqələrin bu
gün müəssir bir lövhəyi-ittihad vücudə gətirdiklərinə
tamaşa ediyoruz.
Baxınız Rusiya firqələrinin
ittihadinə, baxınız qonşularımız ermənilərə,
gürcülərə: sinif, firqə və məslək
münaziati hələlik bir kənarda qalaraq hər kəs
ümumqüvvətlə milliyyətini qorumaqda və millətə
gələ biləcək təhlükələrə
qarşı müttəhid bir surətdə köks gərməkdədir.
Bizdə ixtilafdan çox şikayət
edilər. Fəqət bən bizdə məəttəəssüf
ixtilaf olmadığına mütəssüfəm (məqsəd
hər bir qərəz və mərəzdən mübərra
və əqidə və məslək ixtilafıdır, şəxsi
ixtilaflar degil) “İxtilaf əmti rəhmə” kəlamının
qəsd etdigi ixtilaf – yəni ictihad və fikir ixtilafı – bizdə
necə ki, lazımdır daha kök salmamış. Demək
ki, yuxarıda zikri keçən aləmi – ictimai nöqteyi – nəzərindən
daha arzu olunur bir pilleyi – təməddinə irməmişiz.
Böylə bir pillədə olmayan millətlər,
bəzi əqidə və ictihad üzündən məslək
və firqələrə ayrılmayan millətlər, bu
böyük vaqeələr qarşısında lazım olduqda
dəxi güclüklə anlaşıb birləşə bilərlər.
Çox çətinliklə nə yapacaqlarını, haradan
tutacaqlarını kəsdirə bilərlər.
“Qardaş köməgi” vasitəsilə
vaqe olan mətbuat ittihadi bu xüsusda bizə ümidlər
veriyor. Bu əsər göstəriyor ki, hər nə qədər
müntəzəm təşkilati – fikriyyə və ictimaiyyəyə
malik degilsək də, bir millət olaraq yaşamağın bədbəhəyatını
dərk etməkdən dəxi aciz degiliz. Şan və şərəf
həmkarlarımız... iki gün əvvəl vaqe olan təşəbbüsləri
ilə göstərdilər ki, fövqəladə
mühüm və tarixi bir mövqedə vəqtin
iqtizasını dərkdən aciz degildirlər.
Fəqət könül arzu edirdi ki, bu
idrak müvəqqəti və ani bir nümayiş ilə
qalmayıb, daimi olaraq millətimizə rəhnümalıq etsin.
Mətbuatın nə kibi bir qüvvə
təşkil elədigini ərbabi-mətbuata söyləyəcək
degiliz.
Fəqət bunu buradaca qeyd etməliyiz
ki, biz müsəlmanlar arasında artıq mətbuat başqa
millətlər nəzərindəki əhəmiyyət və
etinanı qazanmaq üzrədir. Yetər ki, mətbuatı idarə
edənlər, saf bir niyyət və ali bir məqsədlə
ruhlansınlar və böylə ruhlu bir surətdə
oxucularına xitab etsinlər.
Bəzi mütəfəkkirlərcə
imdiki zaman artıq söz zamanı degildir. Fəqət, səmimi
olub da ürəkdən degilən ciddi söz heç bir zaman
əhəmiyyətini itirməmiş və bundan sonra da itirməyəcəkdir.
Hələ bu kibi həyəcanlı zamanlarda böylə əqidəli
bir sözün yapacağını ehtimal ki, heç bir
qüvvəyi-zahirə də yapamaz!...
“Qardaş köməgi” vasitəsilə
göstərdigimiz ittihad və səmimiyyət bu ali xislət,
qoy mətbuatda çalışanlarımıza rəhbər
olub da milli və ümumi məsələlərdə əbədi
bir ittihadımızı mucib olsun.
M.Ə.Rəsulzadə
“İqbal”, 13 mart 1915, ¹885
Namüsaid – köməksiz
Münaziət – söz davası,
mübahisə
Mübərra – təmiz
Əfifə – saf, namuslu
Qəsd – istək, niyyət
Qüvveyi-qahirə – cəbr edən
qüvvə
Bayram təəssürlərindən
Bu ilki novruzun müsəlmanlar
üçün başqa bir şəkildə gəldigini
“İqbal” bayram günü nəşr olunan nüsxəsində
qeyd etmişdi.
İmdi artıq bu başqalığın
nə kibi bir xüsusiyyət aldığını nəzərdən
keçirmək lazımdır. Həssasiyyət və
doğru təsəvvür edə bilmək nöqteyi-nəzərindən
böylə bir mütaliənin vəqti keçmiş
sanılsa da, mütaliə olunan dairənin genişliginə nəzərən
bunun sırası əsil imdi gəldigi təsdiq olunar.
“İqbal”ın hərbzədə müsəlmanlar
qismi diqqətlə oxunmuş, hər bir tərəfdə bu
ilki Novruzun başqa bir rəng aldığı və bu rəngin
nədən ibarət olduğu yəqinən
görülmüşdür.
İştə sizə bircə nümunə:
Gəncədə möhtərəm
xanımlar toplanmış, şəhri məhləsincə
bölmüş və hər səmtə adamlar təyin
olunmuş ki, bayram günü gəzib şənliklər əvəzinə
hərbzədə müsəlmanlara təxsis olunan nəzirləri
yığsınlar.
Moskvadakı müsəlman tələbələri
icazəli olmaq üzrə bir novruz məclisi qurub burada ciddi bəxşlər
etmiş və aralarından könüllülər
çıxaraq hərbzədələrə müavinətə
gedəcək heyətə qoşulmaq üçün
Qafqasiyaya getməgi təhti-qərara almışlar.
Bibiheybətdə görüş məclisi
qurularaq əmələ arasında pul toplanmış.
Balaxanıda təməddün məktəbində
yenə o qəbildən bir məclis əmələ gəlmişdir.
Balaxanı həvəskarları novruz
münasibətilə xüsusi bir teatro tamaşası düzəldərək
hasilatını hərbzədələrə vermişlər.
Bakı cəmiyyəti-xeyriyyəsi tərəfindən
hər il qurulan görüş məclisinə böylə
bir xüsusi rəng verilmişdir.
Tiflisdə ilk dəfə olaraq qurulan bayram
görüş məclisi kəza müsəlman hərbzədələrə
məxsus olunmuş və Tiflis üçün görülməyən
maddi və mənəvi bir müvəffəqiyyətlə
keçmişdir.
Müsəlman mətbuatının
ömründə ilk dəfə olaraq bir ittihad əmələ
gələrək Bakı qəzetəçiləri ümumi əməklərilə
“Qardaş köməgi” qəzetəsini nəşr etmiş və
bu qəzetəni Qafqasiya müsəlman qəzetələrindən
ötrü qeyri-təbii olan bir miqdarda satmışlardır.
Şamaxıda yenə bu xüsusa aid olmaq
üzrə bir teatro tamaşası göstərilmiş,
böyük bir müvəffəqiyyət hasil olmuşdur.
Qazaxda da kəza!...
Və qeyrə, və qeyrə...
Fəqət bütün bu təzahürat
içində bir hadisə vardır ki, bir nöqteyi-nəzərdən
– Qafqasiya millətlərinin qonşuluq hüsnü-rəftarları
nöqteyi-nəzərindən – həqiqətən də vaqe
olan xüsusiyyətlərin ən dəgərlisi,
şahkaridir.
Bu öylə bir dəgərli vaqeədir
ki, onun mislini olsa-olsa, yalnız “Qardaş köməgi”nin nəşri
təşkil edə bilər.
Bu ilki novruzun qəlblərə ilqa elədigi
dəhşətəngiz təsəvvürlər miyanında
çox böyük əhəmiyyət verdigimiz bu vaqeə
qorxu və həyəcanlar içərisində hasil olan ən
parlaq bir ümid şöləsidir.
Məqsədim gürcü
qonşularımızın bu novruz münasibətilə
Bakı müsəlman mətbuatına çəkdikləri təbrik
teleqraflarıdır.
Baharın özü kibi saf və aydın
olan gürcü qəlbinin şairanə ilhamı və səmimanə
hissiyyatı ilə yazılan bu teleqraflarda “qardaş müsəlman
milləti”nə böyük bir qəlb ilə, nə ali bir
hiss məvəddətlə təbrik olunuyor.
Nə də hüsni-təsadüf: müsəlman
mətbuatı milli bir fəlakət qarşısında, hərbzədə
müsəlmanlara müavinət məqsədilə birləşmiş,
müttəhid qüvvə ilə yeganə bir qəzetə nəşr
etməkdə ikən Tiflis teli qardaşlıq və həqiqi
qonşuluq müxabiqələrini gətiriyor. Bu müxabirlər
ayrı-ayrı idarələrə çəkildikləri
halda, ümumi qəzetənin “Qardaş köməgi”nin ən
görkəmli bir yerinə dərc olunmaqla, oxucuların
gözləri ilə bərabər ən qəlbi
hissiyyatlarını da oxşayır.
Gürcü qonşularımız nə qədər
istiqanlı dostlar olduqlarını yalnız bu teleqrafları ilə
degil, Bakı görüş məclisində “Nicat” tərəfindən
– yenə novruz münasibətilə tərtib verilən Şərq
müsamirəsində və bilxassə Tiflis görüş
məclisində göstərdikləri əlaqeyi-dastanələri
ilə də göstərmişlərdir.
Gürcü qəzetələrinin
şairanə cümlələrlə ibraz elədikləri
hissiyyatı eyniylə gürcü mötəbəranının
Tiflisdə “Yeni klub”da söylədikləri təbrik nitqlərində
də oxuyuruz.
Qafqasiya millətlərinin
hüsni-münasibəti tarixində səbt olunacaq bu
teleqrafların birisində degilirdi ki: “Baharın parlaq və
ruhnəvaz bayramı ilə müsəlman cəmaətini kəmali-hərarətlə
təbrik və müsəlman ziyalılarının ölkəmizin
cəmi millətlərinin rifah səadəti uğrundakı əməl
və arzularının tezliklə hasil olmasını təmənna
ediyoruz”.
Arzumuz örtülü bir şey degildir.
Arzumuz bütün Rusiya millətləri, bilxassə Qafqasiya
millətləri ilə bərabər bir millət olaraq
yaşamaq, kimsəyə əziyyət verməmək və
kimsədən əziyyət görməmək surətilə
böyüyüb artmaq, öz təməddünimizi, öz
milliyyətimizi güdərək, qoruyaraq keçinmək,
eyni zamanda da bu həqləri bütün Qafqasiya övladları
üçün və bütün Rusiya xəlqi
üçün lazımlı görməkdən ibarətdir.
İştə gürcü
qonşularımızın bizim üçün təmənna
etdikləri də budur. Və zənn edəriz ki, hər hanki
bir milliyətə mənsub olan mütərəqqi, əqli və
dərrakəsi başında olan bir məarifməndin dəxi
bundan başqa arzusu və öz qonşuları həqqində
bundan ayrı bir təmənnası olamaz.
Təbiətdə bahar ancaq
qışın ardından gəliyor. Bütün dünya ilə
bərabər Rusiya dəxi tarixi bir qış keçirmək
üzrədir. Əlbəttə, bunun ardından da bir bahar gələcək.
Gürcü qonşularımızın teleqraflarında və
göstərdikləri münasibətlərində bulunan səmimi
bir hissiyyat bütün Qafqasiya millətlərini idarə edəcək
olursa, şübhəsiz ki, əziz Qafqasiyamız dəxi gələcək
o baharın feyzlərindən məhrum qalmaz.
M.Ə.Rəsulzadə
“İqbal”, 19 mart 1915, ¹ 890
Təəssür – mütəəssir olma
İlqa – təsir
Məvəddət – sevgi, məhəbbət
Bəzi
yazılar münasibətilə
“Kavkasskoye slovo” qəzetəsi
yalançı mühərririnin yazdığından
keçən nüsxələrimizdən birində bir
neçə sətr yazmışdıq. Bəzi qanı isti
olanlarımız hətta bu kibi böhtançılara o qədər
nazikanə yazı yazanı kafi görməmişlərdi.
Bunlarca bu növdən olan füzulların burunları
ovulmalı ki, bir də həqlərini bilsinlər.
Fəqət bizcə bir yazıçı
üçün nəzakətlə də olsa, “yalan
diyorsın” ixtarı “burun ovmaq” qədər vardır.
Binaənileyh türk əsirləri həqqində
müsəlman mətbuatına istinadda bulunan “bu mühərrir”
haqqında biz yazdığımızdan
artığını təkrara lüzum görmüyoruz.
Fəqət bu gün təhlil eləmək
istədigimiz “bəzi yazılar” başqa növdən olan
yazılardır.
Keçənlərdə müsəlman mətbuatından
çox naqis olaraq rusca mətbuatına keçən
iqtibaslara dayanaraq Bakıda nəşr olunan rusca qəzetələrin
mühərrurlərindən birisi müsəlman mətbuatının
bir nüsxəsinə bir az əql ögrətmiş və təshihdə
bulunmuş idi.
Əvvəlcə mühərririn
mövzui-bəhs elədigi iqtibaslarla oxucularımızı
aşina etməliyiz ki, mətləb açılsın.
“Qardaş köməgi”ndə Ömər
Faiq Əfəndinin “Ümidsizlik” ünvanı ilə bir məqaləsi
vardı. Bu məqaləsində Faiq Əfəndi kəndilərinə
xas olan bir həssasiyyətlə bütün təbəqə
və siniflərimizin ətalət və hərəkətsizligindən
şikayət ediyor və bunların hamısını bir yas
və peşimanlığa tutulmuş gördügündən
ümidvar olmağa və var qüvvətlə
çalışmağa dəvət ediyordu – bu bir.
Təqribən ay yarım bundan müqəddəm
“Sədayi-həqq” qəzetəsində müsəlmanların
rus hökumətinə olan mərbutiyyətlərini mütəsəvvür
“Biz kimik” ünvanında bir məqalə dərc olunmuşdu.
Məqalənin müqəddiməsində Rusiya müsəlmanlarının
Rusiya hökumətinə sadiq olmalarını zikr edərkən,
hətta mövcud əqillərindən dolayı tərəqqipərvər
ruslar nəzərində belə həqir görüldükləri
qeyd olunmuşdu.
Məqalə mühərririnin böylə
bir müqəddimədən məqsədi nə olduğu dəxi
məəttəəssüf anlaşılmaz bir halda
qalmışdı. Çünki, məqalənin ziəlmüqəddiməsini
senzor cənabları mərhəmətsizcəsinə
çıxarıb atmış və məqalə dümbəridə
çıxmışdı.
İştə “Sədayi-həqq” qəzetəsinin
bu dümbüridə məqaləsi Tiflisdə nəşr
olunan fövqüzzikr “Kavkazskoye slovo” tərəfindən tərcümə
və şəhrimizdə nəşr olunan “Baku” qəzetəsinə
də haman nəql olunmuşdu. Və nədənsə tərcümə
və nəql olunarkən məqalənin başına nə
kibi bir qəza gəldiginə heç də iltifat
olunmayıb rusca qərelərə səhih əleyhza bir məqalə
kibi təqdim olunmuşdu – bu da iki.
İştə bu iki fəqərədən
bilaistifadə “Baku” mühərrirlərindən Startsev
güni-gününə yazdığı
“Müşahidat”larından birində bir az da müsəlman mətbuatı
ilə məşğul olmuşdur.
Startsev ad vermədən əvvəlcə
“Ümidsizlik” məqaləsindən bəhs etmiş,
demişdir ki, müharibə ilə bağlı olan vaqeələr
hər halda müsəlmanları ümidsizləşdirəcək
bir halda olmadığından sahibi-məqalənin rəngləri
qəlizləşdirməsinə ehtimal gediyor.
Bunu söylədikdən sonra mühərrir
biləks müsəlman cəmaəti arasında bədbinligi
degil, nikbinligi mucib hərəkətlər
göründügünü söyliyor və dəlil olaraq “pək
sönük və ruhsuz olan” müsəlman mətbuatından
imdi fikirli məqalələr və düşüncəli səslər
eşidildigini göstəriyor.
Demək ki, artıq müsəlman xəlqincə
də bir hərəkət, bir cünbuş
görünüyor. Müsəlman mətbuatı da emali-fikr
ediyor. Bu isə ümidvər bir hadisədəir.
Ümidvər olan bu hadisənin təhlilinə
keçincə Startsev “Sədayi-həqq” qəzetəsinin
yuxarıdakı fəqərəsindən bilaistifadə vaqe
olan fikir hərəkətinin bir az azarlı olduğunu təşxis
ediyor, diyor ki:
“Bəzi müsəlman qəzetələri
müsəlmanların rus tərəqqipərvər qismindən
ayrılıqlarını ayrıca qeyd edərək, bunu bir
növ özlərinə iftixar da ədd ediyorlar”.
Böylə bir nəzərin səhv və
günah olduğunu mühərrir cənabları ayrıca
qeyd etməkdədirlər.
Əlbəttə, böyük bir
günahdır ki, ümumi bir vətəndə yaşanıb
da o vətənin istiqbalını hakim olacaq ünsürlərlə
dostluq degil, biganəlik edəsən.
Heç şübhəsiz ki, bütün
sair millətlərlə bərabər Rusiya müsəlmanları
dəxi bu vəqtə qədər Rusiya üzərində əhrai
hökumət edən qaidə və qanunlardan tamamilə
razı degildirlər. Fəqət narazılıqla bərabər,
əlbəttə, Rusiyadan naümid də degildirlər.
Çünki, Rusiyanın böylə qalma həqqini və hər
bir cəhətcə tərəqqi edib rus xəlqinin tərəqqipərvər
xəlqi istədigi kibi idarə olunacağını ümid
etməkdədirlər.
Milləti-məhkumə mətbuatı
olmaq həsbilə güman etməyiz ki, müsəlman qəzetələri
arasında Startsevin əndişə etdigi cərəyanə
tabe bir qəzetə və ya məarifmənd bulunsun. Müsəlman
qəzetəçiləri və müsəlman məarifməndləri
pək əla biliyorlar ki, onlara bir millət olaraq yaşamaq
imkanı Rusiya tərəqqipərvərləri ilə bərabər
olduqları zaman hasil olacaq. Bunu dərk etmək
üçün son sənələrin tarixini təhlil etmək
və Rusiya ictimaiyyətinin rəviş və təkamülünü
gözdən keçirmək kafidir.
Rədd etməyiriz ki, yeni inkişaf
etmiş olan fikir və düşüncə cərəyanı
doğru kölgəsini solunca bir çox kəcvəclərdən
keçmək məcburiyyətindədir. Və şübhəsiz
ki, müsəlman xəlqində doğan ictimai fikirlər dəxi
böylə bir qanuna tabedirlər. Fəqət rusiyalı olmaq
və Rusiya daxilində yaşamaq fikrinə gəlincə,
müsəlmanlar arasında o qədər də böyük
bir məslək fərqi yoxdur. Kəndi millətini, mədəni
istiqlalını şəxsiyyəti-milliyyə və diniyyəsini
mühafizə etmək şərtilə Rusiya müsəlmanlarının
amalı haman böyük və şövkətli Rusiyanın
azad və hüquqlu bir üzvünü təşkil etməkdir
və müsəlman məarifməndlərindən bilxassə
qəzetəçilərdən kimsədən ötrü məchul
degildir ki, böylə bir arzu ancaq rus xəlqi tərəqqipərvər
qisminin hüsni-təvəccöh və müzahirəti ilə
hasil ola bilər. Bu hüsni-təvəccöh və
müzahirəti xələldar edəcək hər hankı
bir hərəkəti-təsəvvürə uymaq Startsevlə
şərik oluyoruz ki, günahdır,
müzürrüdür.
Fəqət, Startsev cənabları da qəbul
etməlidirlər ki, yanlış və naqis tərcümələr
üzərinə bir heyətin və ya bir millətin
mütbuatı həqqində bu, ya o fikri hasil edib də təhqiq
kifayət edəcək vəsilədən bizzat məhrum olan
oxuculara müəyyən bəzi təlqinlərdə bulunmaq
dəxi o dərəcədə günah və o dərəcədə
müzürrüdür.
M.Ə.Rəsulzadə
“İqbal”, 20 mart 1915, ¹891
Mərbutiyyət – bağlığıq
Dümbüridə – quyruğu kəsik
Emal – meydana gətirmə
Rəviş – hərəkət, cərəyan
Müzahir – aydınlaşdıran,
kömək edən
“Yəhudi
istiqlalı”
Millət ölmüyor. Milli ideal, milli
istiqlal fikri daima yaşıyor. Ölmüş, bitmiş millətlərin
təkrar dirildigi də uzaq degil. Yaxın tarix də
şahiddir. Dirilmək və bir millət şəkil və
heyətinə girmək, hələ millətin ən kamil
şəkli-xariciyyəsi olan müstəqil bir hökumət
təşkil etmək təsəvvüründən olduqca uzaq
olan yəhudilik belə “ərzi-moyud”ini özünə qaytarmaq
ümidindən qalmayır.
Millətlərin ənvai-təsəllütlərə,
cürbəcür təzyiq və sıxıntılara giriftar
oluduğunu görən səmimi hisslər vardır ki,
istiqbaldan naümid olub da “Yəhudi kökünə”
düşəcəgizmi? – deyə sovuq bir ah çəkərlər.
“Yəhudi kökünə düşənlər”
degil, yəhudilər özləri ilə milli bir istiqbal, bir
istiqlal gözliyorlar. Müharibə bir çox ümidlərlə
bərabər xəyaldan ibarət olan “sionizm” fikrinə bir az
daha gərmiyyət veriyor.
Yəhudilərin min sənələrdən
yer və istiqlallarını qeyb edib ruyi-ərzə
dağıldıqları məlumdur. Əvam və qədim yəhudilərcə
təkrar bir yəhudi padşahlığı vüzudə gələcəgi
təsəvvürsüz degil idi. Fəqət, bu Allahın
öz məşiəti və öz himayəsi ilə olacaq. Yəhudinin
öz əlindən isə bir şey gəlmiyəcək idi.
Fəqət, bir çox ağır ömürlər
keçirdikdən sonra yəhudilərin oxumuşları dinnən
mühafizə olunan bu istiqbal ümidinə elmi və fənni
bir şəkil verdilər. Əslən Avstriya yəhudilərindən
olub da qəzetəçiliklə məşğul olan Teodor
Kirtel 1896-cı ildə bir kitab nəşr etdi.
Bu kitabda mühərrir böyük bir
imanla yəhudi istiqlalı haqqında bəyani-mütaliə
edib Fələstində bir hökuməti-israiliyyə
vücudə gətirilməsini təşviq ediyordu. Sion
Tursina adına nisbətlə mühərririn vücuda gətirdigi
bu yəhudi millətpərəstliginə sionizm degilirdi.
1897-ci ilin intəhasında sionistlərin Bazel şəhərində
bir yığınları oldu. Öz məqsədlərini
hasil edə bilmək üçün sionistlərin vasitələri
bundan ibarətdir:
1) Fələstini yəhudi mülkədarları,
əkinçiləri, sənətkar və tarcirlərilə
iskan etdirmək.
2) Dünyadakı bütün yəhudiləri
olduqları məmləkətlərin qanuni mövgibincə təşkil
olunan cəmiyyətlər və ittifaqlar vasitəsilə birləşdirmək.
3) Yəhudi millətinin mərifəti-qövmiyyə
və milliyyəsini inkişaf etdirmək və bir millət
olduğu fikrini özünə bildirmək.
Sionistlik cərəyani bilxassə Şərqi
Avropada, Rusiya, Qaliçiya və Rumıniya məmləkətlərində
rəvac tapmışdı. Halbuki, Almaniya yəhudiləri bu
fikir və təşkilatı rəsmən protesto edib rədd
etmişlər və böylə bir təşəbbüsü
öz alman vətənpərəstlikləri üçün
bir təhqir, eyni zamanda da Fələstin hökuməti fikrini
xam bir xəyal saymışlardı.
Almaniya yəhudilərinə rəğmən
Avstriya ilə sair məmləkətlərdə yaşayan yəhudilər,
Amerikada bulunan musəvilər Kirtelin meydana atdığı
fikri təqib etdilər və yəhudilərin yeni bir gözətləmələrilə
doğru gətirən bu fikir tez bir zamanda Rusiya və Polşa
yəhudiləri arasında külli tərəfdarlar qazana
bildigi kibi, sionizm təşkilatı da Amerika, Fransa və
İngiltərə yəhudi sərvətdarlarının himayəsi
ilə külli pullar toplaya bildi. Və haman yuxarıda zikr
olunan vasitələrlə məqsədləri yolunda
çalışmaya başladılar. Sionistlər haman Fələstində
yer almaq, oralarda iş açıb birləşmək fikri kəmali-surətlə
işə buraxıldı. Ətrafdan yəhudilər Fələstinə
köçməgə başladılar. Rusiyadan dəxi buraya
bir çox yəhudilər köçməgə
başladılar. Bu məqsədlə təşkil olunan
xüsusi yəhudi bankları Fələstinə köçənlərə
təhsisat verib kömək etdilər. Bir zaman Rusiya hökuməti
özü dəxi bu cərəyanə müvafiqət etdi. Fələstinə
köçənlərlə işi olmadı.
Az zamanda Fələstində kiçik də
olsa bir yəhudi müstəmləkəsi vicudə gəldi.
Yuxarıda degildigi kibi xüsusi surətdə vücuda gətirilən
banklar yəhudi əkinçilərinin işini yüngülləşdirmək
məqsədilə onlar üçün ziraət
makinaları gətiribdilər. Ərazinin sulanması
üçün lazım gələn maddi müavinəti əsirgəmədilər
və haman xüsusi surətdə dair olunan komisyon idarələri
təşkil olunub Fələstin yəhudilərinin məhsulunu
Avropa bazarlarına apardılar. Yəhudi şərabi, yəhudi
malı deyə reklamlar çıxardılar. Digər tərəfdən
də Fələstin müstəmləkəsini məktəb
şəbəkələri ilə doldurdular. İbtidai məktəblərlə
bərabər yəhudi gimnaziyası belə təsis etdilər.
Az zamanda Fələstində yəhudilərin ədədi
yüzdə onu buldu. Osmanlı hökuməti dəxi sionistlərin
bu təşəbbüsünə müqabil durmadı, kəndilərinə
təzyiq etmədi. Böylə ki, türk hökumətindən
gördükləri hüsni-münasibətə müqabil
sionistlər son yığınlarının birində
bütün dünya hökumətlərindən darğın
və küskün olduqlarına dair qətnamə
çıxarırkən, Türkiyənin yeganə ədalətpərvər
və həqiqi insaniyyət dostu bir dövlət təşkil
etdigini məzkur qətnamələrində qeyd etdilər.
Fələstindəki xristian və müsəlman
ərəblər yəhudilərin bu hülulindən o qədər
xoşlanmasalar da, zahirdə öylə böyük bir
etirazında dəxi bulunmadılar.
Bir yandan bu surətlə təşəbbüslərində
davam etməkdə ikən, digər tərəfdən də yəhudi
sionları və dünyanın ən nüfuzlu qəzetələrinə
yolları olan musəvi qəzetəçiləri gərək
Amerikada və gərək Avropa əfkari-ümumiyyəsi məvvacihəsində
Fələstin təşəbbüsünü təqviyə
edib dururdular.
“İqbal” vasitəsilə də nəql
etdigimiz bəzi nəşriyyatdan anlaşılır ki,
böyük Avropa müharibəsinin hər hankı donmuş
fikir və hissiyyatları belə təhrik edən təsir ilə
yəhudi sionistligi dəxi qəti bəzi təşəbbüslərə
girişmişdir. İtaliyada xüsusi bir komitə təşkil
olunaraq Fələstində yəhudi hökuməti vücuda gətirmək
məsələsi bu komitə tərəfindən mətbuat səhifələrinə
belə keçirilmişdir.
İtaliyada vaqe olan nəşriyyat üzərinə
Rusiya qəzetələrindən “Russkoye slovo” hər nə qədər
məsələyə bir az əhəmiyyət verib də
Rusiyada olan yəhudi mütəfəkkirlərinin rəylərini
ögrənmişsə də, mətbuat tərəfindən
məsələyə o qədər böyük bir əhəmiyyət
verilməmişdir. Çünki, rus əfkari-ümumiyyəsi
şimdi öz məsələləri ilə daha ziyadə məşğuldur.
Fəqət bəzi nəşriyyata nəzərən
yəhudi mütəşəbbisləri bu xüsusda
İtaliya hökuməti ilə İngiltərə hökumətlərinin
razılıqlarını almışlar. Başqa hökumətlər
kəza bu fikrə yardım edəcəklərmiş.
Fələstin Türkiyə ərazisindəndir.
Şübhəsiz ki, Türkiyə ilə hali-hərbidə
olan İngiltərənin Türkiyə başına bir yəhudi
məsələsi daha çıxaracağı təbiidir.
Başqa dövlətlər də kəza bu və yaxud
başqa bir siyasi mülahizələrlə yəhudilərə
bəzi vəd və növbədə də buluna bilərlər.
Fəqət, bu vədlərlə daha Fələstin hökumətinin
vücudpəzir olacağını ümid etmək doğru
olamaz. Buna pək maddi və nazik düşünən yəhudi
əqli də əlbət iktifa etməz. Müharib və ya
qeyri-müharib dövlətlərin rəy və mütaliəsindən
ziyadə burada düşünüləcək bir xüsus
vardır ki, o da Fələstinin özündəki şəraiti-ictimaiyyə
və həqayiqi-tarixiyyə və coğrafiyədir.
Yəhudilərin Fələstində ancaq
yüzdə on bir cüzi təşkil etdiklərini nəzərə
alan müstəşriq Krımski böylə bir fikrin yəhudi
səltənətinin vücudini hüsni-ədalətə və
hikməti-ictimaiyyəyə müvafiq görmədigi halda,
sionistlər, biləks böylə bir fikrin qövldən-felə
çıxarılacağı haqqında ümid bəsləməkdədirlər.
Onlar bu ümidləri ilə bərabər gözəl fikirlər
də bəsliyorlar: Fələstin hökumətinin təsisilə
dünyayə əhya olunmuş yeni bir millət gələcək,
bu millətin istedad və qabiliyyəti sayəsində isə
mədəniyyəti-bəşəriyyə bir çox girənbəha
şeylərə malik olacaqdır...
Fəqət, nə bu, ya o dövlətin
verdigi vədə, nə də şairanə xülyalar, əlbəttə,
daha yəhudi padşahlığı bayramının axşamında
olduğumuzu düşünmək üçün bizə həqq
verməz. Fəqət, bütün bu təşəbbüslər
bizə milli ruhun ölməz olduğu ilə milli istiqlal
fikrinin sönməz bir nur, müqəddəs bir atəş
olduğunu göstərir.
M.Ə.Rəsulzadə
“İqbal”, 22 mart 1915, ¹892
Ərzi-moyud – həsrət çəkilən
ölkə
Ənvai-təsəllüt –
yaxasını əldən buraxmama
Gərmiyyət – istilik, səmimiyyət
Ruyi-ərz – yer üzü
Məşiət – istək, arzu
İskal – məskən salma
Hülul – daxil olma
Məvvac – tərəddüd edən
Əhya – dirilmə, bərpa etmə
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2011.- 12 noyabr.- S.26-27.