Savalan baba

 

(“Bu gün dünəndən başlayır” silsiləsindən)

 

... Ancaq Savalan baba olmağına hələ çox vardı. Azı 60 il. Hələ ki, Sadıq idi adı. Balaca, cürüppə bir uşaq idi. Kimsə bilmirdi gələcəyi olacaq. Heç özü bilmirdi. Amma burası bir həqiqətdir ki, insanın gələcək həyat yolunun müəyyənləşməsində hansısa bir təkanın rolu böyükdür. Belə bir təkan Sadığın həyatında 2-ci dünya savaşından bir xeyli əvvəl olmuşdu. O zamanlardı ki, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Mirzəağa Əliyevin, Ağasadıq Gəraybəylinin adları ərşi-gürşü tutmuşdu. Kürdəmir elində hər ailədə bu sənətkarların adı uca tutulur, bəlkə çoxları öz övladını onlar kimi görməyi arzulayırdı. Həyətlərdə, məhəllə meydançalarında yerə xalça-palaz döşəyib xırda səhnəciklər qurar, ahıl kişilər, gənclər, uşaqlar belə teatrçıxarıbcamaatın eynin açardılar. Sadıq da bu işlərdən heç xoşu gəlməyən atasından gizlin bu tamaşalarda gəldi oynayardı. O vaxt Kürdəmir rayon qəzetinin bir redaktoru olub- Əbdulbağı Bağıyev adında. Sadığın atasıyla da möhkəm dost imiş. Tez-tez onlara gələr, Sadığın küçə tamaşalarındakı məharətli çıxışlarından dostuna danışardı. Amma atası hər dəfə bu söhbətlərdən darılar, dilxor olar, yəni övladının belə bir yol seçməsi ürəyindən olmazdı. Amma günlərin birində Əbdülbağı müəllim Sadığın atasıyla aralarındakı haqq-saydan istifadə edib onun icazəsiylə uşağın əlindən tutub onu özüylə rayon mədəniyyət evinə aparır. Burada bir tamaşanın məşqləri gedirmiş. Əbdülbağının özü nurlu ziyalı olmaqla bərabər həm gözəl artistlik qabiliyyətinə malik idi. Ə.HaqverdiyevinAğaməhəmməd şah Qacarfaciəsində oynadığı baş rol uzun illər dillərdə gəzirdi. Sən demə o günlərdə kürdəmirli teatrsevərlər üçün S.S.AxundovunLaçın yuvasıpyesi hazırlanırmış Əbdülbağı müəllim Sadıqda gördüyünü gördüyünə görə onu gələcəkdöyüşlərüçün hazırlamaq qərarına gəlibmiş. Məşqləri dörd gözlə seyr edən Sadıq atasının bu ziyalı dostunun məharətinə vurulur. Günlər ötür, məşqlər tamamlanır, tamaşa günü gəlib çatır rayonun sənətcanlı insanları kimi Sadıq da atasına qoşulubLaçın yuvası”na baxmağa gedir. Tamaşanın sonunda Əmiraslan ağa çılğın halda bolşeviklərin tapındığı qırmızı rəngə işarəyləQırmızı! Qırmızı!” deyərək xəncəri köksünə sapladığı ləhzədə Sadıq bərkdən qışqırıb atasına sığınır...

Əziz oxucu, bura qədər oxuduqlarını əlbəttə ki, mən öz başımdan yazmamışam, bunlar vaxtilə respublikamızın Əməkdar artisti Sadıq Hüseynovun mənə danışdıqlarından yaddaşımda qalanlardır. Təbii ki, bunları o mənim bir sualımı cavablandırarkən söyləmişdi. Axırda da demişdi: “Bax, İntiqam müəllim, o qışqırmaq, bu qışqırmaq, vuruldum, aludə oldum bu sənətə, oldum bu sahənin fədaisi, dəlisi”.

Onda 1974-cü il idi və artıq Sadıq Hüseynov Əməkdar artist fəxri adını almışdı. Çalışdığı Akademik Milli Dram Teatrında müxtəlif rollar oynamaqla yanaşı həm də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin radio efirində də çıxışlar edir, verilişlər aparır, obrazlar yaradırdı. O vaxt mən dövlət radiosunun Ədəbi-dram verilişləri redaksiyasında təzə işə düzəlmişdim və S.Hüseynovla redaksiyamızın xəttiylə efirə gedən verilişlərində tez-tez rastlaşmalı olurdum. Açığı sənətdə çox görmək istədiyim həyatilik, təbiilik bu sənətkarın şəxsində üzvi surətdə elə birləşmişdi ki, ilk günlərdən ona isnişdim. Və özümə söz verdim ki, Sadıq Hüseynova mütləq bir veriliş həsr etməliyəm. Çünki ilk təmasım vaxtı ona ünvanladığım o bircə sualın cavabından hiss eləmişdim ki, bu adamın ürəyi doludur, sənət, sənətkarlıq sirrləri barədə ondan çox şeylər ala bilərəm. Növbəti görüşlərimizdən birində fikrimi ona bildirdim. Razılaşıb studiyaya girdik. Mənim gənc, onunsa səhnədə, sənətdə oturuşmuş çağlarıydı. Ancaq söhbətimiz su kimi axırdı. Bu şəraiti onun hədsiz səmimiyyəti və bir daha deyirəm, bir çox adlı-sanlı sənətkarlarda görmədiyim misilsiz təbiiliyi idi. Hələ 1974-cü ilditeatr sənətinə gəlişiylə bağlı yerli-yataqlı xatirələrini mənimlə bölüşəndə bizlərə vida eləyəcəyinə 29 il qalırdı. Sadıq müəllimsə ona həsr olunmuş və həmin ildə efirə çıxacaq “Aktyorlar, rollar” proqramında danışırdı. Son dərəcə sənətkaranə, ümumiyyətlə ona xas olan qeyri-adi təbiilik, aktyorlar çevrəsində az-az rast gəlinən yüksək məntiqlə (görünür elə buna görə də romantik vüsətə, patetikaya, yersiz bəlağətə daha çox uymuş səhnəqrafiyamız onu çox vaxt qapı dalında saxlamış, yəni baş rollara yaxın qoymamışdılar. Axı, bizdə belə bir qısqanclıq da mövcud olub), faktlar, nümunələr gətirə-gətirə danışırdı. Sanki unutmuşdu verilişin efirə gedəcəyini, pörşələnmişdi ürəyi, hər şeyi, hər məqamı ortaya gətirmək istəyirdi. Heyrətamiz hal orasıydı ki, radionun, dinləyicinin mahiyyətindən dəqiq xəbərdar olduğundan ürəyini boşaltmağa düz yarım saat kifayət elədi. Yəni lent yazılışı sona yetəndə soruşdum ki, razı qaldınızmı, Sadıq müəllim, qayıtdı ki, Allah səndən razı olsun ay İntiqam, nə boşaltdın ürəyimi!...

Sadıq müəllim razı qalmışdı. Ona az-az qismət olan baş rollardan birini oynamışdı və bir neçə gündən sonra milyonlarla radio dinləyicisi onun həmin rolunun şahidi olacaqdı...

Qayıdaq keçmişə.

O vaxtlara ki, Kürdəmirə tez-tez teatr truppaları gəlir, insanları əyləndirir, həm də onlara dövrün tələblərinə uyğun təbliğat aparırdılar. Sadıq bir tamaşanı belə buraxmaz, hər bir aktyorun səhnə hərəkətini acgözlüklə izləyər, beləcə, qiyabi surətdə teatr “təhsili” alardı. Axır ki, özlüyündə qərar verdi: “Yox! Heç nəyə əlim yatmır, mən gərək aktyor olam. Yoxsa batıb-gedəcəm”. Yeganə pənah yeri Əbdülbağı müəllim oldu. Fikrini ona bildirdi. Bu görkəmli əyalət ziyalısının əlindən başqa nə gələ bilərdi ki, Sadığı özünün Kürdəmir teatrsevərlərindən yaratdığı aktyor truppasına dəvət elədi. Burada o, Cəmi-cümlətanı bir-neçə epizodik rol oynaya bildi. Sonra qarşıda məsum bir tamaşa, qanlı bir səhnə yarandı- ikinci cahan müharibəsi başlandı və Sadıq da həyatda növbəti “rolunuoynamaq üçün əyninə əsgər şineli geyinib cəbhəyə yollandı...

bu tamaşa antraktsız-filansız düz beş il çəkdi. Əsgər şineliylə, döşündəki medallarla Vətənə qayıdan Sadıq gələcəkdə adlı-sanlı aktyor olacaq, fəxri adlara layiq görüləcəkdi. Amma ömrünün sonunacan həm də müharibə veteranı kimi tanınacaqdı...

Hələliksə beş illik ağrı-acını canından çıxarmalı, o əzablı yollarda gördüyü, tanıdığı insanları, qanlı səhnələri göz önünə gətirə-gətirə nəfəsin dərməli, dincəlməliydi. Bir yannan da səhnə eşqi yenidən onun varlığını çulğalamışdı. Bu azmış kimi Kürdəmirə daha bir truppa gəldi. Bu dəstənin aparıcı aktyoru Yusif Vəliyev idi. Axşam mədəniyyət evində “Qız qalası”nı göstərdilər. Yusifin ifa elədiyi Xan rolu Sadığı hayıl-mayıl elədi. Özünə qəti söz verdi ki, bu truppaya qoşulub gedəcək. Amma onun aktyorluq arzusuna ta əvvəldən etiraz eləyən atasından keçə bilmədi. Az sonra Göyçay teatrının aktyorları peyda oldu. Onların bədii rəhbəri Leninqradda yüksək teatr təhsili almış rejissor Yusif Yıldız idi. Afişalar vuruldu, ammaEşqintiqam” tamaşasının gedəcəyi günün axşamı məlum oldu ki, Əlimərdan bəyi oynayacaq aktyor yoxdur. Yusif Yıldız Sadığın həvəsini, hazırlığını bəyənib rolu ona tapşırır. Tamaşa uğurla yola verilir. Sadıqdakı aktyor səriştəsini görüb qiymətləndirən sənətkarlardan biriMüxlüs Cənizadə oldu. Təkid elədi ki, o, mütləq peşəkar təhsil almalıdır. Amma yenə atası qabağını kəsir, əyər aktyor olarsa oğlundan imtina edəcəyini dilinə gətirirdi. Uzun söz-söhbətdən sonra atasına “kələk” gəlir. Deyir ay ata, Teatr İnstitutuna gedənlərin hamısı aktyor olmur ha, buranın rejissorluğu var, operatorluğu var... Mən də teatrşünas olacam, yəni tamaşaları, aktyorları tənqid edəcəm.

Beləcə, kişini razı salıb Teatr İnstitutunun aktyorluğuna sənəd verir, qəbul olunur. Sonradan bunu bilən atası düz on il oğlunu dindirmir. Amma günlərin bir günü qardaşı Soltan Hüseynovun təkidiylə Bakıya gəlib “Vaqif” tamaşasına baxan kişinin fikri dəyişir. Belə ki, tamaşadan sonra Soltan müəllim qardaşından soruşur ki, hə, necədi, “Vaqifxoşuna gəldi? Kişi qayıdır ki, əla teatr idi. Sonra soruşur ki, bəs ordakı Vidadi rolu necə, ürəyindən oldumu? Sadığın atası bulud kimi tutulur. Qayıdır ki, o kişiyaman kədərli oynayırdı, onun qəm-qüssəsi, dost yolunda çəkdiyi əzab-əziyyət ürəyimi yaman kövrəldib. Bu yerdə Soltan müəllim deyir a kişi, o rolu oynayan sənin oğlun Sadıq idi də!... Beləcə, atası alnından öpüb oğluna xeyir-dua verir...

Sonra da başlayır daha böyük səhnələr, geniş auditoriya, sonu görünməyən, hər addımı mənalı, dolanbac sənət yolları. Əvvəlcə M.Qorki adına Gənc Tamaşaçılar Teatrı, ilk rol- MolyerinJorj Danden” pyesində Baron Dandil obrazı, sonra KorneyçukunPlaton Kreçet” əsərində Berext, Hüseyn Muxtarovun “Ailə namusunda Bayram. Bu, hələ yolun başlanğıcı idi. Sonra daha böyük bir sənət ocağının- M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrının qoynuna atılır. Bir vaxtlar arzusunda olduğu aktyorlarla, rejissorlarla çiyin-çiyinə əməkdaşlıq, bir də irili-xırdalı rollar, obrazlar: “Fərhad və Şirin” də Şiruyyə, “Otelloda Senator, “12-ci gecə”də Pavloni, “Vaqif”də Vidadi, “Od gəlini”ndə Yanardağ, “Xəyyam”da Əbu Tahir, “Həyat” pyesində Xəlil, “Günahsız müqəssirlər” də Dudukin, “Qaçaq Nəbi”də Qəhrəman və s. Bax, elə bu irili-xırdalı rollar Sadığı peşəkar aktyor kimi yetişdirir, sənət yolunu müəyyənləşdirirdi. Bu yolda o, həm də öz dəst-xəttini tapdı, öz sözünü deyə bildi...

(Bu yazını tam şəkildə “Qobustan” jurnalının bu ilki 4-cü sayında oxuya bilərsiniz).

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2011.- 12 noyabr.- S.30.