Çərçivəsiz

 

TOFİQ ABDİNİN 70 YAŞINA

 

Əsas məsələ budur:

İnsanı ifadə edən sözü tapmaq!

Haqqında yazmaq, danışmaq, tənqid etmək, sağlıq demək, mədhiyyə söyləmək insanı ifadə edən sözü tapıb deyə bilmək deyil hələ... Bununçün insanın ardınca, izinə – sözünə düşüb getmək yox, izinin – sözünün keçdiyi yolu qayıtmaq lazımdır.Allah eləsin, əliboş – HEÇNƏ ilə qayıtmayasan; günahı səndə olmayanda, itirilmiş vaxtın dərdi də üstünə gələcək.

 

Çərçivəsiz...

 

Tofiq Abdini ifadə edən söz.

Hər halda, Tofiq Abdini qayıdanda bu söz gəldi.

Bu yol bir vaxt bu sətirləri yazdırıb mənə həm də:

 

Qürbət qorxulu deyil,

İçində qərib olmasan...

 

Çərçivələrə sığmayan insan – içində ən böyük qəriblik yaşayandır.Bu qəribliyin coğrafiyası yoxdur.Özünüaldatma da boşa gedəndən sonra (Eh, məni doğmalar çətin duyacaq, özgələr çox gözəl yaşayır məni – R. Qusarçaylı) başa düşəcəksən ki, İNSANI ÖZÜNDƏN BAŞQA KİMSƏ YAŞAMIR. Nəinki Allahın göyünün altında, heç bir dam altında yaşadıqların da. Eyni havanı udub, eyni sudan içən “Yer üzünün əşrəfi” insanlar, olsa – olsa, böyür – başında dolaşırlar, o da baxır sənin “faydalı iş əmsalına”.

“Unutdular məni... Yaxşı ki unutdular...Yoxsa bir həqiqətin olduğunu görərdim mən də...”.

Tofiq Abdinin BİR HƏQİQƏT axtarışı və taleyinin möhürü olan çərçivəsizlik havası onu hansı yollara aparmadı? Bu sətirləri Tofiq Abdin yazmasa da, fərqi yoxdur, bütün yollar ona didərgin qəribliyi yaşadıb.

 

Özüm də bilmirəm hara gedirəm,

Getdiyim yerlərdən yollar xəbərsiz.

 

Təsəvvürü olmadığı halda teatr institutu, erməni qapısında kirəkeşlik, “dəniz qırağındakı üçmərtəbəli bina”, Acıbadəm, “ Qobustan ” və yaşın yetmişi

 

yox, anlamadılar bu yerlərdə mənim dilimi

onlar kimi danışsam da,

onlar kimi ağlasam da,

onlar kimi gülsəm də...

 

Adam-adam itkilərdən çat-çat olmuş həyatının Tofiq Abdinə verdiyi dərsin qısa, çox qısa yekunu üçün doğrudanmı düzü-dünyanı dolanmaq vacibdi? Bu çox qısa yekunun içindəki qəfil nəticə: axtardığın, əgər bu, xoşbəxtlikdirsə, uzaqda deyil, sənin özündədir, ruhundadır, düşüncəndədir.

 

bütün yolların sonunda

yeni bir qürbət varsa,

ayrılıq varsa.

 

nəyə dəyər köhnə qürbəti oralara daşımaq, yenidən yaşamaq.

Kimisə sevmək onu yaşamaqdır. Mənə elə gəlir ki, Tofiq Abdinin həyata, Vətənə, türklüyə sevgisi də belədir. Həyatı, Vətəni, türklüyü yaşayıb. ”Mən bu həyatı çox sevirəm. Ölümdən çox qorxuram. Bu, günah olsa belə...

 

ölümlər elə qorxutdu ki, məni,

içimə doldurdu Vətəni...           

 

Bütün yaşananların qisməti xoş olmur və Tofiq Abdinin Türkiyədə yaşadığı illər bəlkə də onun həyatının ən acı dərslərindəndir. Bu acı nəticənin bir yönünə bir qədər sonra bir də qayıdacağam. Hələliksə, bütün azərbaycanlıların olmasa da, əksər insanların Təbriz və İstanbul həsrətini xatırlatmaq istəyirəm və Tofiq Abdinin də, 1989 – cu ildə turist kimi getdiyi Türkiyəyə dörd il sonrakı gedişinin kökündə elə bu İstanbul həsrəti durub. 50 yaşdan sonra yer – yurd dəyişmək asan deyil, hətta qorxuludur! Şair Tofiq Abdinin yaşın oturuşmuş vədəsində dolanışıq üzündən yerindən – yuvasından olub addımı atmasına içindəki türklük də təkan olub bəlkə də.

Yəqin o vaxt ağlına gətirməyib doğma bildiklərinin ögeyliyindən yaşayacaqlarını. Çərçivəsizliyi ilə bərabər, öz həqiqətinin gözüylə baxıb gördüklərini deməkdən özünü saxlaya bilmədi burada da. “Bir həqiqəti demək gərək: bir yeri sevmək o demək deyil ki, qarasını da ağ görəcəksən, əclafına da mərhəmətlidir deyəcəksən. Yəni heç bir əskikliyi və alçaqlığı görməyəcəksən...”

Sovetlərdə yaşamış bir insan Türkiyədə də eyni şeyləri görürsdüsə...bir az həssas və bir az bu ölkəyə böyük məhəbbət göstərən, onu sevən bir insan üçün bütün bunlar bir çıxmaz dalan əmələ gətirirdi və içindən bir qorxu keçirdi: “Bu ölkəni Allah qorusun”.

 

Türkiyədə yaşayan Tofiq Abdin körpüydü sanki. Qonorarsız yazılarıyla iki türkü – illərin və siyasətlərin ayrı saldığı iki qardaşı bir – birinə tanıtmaq istəyirdi, kökü – mahiyyəti bir olan iki mədəniyyəti yaxınlaşdırmağa çalışırdı. Amma gördükləri peşəkarlığın zövqünü könül xoşluğu ilə duydurmağa macal vermirdi. Çünki bu ölkədə insanlar bir-birlərini eşitmirdilər. O isə yazır, yazırdı... Hərdən özünə təsəlli verirdi: “...insan öz içini bir başqasına açanda heç də ondan bir imdad və bir kömək gözləmir ki... Sadəcə, rahatlanır danışdıqca...” anlat , bağban, buralarda nələr olduğunu

 

başımın tacı bu məmləkət

ucalar ucasıydı

dünya bu məmləkət üçün canına qıyasıydı...

“Ətiylə, dırnağıyla, bütün vücuduyla türk və özünə türk deyən bir çox insandan daha çox türk” olan bir insanın, söz adamının ağrıları yazıyla çıxacaq ağrıydımı? “Türkiyə onu sevənləri sevmir. Türkiyədə türkdən başqa bütün millətlərin gözəl yaşamağa və həyatını qurmağa haqqı var”. ( Bu mənim şəxsi fikrimdir və yalvarıram mənim bu düşüncələrim Türkiyəni sevməmək anlamına gəlməsin!)”.

Tofiq Abdin də arzularının şəhəri İstanbula gözəl yaşamağa, özünün və övladlarının həyatını qurmağa getmişdi. Əvəzindəsə, bir dərin xəyal qırıqlığı, bir ömür boyu sürəcək

 

bir ana öldü oğulsuz,

oğul yetmədi yasına

 

çiləsi...və sonunda... bütün bunları QƏDƏR kimi qəbul etmək təmkini...

 

hər şeyin bir cəzası var,

çəkdiklərim cəzam mənim.

qəzadan qaçan olmayıb,

mübarək bu qəzam mənim.

 

Bu “Türkiyə Mühacirəti” Kafkanı yada salırdı sanki:”Umut olmasına var, sınırsız denecek kadar umut var, amma bizim için degil”. “Bizim üçün olmayan ümidin” izləri üzünü Vətənə tutmayıb ayrı neyləyəsiydi ?...

Nazim Hikmət şeirindən doğulmuş şair Tofiq Abdin – gəncliyindən Nazim Hikmətin, Aytən Aydəmirin, Nəcib Fazilin şeirlərini oxuyub, Zəki Mürenin nəğmələrini dinləyib Bakı küçələrində dolaşarkən düşündüyü və görmək istədiyi bu yerləri tərk etdi; Bakıya döndü.

Realist – psixoloji şeirlərində sosial – mənəvi həyat həqiqətlərinin türk poetik düşüncəsində daha qabarıq olan passiv romantizmlə çulğaşmasına nümunə olan Tofiq Abdin şeiri üçün darıxmış Azərbaycan oxucusu Vətənə dönmüş şairin şeirində bu dəfə heyrətli bir sərtliklə qarşılaşdı. Tofiqin təqdim etdiyi İstanbul arzularının şəhərinə bənzəmirdi.Bəli, acı da olsa, həqiqətdi və onu yaşamış şairi qınamaq olmurdu. Necə deyərlər, Araz axmışdı, göz baxmışdı... Yalançı milli təəssübkeşliklə kimlərisə və başlıcası, özünü aldatmağın adı yox idi. Pərdə qalxmışdı və heyf ki, Tofiq Abdin pərdənin o üzündə xəyal qırıqlığına uğradılmışdı. Oxucu Tofiq Abdin sözünü yaxşı tanıyırdı. publisistik yazılarında da Tofiq realist və kəskindi, amma içində heç vaxt kin, qərəz olmurdu. Onun jurnalistlik fəaliyyətində bu gün də xatırlanan “Lili İvanovanın barmaqları” və bu kimi neçə gözəl publisistika nümunəsi vardı, Bəşir Səfəroğlu haqqında kitab vardı, sənətin müxtəlif sahələrilə bağlı onlarla yazısında kəskin, sərt ovqatla yanaşı, ağrı, narahatlıq vardı, amma bu İstanbul şeirlərindəki ağrı başqaydı, dilə gətirib danışmaq da olmurdu.”Yeddi oğul istərəm” filmində Cəlalın güllələndiyi səhnəni xatırladırdı: “ ...ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı..”

Türkiyə həyatı Tofiq Abdinə təkcə “İstanbulda kimsə kimsənin kitabını oxumur” acısı yaşatmayıb.Türkiyə illərində Tofiq Azərbaycan oxucusuna “Əli bəy Hüsüeynzadə. Özü. Qızları və Oğlu”, kitabını təqdim etdi, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovun nəvələri Zərifə Kürdəmir Sultanovanı tanıtdı, Səlim Turanı “açdı”, Qardaş ölkənin mətbuatında onun jurnalistlik fəaliyyətindən bəhs edən “Ah, İstanbul, İstanbul.. kitabını oxutdu.

Bakıda onun qayıdışını isti qarşıladılar, Yenə Yazıçılar Birliyinin dördüncü mərtəbəsi onun səsilə dolmuşdu, otağı söz – sənət adamlarıyla dolub – boşalırdı, “Qobustan”, əslində, Tofiq Abdinin gəlişiylə canlanmışdı..Tofiq də sanki Türkiyədəki illərin yorğun qəribliyinin izlərini itirmək istəyirdi bu qaynar ritmiylə. Xarakterindəki açıqlıq və komplekssiz olması, onu ilk dəfə görən adama bir qədər qəribə görünə bilərdi, amma nə zarafatlarından inciyən, nə ərkindən yorulan olmurdu.

Hər bir yazının, hər sözün ünvanı var, məqsədi var və bu məqsəd trendi – səmti müəyyən edir. Onun sözünün üzü Sabahaydı. “Məqalələrimi çap etdirdim və mənə elə gəldi ki, elə bu da bir siyasətdir ki, mən məşğulam və mənim yazılarım bir çox gəncin və bir çox insanın yetişməsində bir şeylər eləyəcək... Həmişə düşünürdüm ki, mənim ölkəm də azad olmalıdır bu azadlığın uğrunda yazdım yazılarımı və beləcə yaşayaraq yazılarımla mübarizə elədim...”

Amma günün birində Tofiq Abdin ağlına gətirmədiyi halda incidi... “Umduğu yerdən küsdü”.

“Vəziyyətin siyasət gedişlərində” “Qobustan”dan getməkdən başqa bir yol tapmadı...

Tofiq “gözlərini yumub, bir mahnını dinləyib” ayrıldı “Qobustan”dan.

 

Harda nə zaman enəcəyimi bilmədən

Yeni bir qəriblik ağrısı keçdi canımdan

Neyçün, neyçün mən bu adamlardan

biri ola bilmədim

 

Neyçün... canımca yaşaya bilmədim.

Mənə elə gəlir ki, Tofiq Abdinin “Qobustan” toplusundan getməsi İstanbul ağrılarından betərdi...

Düzdü, Tofiq Abdin bu gün də “özününkülərlə”dir – sənət-mədəniyyət aləmindədir və bir yana baxanda, Tofiqin harda olması vacib deyil, Tofiqin səsi hər yerdədir və bu səsin enerjisi, ovqatı, havası epidemiya gücündədir.

Tofiqin çərçivəsizliyinə bir halda haqq qazandırmıram: dilə və punktuasiyaya – durğu işarələrinə (punktuallıq sözü də nədənsə yada düşdü) münasibətdə. Bu məqamda mən xatırlatdığım “acı nəticə”yə qayıtmaq istəyirəm.

Publisistik yazılarının mövzuları Tofiqin fəal və təəssübkeş vətəndaş, söz adamı kimi diqqəti və həssas müşahidə qabiliyyəti haqqında danışmağa imkan verir... Amma İstanbulda yaşayıb yazdığı illər onun Dilinin “başına oyun açıb”. Elə bir oyun açıb ki, bu tərzi mən – Tofiq Abdin imzasını maraq və ehtiramla izləyən oxucu – çərçivəsizliklə bağlamaq istəmirəm... Elə nəsnələr var ki, onlara təkcə fərdi üslub, tərz, baxışla yanaşmaq olmaz və ədəbi dil bu sırada birincidir, söz adamının, jurnalistikanın ən mühüm bir vəzifəsi də bu Dili qorumaq, yaxşı yöndə zənginləşdirməkdir.

“Məqsədim ortaq bir türkcənin çox asanlıqla başa düşüldüyünü və azəri türkcəsiylə Türkiyə türkcəsinin nə qədər yaxın olduğunu göstərməkdi! ”

Türkiyə mətbuatı üçün bu izah başadüşüləndir.

Amma hətta ortaq dillərin də özünəməxsus olması var və bunu qorumaq çox vacibdir. Tofiq Abdinin durğu işarələrinə münasibəti, şeirdə yazı qanunlarını sərbəstlik adı ilə pozması onun yazılarının (hətta şeirlərinin də!) xeyrinə işləmir, əksinə, ən maraqlı mövzunu da, səmimiyyətini də “uduzur”. Çünki Azərbaycan ədəbi dili qohum türk dilləri arasında ən elitar dildir. Dilini itirən və özünü itirən insanı Tofiq Abdin yaxşı tanıyır...

 

yaxşılığı pislik olar...

itər bu dünya üzündə

itər bu elin gözündə.

 

Şükür, Tofiq Abdinin belə qorxusu yoxdur. Çörəyi sözdən çıxan Tofiq Abdin “könül xoşluğu və peşəkar olduğu üçün yazdığı” bütün yazılarıma cavabdehlik əminliyim var”- deyir.

Onun Düşüncəsi və Fəaliyyəti həmişə, hər yerdə HƏQİQƏT axtarmaq olub. Müqəddəs kitablarda da deyilir ki, Həqiqəti axtarmaqsa –xeyirxahlıqdır .

Tofiq Abdinin “Dövlət çevrilişi” sənədli – avtobioqrafik əsərini oxuyandan sonra bir də bu qənaət yaranır:

Bütün olmuşlara və olanlara rəğmən, “bəlkə də layiq olduğu, bəlkə də layiq olmadığı günləri yaşayaraq özü-özünə nifrət etsə də”...

Təsəlli alınacaq bir şey(həm də çox şey!) var, Tofiq Abdin:

“Alınmadım, satılmadım...”

...!!!

 

 

Südabə AĞABALAYEVA

 

525-ci qəzet.- 2011.- 12 noyabr.- S.26-27.