Aktyor Fizuli
Hüseynov: ““Sevirəm” sözünü heç kimə deməmişəm...”
“AMMA “LYUBLYU” DEMİŞƏM...”
Lent.az-ın
“Məşhurların sevgi etirafları” layihəsinin növbəti
qonağı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar
artist Fizuli Hüseynov olub.
– “Təhminə”
filmindən sonra Sizi daha çox Spartak kimi tanıyırlar.
Bu, sizin xətrinizə dəymir? Yəni, niyə məhz
Spartak, başqa rollar yox?
– Xətrimə
dəymir. Amma mən heç inanmazdım ki, o rol bu qədər
yayılsın və təsirli olsun. Dəfələrlə
fikirləşmişəm ki, bu rolu başqa bir aktyor
oynasaydı, o da beləmi tanınacaqdı? Məncə, hə.
Çünki filmdə Spartak barədə çox söhbət
gedir. Özü isə bir-iki səhnədə
görünür. Mən Spartak kimi tanındığıma
görə incimirəm. Çünki bu, mənim peşəmdir.
Amma mənim başqa rollarım, teatrda maraqlı obrazlarım
olub. Deməli, oynadıqlarımın heç biri o qədər
də normal olmayıb ki, tanınmayıb. Düzdür,
dövrünə görə “Yad qızı” da xeyli
populyarlaşdı. Amma mən onların heç birindən
razı deyiləm. Yəni, bir iş kimi normal işlər
deyil.
–
Filmdə Spartak şorgöz bir kişi kimi təqdim olunur. Bu
baxımdan da oxşarlığınız var?
–
Allah qadınları var eləsin! Mən hərdən fikirləşirəm
ki, görəsən qadınlar olmasaydı, yer üzü necə
olardı?! Bunu təsəvvür etmək
qeyri-mümkündür. Qadınsız həyat mümkün
deyil! Mən qadınları çox istəyirəm
(gülür). Amma bilirsiz necədir? 49 yaşımı
tamamladım. Və özümə də aydın olmayan bir həqiqəti
dərk etdim ki, kişi bir qadını sevməlidir. Onun bir
qadını olmalıdır. Ancaq ən çətini də
o qadının tapılmasıdır. Bu yolda adımız
çapqın, arvadbaz, şorgöz də olub. Kişilərə
baxanda qadınlar daha çox sədaqətlidirlər, evə,
ocağa daha çox bağlı olmaq istəyirlər.
Kişilərin yaranışdan bir instinktləri var –
ovçu. Bu ovu vurdum yedim, sonra bir başqasını
vurmalıyam. Bu, bir faktdır. Amma bütün bunlara baxmayaraq,
qadınlar kişilərdən daha güclü və daha sədaqətlidirlər.
Mən o fikirdəyəm ki, o bir olan, sözün həqiqi mənasında
yarını tapmaq mümkündürsə, mütləq insan
birilə yaşamalıdır.
–
Tapmamısız o yarınızı?
– Hərdən
mənə elə gəlir ki, budur, tapdım. Deyəsən
budur. Amma bir müddət keçəndən sonra... Əslində
insanlar bir-birində pis bir şey axtarmamalıdırlar.
Çünki o əlamətlər hər adamda var və sən
kimdə nəyi görmək istəyirsənsə, onu
mütləq tapacaqsan. O baxımdan mən hələ
tapmamışam – mənə uyğun gələcək, mənim
olan yarımı...
– Necə birini axtarırsınız ki?
– İdeal heç kim və heç nə
yoxdur. Ancaq bilmirəm, bəlkə
də bir dost, bir sirdaş... Adam var ki, səni yorur, onunla
danışa bilmirsən, lap danışmasan belə, sadəcə
yanında otura bilmirsən. Amma bu o demək deyil ki, o adam yaşamamalıdır. Deməli,
bu, sənin adamın deyil. Tək bu deyil.
Açıq deyək, bir yastığa baş
qoyacağın qadının heç olmasa qoxusu sənə
uyğun olmalıdır. Çox adamı
ilk görünüşdən bəyənə bilərsən.
Amma söhbətiniz uyğun gəlməlidir,
bir ömür yaşayacaqsınız, övlad dünyaya gətirəcəksiniz.
Niyə “bal ayı” həmişə ilk aylar
olur? Deməli bitdiyi vaxt var. Söhbət
hisslərdən getmir ha. Amma o bal, o
şirinlik bir müddət sonra arxa plana keçir... Mən həmişə deyirəm ki, gərək
insan insanı xəstə halında bəyənsin.
Çünki o halda insan ancaq öz canının hayında
olur – burnu axır, öskürür, saçları yerində
olmur...
– İndiyə kimi çox qadınla
maraqlanmısınız?
– (gülür) Yox, çox olmayıb. “Bu mənimdir, burda
dayanmalıyam” dediyim çox az qadın
olub, onlar haqqında da maraqlanmışam. Və
elə anlar olub ki, səhv etdiyimi dərk eləmişəm.
Deməli, hər şey hələ
qabaqdadır.
–
Uşaqlıq məhəbbətinizi
xatırlayırsınız?
– Buna məhəbbət
yox, xoşuma gələn, bəyəndiyim adam
desək daha doğru olar. Təbii ki, olub. Nədənsə mənim yadımdan çıxmaz
heç vaxt. Orta məktəbdə birinci
sinif müəlliməm vardı. Anam
yaşında qadın idi. Amma bəyənirdim
onu, qəribə hisslər vardı ona qarşı. 6-7-ci siniflərdə nənəmgilin qonşusu
yadımdadı. Məndən xeyli
böyük idi, amma çox gözəl qadın idi. İndi ailəlidir. Qızlarla məktublaşdığım
vaxtlar da olub. İnsan onda qəribə hisslər
keçirir, tez-tez xəyallara dalır... Olub belə
şeylər. Amma xəstəlik həddinə
çatacaq qədər yox. Dünyada Məcnundan
başqa böyük məhəbbəti, sevgisi olan adam tanımıram mən. Olmayıb,
olmayacaq da. İndi də özünü öldürən,
yandıran var, amma heç kim Məcnun səviyyəsinə
qalxa bilməyib. Heç Romeonun da Cülyettaya o
cür sevgisi yox idi. Romeo Cülyettadan
öncə neçə qadın görmüşdü.
Amma Məcnun heç bir qadın görmədən
bir Leylini sevdi və onun qəbrinin üstündə
öldü.
– İlk dəfə “sevirəm” sözünü kimə
demisiniz?
– “Sevirəm” sözünü heç vaxt heç kimə
deməmişəm. Amma “lyublyu” demişəm.
– Nə fərqi
var ki?
– Fərqi
var. Sevginin konkret formulu yoxdur. Yəni, biz
bilmirik, bəlkə də var. Mənə elə gəlir ki,
bizim dilimizdə “sevirəm” sözü yad səslənir.
Amma nədənsə “ya tebya lyublyu” daha
doğma gəlir mənə.
– Bəlkə
“sevirəm” sözünün yükündən irəli gəlir
bu?
– Yox,
ondan deyil. Nədənsə o söz mənə
yad gəlir, yapışmır. “Mən səni
çox istəyirəm” sözü məncə, daha əziz
və doğmadır, nəinki “səni sevirəm”. “Sevirəm” kəlməsini deməyə hazır
olduğum anlar olub həyatımda. İstəmişəm
deyim, amma hələ deməmişəm.
–
Hazır olduğunuz anlarda niyə deməmisiniz? Yanılmaqdan qorxmusunuz?
– Yox. Qadınlarda belə bir xüsusiyyət var – təbii,
hamısını nəzərdə tutmuram – mənə elə
gəlir ki, qadınlar o sözü eşitmək istəmirlər.
Özlərini elə göstərirlər sadəcə.
İnsan istədiyi şeyə çatandan sonra
həyat onun üçün maraqsız olur. Qadınlar elə şübhəli qalsalar
yaxşıdı – indi deyəcək, bu saat deyəcək.
O sözü deyən kimi onlar üçün maraqsız olacaq.
Apardığım təcrübə göstərib
ki, həmin sözü deyən kimi qadın o saat dəyişib.
Bəlkə düz ünvana deməmişəm.
Amma deyən kimi qadında o rahatlığı dərhal hiss
etmişəm. Yəni, bunu istəyirdim, bunu da dedi. Amma çox vaxt deyilməyən söz, o nöqtələr
daha qiymətli olur. Mənim hiss elətdirməyim
artıq yetərlidir.
– Deməli,
sizin dediyinizdən belə çıxır ki, bu yaşa kimi
sevməmisiniz.
– Sizin
dediyiniz düşüncəylə yox.
– Bəs
öz dediyiniz düşüncəylə?
– (gülür) Mənim düşündüyüm tərzdə
olub. Müəyyən
müddətlik... Məsələn, 10 ilə
yaxın müddətdə. Ən uzun
ömürlüsü də elə bu idi. Açığını
deyim ki, mən ona bayaq dediyim mənada xəyanət də etməmişəm.
Sadəcə elə bilmişdim ki, artıq
tapmışam. Sonradan aydın oldu ki, belə
deyilmiş. Hardasa 7-8 ildə bu, mənə
aydın oldu. İki il də şans
verdim ki, bəlkə düzələr, dəfələrlə
söhbətlər etdim. Amma gördüm xeyri
yoxdu və bitdi.
– Bu
gün də sevirsiniz onu?
– Yox. Mən sınan şeyin
yapışdırılmasının tərəfdarı deyiləm.
Bu, mümkün deyil. Yapışsa
da, çat orda mütləq qalacaq. Mənə
işi düşərsə, bacardığım şeyə
görə müraciət edərsə, hazıram. Düşmən olmayacam ki. Bu, mənim
həyatımın bir tarixçəsidir.
–
Çox hallarda yaradıcı insanlar öz tərəf-müqabilləri
ilə eşq macərası yaşayırlar. Sizin də həyatınızda
belə bir şey olubmu?
– İşlədiyim müddətdə hə. O, iş
üçün lazım olan eşq macərası olub. Yəni, işə o qədər aludə olursan ki, həmin
müddətdə baş verir. İş
bitəndə o da bitir. Və mütləq
deyil ki, cinsi münasibət olsun. Sadəcə işlədiyin
müddətdə özünçün bir dünya qurursan,
həmin mühitə daxil olursan... Başqa
cür mümkün də deyil. Çünki
tamaşaçı baxanda o hisslərə inanmayacaq.
– Onda
sizin rollarınızın sayı qədər eşq macəranız
olub ki...
– Yox,
hamısı ilə deyil. Elə insan olub ki,
onunla ümumiyyətlə danışmamışam. Həyatda küsülü olmuşuq, bəlkə
bir-birimizi görməyə gözümüz olmayıb.
Amma məcbur olub oynamışıq.
–
Qadın həmkarlarınızın sizə bəslədiyi
qarşılıqsız məhəbbətlə də
rastlaşmısınız?
– O qədər...
Vallah, mən həmişə onları
anlamağa çalışmışam. İzah
da etmişəm ki, səhv edirsiz, tələsməyin,
düşünün. Yəni, sən istəyirsən
deyə hər şey olmalı deyil ki. Mən
də çox şey istəyirəm. Bu,
mütləq qarşılıqlı olmalıdır. Mən onları başa düşməyə və
başa salmağa çalışmışam. İndi
də çalışıram... Anlamayanda da məcbur
olursan kobudluq edəsən. Onda da həmin
eşq nifrətə çevrilir, intiqam almaq istəyirlər.
–
Alıblar?
– Elə
böyük mənada yox. Qadının intiqamı nə ola bilər? Şər atsın,
dedi-qodu yaratsın. Belə şeylər
olub. Allah göstərməsin əsl
böyük intiqamı. Həm mən
qadını güclü intiqama sürükləyəcək,
cəhənnəmlik bir günah işlətməmişəm,
işlətmərəm də. Ağlım
üstümdədir. Olur, insan
yaşayır, bir müddət sonra aralanır. Mən heç vaxt heç kimə görə
özümü zorlamıram ki, “camaat nə deyər?”
Kim nə istəyir desin. Mənim həyatımdı,
özüm bilərəm. Bitdisə,
ayrılmalıyıq.
– Sizin
üçün sevgidə yaş fərqi nə qədər
rol oynayır?
– (düşünür) Heç bir rol oynamır. Sadəcə,
yaş fərqi olan insanların bir-birinə münasibəti
normal olmalıdır. Təmənnalı
münasibətə çox pis baxıram. Amma içdən gələn hisslərdisə,
normaldır. Məncə, yaş fərqi
yoxdur, olmamalıdır. Bunda pis bir şey
görmürəm. Sadəcə onun
altında bir məkr, məqsəd gizlənməsin.
– Sizcə,
qadının yaşca kiçik olması kişidə kompleks
yaratmır?
– Normal
kişidə yox. Mən iki il əvvəl
bir filmə baxdım, çox bəyəndim. Qısaca
deyim ki, 11-12 yaşında bir oğlan musiqi dükanında
işləyən özündən böyük bir qıza
vurulur. Onu restorana dəvət edir. Orda qıza sevgi elan edir. Qız
gülür deyir, sən uşaqsan. Oğlan
da ona cavab verir ki, “qadınlar kişilərdən çox
yaşayır, ona görə də kişilər özündən
heç olmasa 6-7 yaş böyük qadınla evlənməlidir
ki, ölümləri arasında fərq olmasın”. Bax, həqiqət budur.
– Yəni,
belə bir şeylə qarşılaşsanız, baryerləri
qırarsınız?
– Mənim
üçün heç bir baryer yoxdur. İstənilən
baryeri qıra bilərəm, kimin nə düşünməsindən
asılı olmayaraq. Sadəcə o, mənim
adamım olsun.
– Siz
biznesinizlə əlaqədar Rusiyada da çox olursunuz. Bizim qadınlarla o qadınların arasında nə
fərq var?
– Gözləyirdim
bu sualı... Dünyada ruslar iki şeylərilə
tanınır – araqları və qadınları ilə. Bir şey deyim, xanımlarımızın xətrinə
dəyməsin. Mən rus
qadınlarında bir şeyi kəşf etdim – əgər rus
qadını bir kişiyə dinindən, millətindən,
var-dövlətindən asılı olmayaraq “ya tebya lyublyu”
dedisə, ona inana bilərsiz. O, ölən günə qədər
sənə sədaqətli olacaq. O baxımdan mənim onlara
hörmətim var.
– Bəlkə
sizin rus qadınlarının sədaqətinə olan bu
inamınız bizim qadınlarda xəyanət görməyinizdən
irəli gəlir?
– (köks ötürür) Yox, mən həyatımda
olan qadınların heç birindən xəyanət görməmişəm. Sadəcə
ayrılmaq zamanımız çatanda ayrılmışam, vəssalam.
Bu ayrılıqların 95 faizi dost kimi olub, anlayaraqdan. Mən demirəm ki, bizim qadınlar elə deyil.
Sadəcə siz rusları soruşdunuz, mən də
fikrimi bildirdim.
– Siz o rus
qadınına aşiq olsanız, ailə qurarsınız?
– Hə.
Tək rus yox, fin də ola bilər, ingilis
də. Yetər ki, mən istədiyim biri olsun.
Düzdür, mən milliyyətçiyəm, amma hansısa
rusu, fini türkləşdirə bilmişəmsə, bunun
özü də böyük iş olar.
– Bəs
hansısa aktrisa ilə?
– Ola bilər.
Heç vaxt “heç vaxt” demə. Həyatda qaçılmaz heç nə yoxdur.
– Nə
vaxtsa hansısa qadına görə göz yaşı
axıtmısınız?
–
Heç vaxt heç bir qadına görə göz
yaşı axıtmamışam, axıtmaram da. Çünki bu, çox anormal bir şeydi. Mən
ömrümdə az ağlamışam. Atam rəhmətə gedəndə bir həftə
ağlamışam. O da özümdən asılı
deyildi. Mən atamı həddən artıq
çox istədiyimi onu itirəndən sonra bilmişəm.
Qadına görə məyus olduğum vaxtlar
olub. Ağlamaq daha yaxşı olar ondan.
– İndi sevirsiniz?
– Vallah
bilmirəm. Bilmirəm... Bəlkə də hə,
bəlkə də yox. Rəhmətlik Elçibəyin
sözüdü – hər şeyin zamana ehtiyacı var. Təbii
ki, mənim zamanım az qalıb (gülür) Buna baxmayaraq,
adam öz hisslərinə kənardan baxmalıdır ki,
doğrudanmı belədir, yanılmıram ki? O baxımdan, mən
yüz ölçüb bir biçməyin tərəfdarıyam...
525-ci qəzet.-
2011.- 12 noyabr.- S.20.