Əsrimizin muğam sultanı
...Xalq artisti Alim Qasımov haqlı olaraq Azərbaycan muğamının ən müqtədir ifaçılarından biri sayılır. Dünyanın “La Mond”, “Tayms”, “Frankfurter Algemayne Saytunq” kimi ən nüfuzlu qəzetləri onun Mərkəzi Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri valeh edən ecazkar və ovsunlu səsi, orijinal ifa tərzi haqqında çox yazıblar. Rusiyanın nüfuzlu musiqi tənqidçisi Artemi Troitski özünün musiqi icmallarından birində yazıb: “Alim Qasımovun heyranedici, coşqun səsi, onun qeyri-adi zəngulələri unudulmaz hisslər oyadır...Alim Qasımov muğam sənətini regional çərçivədən çıxararaq beynəlmiləl səviyyəyə qaldırıb, onu dünya mədəniyyətinin sərvətinə çevirib. O, muğamı dünyanın müasir, mənəvi prosesinə qatmağa müvəffəq olub: xanəndənin sənətinin mübariz qüvvəsi çıxış etdiyi hər yerdə onu doğmalaşdırır”.
Alim Qasımov həm də YUNESKO-nun xüsusi musiqi mükafatına layiq görülüb və onun adı Şostakoviç və Penderetski, Bernstayn və Messian, Rixter və Makkeba, Menuxin və Şankar kimi bənzərsiz ustadlarla bir siyahıya düşüb.
Eyni zamanda Azərbaycanın dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş muğam ustadı Alim Qasımov yer üzünün minlərlə muğam ifaçısı arasında yüksək beynəlxalq mükafatlara da layiq görülübsə, bu, yalnız Azərbaycan muğamlarının uğurudur.
Alim Qasımovdan əvvəl də muğam ifaçıları Avropada konsertlər verib. Onlar dinlənilib, alqışlanıb, qrammofona yazılıb...Lakin Alim Qasımov muğamı Avropaya əsrarəngiz Şərq ekzotikası kimi təqdim edib. Bu ekzotik gözəlliyin cilvələrini duyduqca, heyrətamiz səsin əlvan sehrinə düşdükcə, qoca Şərqin nəfəsini, havasını udurmuş kimi avropalılar sanki muğamatın səcdəsinə düşüblər. Fransanın minlərlə tamaşaçı tutan konsert salonlarında istedadlı Azərbaycan xanəndəsi özünəməxsus, orijinal tərzdə bir muğam aurası yarada bilib. Şərq klassiklərini – Nizamini, Nəsimini, Füzulini, Xaqanini, Seyyid Əzimi, Vahidi tərcümansız-filansız musiqinin dili ilə qərblilərə sevdirən xanəndəyə bənzərsiz bir muğam ifaçısı kimi bağlanıblar. Onu az qala Şərqin əbədi məhəbbət dastanının qəhrəmanı olan Məcnun kimi sevirlər. Gözəl sənətçimiz isə cünuni atəşlə muğam və təsniflərimizi, xalq və bəstəçi mahnılarımızı çox orijinal tərzdə dünyaya yaymaqdadır.
Ən maraqlısı isə budur ki, vaxtı ilə müsəlman Şərqinin yeni musiqisinin banisi dahi Üzeyir bəy Hacıbəyli ölməz musiqi əsərləri ilə Avropanı Azərbaycana tanıtmışdı. Bundan 100 il sonra Alim Qasımov möhtəşəm və orijinal ifası ilə Azərbaycan muğamlarını Avropaya – Qərb dünyasına tanıtmaqdadır.
Əsrimizin muğam sultanı hesab edilən Alim Qasımov sanki bu gün Şərqdən Qərbə doğru qədim İpək yolunda ahəstə gedən karvanın saribanı kimi muğam kəhkəşanımızın zəngin incilərini dünyaya nümayiş etdirməkdədir. Alimin ifasını dərk etmək üçün muğamatın alimi olmaq gərəyi yoxdur. Alimin muğamatını dərk etmək gərəyi var. Deyirlər ki, qəlbləri riqqətə gətirən gözəl musiqinin sərhədi, tərcümanı olmur. O qulağa deyil, məhz qəlbə, ruh dünyasına süzülür.
Musiqi bilicilərinin dili ilə desək, musiqi həqiqətdir, muğam isə onun istinadgahı, məbədidir. Muğamlarımızın orijinal ifaçısı haqqında Londonun “Tayms” qəzetinin yazdığı kimi: “Qasımovun ecazkar səsi zildə səslənirdi. Virtuoz ifa texnikası və gəzişmələr dinləyicini valeh edirdi. Musiqi sədaları pərdə-pərdə qalxıb-endikcə, xanəndə də dərin və təsirli emosional rezonansı gücləndirərək dil sərhədlərini aşırdı, halbuki, o, Azərbaycan dilində oxuyurdu...”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli orijinal ifası ilə qərblilərin xüsusi rəğbətini qazanmış Alim Qasımov haqqında belə deyir: “Görünür, xanəndənin nəinki virtuoz səsi, onun ifa manerası, muğamlarımızı özünəməxsus şəkildə təqdim etməsini Qərb aləmi daha yaxşı dərk və qəbul edir”.
Xoş təsadüflü bir tədbirdə istedadlı xanəndəmizlə həmsöhbət olarkən Azərbaycanın muğam arealındakı bugünkü vəziyyətlə bağlı onunla fikir mübadiləsi apardıq. Peşə vərdişimdən istifadə edib Alim Qasımovun söhbətini diktafon lentinə aldım. Bu da bir tarixdir deyə, həmin söhbəti muğamsevərlərin ixtiyarına veririk.
– Alim müəllim, Azərbaycanın bir ustad sənətçisi kimi sizinlə hər görüşə şadıq. Mən demək olar ki, sizin Filarmoniyadan tutmuş Respublika Sarayınadək keçirilən bütün konsertlərinizdə iştirak etmişəm. İndi pərəstişkarlarınız üçün çox maraqlıdır, paytaxtımızda növbəti konsertiniz inşallah, nə vaxt olacaq?
– Hazırda səsimdə bir az xoşagəlməzlik yaranıb, səhhətimlə bağlı bir balaca müalicə alıram. Həm də bu zəmin özü yetişməlidir. Bir az əziyyət çəkmək lazımdır. Tarixini dəqiq deyə bilmərəm. Yəqin ki, böyük Allahın köməyi ilə tamaşaçılarımızı çox da intizarda qoymarıq.
– Alim müəllim, son illər keçirilən muğam müsabiqələrinə münasibətiniz necədir? İzləyə bilirsinizmi?
– Dövlətimizin və onun zəngin muğam irsinin himayədarı olan insanların, xüsusilə Mehriban xanımın köməyi ilə muğam müsabiqələri artıq bir ənənə şəklinə dönüb. Bu çox yaxşıdır. Lakin tarixə nəzər yetirsək, xalqın qəlbində yaşayan elə sənətkarlar var ki, indiyə qədər onlar demək olar heç bir müsabiqədən keçməyiblər. Çünki onlar xalqın süzgəcindən keçiblər. Muğam müsabiqələrində seçilən ifaçılardan da yenə elələri qalacaq ki, müsabiqədən yox, xalqın süzgəcindən keçsin.
– Məsələn, sonuncu muğam müsabiqəsində I yer tutmuş Mirələm Mirələmov sizin süzgəcinizdən keçə bilibmi?
– Əstəğfürullah, mənim süzgəcim yoxdur. Onu tarix yetişdirir. Onu Azərbaycan xalqına Allah özü qismət edir. O haqda mən heç nə deyə bilmərəm. Öz yaşına, boyuna, səsinə görə Mirələmdə hər şey gözəldir. Amma tarixə yazılmaq, bizim böyük klassiklərlə gəlib bir cərgədə dayanmaq, o, Allahın qismətidir. Və bir də bu, onun istedadı və zəhmətkeşliyinin bəhrəsi olacaq. Dahi sənətkar kimi tarixə düşmək çox çətin və şərəflidir. Çünki xanəndə tanınandan sonra gərək tamaha-pula, eyş-işrətə “yox” deməyi bacarsın. Əgər sənətkar onun sənətini korlayan vərdişlərə aludə olmasa, mənə elə gəlir ki, onu ikitərəfli alqışlamaq lazımdır. Bu, gənclərin gələcəkdə əziyyətə qatlaşmalarından, özlərini daim cilalamalarından çox şey asılıdır. Onların zəmanələri biz düşən zəmanəyə düşmədi. Nə elə toyxana, nə də ki, elə dinləyici var. Çünki toy mağarı həmişə məktəb sayılıb. Restoranlarda isə tələbkar, dərin muğam biliciləri olsa da, xanəndəyə nə isə irad tutulmur. İndiki gənclərimizin əksəriyyəti tələbkarlıq yoxdur deyə, məsuliyyət hissini də azaldırlar.
– Ümumiyyətlə, gənclərimizlə, xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı fikrinizi bilmək istərdik. Bildiyimizə görə ABŞ-a sonuncu qastrol səfərinizdə zal gənclərlə dolub-daşırmış. Hətta bir zənci Azərbaycan bayrağına bürünərək “Yaşasın Azərbaycan, yaşasın muğam” deyə qışqırırmış...
– Biz gənclərimizə çox sərbəstlik verməliyik. Lakin onlar da öz məsuliyyətini dərk eləməlidir. Məni xaricdə təhsil alan tələbələrin aqibəti daha çox düşündürür. Doğrudur, dövlətimiz onlar üçün çox gözəl şərait yaradıb. Və onlar da xaricdə yüksək ali təhsil alırlar. Lakin təhsili bitirdikdən sonra da bu məzunların Vətənə qayıdıb işlə təmin olunmalarına, xalqımıza xidmət etmələrinə çox böyük önəm verilməlidir. Çünki ölkəmizin inkişafı bu gənc mütəxəssislərin təcrübəsindən qazana bilər. Hər dəfə xarici qastrollarda orada təhsil alan azərbaycanlı gənclərlə görüşəndə sevincim kükrəyib daşır. Nə qədər də olsa, onlar mənim soydaşlarımdır, mənim doğmalarımdır.
– Alim müəllim, adətən sizin müşayiətçiləriniz də istedadlı və virtuoz gənclərimiz, ustad sənətkarlarımız olur. Elə sənətkarlar varmı ki, siz onların müşayiəti ilə oxumaq istərdiniz? Məsələn, Hacı Həmidoğlu bu günümüzün ustad ifaçılarındandır. Siz onun müşayiəti ilə konsert verərdinizmi?
– Hacının adı elə dövrümüzə düşüb ki, hamı bir-birinə “Hacı” deyir. Amma onun əsl adı elə Hacıdır. Hacı Həmidoğlunun musiqi duyumu və musiqi hissi doğrudan da çox tərifəlayiqdir. Hacı ilə mən gənc\ vaxtlarımda toylarda çox olmuşam. Onun gözəl məclis aparmağı və yüksək sənətçi duyumu ona şərəf gətirib, nüfuz qazandırıb. Qədim ustadlarımız ki, olub, Nadir Axundov, Şəmsi İmanov, Əşrəf Əşrəfzadə onların klarnetinin səsi, Azərbaycana məxsus çalarları hal-hazırda Hacının ifasında daha çox duyulur. Mən toyda xanəndə kimi də, qonaq kimi də Hacı ilə çox olmuşam. O, xalqımıza məxsus olan qədim rəqsləri elə gözəl ifa edir ki, doğrudan da adamın sümükləri oynayır. Bir çox toylara da qonaq kimi gəlmişəm, məmnuniyyətlə Hacının ifasında muğamlara, oyun havalarına qulaq asıb feyziyab olmuşam. Toylarda, el şənliklərində onu sürəklə alqışlamaq ondan irəli gəlir ki, onun istedadından başqa eyni zamanda onda yaradıcılıq və virtuoz improvizələr var.
Bəzən klarnetdə musiqiləri bir-birinə
“calaq” edirlər. Ona da el dilində “komplektlər”, “popuri” deyirlər. Hacı da bu “komplektləri” çox gözəl ifa edir. Bu da
mənim çox zövqümcədir. Həm də
o, muğamlara çox
həssaslıqla, sənətkarlıqla
yanaşır. Fondda yetərincə
şedevr diskləri
var. Bundan sonrakı muğamsevər nəsillər
də Hacıya məmnuniyyətlə qulaq
asacaq.
Bir var nəfəslə, bir var ürəklə, bir də var
ki, insan ruhu ilə ifa
edir. Hacıya yaraşan da
odur ki, o, özündə ifasının
obrazını yarada bilir. Yəni, bu sənətkar
üçün böyük
bir şeydir. Məsələn, sənətkar rəqs
ifa edəndə elə bilir ki, oynayanların arasındadır. Çünki o obrazla çalınmasa, o hala düşməsə sənətkarın sənəti
heç vaxt yaşamaz. Düşünürəm
ki, mütləq bizim bir şedevr
konsertimiz nə vaxtsa ola
bilər. Sadəcə səslənmə tərəfindən gərgin
məşqlər olmalıdır.
İnşallah, hər işin
zamana ehtiyacı var.
– Alim müəllim, son dövrlər bu təltiflər yağışına necə baxırsınız? Sənətkar üçün dövlət təltifi əsasdır, yoxsa xalqın alqışları?
– Vallah, təltifi də çoxaltdılar. Bəlkə mən də kimlərinsə xoşuna gəlmirəm, ola bilər. Amma elə sənətkarlar təltif edilməlidir ki, gələcək nəsillər də istəyələr ki, o sənətkarlara oxşasınlar. Çünki bəzən gənclərimiz çaşır ki, mən hansı tərəfə gedim. Hər tərəf xalq artistidir, əməkdar artistdir. Bu gələcək nəsli bir az çaşdıracaq. Bilməyəcək “xalq artisti”ndən öyrənsin, yoxsa xalqın sənətkarından. Əvvəllər hamı istəyirdi ki, xalq artisti olsun, lakin bu titul ancaq əsl sənətkarlara verilirdi. İndi bir az başqa cürdür. İnşallah, yəqin ki, bu da süzülüb-süzülüb hansısa bir süzgəcdən keçməli olacaq. Yenə deyirəm bunda da zamana ehtiyac var.
– Alim müəllim, maraqlı söhbət üçün sizə təşəkkür edir, cansağlığı arzu edirik. Yəqin ki, pərəstişkarlarınızı çox da intizarda qoymayacaqsınız.
Mirvari Rəhimzadə,
əməkdar jurnalist
525-ci qəzet.- 2011.- 12 noyabr.- S.19.