Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət

 

Azərbaycanda informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. Artıq uğurla başa çatdırılan “Elektron Azərbaycan” Dövlət Proqramının birinci mərhələsi çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlar əldə olunub.

Hazırda müvafiq Dövlət proqramının ikinci mərhələsi üzrə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində vəziyyətin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb və nazirliklərə fərmanın icrası ilə bağlı tapşırıqlar verilib.

 

Əhaliyə göstərilən xidmətlər elektronlaşıb

 

Tapşırıqlara uyğun olaraq dövlət orqanları elektron xidmətə keçidlə bağlı xeyli işlər görülüb. Ədliyyə Nazirliyindən bildiriblər ki,

nazirliyin internet saytında yaralıdan xüsusi elektron xidmət bölməsinin və Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizin bütün məhkəmə sistemi üçün hazırlanmış vahid internet portalındakı elektron xidmət bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə bilmək imkanı qazanıb: “Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılıb”. Dövlət Sosial Müdafiə Fondundan isə bildiriblər ki, onların təqdim etdiyi yeni elektron xidmət sığortaedənlərdən hesabatların elektron formada qəbulunu nəzərdə tutur: “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir”. Vergilər Nazirliyi də bu sahədə bir sıra uğurlara imza atıb. Belə ki, Vergilər Nazirliyi iyulun 7-dən fərdi sahibkarların elektron qeydiyyat layihəsini ictimaiyyətə təqdim edib. Bu il iyulun 1-dən fiziki şəxslər ofis və ya evdən çıxmadan Nazirliyin Vergilərin Elektron İdarəsinə elektron ərizə göndərib biznes həyata keçirmək hüququ əldə edib. Əgər əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeydiyyata 2 sutka vaxt itirirdisə, bu, indi bir neçə dəqiqə çəkir. Bu təkcə vaxt yox, vəsaitə də qənaət deməkdir. Göstərilənlərlə yanaşı, bu il ölkədə elektron imza istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, əhali və biznes qurumlarına elektron imza xidmətləri göstərmək üçün 3 mərkəz fəaliyyət göstərir. Əsas mərkəzin tərkibində “Elektron hökumət mərkəzi” və “Hökumət orqanları mərkəzi” təşkil edilib. Dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün elektron imzadan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla iqtisadi əsaslandırma nəticəsində müəyyən olunub. Əhali üçün güzəştli qiymətlər tətbiq edilib”.

Elektron imzanın tətbiqi əhalinin dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanlarını genişləndirəcək, onlara daha təkmil, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək, e-ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxararaq ölkədə elektron hökumətin formalaşmasına ciddi təkan verəcək. “Elektron Azərbaycan” dövlət proqramı rəsmi strukturların, habelə bələdiyyələrin informasiya baxımından cəmiyyətə açıq olmasını təmin etməyə, hər bir təşkilatın rəsmi internet saytının, blogunun, portalının yaranmasına hesablanmışdı. Bələdiyyələrin elektron resurslarla təminatı bu sahədə aparılan işlərin başa çatmasına və ən əsası nəticə verməsinə gətirib çıxaracaq. İnformasiya Texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirib ki, Bələdiyyələrin elektron resurslarla təminatı sayəsində Bələdiyyənin fəaliyyəti, büdcəsi, təklif etdiyi xidmətlər, boş iş yerləri və işə qəbul qaydaları, sahə işçilərinin əmək haqları, vətəndaşların qəbul qaydaları və qəbul vaxtları, keçirdiyi tender və müsabiqələr haqqında məlumatlar bu resurslarda əks olunmalıdır: “Hətta vətəndaşın elektron formada ərizə ilə müraciəti, şikayəti də bu yolla təmin edilə bilər”. Onun sözlərinə görə, Azərbaycanda vahid bələdiyyə resursunun yaradılması ilə bağlı yeni bir təşəbbüs var.

 

Elektron xidmətlər üçün kadr hazırlığı

 

Elektron cəmiyyətin qurulmasında kadr hazırlığı önəmli məsələlər sırasındadır. Bu mərhələdə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, İnternetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına dair məsələlərin həlli nəzərdə tutulur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bizimlə söhbətində bildirdi ki, əldə etdiyimiz elmi nailiyyətlər, eyni zamanda dünya üzrə qabaqcıl texnologiyaların Azərbaycana transformasiya olunması və tətbiq edilməsi, cəmiyyətin bütün sahələrində informasiyalaşdırma prosesində mövcud olan problemlərin həllinə böyük dəstək verir: “Elektron Azərbaycan” Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar institutumuza tapşırılan bir sıra elmi-praktiki işlər yerinə yetirilib, bu istiqamətdə işlər yenə də davam etdirilir. Həmçinin biometrik eyniləşdirmə sisteminin yaradılması, təhsil sisteminin informasiyalaşdırılması, yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramlarının icrası ilə bağlı müəyyən işlər görürük.

Ölkəmizdə İKT sektoru üçün kadrların hazırlanması bu gün prioritet məsələlər sırasındadır. İnformasiya cəmiyyəti və onun tərkib hissəsi olan e-dövlət quruculuğu üçün bu kadrlara böyük ehtiyac var. Ölkəmizdə informasiya cəmiyyətinin kadr bazasının tələbatını müəyyənləşdirmək, monitorinqini aparmaq və problemləri müəyyənləşdirərək həlli yollarını tapmaq məqsədi ilə biliklər iqtisadiyyatının formalaşdırılması sahəsində xüsusi kadrların hazırlanması nəzərdə tutulub”.

 

Neftdən sonra ikinci ən gəlirli sahə

 

İKT sahəsində beynəlxalq əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Sahə üzrə bir sıra hökumətlərarası saziş, memorandum, protokol və müxtəlif təyinatlı sənədlər imzalanıb, çoxsaylı beynəlxalq biznes-forumlar, sərgi və konfranslar təşkil edilib. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilib. Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi, İKT sektorunun inkişafı rəqəmlərdə də öz təsdiqini tapır. Belə ki, bu ilin 9 ayında ölkədə İKT sektorunda artım tempi 12,4 faiz, telekommunikasiya sektorunda 8,3 faiz, informasiya texnologiyaları (İT) sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8 faiz təşkil edib. Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın olub. Əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir. Bir müddət öncə “Azərcell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərilməsi üçün lisenziyalar verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb. Cari ilin 9 ayında rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artaraq 932,9 milyon manat təşkil edib. Sektorda əldə olunan gəlirlərin təxminən 76 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Sahə üzrə gəlirlərin ümumi daxili məhsulda (ÜDM) payı 1,7 faiz, qeyri-neft ÜDM-də isə 3,6 faiz olub. Telekommunikasiya sektoru üzrə gəlirlərin 67,5 faizi mobil operatorların payına düşüb. Mobil sektor üzrə real artım tempi 3,4 faiz təşkil edib. Artıq 7-8 ildir Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32 faiz təşkil edir. Bu, dünya göstəricisini 2-2,5 dəfə üstələyir. Bütün bunlar ölkədə İKT sektorunu iqtisadiyyatda neftdən sonra ikinci gəlirli sahəyə çevirib. Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına görə dünyanın 10 ən yüksək inkişaf etmiş ölkələri sırasında yer alıb.

Bütün deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qarşıdan gələn elektron idarəetmə inqilabı elektron xidmətlərdən yararlanan vətəndaşlara və onların elektron bizneslərinə müsbət təsir edəcək. O, vətəndaşların ehtiyaclarını ödəmək məqsədilə qurulmuş xidmətlər potensialını təklif edir və eyni zamanda biznesin daha şəffaf aparılmasına şərait yaradır.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 12 noyabr.- S.26-27.