Emin Həsənli: “Son zamanlar Azərbaycanda media ilə Silahlı Qüvvələr arasında çox sıx və səmərəli əlaqələr yaradılıb”

 

“MÜHARİBƏ VƏZİYYƏTİNDƏ OLAN ÖLKƏDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNƏ XÜSUSİ ÖNƏM VERİLMƏLİDİR, KİV NÜMAYƏNDƏLƏRİ BU SAHƏDƏ DÜZGÜN VƏTƏNDAŞLIQ MÖVQEYİNDƏN ÇIXIŞ ETMƏLİDİRLƏR”

 

“Ordunun cəmiyyət arasında təbliği, ordu media münasibətləri bu gün Azərbaycanda ən zəruri məsələlərdən biridir. Hər bir dövlət üçün, hər bir ordu üçün bu olduqca vacib amildir. Medianın hər zaman marağı olub ki, məlumat alsın. Ordu ilə bağlı cəmiyyətdə maraq doğura biləcək məlumatı ictimaiyyətə çatdırsın. Azərbaycan Silahlı Qüvvələrinin, dövlətin marağı, dövlət sirləri var. Təbii ki, bəzi məsələlər var, onlar mətbuatda işıqlandırılmamalıdı. Bu məsələlərin mətbuata çıxarılması dövlətin, ordunun imicinə zərbə vurar. Xüsusən də müharibə dövründə. Burada hardasa bir vicdan senzurası olmalıdır”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə əsasən, son zamanlar Azərbaycanda media ilə Silahlı Qüvvələr arasında çox sıx və səmərəli əlaqələr yaradılıb: “Qeyd edim ki, 2005-ci ildən etibarən Ordunun Dostları Mətbuat Klubu hərbidən yazan jurnalistlərin, ölkənin aparıcı qəzetlərinin baş redaktorlarının cəbhə xəttində olan hərbi hissələrə səfərlərini təşkil edir. Həmçinin mətbuat nümayəndələri Hərbi Akademiyada, hospitalda, Təlim Tədris Mərkəzində, Ali Hərbi Məktəbdə də olublar. Mətbuat nümayəndələri ilə yanaşı biz gənclər və idman naziri Azad Rəhimovun, millət vəkillərinin, idmançıların, ziyalıların, yazıcıların da sözügedən hərbi hissələrə səfərlərini həyata keçirmişik. Jurnalistlər həm Müdafiə Nazirliyinin mətbuat xidməti, həm də Ordunun Dostları Mətbuat Klubu vasitəsilə ordunun təlimlərində, tədbirlərində iştirak edib, əsgərlərlə görüşüblər. Ziyalıların, millət vəkillərinin, nazirlərin, jurnalistlərin hərbi hissələrə səfəri əsgərlərdə mənəvi, psixoloji hazırlığın yüksəlməsiinə səbəb olur. Əsgərlər Azərbaycanın ictimaiyyət nümayəndələrinin onlara baş çəkmək üçün hərbi hissəyə gəldiyini görüb fərəh, qürur hissi keçirirlər. Ziyalılar, millət vəkilləri hərbi hissələrə getməklə orduya nə qədər önəm, dəyər verdiklərini əsgərlərə sübut etmiş olurlar. Jurnalistlər hərbi hissələrə səfər edən zaman olduqları hərbi hissədən maarifləndirici material hazırlayır ki, bu da ordu haqda cəmiyyətə doğru-düzgün məlumatın ötürülməsinə kömək edir. Ən önəmlisi odur ki, bizim peşəkar hərbi jurnalistlər yetişir. Necə ki, birinci Qarabağ savaşı dövründə bizim vahid komandanlığa əsaslanan güclü ordumuz yox idi və məğlubolma səbəblərindən biri o idisə, ikinci səbəb də düzgün informasiya siyasətinin olmamasıydı. O dövrdə ordu, mövcud vəziyyət haqda ictimaiyyətə doğru məlumat ötürülmürdü. Bu da əhali arasında çaşğınlığın yaranmasına səbəb olurdu. Eyni zamanda düşmən tərəfə bilməyərəkdən ordu barədə deyilməsi lazım olmayan məlumatlar ötürülürdü. Düzdü, birinci Qarabağ savaşında da bir neçə peşəkar hərbi jurnalist var idi. Ancaq onlar azlıq təşkil edirdi. Amma indi ordudan yazan peşəkar jurnalistlərin sayı kifayət qədərdir. Onların da hərbi hissələrdə əsgərlərlə, komandirlərlə, zabitlərlə ünsiyyətdə olmağı, hərbi təlimlərdə iştirak etməyi təbii ki, ikinci Qarabağ savaşı başladığı zaman öz müsbət təsirini göstərəcək. Onlar ictimaiyyətə doğru, dəqiq, Azərbaycanın milli marağına uyğun məlumat ötürməklə yanaşı düzgün informasiya siyasəti apara biləcəklər. Fikrimcə biz bu istiqamətdə bir neçə mərhələdə iş aparmalıyıq. Həm haqlı davamızı beynəlxalq aləmə çatdırmalıyıq, həm də Azərbaycan xalqını, gəncləri maarifləndirməliyik. Biz jurnalistlərin hərbi hissələrə səfərini təşkil etdikdən sonra onlar ordudakı real vəziyyəti öz gözləri ilə gördülər. Əsgərlər üçün yaradılan şərait, kazarma şəraiti, onların yüksək kalorili qidayla təminatının yüksək səviyyədə olmasının şahidi oldular. İnanın ki, bu səfərlərdən sonra jurnalistlərin orduya olan münasibətində müsbət tərəfə dəyişikliklər yarandı”.

E.Həsənlinin dediyinə görə, ictimaiyyətin orduya dəstəyi böyükdür. Artıq fərəhlə demək olar ki, Azərbaycanda orduya ictimai nəzarət prosesi formalaşıb. Bununla yanaşı Azərbaycana səfər edən müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, insan hüquqları üzrə təmsilçilər də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Onlar əsgərlərin xidmətilə bağlı bir günlük prosesi öz gözləri ilə izləyirlər. Onlar da Azərbaycan Ordusunun dünyanın inkişaf etmiş orduları ilə bir səviyyədə olduğunu etiraf edirlər. Bəli, Azərbaycan tarix üçün qısa bir zamanda çox güclü ordu yaratmağa qadir olub. Hər bir vətəndaş, o cümlədən jurnalistlər ordumuzun güclü olması üçün çalışmalıdır”. E.Həsənli təəssüflə vurğulayır ki, bəzən bir sıra mətbuat orqanlarında ordumuzla bağlı mənfi yönümlü yazılar yer alır: “Bu kimi hallara yol verilməməli, ordumuz gözdən salınmamalıdır. Birincisi ona görə ki, Azərbaycan müharibə vəziyyətindədir. Belə bir zamanda ordunu gözdən salacaq, aşağılayacaq böhtan xarakterli yazılar qəbuledilməzdir. İkincisi ona görə ki, ordu iqtidara, müxalifətə deyil, xalqa, millətə, dövlətə məxsusdur. Orduya qrup mənafeyindən, siyasi mənafedən yanaşmaq doğru deyil. Bu cür yanaşmanın əziyyətini Dağlıq Qarabağ münaqişəsinin birinci dönəmində yaşamışıq. Mənim əsas istəyim odur ki, orduya belə yanaşmanı dayandıraq. Artıq elə bir zaman yetişib ki, biz ordumuza və ordumuzun simasında dövlətimizə sahib durmağı öyrənməliyik. Bunun üçün ziyalılar, jurnalistlər, QHT-lər bu kimi hallara mənfi münasibətlərini ortaya qoymalıdırlar”.

E.Həsənli vurğulayıb ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 20 ilə nəzər salıb, təhlillər aparsaq, görərik ki, ordumuzun inkişafı baxımından indiki zamanla 20 il bundan əvvəlki dövr arasında müqayisəyə gəlməyəcək qədər fərq var. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın o zamanlar mürəkkəb ictimai-siyasi durumla üzləşib, lakin ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib: “O dövrdə Azərbaycanda hərbi-siyasi vəziyyət çox ağır idi. Ermənistanla müharibəyə paralel olaraq ölkə daxilində vətəndaş müharibəsi gedirdi. İqtisadiyyat uçuruma sürüklənirdi. Bəzən insanlar gələcəyə bütün ümidlərini itirib, vəziyyətin heç vaxt yaxşılaşmayacağına inanmağa başlayırdılar. Rusiyanın hərtərəfli dəstəyini alan Ermənistan silahlı birləşmələri bir-birinin ardınca Azərbaycan ərazilərini işğal edirdilər. Şəhərlərdə və rayonlarda şəhid məzarlıqları sürətlə böyüyürdü. Hər bir kənd bundan öz nəsibini alırdı. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı qruplaşmaların ümidinə qalmışdı. Yeni formalaşmaqda olan Azərbaycan Ordusu isə öz imkanları daxilində bu işğalın qarşısını almağa çalışırdı. Lakin həmin illərdə ordu quruculuğunun səviyyəsi aşağı olduğundan düşmən üstünlüyü ələ alırdı. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. Vahid idarəetmə yox idi. Azərbaycanda ordu quruculuğu sahəsində qəbul olunan bəzi normativ-hüquqi aktların icra vəziyyəti də çox yarıtmaz halda idi. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət müsbətə doğru dəyişməyə başladı. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ali Baş Komandanın dəfələrlə ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması isə hərbçilərimizi düşmənlə daha da inamla mübarizə aparmağa sövq etdi. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü ilin mayında elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə start verildi, ölkədə nizami ordu quruculuğu yönündə davamlı işlər başladı”. E.Həsənlinin söylədiyinə görə, ölkədə müşahidə olunan yüksək iqtisadi artımdan dövlət başçısının bu sahəyə yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu da geniş bəhrələnib: “Silahlı Qüvvələrin şəxsi heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət ehtiyaclarının ödənilməsi, onların hüquqlarının müdafiəsi ordunun maddi-texniki və müasir silahlarla təchizatı ilə paralel olaraq yüksək səviyyədə aparılır. İndi Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycan Ordusunun inkişafı göz önündədir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılması da ordumuzun inkişafına öz müsbət töhfəsini verib. Azərbaycan artıq silah və müxtəlif növ hərbi texnika istehsal edir, onları eksporta təklif edir. Ölkəmizin hərbi texnika, silah baxımından xarici şirkətlərdən və dövlətlərdən asılılığı azalmaqdadır. Azərbaycan əsgərinin ərzaq və geyimlə təminatı da 90-cı illərə nisbətən xeyli yaxşılaşıb. Bir sözlə, bu gün düşmən qarşısında, 90-cı illərdəkindən fərqli olaraq, qat-qat daha hazırlıqlı Azərbaycan əsgəri, nizami Azərbaycan Milli Ordusu dayanıb. Bu ordu artıq regionda bir faktdır, reallıqdır və mövcud status-kvonu Azərbaycanın xeyrinə dəyişmək onun üçün çətin bir məsələ deyil”. E.Həsənli bildirib ki, bu gün Azərbaycan hərbçiləri quru, dəniz və hava sərhədlərini uğurla qoruyur, qarşıya qoyulan hər bir tapşırığı da yerinə yetirməyə layiqdir. Müstəqilliyimizin 20 illiyi Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” kəlamını sübut etdi. Azərbaycanın keşiyində duran güclü Silahlı Qüvvələri var. Prezident də çox haqlı olaraq qeyd edir ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur və regionda sülhün təminatçısıdır. Biz inanırıq ki, bu ordumuz mütləq Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Bir vaxtlar Azərbaycanın müstəqil dövlət olacağına, güclü ordusu olacağına inanmayanlar vardı. Bakı-Tiflis-Ceyhan Neft Əsas İxrac Boru Kəmərinə, Bakı-Tiflis-Ərzurum Qaz Kəmərinə əfsanə kimi baxanlar vardı, bu gün onların hamısı reallaşıb. Gec-tez Azərbaycan torpaqlarının işğaldan azad olması da reallaşacaq. Buna inam günü-gündən artır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi bəzi dövlətlərdə olduğu kimi atributlardan ibarət deyil. Biz regionda və beynəlxalq aləmdə müstəqil kurs yeridirik. Bu, Azərbaycanın necə qüdrətli dövlət olduğunun sübutudur. Azərbaycan regionun lider dövlətidir, get-gedə beynəlxalq nüfuzunu artırır. Azərbaycan hərbçiləri haqqında dünyanın ən nüfuzlu ordularının rəhbərləri, NATO rəhbərliyi yüksək sözlər deyir. Azərbaycana səfər edən müxtəlif ölkələrin müdafiə nazirləri təlim-tədris mərkəzlərində, hərbi məktəblərdə olurlar və ölkələrində də belə bir şərait olmasını arzulayırlar. E.Həsənli qeyd edib ki, KİV ordunu düzgün təqdim etməyi bacarmalıdır. Əlbəttə problemlərə göz yummaq da olmaz lakin hər bir sahədə olduğu kimi, orduda da müəyyən problemlərin olması təbiidir. Bu cür problemlərə bütün ordularda rast gəlmək mümkündür: “Xırda problemlər bütün sahələrdə mövcuddur. Ancaq bu xırda məsələni böyütmək, şişirtmək doğru deyil. Fikrimcə, cəmiyyətə təqdim olunan məlumatlar ordudakı müsbət meyllərin üstünə kölgə salmamalı, milli təhlükəsizlik maraqlarına zidd olmamalı və odunun nüfuzuna xələl gətirməməlidir. KİV nümayəndələri hərbi komandanlıq ilə münaqişə yox, əməkdaşlıq şəraitində öz xidməti vəzifələrini həyata keçirməyə çalışmalıdırlar. Azərbaycanı istəməyən qüvvələr ordumuzun, ölkəmizin zəif olmasını göstərmək istəyirlər. Azərbaycan Ordusunun imicinə xələl gətirəcək yazılar yazan hər kəs unutmamalıdır ki, atəşkəsi hər gün pozan düşməni yalnız və yalnız güclü ordu susdurmağa qadirdir. Bu kimi yazılar isə orduda ruh düşkünlüyü yarada bilər. Dünyanın ən güclü ordusunda belə nöqsan ola bilər. Bu, qaçılmazdır, çünki ordu cəmiyyətin bir hissəsidir”.

 E.Həsənlinin sözlərinə əsasən, müharibə vəziyyətində olan ölkədə informasiya təhlükəsizliyi məsələsinə xüsusi önəm verilməlidir. Bu sahədə KİV nümayəndələri düzgün vətəndaşlıq mövqeyindən çıxış etməlidirlər: “Azərbaycan Silahlı Qüvvələri bütün cəmiyyətin maraq dairəsindədir. Hamı onun təhlükəsizliyini qoruyan, vətənin keşiyində duran ordunun vəziyyəti ilə maraqlanır. Ancaq orduda olan reallıqları ictimaiyyətə çatdırmaq lazımdır. Biz hamımız orduya dəstək olmalıyıq. Hansısa mənfi hal olanda bəzi mətbuat orqanları orduda keçmişdən bu günə qədər baş verən bütün mənfi halların xronikasını araşdırmağa başlayırlar. Niyə müsbət tərəfləri də vermirlər? Obyektivlik onda olardı ki, mənfi tərəfləri deməklə bərabər, müsbət tərəfləri də qeyd edəydilər. Bildirirlər ki, orduda cəzasızlıq mühiti var. Doğru deyil. Hər il nöqsana yol vermiş xeyli zabit cəzalandırılır, həbs edilir, rütbəsi alınır. Hətta sübut olundu ki, yuxarı səviyyədə, general rütbəsi belə, kimdənsə alına bilər. Hərbi Prokurorluq, Hərbi Məhkəmə, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyinin öz rəhbərliyi orduya nəzarət edir. Müdafiə Nazirliyinin özünün Hüquq İdarəsi, Təhqiqat İdarəsi, Tərbiyəvi İşlər İdarəsi var. Belə faktlar təhlil edilir, onu törədən səbəblər axtarılır, o səbəblərin aradan qaldırılmasına çalışılır. Biz çalışmalıyıq ki, cəmiyyətdə, orta məktəblərdə, baxçalarda, ailələrdə də xeyli işlər aparaq. KİV də vətənpərvərlik mövzusunda xeyli işlər aparmalıdır. Əsgərliyə 18 yaşında gəlir gənclərimiz. 18 yaşına qədər biz onu hazırlamalıyıq. Xidmət zamanı isə zabitlərin işi onlara hərbi təlim verməkdən ibarətdir. Bütünlükdə bu proses tək ordunun üzərində ola bilməz, bütün cəmiyyət bu işlə məşğul olmalıdır”.

 E.Həsənli deyib ki, vətənpərvərliyin təbliği istiqamətində media xüsusi rola malikdir: “Bu gün həm yazılı KİV-də həm də televiziyada gəncələrdə vətənpərvərlik ruhunun aşılanması, onların vətənpərvər bir vətəndaş kimi yetişməsi üçün müəyyən işlər görülür. Ancaq istər qəzetlərdə, istərsə də televiziya kanallarında vətənpərvərliyə həsr olunan mövzulara daha çox üstünlük verilməlidir. Bütün media orqanları hərbi vətənpərvərlik mövzusuna xüsusi yer ayırmalıdır, gənclər arasında vətənpərvərliyi təbliğ etməlidir. Bütün inkişaf etmiş ölkələrdə media dövlət, vətən, ordu məsələlərinə geniş yer verir. Biz də dünya ölkələrinin bu təcrübəsindən istifadə etməliyik. Düşmənin əsl qəhrəmanları yoxdu, uydurma qəhrəmanları var. Onlar da bu uydurma qəhrəmanlarını şişirdir, böyüdür, gerçək qəhrəman kimi təqdim edir. Ancaq Azərbaycanın vətəni uğrunda canından, qanından keçən əsl qəhrəmanları var. Bu gün ölkədə müxtəlif səpkili seriallar çəkilir, bu seriallar da hər kəs tərəfindən böyük maraqla izlənilir. Çox istərdim ki, bizim Milli Qəhrəmanlarımıza həsr olunan filmlər, seriallar çəkilsin. Milli Qəhrəmanların keçdiyi döyüş yolu, həyat salnaməsi bu gün böyüməkdə olan gənc nəsil üçün bir örnəkdir. Təəssüflər olsun ki, Azərbaycanda vətənpərvərlik tərbiyəsindən söz düşəndə bütün cəmiyyət üzünü hərbi vətənpərvərlik istiqamətində fəaliyyət göstərən təşkilatlara tutur. Belə düşünürlər ki, bütün işləri məhz bu təşkilatlar həyata keçirməlidirlər. Əslində belə deyil. Hər bir təşkilatın bu sahədə özünəməxsus fəaliyyəti var. Hesab edirəm ki, vətənpərvərlik tərbiyəsi daha çox vətəndaş hazırlanması ilə bağlı olmalıdır, nəinki hərbi sahəylə. Fikrimcə, ən yaxşı vətənpərvər insan ən yaxşı vətəndaşdır. Bu gün cəmiyyətimizdə ən çox ehtiyac duyulan vətənpərvərlik işinin təşkilindən danışırıqsa, biz birinci növbədə cəmiyyətimizdə yaxşı vətəndaşların yetişməsinə diqqət yetirməliyik”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 15 noyabr.- S.6.