Rəbiyyət Aslanova: “Dini təhlükə görmək düzgün deyil

  

Müsahibimiz Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır 

 

–Rəbiyyət xanım, necə hesab edirsiniz, dünyada, o cümlədən, dini tolerantlığın daim hökm sürdüyü Azərbaycanda dinin nə zamansa təhlükəyə çevrilməsi mümkündürmü? 

– Dinin təhlükəyə çevrilməsi bütün hallarda mümkünsüzdür. Eyni zamanda, bir xeyli müddət öncə “Dini etiqad azadlığı haqqında” qanuna edilən müvafiq dəyişikliklər də Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması, onun mənəvi məkanının qorunması yolunda atılan mühüm addımlardan idi. Yüksək mənəviyyat prinsiplərini özündə ehtiva edən dini qayda- qanunların qorunması, din-dövlət, vətəndaş-dövlət münasibətlərinin milli qanunvericiliyin müddəaları əsasında tənzimlənməsi qanuna edilən dəyişikliklərin məğzini təşkil edirdi.

Din mənəvi sərvətimizdir. Tarixi sınaqlardan çıxmış bu dünyagörüşü hər bir kəsin daxili aləminin saflaşmasına , onun kamil bir insan kimi yaşamasına, ətraflarına münasibətdə yüksək mənəvi dəyərləri rəhbər tutmasına xidmət edən həm əqidə, həm də mənəvi- əxlaqi prinsiplərdir. Din bəşər mədəniyyətinin yalnız əvəzsiz sərvəti deyil, həm də hər yeni gələn nəslin yaşadığı, üzləşdiyi və münasibətləri müəyyən etdiyi gercək tarixi reallıqdır. Hər bir insan dünyaya gələndə milli- etnik mənsubiyyətlə yanaşı, dini mənsubiyyətlə də yaşayır və onu bütün ömrü boyu qoruyur. Bu baxımdan, dini təhlükə kimi görmək düzgün deyil. . .

– Lakin bununla yanaşı, bu gün dünyanın bütün ölkələrində insana mənəvi rəhbər olmaq missiyasını yerinə yetirmək iddiasında olan təriqətlər və cərəyanlar da fəaliyyət göstərirlər. . . 

–Tamamilə, doğrudur. Ənənəvi dinlərin klassik prinsiplərinin təhrif edilməsi nəticəsində yeni dini dünyagörüşü yaratmaq istəyində olan destruktiv radikal cərəyanların fəaliyyəti hətta, yarandıqları ölkələrdə belə qadağan olunub. Axtarışında olduqları mənəvi məkanda yerləşmək, insanların şüuruna öz zərərli təsirlərini artırmaq üçün onlar bütün vasitələrdən istifadə edirlər. Öz növbəsində bu proses onların arxasında duran beynəlxalq qüvvələr tərəfindən dəstəklənir və konkret ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Həmçinin, insan azadlıqlarının təmin olunması adı altında bu zərərli ideyaların daşıyıcılarına imkanların yaradılması tələbi ilə çıxış edirlər. Cəmiyyətin mənəvi – ideoloji bütövlüyünü təhlükə altına alan bu proseslərin inkişafına isə qətiyyən, yol vermək olmaz.

Mövcud vəziyyətdən sui- istifadə edən bu təriqət nümayəndələri əksər hallarda kommersiya fəaliyyəti altında maskalanır və öz fəaliyyətlərini də getdikcə genişləndirirlər. Bu və ya digər məsələlər göstərir ki, cəmiyyətdə mənəvi birliyin möhkəmlənməsi, dini mühitin qorunması, ölkənin uğurlu inkişafı işinə daha böyük töhfə verə bilən din- dövlət münasibətlərinin əməkdaşlığının ən məqbul formalarının müəyyən edilməsi üçün qanunvericilikdə ardıcıl iş aparılmalıdır.

Azərbaycanın mütərəqqi inkişafı naminə cəmiyyət və din münasibətlərinin tərəfdaşlığı, onların bir – birindən gözləntiləri, zamanın çağırışları və yeni imkanları, bu sahədə dünya təcrübəsi, dini təhsil və maariflənmə və sair məsələlər həmişə diqqət mərkəzindədir. Ona görə ki, Azərbaycan qloballaşma əsrində çox çətinliklə əldə etdiyi müstəqil dünyəvi dövlətçiliyinin mənəvi təməllərini qorumaqda, möhkəmləndirməkdədir və bunu milli maraqlarının əsas məsələlərindən biri kimi Milli Təhlükəsizlik Konsepsiyasına daxil edib. Azərbaycanda müstəqil dövlət və din münasibətlərinin 20 illik tarixi var. Azərbaycan sözün əsl mənasında tolerantlıq modeli ilə tanınan dünyəvi bir ölkədir.

Əsas qanunumuz Azərbaycanı dünyəvi dövlət kimi bəyan edib. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda nəinki öz mənəvi köklərinə qayıdış təmin olunub, həm də ölkəmizdə yaşayan bütün xalqların dini dəyərlərinə diqqət və qayğı ilə yanaşılıb. Müstəqilliyin ilk illərində milli və dini dircəliş baş qaldırarkən isə dövlətin müvafiq tənzimləmə mexanizmi yaradılmamışdı. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” qanun qəbul edilərkən onun müddəaları yeni situasiyanın tələblərinə tam cavab verə bimirdi. 1990-92- ci illər ərzində yaranmış şəraitdə Azərbaycana müxtəlif dini təriqət və cərəyanların axını güclənmişdi.

Xarici vətəndaşların dini təşkilatlar təsis etməsi, xarici dini təşkilatlar tərəfindən dini obyektlərin tikilməsi, İslamın Azərbaycan modelinin formalaşmaması xaotik bir durum yaratmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda din-dövlət münasibətlərinin formalaşması başlanğıc götürdü. 1995- ci ildə qəbul edilən Konstitusiya bu sahədə mövcud olan qeyri- müəyyənlikləri aradan qaldırdı. “Dini etiqad azadlığı haqqında” qanuna edilən hər yeni dəyişiklik gercək tələblərə milli qanunvericiliyin cavabı idi. 1997 –ci ildə edilən qanuna dəyişikliklər isə Azərbaycan vətəndaşının mənəvi təhlükəsizliyinin təmin olunmasi ucun olduqca vacib addım idi. Bunun nəticəsində xaricdən Azərbaycana axın edən zərərli missioner təriqətlərin qarşısi alındı. Azərbaycanda hər hansı bir icmanı yalnız Azərbaycan vətəndaşı yarada bilərdi. Qanuna edilən dəyişikliklər Azərbaycan Respublikasında dini qurum və icmaların fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumların dövlət orqanları ilə münasibətlərinə dair məsələlərin tənzimlənməsi ücün əsas yaradırdı. Bu gün də milli qanunvericiliyimizdə qanunlara edilən hər bir dəyişiklik ilk növbədə xalqımızın maraq və mənafeyinə xidmət edir. Əgər bu gün qloballaşma dövrünün mənfi təzahürlərindən olan mənəvi –ideoloji manipulyasiya səylərinə qarşı mənəvi müqavimətin təşkil edilməsi, mənəvi immunitetin formalaşdırılması ücün ciddi addımlar atılırsa, qanunda bu öz əksini tapırsa, bu “Dini etiqad azadlığı haqqında” qanunun daha da mükəmməlləşməsi deməkdir.

–Bildiyiniz kimi, “Dini etiqad azadlığı haqqında” qanuna növbəti əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bir komitə sədri kimi bu haqda nə deyərdiniz? 

 –Bu dəyişikliklərim mahiyyəti ondan ibarətdir ki, 2009 –cu ildə qanuna edilən əlavələrdə dini təyinatlı ədəbiyyatın Azərbaycana gətirilməsi ilə əlaqədar konkret tələblər irəli sürülmüşdü. Bu ədəbiyyatların məzmunu ekspertlər tərəfindən yoxlanılmalı, insan beynini zombiləşdirən, onu aqressivləşdirən, dini nifaqa, qarşıdurmaya səsləyən kitabların Azərbaycana gətirilməsinə qadağa qoyulur. Lakin görünür, müəyyən dini icmalar qanunun bu vacib müddəasına məhəl qoymaq istəmirlər. Dini təyinatlı mağazalarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı olmadan dini kitablar satılır. Bu kitablarda olan fikirlər isə gəncliyin kosmopolit ruhda böyüməsi, milli maraq, milli kimlik, milli mənafe kimi ali mənəvi dəyərlərə laqeydlik hissi formalaşdırır. Sabahımız olan gənc nəclin sağlam ruhda böyüməsi, dininə, dilinə, tarixinə dövlətinə, torpağına, xalqına sədaqətli Azərbaycan vətəndaşı olması üçün hər birimiz məsuliyyət daşıyırıq.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 15 noyabr.- S.6.