“Əzablı yollar” (“Məlikməmməd”)
film-nağılı Rusiyada bərpa edilib
Azərbaycan
Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə
xalq artisti, kinorejissor Tofiq İsmayılovun “Əzablı
yollar” (“Məlikməmməd”) film-nağılını bərpa
edib. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad
Qasımovun APA-ya verdiyi məlumata görə, filmin bərpası
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
həyata keçirilib. 1982-ci ildə “Azərbaycanfilm”
Kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Oqtay Məmmədov,
quruluşçu rejissoru Tofiq İsmayılov,
quruluşçu operatoru Şərif Şərifovdur. Baş
rollarda Yaşar Nuri, Eldəniz Zeynalov, Siyavuş Aslan, Həmidə
Ömərova və başqaları çəkilib. Azərbaycanın
məşhur “Məlikməmməd” nağılı əsasında
çəkilən film uşaqlar üçün nəzərdə
tutulub. Filmin bərpa olunmuş variantı bu yaxınlarda AzTV-də
nümayiş olunacaq. Rəşad Qasımov onu da bildirib ki,
Dövlət Film Fondunda görkəmli kinorejissor, əməkdar
incəsənət xadimi, dövlət mükafatı
laureatı Arif Babayevin “Alma almaya bənzər” filmi də bərpa
olunub. 1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən
filmin ssenari müəllifi Alla Axundova, quruluşçu
operatoru Valeri Kərimov, bəstəkarı Ramiz Mirişlidir.
Baş rollarda Hüseynağa Sadıqov, Fazil Salayev,
Hacıbaba Bağırov, Səfurə İbrahimova və
başqaları çəkilib.
525-ci qəzet.-
2011.- 16 noyabr.- S.7.