“Min illik suallar sualdı yenə...”
Şair Hüseyn Bağıroğluna 50
yaşı münasibətilə açıq məktub
Salam,
Hüseyn müəllim. Ustad Aşıq Alı “...Keçən sözü
çəkmə üzə, Keçən keçdi, olan
oldu”, – deyirdi. Ancaq neyləməli ki, mən
ustadımızın belə qəti hökmünə bu dəfə
əməl etməyəcəyəm. Olanları,
xatirimdən heç vaxt silinməyənləri “üzə
çəkəcəyəm”. Öncədən
söz də verirəm, əgər təhrifə və tərifə
yol versəm, “qələm dar ağacım olsun!”
Sizi yeddi il bundan əvvəl tanımışam. “Adam kölgəsinə səsləmə məni”
kitabınızdan görünən səslər içində
kövrək səsli Hüseyn Bağıroğlunu
gördüm. Doğulduğunuz Nehrəm kəndində
bir toyda Əlövsət İbrahimov “Mənim
qarış-qarış azalan yurdum” adlı şeirinizi “Zabul”
üstə oxuyurdu:
Min illik
suallar sualdı yenə,
Gör
kimlər ağzına su aldı yenə.
O birlik, o
dirlik sualdı yenə,
Özgə
süfrəsinə duz olan yurdum,
Mənim
qarış-qarış azalan yurdum.
Döndün Xırmanına dən
gəzənlərin,
Qəmindən şənlənib
şən gəzənlərin,
Ömründən, günündən
gün kəsənlərin,
Ayağı altında toz olan yurdum,
Mənim qarış-qarış
azalan yurdum!
Çox təsirlənmişdim...
Yayın rəhmsiz çağında birdən-birə
isti geyimə ehtiyac duymuşdum. Sonralar adam
kölgəsindən qaçıb ağac kölgəsinə
sığınmağa çalışan şairi nədənsə
çox kölgə salan gördüm. Hər kəsə,
hər canlıya həssas və nəzakətli
olmağınız, ancaq yaxşılıq haqqında
düşünməyiniz məni heyrətə saldı.
Axı indiki zəmanədə çoxları
bu məsələdən gileylidir. 2005-ci
ildə “Şərq qapısı” qəzetində işləyirdim.
Siz də Naxçıvan Dövlət Televiziya
və Radio Komitəsində
çalışırdınız. Yolunuz da düz mənim
iş otağımın pəncərəsinin önündən
idi. Tez-tez görüşürdük. Həmin
vaxtlarda mənim xaricdə yaşayan böyük
qardaşım Əli 6-7 il idi ki, Azərbaycana
gəlmirdi. Siz ona çox oxşadığınızdan (o,
Sizdən fərqli olaraq, bir qədər sərtdir) mən bir
gün görüşümüz əsnasında dedim:
– Hüseyn
müəllim, hər dəfə Sizi görəndə elə
bil illərlə görmədiyim qardaşımı
görürəm və təsəlli tapıram. Siz də “Onda hər gün gəlib səninlə
görüşməmiş işə getmərəm”, –
dediniz.
Hərbi
xidmətdə olduğum müddətdə şeirləriniz məni
tək qoymadı.
Özümlə “apardığım” misralarınız
dadıma elə çatırdı ki! Düşmənlə
təmas vəziyyətində olduğumuz üçün əsgərlərimin
ruhən hazırlığı, ayıqlığı vacibdən
vacib idi. “İctimai-siyasi hazırlıq”da
hər misrası vətənsevərlik dərsi olan şeirlərinizdən
gen-bol istifadə edirdim. Sanki bizimlə birgə
vətənimizin başladığı yerləri
addımlayırdınız.
Diz
çöküb vətənin qara daşına,
Çopur
qayasına salam verərəm,
– deyə-deyə çopur qayalara sığal
çəkirdiniz. Vətən
torpağını qara buludlardan qorumağın yolunu,
yolağasını da Siz çox gözəl ifadə etmisiniz.
Bunun üçün Vətəni buludlardan
yuxarı qaldırmağı tövsiyə edən bəlkə
də ilk şairsiniz.
Yazıya
pozu yoxdu, vallah! Demək, mən hərbi xidmətdə
ikən Əli qardaşımın 16 yaşındakı
qızı əcələ vaxtından əvvəl məğlub
olub. Nənə Mərcanla nəvə Mərcanın
intizarına qəti şəkildə son qoyulub. İndi hər ikisinin əli bir-birinə çox
rahat çatar. Əbədi mənzilləri bu qədər
yaxındır... Xidmətimin bitməsinə iki
ay qalmış bu acı itkidən xəbər tutdum.
Ancaq nə çarə... İnsan həyatda
çox şeyləri, sadəcə, təsdiqləmək
üçün doğulur. Kəndimizə dönəndə
(bir il öncə evdən getmişdim) Mərcanın
məzarüstü daşlarının
hazırlandığını öyrəndim. Və
yenə Hüseyn müəllim, Siz təsəllim oldunuz.
Bu misralarınızı
Bu
dünyadan hərəyə bir daş çatar,
O da olar kədərli
qəbir daşı.
mərhumənin başdaşına yazdırdım. Ancaq Vətənimizin
şiş qayalarına həkk olunmalı o qədər
şeiriniz var ki...
İndi
isə gündəliyimə müraciət edirəm. Tarix 19 fevral 2010-cu il.
O vaxt qeyd etdiklərimi olduğu kimi (öncə söz
vermişəm) verirəm: “Bu gün çox əlamətdar
oldu. Bir neçə ildir münasibət
saxladığım Hüseyn Bağıroğlunu evimizə
apardım. Nahar etdik. Bu
dəyərli insan təkcə Naxçıvanda deyil, Azərbaycan
ədəbiyyatında müasir milli şeirin bənzərsiz
örnəklərini yaradıb. İxtisasca
mühəndis olsa da, Bağıroğlu ədəbiyyat aləmi
haqqında (xarici ədəbiyyat da daxil olmaqla) dərin bilgilərə
məxsusdur”. Həqiqətən onunla
görüşəndə qiymətli itiyi tapılmış
bir insanın vəziyyətində olursan.
Bir dəfə
də olsun, bu insanın dilindən eşitmədik ki, nəsə
yoxdur, çatmır, olmaz və s. Təsadüfən səhhətində
müəyyən bir problem olanda da, halını soruşanda
“Niyə, yaxşıyam, hər şey çox yaxşı
olacaq”dan başqa söz eşitməmişik. Hətta ciddi qəbul
etdiyimiz Rahil Tahirlinin Hüseyn Bağıroğlunun fəaliyyətindən,
yaradıcılığından danışanda üzündə
mütləq təbəssüm yaranır. Tanınmış şairimiz Nəriman Həsənzadənin
dediyi kimi, “Yaxşı adamlarla görüşəndə
sanki müalicə olunursan” fikirlərini Hüseyn müəllimə
də şamil edirəm.
Hüseyn
Bağıroğlu inanılmaz dərəcədə səbir
sahibidir. Ötən
il İstanbul Şeir Akademiyasının Xalq şairi Bəxtiyar
Vahabzadəyə həsr etdiyi “Şeir müsabiqəsi”nə
göndərdiyim “Fikir” adlı şeirini antologiyada səhvən
mənim imzamla çap etmişdilər. Hüseyn
müəllim bu hadisəni də gülə-gülə
qarşıladı. Mən
narahatlığımı gizlədə bilmirdim. Bu dəyərli
fikirlərə sahib çıxmaq olardı?!
Bir anda beynimə
min fikir gəlir,
Fikir
limanıdır beynim, elə bil.
Gör necə
sıxlaşır, necə seyrəlir,
Fikir
dumanıdır beynim, elə bil.
Allahsız
bir fikir tufan eləyir,
Ürəksiz
bir fikir aman diləyir.
Fikirlər
bir-birin al-qan eləyir,
Döyüş
meydanıdır beynim, elə bil.
Qalib gələn
də mən, məğlub olan da,
Özüm
öz əlimdə əsirəm belə.
Fikirdən kənara
çıxa bilmirəm,
Mən
fikir içində gəzirəm belə.
Fikir mənim,
mən də fikir içində,
Hörüktək
gör necə hörülmüşük biz.
İkimiz
birləşib bu adamlara,
Fikirli
adamtək görünmüşük biz.
“Min fikir bir
borcu ödəməz” demə,
Bir
fikir min borcu ödəyə bilər.
Fikir
dumanında itib-batmayan,
Şair
oxucuya nə deyə bilər?!
Min bir məna
yatan ən incə söz də,
Nə
göydən düşür, bax, nə yerdən
çıxır.
Qəlbini
oxşayan o uca söz də,
İnan
ki, ən dərin fikirdən çıxır.
Fikirsiz
ötən gün dərd olur, şair,
Çəkdiyim
ahı da fikir aparır.
Yerdə
fikirlərə qərq olur şair,
Göydə
Allahı da fikir aparır.
Türkiyənin
İğdır şəhərinə birgünlük səfərimizdə
də Hüseyn müəllimin dözümünə mat
qalmışdım.
Heç
vaxt unutmaram. Bir dəfə söhbət əsnasında çəkinə-çəkinə
mənə dediniz ki, “Fariz, əziyyət olsa da, “Mən
çiynimdən yerə qoydum dünyanı” kitabımdakı
şeirlərin siyahısını çıxart və qiymətlərini
qabağına yaz”. Bu, mənim
üçün çox çətin məsələ idi.
Çətinliyin birincisi o idi ki, akademik İsa Həbibbəylinin,
Əməkdar elm xadimi Hüseyn Həşimlinin,
yazıçı Rafiq Babayevin və başqalarının
xeyir-duasını çoxdan almış bir söz
adamının şeirlərini “5” ballıq sistemlə qiymətləndirməliydim.
İkinci çətinlik isə onun
sözündən çıxmağın
qeyri-mümkünlüyü idi. Nəsə,
onu deyim ki, şeirlərdən “kəsilən” olmadı.
Hətta Hüseyn Bağıroğlu “əlaçı”
oldu. (Sonralar bu hadisəni xatırlayanda
özümə birtəhər baxıram və gülürəm).
Sonralar da yeni yazdığınız hansısa
şeiri mənə oxuyanda “amansız” olmağımı istəyirsiniz.
Bir təsadüf
də olmuşdu. Sıra ilə düzülmüş 40-cı
şeir “Mən çiynimdən yerə qoydum dünyanı”
idi. “Qiymətləndirilmiş” siyahıda
yazmışdım ki, “Hüseyn müəllim, 40 rəqəmi
müqəddəsdir. Siz dünyanı
çiyninizdən yerə qoysanız da, dünya sizi
çiynindən yerə qoymasın. Çünki,
Salam Sarvan demişkən, “Dünya yorğan-döşək
salmır, Adamı yıxdığı yerə”.
Hüseyn
müəllim, görüntü olaraq Sizə 50 yaş vermək
olar. Fikirləriniz də kamillik çağının ərdəmliyini,
sanbalını ifadə edir. Ancaq ruhunuz və
zövqünüz gənclik hərarətini hələ də
qoruyur.
50
yaşda başınıza xeyli qar düşüb. Payızın ilk ayında
Göydağın da başını qar alır. Bu da onun ucalığının bir göstəricisidir.
Başınızda qar olsa da,
ayağınızda yazdır, nəfəsiniz bahar təravətlidir.
Eşq 100 yaşınızda da Sizdə
çiçəkləsin. Yazdığınız kimi
Eşq məndə
çiçəklədi,
Səndə
soldu neyləyim.
Tale məni
təklədi,
Səndən
oldum neyləyim.
Varı
heçdə yaşatdım,
Cəmi
təkdə yaşatdım.
Ürəyimi
boşaltdım,
Gözüm
doldu neyləyim.
Yolları
haça ömrüm,
Yaşımdan
qoca ömrüm.
Mənim
tapmaca ömrüm,
Nağıl
oldu neyləyim.
Xeyirxah
əməllərinizə, hədsiz təvazökarlığınıza
görə Sizə “neyləyim” sualı qarşısında
qalmaq heç zaman nəsib olmasın. Hərdənbir deyirsiniz ki,
pul çox olanda, vaxt da çox olur. Ulu
tanrı Sizə bolluca vaxt versin ki, yeni-yeni əsərlərinizlə
oxucularınızı sevindirəsiniz. 50
yaşınızı ürəkdən təbrik edirəm!
Dərin
ehtiramla
Fariz YUNİSLİ,
AMEA Naxçıvan
Bölməsinin elmi işçisi
525-ci qəzet.- 2011.- 16
noyabr.- S.7.