Əflatun Amaşov: “Bu forum ilk
böyük media toplantısı kimi tarixə
düşdü”
“TÜRKDİLLİ ÖLKƏLƏRİN
VƏ TOPLUMLARIN II MEDİA FORUMUNUN YÜKSƏK STATUS QAZANMASI
DÖVLƏTİMİZİN TÜRK BİRLİYİNİN
GERÇƏKLƏŞMƏSİNƏ VERDİYİ ÖNƏMİN
BARİZ NÜMUNƏSİ İDİ”
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşovun APA-ya müsahibəsi
– Bir
müddət öncə Bakıda Türkdilli Ölkələrin
və Toplumların II Media Forumu keçirildi. Forumla
bağlı fikirlərinizi bilmək istərdik.
– Media
birliyi ideyası Bakıda – “Azərbaycan və Türkiyə
mediası: bənzərliklər və fərqliliklər”
mövzusunda keçirilmiş konfranslarda gündəmə gəlib.
Bu toplantıların birincisi 2007-ci ildə, digəri isə
iki il sonra baş tutmuşdu. Həmin tədbirlərdə Azərbaycanın və
Türkiyənin nüfuzlu media qurumlarının rəhbərləri
arasında gedən diskussiyalarda məsələ ətrafında
müxtəlif fikirlər səslənmişdi – ortaq qəzet,
jurnal, daha sonra internet portal və nəhayət, təşkilat
yaratmaq. Əlbəttə, sonuncu
özündən əvvəlkiləri də komplektləşdirmək
və dəyərləndirmək baxımından daha məqsədyönlüdür.
Çünki mövcud istiqamətdə təşkilatlanmaq
media müstəvisindəki başqa istək və
arzuların da gerçəkləşməsinə kömək
göstərə bilər. Ötən il
dekabrın 21-22-də Ankarada Türkdilli Ölkələrin və
Toplumların I Media Forumu keçirildi və bununla da Azərbaycanda
irəli sürülən ideyanın həyata vəsiqə
alması istiqamətində ilk addım atılmış oldu.
Forum eyni zamanda gələcək birliyin ali
orqanı kimi özünü təsdiqlədi. Toplantıda
qərara alındı ki, Türkdilli Ölkələrin və
Toplumların Media Birliyi yaradılsın. Bununla
əlaqədar işçi qrup formalaşdırıldı.
Qrup ötən müddət ərzində gərgin
fəaliyyət göstərdi. Bir neçə
dəfə toplaşdı. Əlavə
yazışmalar, prosedur məsləhətləşmələr
aparıldı. Nəhayət, Birliyin
Nizamnaməsi hazırlandı və qəbul edildi.
– “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər
və ortaq maraqlar”. Türkdilli Ölkələrin və
Toplumların II Media Forumunun titul mövzusu bu idi. Sizcə, tədbir qarşısına qoyduğu məqsədə
çata bildimi?
– Belə bir forumun təşkili,
dünyanın müxtəlif bölgələrində fəaliyyət
göstərən türk media birliklərinin bir yerə
toplaşmasının təminatı özlüyündə ali bir məqsədin gerçəkləşməsidir.
Heç yadımdan çıxmır, tədbirə
uzaq Saxadan qatılmış Natalya Xarlampeva forumu 1926-cı ildə
Bakıda keçirilmiş türkdilli xalqların
qurultayına bənzətdi. Həmin
toplantıdan çəkilən fotoları
saxladığını bildirən xanım
iştirakçı Azərbaycanın əsrin əvvəllərində
oynadığı missiyanı yenidən təkrarladığını
vurğuladı.
Türkdilli ölkələrin mediası içərisində
dünya mediasına inteqrasiya baxımdan ən öncül
mövqe Türkiyə kütləvi informasiya vasitələrinə
məxsusdur. Türkiyə təcrübəsinin öyrənilməsi
Azərbaycan üçün də önəmlidir. Lakin hazırkı qloballaşma dövründə bu
ölkə mediasının da əməkdaşlıq
konturlarına, informasiya mənbələrinə ehtiyacı
qaçılmazdır. Nəzərə
alaq ki, Türkiyənin strateji maraqları baxımından da
önəmli məsələlər mövcuddur. Eyni
zamanda qabaqcıl Qərb mediası ilə rəqabətdə
məlumat bolluğuna nail olmaq da vacibdir. Türkdilli
xalqların yaşadıqları areal isə kifayət qədər
böyükdür və mövcud məkanda baş verənlərdən
daha operativ şəkildə xəbərdar olmaq həmin
proseslərə təsir imkanları baxımından da
müstəsna dividentdir. Qarşılıqlı
media əməkdaşlığı isə hər bir türk
toplumunun qloballaşan dünyaya inteqrasiyasını heç
şübhəsiz, sürətləndirir. Əslində
bütün bunlar istər-istəməz adət-ənənə,
dil, din birliyinə, məişət yaxınlığına əsaslanan
ortaq maraqları da formalaşdırır. Türkdilli
xalqların bir-biriləri barədə daha çox informasiyaya
malik olmaları həmin maraqlara ən azından bilməyərəkdən
zərər gətirilməsinin qarşısını
alır.
Fərqliliklərə gəldikdə, bunlar təbiidir. Çünki
coğrafi baxımdan fərqli məkanlarda məskunlaşan
türk xalqları fərqli, bir-birinə zidd ictimai-siyasi
formasiyalarda yaşamalı olmuşlar. Eyni
zamanda türk toplumları ayrı-ayrı müstəqil
dövlətlərin tərkibindədirlər və burada
KİV-lərin həmin dövlətin maraqları
baxımından çıxış etmələri məntiqidir.
Onlarda oturuşmuş struktura malik müxtəlif
ictimai-siyasi, sosial mühit mövcuddur. Lakin
media dəyərləri prinsip etibarilə vahid təbiətə
malikdir. Sadəcə elə etmək
lazımdır ki, həmin dəyərlərin məğzində
türkçülük maraqları da dayansın. Forumda
fərqliliyi qabartmaqla hansısa mənada vəhdətə
nail olma yollarını nəzərdə tuturduq. Hesab edirəm ki, tədbirdə məsələ ətrafında
kifayət qədər dəyərli diskussiyalar getdi.
– Bir qədər
öncə Türkdilli Ölkələrin və Toplumların
Media Birliyinin Nizamnaməsindən söhbət
açdınız. Sənəd barədə ətraflı
məlumat vermənizi istərdik.
– Nizamnamə
beynəlxalq arenada türkdilli ölkələr
arasındakı əlaqələrin sağlam təməllər
üzərində qurulması prinsipini, həmçinin bu
ölkələrdə yaşayan millətlərin
qarşılıqlı anlayış və dialoq, mədəni
yaxınlıq kimi ortaq dəyərlərə sadiqliyini əsas
tutaraq qarşılıqlı fəaliyyətin aspektlərini
müəyyənləşdirir. Sənəddə
medianın bir növ, katalizator rolu önə çəkilərək
onun birgə tarixi köklərin, mədəniyyət, dil, adət-ənənə,
məişət yaxınlığının təbliğindəki
əməkdaşlıq prioritetləri yer alır. Sənəd həmçinin dünya məkanına
inteqrasiya üçün peşəkarlıq vərdişlərinə
yiyələnmənin, təcrübə mübadiləsinin
gücləndirilməsinin vacibliyini bəyan edir.
Türkdilli Ölkələrin və Toplumların Media
Birliyi tam işlək strukturdur. Yəni o, türkdilli
ölkə və toplumların yaxınlaşmasında təkcə
ictimai funksiya daşımır, eyni zamanda buna dəstək verən
əsaslı mexanizm qismində çıxış edir.
Nizamnaməyə əsasən quruma sədr rəhbərlik
edir. Forumu təşkil edən ölkənin
nümayəndəsi növbəlilik əsasında bu postu
tutur. Təşkilatın mərkəzi
aparatı Ankarada yerləşir. Bundan
başqa, media birliyinin hər bir ölkədə, eləcə
də muxtar vilayətdə, yaxud hansısa digər ərazi
vahidində yerli komitələri var. II Forumda konkret bölgələr
üzrə komitə rəhbərləri müəyyənləşdirildi.
Onların il ərzində cari məsələlərlə
bağlı toplaşmaları, müzakirələr
aparmaları mümkündür. Sədr, baş
katib və komitə rəhbərləri birlikdə qurumun
koordinasiya şurasını formalaşdırırlar və
yekun qərarların çıxarılmasında iştirak
edirlər.
– Sizcə,
Türkdilli Ölkələrin və Toplumların II Media
Forumu Azərbaycan üçün hansı cəhətdən
əlamətdar oldu?
–
Türkiyə türk dünyasındakı
öncüllüyü ilə seçilir. Ölkənin
təşəbbüsü ilə bir sıra ortaq media layihələri
reallaşdırılmaqdadır. Türkdilli
ölkələrin ortaq musiqi kanalı olan TMB fəaliyyət
göstərir. Azərbaycandakı
İctimai Televiziyanın Türkiyənin TRT-1 kanalı ilə
uğurlu ortaq yayımları var. Bütün bunlar müsbət
haldır. Lakin psixoloji anlamda burada
Türkiyənin təkbaşına əsaslı uğur qazana
bilməsi, türkdilli ölkələrin və toplumların
konsolidasiyasını təmin edə bilməsi bir qədər
çətindir. Çünki mövcud məkanda
yaşayan xalqların düşüncə tərzi ilə
Türkiyə türklərinin baxışlarında ciddi fərqlər
var. Birincilər 70 illik Sovetlər Birliyinin təsiri ilə
türk olduqlarının heç də tam fərqinə
varmırlar. İkincilər isə türk deyəndə
böyük mənada özlərindən başqa çox az insanı təsəvvür edirlər. Belə bir vəziyyətdə Azərbaycan sanki bir
körpüdür. Biz türk olduğumuzu dərk edirik
və məncə, yetmiş il bir yerdə
yaşadığımız xalqlara bunu anlatmağa
çalışsaq, ortaq dəyərlərimizin təbliğinə
başlasaq, daha səmimi ab-havanın yaranması
mümkündür. Bizim sözümüz onlar
üçün daha doğmadır, nəinki daha çox
avropalaşmış Türkiyə türkünün. Burada bir təbiilik də var. Yenə də
keçmişə qayıdaraq deyim ki, Azərbaycan kimi
SSRİ-nin tərkibinə daxil olan digər müttəfiq
türk respublikaları da zaman-zaman Türkiyədən
ayrı düşmüşdülər. Bu
ölkə onlara tamam başqa – mənfi tərzdə təbliğ
olunmuşdu. Azərbaycan 20-ci əsrin əvvəllərindəki
tarixi yaxınlıq tellərinə görə neqativlik
sindromunu daha tez aradan qaldırmağı bacardı. Ancaq demək olmaz ki, postsovet məkanına daxil olan
müstəqil türk dövlətlərində, eləcə
də Rusiyanın tərkibindəki muxtar türk qurumlarında
vaxtilə hökm sürmüş mənfi sindromun əlamətləri
yoxdur. Bu mənada Azərbaycan belə bir
forumu təşkil etməklə əslində obrazlı desəm,
böyük buzu və onunla birlikdə olan soyuqluğu da əritdi.
Forum iştirakçı ölkə və toplumların istər
say çoxluğuna, istərsə də coğrafi
arealının genişliyinə görə ilk böyük
media toplantısı kimi tarixə düşdü. Tədbirə türklərin Avropada kompakt məskunlaşdıqları
Kosovo, Bolqarıstan, Ukrayna, Moldova və Yunanıstan kimi
bölgələrdən də nümayəndələrin
qatılmaları ona xüsusi rəngarənglik verirdi.
Forumun mötəbərliyini təmin edən
başlıca faktor isə heç şübhəsiz, Azərbaycan
dövlətinin, şəxsən cənab prezident İlham Əliyevin
ona diqqəti və həssas münasibəti idi. Azərbaycan Mətbuat
Şurası tədbirlə bağlı dövlət
başçısına müraciət ünvanlamışdı.
Toplantının yüksək səviyyədə
təşkili təşəbbüsümüzə müsbət
yanaşıldığını təsdiqləyir. Türkdilli Ölkələrin və Toplumların II
Media Forumunun yüksək status qazanması dövlətimizin
türk birliyinin gerçəkləşməsinə verdiyi
önəmin bariz nümunəsi, Azərbaycanın mövcud
istiqamətdəki öncüllüyünü təsdiqləyən
çox mühüm jest idi. Media Birliyinə
ilk sədrliyi Azərbaycan edir. Düşünürəm
ki, həm bunda, həm də türk media birliyi
ideyasının özündə bir varislik, tarixilik var.
Tədbirin Azərbaycan üçün faydasından
danışarkən bilavasitə ölkəmizin
tanıdılması üzərində də dayanmaq istərdim. Türk
dünyasının müxtəlif bölgələrindən
olan media nümayəndələri Azərbaycandakı
inkişafı öz gözləri ilə gördülər.
Qonaqların bir çoxu ilə ünsiyyətdən
belə anlaşıldı ki, vətənimiz barədə
tamam başqa təsəvvürdə olublar və bu təsəvvürlər
birmənalı olmayıb. Şübhə
etmirəm ki, toplantıdan sonra fikirləri əsaslı şəkildə
dəyişdi. Onlardan birinin Azərbaycan
barədə hazırlayacağı reportaja “Asiya Avropası”
başlığını verəcəyini vurğulaması
heç yadımdan çıxmır. Onu
da bildirim ki, Forum çərçivəsində xarici qonaqlar
Azərbaycan Dövlət Filarmoniyasında gənc
ifaçıların nümunəvi
çıxışlarını dinlədilər. Ermənilərin azərbaycanlılara qarşı
soyqırımını əks etdirən Quba məzarlığına
baş çəkdilər. İctimai
Televiziyada xüsusi proqramda iştirak etdilər, habelə
paytaxtımızın tarixi yerlərində oldular. Eyni zamanda onlara Azərbaycanla bağlı müvafiq
bukletlər və disklər təqdim edildi. Bütün bunlar təbii ki, təəssürat zənginliyi
baxımdan müstəsna cəhətlər idi və yeri gəlmişkən,
bu işlərin gerçəkləşməsində əməyi
keçmiş hər kəsə dərin minnətdarlığımı
bildirirəm.
– Türkdilli Ölkələrin və Toplumların Media
Birliyinin ilk sədrisiniz. Qarşıdakı bir ildə media birliyi
hansı işləri gerçəkləşdirməyi nəzərdə
tutur?
– Öncə Türkdilli Ölkələrin və
Toplumların Media Birliyinin internet portalını
yaratmağı, ölkələrin və toplumların yerli
komitələri tərəfindən onun idarə olunması
mexanizmini formalaşdırmağı
düşünürük. Bu, fikir və
düşüncələrimizin çatdırılması,
informasiya mübadiləsinin yaradılması nöqteyi-nəzərdən
vacib amildir.
Bakı
Forumunun bəyannaməsində türkdilli ölkələrin
və toplumların media qurumlarının ortaq tarix, dil, milli mənsubiyyət
və mədəniyyətə əsaslanan mənfəətlərinin
və əlaqələrinin daha da inkişaf etdirməsi istiqamətində
səylərin artırılması, media mənsubları,
media qurumları arasındakı münasibətlərin
inkişafını təmin etmək, təcrübə
mübadiləsinin genişləndirilməsini həyata
keçirmək istiqamətində addımlar atmaq, yerli media
birliklərinin türkdilli xalqlar və toplumların ortaq
maraqlarının təbliği prosesindəki rolunu intensivləşdirmək,
media sahəsindəki təcrübələrin
paylaşılması və fikir mübadiləsinin dərinləşdirilməsi
üçün qarşılıqlı ziyarətlərlə
yanaşı, ortaq seminar, konfrans və s. tədbirlərin təşkili
nəzərdə tutulub. Bütün bunlar
kompleks fəaliyyət nəticəsində
mümkündür.
Media Birliyi növbəti iclaslarında türk
dünyası üçün önəmli sayıla biləcək
proseslərin yerli komitələr tərəfindən izlənilməsi
məsələsini müzakirə edəcək. Həmin
proseslərdə medianın iştirakının pozitiv və neqativ
cəhətləri təhlil olunacaq. Müsbət
məqamlar və problemlər müəyyənləşdiriləcək.
Əlbəttə, il ərzində baş
tutacaq iclaslarda digər cari məsələlərin də həlli
istiqamətində tədbirlər görüləcək.
Növbəti, yəni üçüncü Forumun
Qırğızıstanda təşkili nəzərdə tutulub. Bu ölkə
ilə yanaşı, media birliyinin özünün də tədbirin
təşkili ilə bağlı fikir və təklifləri
olacaq. Düşünürəm ki,
qarşıdakı müddətdə mövcud istiqamətdə
də müzakirələr aparacağıq.
525-ci qəzet.- 2011.-
16 noyabr.- S.4.