Lətif Kərimovun 105 illiyinə həsr olunan “Əsrlərin nəğməsi” adlı sərgi açılıb

 

Noyabrın 17-də xalq rəssamı Lətif Kərimovun anadan olmasının 105 illiyi tamamlanır. Bu münasibətlə bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Əsrlərin nəğməsi”” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin təşkil olunmasında əsas məqsəd dünya şöhrətli sənətkarı anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır. Sərgidə çıxış edən muzeyin direktoru Röya Tağıyeva L. Kərimovun həyat və yaradıcılığı barədə danışıb. Onun sözlərinə görə, beş yaşında ikən anasının toxuduğu xalçaya gizlicə ilmə vuraraq xalça sənətinə həvəs göstərməyə başlayan Lətif illər ötdükcə bu sənətə ömürlük bağlanıb. İlk dəfə Azərbaycan xalçalarını tam olaraq tədqiq edən L. Kərimovun üç cildlik “Azərbaycan xalçası” monoqrafiyası xalça sənətinin tədqiqinə həsr edilib. R. Tağıyevanın sözlərinə görə, dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında da xalçaçı rəssamın təşəbbüsü və böyük zəhməti var. “Əsrlərin nəğməsi” sərgisində rəssamın fotoşəkilləri, şəxsi əşyaları, “Ağaclı”, “Xətai”, “Çiçəkli” butakimi xalça eskizləri, “Füzuli”, “Səfiəddin Urməvi”, “Əsrlərin nəğməsi”, “Şəbi-hicran”, “Nəvəli-nəticəli butakimi xalçaları, o cümlədən Röya Tağıyevanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyi münasibətilə Azərbaycan, rusingilis dillərində nəşr olunan “Lətif Kərimov fenomeni” və “Azərbaycan xalçası” adlı kitabları nümayiş olunub.

 

 

525-ci qəzet.- 2011.- 17 noyabr.- S.7.