“Gənc
Tamaşaçılar Teatrının rəhbərliyi
KİV-lə əməkdaşlığa xüsusi əhəmiyyət
verir”
HÜSNİYYƏ MURSAQULİYEVA:
“ÖLKƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN ƏKSƏR
MEDİA ORQANLARI İLƏ SIX ƏMƏKDAŞLIQDA MƏQSƏDİMİZ
TEATRIN İŞİ İLƏ ƏLAQƏLİ MƏLUMATLARIN
VAXTINDA VƏ ƏTRAFLI ŞƏKİLDƏ İCTİMAİYYƏTƏ
ÇATDIRILMASINA NAİL OLMAQDIR”
Azərbaycanda
media ilə münasibətlərə xüsusi həssaslıqla
yanaşdığı müşahidə olunan mədəniyyət
kollektivlərindən biri Gənc Tamaşaçılar
Teatrıdır. Bu teatrda Mətbuat Xidməti bir neçə
ildir ki, davamlı fəaliyyət göstərir. Xidmətin əsas
vəzifələri kütləvi informasiya vasitələri ilə
sıx əməkdaşlıq edərək teatr haqqında
media təmsilçilərinin bütün şifahi və
yazılı suallarını müntəzəm olaraq
cavablandırmaqdır. Bundan başqa teatrın fəaliyyətinə
dair tədbirləri, premyeraları KİV-lər vasitəsilə
ictimaiyyətə çatdırmaqdır. 2010-cu ilin sentyabr
ayından Teatrın Mətbuat Xidmətinə Hüsniyyə
Mursaquliyeva rəhbərlik edir. H.Mursaquliyeva Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin “Sənətşünaslıq” fakültəsinin
teatrşünaslıq ixtisasını bitirib. Bir müddət
ölkənin aparıcı mətbu orqanlarından olan “525-ci
qəzet”də çalışıb.
H.Mursaquliyevanın
sözlərinə görə, 84 illik zəngin tarixə malik
bu mədəniyyət ocağında çalışmaq
böyük məsuliyyət tələb edir: “Bu teatrda korifey
sənətkarlar fəaliyyət göstəriblər.”
Gənc Tamaşaçılar Teatrı ölkəmizdə repertuar zənginliyi ilə seçilən teatrlardandır. Bu sənət ocağı mədəniyyət aləminə pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranan Bakı Uşaq Teatrı kimi qədəm qoyub. İlk dəfə teatr 1927-ci il martın 15-də pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda “Fırtına” tamaşasını təqdim edərək tarixə adını yazıb. 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan bu tamaşa respublikamızda uşaq teatrının yaranmasının təməlini qoyub. 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cəvahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olublar. Teatrın rus bölməsi 1928-ci il noyabr ayının 06-da Smirnov və Şerbakovun “Beş nəfər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə, Azərbaycan bölməsi isə 1930-cı il yanvar ayının 30-da İvanterin “Qırmızı qalstuk əleyhinə” adlı əsəri ilə öz fəaliyyətinə başlayıb... Beləliklə, Gənc Tamaşaçılar Teatrı 84 il ərzində daim yeniliklərə imza ataraq, maraqlı səhnə əsərləri, rəngarəng quruluşları ilə tamaşaçılarının görüşünə gəlir. Yarandığı ilk illərdən müasirliyə meyl edən və həmişə bu ənənəni yaşadan, elə bu mühüm cəhətlə də tamaşaçıları özünə cəlb edən teatrda çalışmaq olduqca məsuliyyətli və şərəflidir”.
Mətbuat xidmətinin sözlərinə görə, teatrda təşkil olunan bütün tədbir və premyeralara ölkədə fəaliyyət göstərən əksər KİV nümayəndələri dəvət edilirlər: “Gənc Tamaşaçılar Teatrında hər il bir sıra yeni premyeralar, o cümlədən mühüm əhəmiyyətli layihələr, tədbirlər həyata keçirilir. Ölkədə fəaliyyət göstərən televiziya, radio, xəbər agentlikləri, portalları və qəzetlərlə sıx əməkdaşlıq etdiyimizdən teatrla əlaqəli bütün tədbirlər mətbu orqanlar, televiziya kanalları vasitəsilə işıqlandırılır. Tədbir və tamaşa haqqında materiallar qəzet səhifələrində yayımlanır.
Teatrımız media ilə əlaqələrə böyük əhəmiyyət verir.
Əməkdaşlıq etdiyimiz bütün jurnalistlərin koordinatları bizdə var. Bir neçə gün öncədən həmin jurnalistlərlə əlaqə yaradılır, keçiriləcək tədbir, nümayiş etdiriləcək premyera haqqında onlara məlumat verilir və tədbirə dəvət edilirlər. Televiziya kanallarına isə tədbirlə bağlı fakslar göndərilir. Premyeralar zamanı jurnalistlərə tamaşanın proqramı, tədbir zamanı isə press-relizlər paylanır. Proqram və press-relizlər həm də jurnalistlərin elektron ünvanlarına göndərilir. Çalışırıq ki, üzərimizə düşən işin, vəzifəmizin öhdəsindən layiqincə gələk”.
H.Mursaquliyevanın sözlərinə görə, teatrda mətbuat xidməti şöbəsinin yaradılmasında əsas məqsəd KİV ilə müntəzəm əlaqə yaratmaq, teatr üçün əhəmiyyətli hadisələri mətbuatda daha ətraflı işıqlandırılmasını təşkil etməkdir: “İşə başladığım ilk gündən etibarən qəzetlərdə teatrımızın fəaliyyətini əks etdirən informasiyalar, teatrın direktorunun müsahibələri, açıqlamaları, aktyorların yaradıcılıqları ilə əlaqədar məqalələrin surətini çıxarıb teatrda mövcud olan “teatr və mətbuat” stendində yerləşdirirəm. Daha sonra həmin materialları xüsusi qovluqlarda toplayıram. Bu qovluqlar hər teatr mövsümünün sonunda teatrın arxivinə təhvil verilir”.
Mətbuat katibi teatrın bütün məlumatlarının KİV-lə yanaşı, sosial şəbəkələr vasitəsilə yayılmasının əhəmiyyətli olduğunu deyir: “Bəzi insanların mütəmadi olaraq qəzet və portallardakı xəbərləri gündəlik izləmək imkanları yoxdur. Nəzərə alsaq ki, günümüzdə insanların böyük əksəriyyəti Facebook istifadəçisidir və bu sosial şəbəkə paylaşmaqla özündə ən müxtəlif, lakin ən əsası, yeni xəbərləri ehtiva etdirir, onda bu şəbəkənin məlumat paylaşımında əvəzsiz xidmətləri olduğunu şahidi olarıq. Bu gün sosial şəbəkələrdən istifadə edən gənclərin sayı olduqca çoxdur. Bu gənclərin böyük əksəriyyəti də xəbərləri adıçəkilən şəbəkələrdən əldə edirlər. Bunları nəzərə alaraq mən də
teatra aid məlumatları Facebook sosial şəbəkəsindəki səhifəmizə
yerləşdirirəm.
Bununla da insanlar daha geniş informasiyaya sahiblənirlər. İnsanlar bizim səhifəmizə maraqlandıqları tamaşalar, bəyəndikləri aktyorlar haqqında suallar ünvanlayır, biz də həmin sualları cavablandırırıq. Sosial şəbəkələrin əhatə dairəsi geniş olduğundan teatrda gerçəkləşən hər hansı bir tədbir haqqında daha çox insan xəbərdar olur. Bu sosial şəbəkə həm də mənə əməkdaşlıq etdiyim qəzetlərin, agentliklərin sayını artırmaqda yardımçı olur.
Böyük dinləyici auditoriyasına malik radiolarla da məlumatlarımızın yayımlanması çox vacibdir.
Çünki televiziyanı izləmək imkanı
olmayan insanların çoxu radioya qulaq asır, orada səslənən
bütün xəbərləri dinləyir. Bu səbəbdən
də radiolarla əməkdaşlığımı daha da
genişləndirməyə çalışıram”.
H.Mursaquliyeva
teatrın rəhbərinin KİV-ə münasibətini də
diqqətə çatdırıb: “Gənc
Tamaşaçılar Teatrının rəhbərliyi, ilk
növbədə direktor, əməkdar artist Mübariz Həmidov
qəzetlərlə və ümumiyyətlə KİV-lə əməkdaşlığa
xüsusi əhəmiyyət verir. Məlumat
üçün müraciət edən hər bir jurnalist
Mübariz Həmidovdan maraqlandığı bütün
suallara dolğun cavab ala bilər. Əminliklə
deyə bilərəm ki, Mübariz Həmidov mətbuata tam
açıq teatr rəhbərlərindəndir. Bu da jurnalistlər tərəfindən müsbət
qarşılanır. Çünki
jurnalistlər əksər hallarda hər hansı teatr və ya
müəssisənin rəhbəri ilə danışmaq,
suallarına cavab tapmaq istədikləri halda, tam əks təpki
ilə rastlaşdıqlarından şikayətçi olurlar.
Bizim teatra hər hansı sualla müraciət edən
jurnalist Mübariz Həmidov və ya mətbuat xidməti tərəfindən
məlumatlandırılır”.
H.Mursaquliyeva
teatrda həyata keçirilən tədbirlər haqqında məlumat
verib: “Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində,
onların dünya görüşünün
formalaşmasında və Vətənə məhəbbət
ruhunda tərbiyə olunmasında, bədii anlamının
inkişafında teatrların, xüsusilə də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
rolu əvəzsizdir. Bunu nəzərə alaraq ötən il teatr bir sıra təhsil müəssisələri
ilə layihələr həyata keçirib. Bunlardan
biri teatrın Azərbaycan İctimai Siyasi Universiteti ilə
birgə həyata keçirdiyi “Teatr, təhsil və mənəviyyatımız”
adlı tədbiridir. Tədbirin əsas
mahiyyəti və məqsədi sadalanan keyfiyyətlərdir.
Tədbirdə teatrın direktoru, əməkdar artist
Mübariz Həmidov çıxış edərək Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının zəngin
tarixindən, özünəməxsus ənənələrindən,
maraqlı yaradıcılıq yolundan, teatr sənətinə
imzalarını atmış neçə-neçə aktyor nəslinin
yetişməsində bu teatrın rolu, teatrın baş
rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi
və tərbiyəvi əhəmiyyəti haqqında
danışaraq böyük ənənələrə malik
teatrın bütün zamanlarda tərbiyəedici mövqedə
olduğunu diqqətə çatdıraraq, repertuar və
oynanılan əsərlərin əsasında gənclərin
tərbiyə edilməsi məsələsi hər zaman
aktuallığı, Azərbaycan İctimai-Siyasi Universitetin
rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev isə
teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən,
gənclərə teatr sevgisinin aşılanması sahəsində
görülən təqdirəlayiq işlərini diqqətə
çatdıraraq belə mədəniyyət ocağında
müntəzəm olaraq birgə layihələrin keçirilməsinin
vacibliyindən danışıblar. Teatr
mövsümünün yeni açılmasına baxmayaraq,
teatr bu tipli tədbirlərin həyata keçirilməsini
davam edir. Təhsil ilinin başlanması
münasibətilə teatr adıçəkilən universitetlə
birgə layihə həyata keçirib. Azərbaycan
İctimai-Siyasi Universitetinin təşəbbüsü ilə
gerçəkləşən layihə gənclərin,
xüsusən ali təhsil ocaqlarında təhsil
alan tələbələrin teatra cəlb olunması və
teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi
üçün geniş istifadə olunması məqsədini
daşıyıb. Tələbə adını
qazanmış abituriyentləri təmirdən
çıxmış teatr, onun zəngin tarixi ilə
yaxından tanış etmək, tələbələrə
qiymət kitabçaları və tələbə biletləri
təqdim etmək keçirilən layihənin əsas qayəsini
təşkil edib. Azərbaycanın müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan tədbirdə
giriş sözü ilə çıxış edən
universitetin rektoru Rasim Nəbiyev 20 il ərzində
ölkəmizdə demokratiyanın inkişafı sayəsində
böyük nailiyyətlərin əldə olunduğunu diqqətə
çatdırıb. Onun sözlərinə
görə, ulu öndər Heydər Əliyev
ideyalarının, onun siyasi kursunun ölkə prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
bizim mədəni və mənəvi rifahımızın
yaxşılaşdırılmasına yönəldilib. Tələbə adını qazanmış hər kəsi
təbrik edən R.Nəbiyev tələbələrin bu məsuliyyətli
adı şərəflə daşıyaraq Azərbaycanın
adını hər zaman uca tutacaqlarına əminliyini dilə
gətirib. Teatrın baş redaktoru, əməkdar
mədəniyyət işçisi Səriyyə
İsmayılova ilk dəfə olaraq tələbə biletlərinin
teatr müəssisəsində təqdim olunmasının
İctimai-Siyasi Universitetin müəllim heyətinin tələbələrə
olan diqqət və qayğısı kimi qiymətləndirib.
S.İsmayılova ölkə prezidentinin teatrlara olan diqqəti
sayəsində bir sıra teatr müəssisələri, o
cümlədən Gənc Tamaşaçılar
Teatrının binasının yüksək səviyyədə
təmir olunmasını təqdirəlayiq iş kimi yüksək
dəyərləndirib. Azərbaycan İctimai
Siyasi Universitetinin müəllim və professor kollektivinin
iştirakı ilə keçirilən tədbirdən sonra gənclərin
mənəvi-estetik tərbiyə olunmasında böyük bədii
əhəmiyyətə malik iki gəncin saf, təmənnasız
məhəbbətini əks etdirən dramaturq Əli Əmirlinin
“Mən səni sevirəm –MSS” tamaşası nümayiş
etdirilib”.
Ölkədə
fəaliyyət göstərən ev muzeyləri
ilə sıx əməkdaşlıq edən teatr bu sənət
ocaqları ilə də bir sıra uğurlu əməkdaşlığa
imza atıb. Mətbuat xidmətinin sözlərinə görə,
bunlardan biri yaxınlarda görkəmli şair Səməd
Vurğunun ev-muzeyi, Gənc Tamaşaçılar Teatrı və
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin
“Bura Vətəndir” məclisinin birgə layihəsi kimi
gerçəkləşib: “Zirvədəki şəxsiyyətlər
Səməd Vurğun – 105” adlı tədbirin keçirilməsində
əsas məqsəd ilboyu dahi şairin yubileyi münasibətilə
həyata keçirilən silsilə tədbirləri davam
etdirmək, onun Azərbaycan ədəbiyyatı və
poeziyasındakı mövqeyini diqqətə
çatdırmaqdır. Tədbirdə Azərbaycan İctimai
Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev,
Səməd Vurğunun ev muzeyi və fondunun rəhbəri
Aygün Vəkilova, Vurğunşünas Aslan Salmansoy,
teatrın baş redaktoru, əməkdar mədəniyyət
işçisi Səriyyə İsmayılova
çıxışlarında hər bir azərbaycanlının
tərbiyəsində, mədəniyyətində əvəzsiz
mövqeyindən, şairin poeziya və dramaturgiyasından
danışıblar. Tədbirdə şairin əsərlərin
parçalar teatrın aktyorlarının ifasında
nümayiş etdirilib”.
Məlum
olub ki, rəhbərlik teatrı beynəlxalq miqyasda
tanıtmağa da xüsusi diqqətlə yanaşır:
“Cari ilin noyabr ayının 3-də Gənc
Tamaşaçılar Teatrında UNESCO-nun nəzdində
Uşaq və Gənclər Teatrları Beynəlxalq
ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk
toplantısı keçirilib. Toplantını giriş sözü
ilə açan ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin
sədri, Gənc Tamaşaçılar Teatrının
direktoru, Əməkdar artist Mübariz Həmidov Bakıda
keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı barədə
ətraflı məlumat verib. Onun sözlərinə
görə, Azərbaycanın müstəqilliyinin bərpasının
20 illiyinə həsr olunan Festivalda 16 ölkədən 20-dən
çox kukla teatrı iştirak edir. ASSİTEJ
haqqında danışan direktor Gənc Tamaşaçılar
Teatrının böyük səs çoxluğu ilə
UNESKO nəzdində Uşaq və Gənclər teatrları
Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada
keçirilən qurultayında sözügedən qurumun
üzvlüyünə qəbul edildiyini diqqətə
çatdırıb: “Qurultay zamanı Gənc
Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın
Azərbaycan Milli Mərkəzi elan olunub. Mərkəzin
sədri isə teatrın direktoru olaraq mən seçilmişəm.
Dünyanın ən nüfuzlu 85-dən çox
teatr bu təşkilatın üzvüdür. Arxiv materiallarını araşdıranda öyrəndim
ki, bizim teatr Sovet dönəmində 1960-cı illərdə də
bu təşkilata üzv seçilib. Hətta
teatrımızın əvvəlki binasında Zaqafqaziya
ölkələrinin gənc tamaşaçılar
teatrlarının seminarı da keçirilib”. Mərkəzin fəaliyyət proqramı haqqında ətraflı
məlumat verən sədr ASSİTEJ-ə üzv seçilməklə
teatrın müxtəlif beynəlxalq tədbirlər,
festivallar, seminarlarda iştirakının daha geniş xarakter
alacağını diqqətə çatdırıb.
ASSİTEJ-in
prezidenti İvetta Hardi çıxışında təşkilatın
fəaliyyəti haqqında danışaraq, qurumun əsas məqsədini
diqqətə çatdırıb: “ Bizim təşkilatın
əsas məqsədi dünyanın hər yerindən olan
uşaqlara ən yüksək standartlara malik teatrı göstərməkdir.
İnanırıq ki, bu kiçik
yaşlarından teatra gedən uşaqların gələcək
həyatlarında müsbət təsirini göstərəcək.
Bu həm də qloballaşan dünyada
insanın özünü təsdiq etməsi qədər
önəmlidir. ASSİTEJ-in əsas
amalı dünyanın müxtəlif ölkələrinin
teatrlarında olan problemləri həll etməkdir. Bunun
üçün hər il müxtəlif
ölkələrdə 100-dən artıq festivallar həyata
keçirilir. Azərbaycanla da bundan sonra daha
sıx ünsiyyətdə olmaqla təcrübə mübadiləsi
etmək hər iki tərəf üçün geniş
imkanlar açacaq”.
Azərbaycan İctimai – Siyasi Universitetinin rektoru, İqtisad elmləri doktoru, professor Rasim Nəbiyev ölkəmizin nüfuzlu təşkilata üzv seçilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Xalq artisti Ağaxan Salmanlı, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə, Alman –Azərbaycan cəmiyyətinin sədri, Bakı Slavyan Universitetinin professoru Çingiz Abdullayev, Bakı Uşaq Teatrının nümayəndəsi Arzu Soltan və başqaları çıxış edərək ASSİTEJ-ə üzv seçilməklə teatrın dünya arenasına çıxışının daha geniş xarakter alacağını diqqətə çatdırıblar”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 17 noyabr.- S.6.