“İranda
şovinist zümrə buranın Azərbaycan
olduğunu qəbul etmir
və deyirlər Azərbaycan Ələtə qədərmiş”
CAVAD HEYƏT: “BİZ BUNLARLA
MÜCADİLƏ APARIR, “VARLIQ”da ONLARA CAVAB VERİRİK
Kİ, AZƏRBAYCAN DƏRBƏNDƏ QƏDƏRDİR”
Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət
göstərən “Qadın jurnalistlər Klubu”nun
suallarını bu dəfə cərrah-alim, İranda ilk dəfə
açıq ürək əməliyyatını gerçəkləşdirən,
Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin
və Paris Cərrahlar Akademiyasının üzvü,
“Varlıq” dərgisinin təsisçisi, türkologiyaya aid
yeddi cildlik kitabın müəllifi, Türk Dil Qurumunun fəxri
sədri, eləcə də İstanbul Universitetinin fəxri
doktoru Cavad Heyət cavablandırıb.
–
Cavad bəy, bu yaxınlarda bizim və bir neçə qurumun təşkilatçılığı
ilə “Türk dünyasının mədəni
inteqrasiyası: Ortaq türk əlifbası və ortaq türk ədəbi
dili” mövzusunda konfrans keçirildi. Çox maraqlı təkliflər
səsləndi. Bir dilçi kimi sizin də ortaq türk dili əlifbasının
yaradılmasına münasibətinizi bilmək istərdik? Sizcə,
bu hansı formada təzahür etməlidir?
–Məncə
də bu çox vacib məsələdir. Ona doğru getmək
lazımdır. Bunun üçün isə iki yol var. Ya
bütün dünya türkləri bir türkcəni qəbul
etməlidir, məsələn, Türkiyə türkcəsini,
ya da dillərini yavaş- yavaş elə şəklə salmalıdırlar
ki, anlaşıqlı olsun. Mən osmanlı türkcəsini
öz türkcəmizdən daha yaxşı bilirəm. Bu bir
az Türkiyədə təhsil almağımla, bir az da
xanımımın türk olması ilə
bağlıdır. Evdə həmişə Türkiyə
türkcəsində danışmışıq. Məncə,
bütün türklər kommunikasiya dili kimi Türkiyə
türkcəsini qəbul etsə, yaxşı olar. Amma bir həqiqət
də var ki, Türkiyə özü –öz dilindən
uzaqlaşır. Fikir verin, türklərin 70 il əvvəlki
dilləri daha çox anlaşılırdı. İndi yeni
sözlər əlavə ediblər ki, heç türklər
özləri də başa düşmürlər .
“Varlıq” dərgisini oxusanız açıq –aydın
görəcəksiniz ki, orda ortaq türkcəyə meyl var.
Sizin türkcəyə rus sözləri, bizdəkinə isə
fars sözləri qarışmış , amma mənim dərgidə
işlətdiyim türkcə nisbətən təmiz türkcədi.
Sizin yazı dilinizdən yazıram amma rus sözlərini ordan
çıxardıram.
–“Varlıq”
dərgisinin hazırkı fəaliyyəti barədə nə
deyə bilərsiniz?
–“Varlıq” dərgisi 33 ildir müntəzəm
şəkildə çap olunur. Bu dərgi İranda İslam
inqilabı ilə yaşıddır. Çünki ondan əvvəl
şah zamanında bizim ana dilimizdə Azərbaycan türkcəsində
jurnal çıxartmağa icazə verilmirdi. İslam
inqilabından sonra bizə nisbi dil azadlığı verildi ki,
biz ondan faydalandıq və mən bir neçə azərbaycanlı
dostumla bərabər jurnal çıxarmağa qərar verdik.
Amma bu jurnalın siyasi tərəfi olmayacaqdı
çünki siyasi tərəfi olsa ya hökumətin
sözçüsü kimi nəşr olunmalıdır, ya da
bağlanmalıdır. Halbuki bizim məqsədimiz
xalqımıza dilini, ədəbiyyatını, tarixini öyrətməkdən
ibarətdir. Xüsusilə İranda ana dilində məktəb
olmadığı üçün “Varlıq” o vəzifəni
də öhdəsinə götürür. Biz ilk başda
iş bölümü yaptıq, mən ədəbiyyat
tariximizi , dilimizin tarixini silsilə məqalələrlə
yazmağa başladım. Bu minvalla biz hər ayda bir, sonra iki
sonra isə üç ayda bir dərgini çıxartdıq.
Amma dərginin nəşr olunma araları artdıqca həcmləri
da artdı. Daha sonra mənim müəllifi olduğum silsilə
məqalələri bir yerə toplayıb kitab şəklində
çap elədik. Eyni zamanda dərgidə Türk
dünyasına , Şimalı Azərbaycan, Türkiyə,
Türkistan haqqında da məqalələr də
yazılır. Bu yazılar bir növ müdafiə vəzifəsini
yerinə yetirir. Çünki İranda şovinist zümrə
buranın Azərbaycan olduğunu qəbul etmirlər və
deyirlər Azərbaycan Ələtə qədərmiş. Biz
bunlarla mücadilə aparırıq və
yazdığımız məqalələrlə onlara cavab
veririk. Azərbaycan Dərbəndə qədərdir. Hətta
mən bir məqaləmdə qeyd etmişəm ki,
Şimalı Azərbaycanda yaşayan azərbaycanlılar bizdən
daha çox azərbaycanlıdırlar, çünki bizim
üç hüüviyyətimiz var;(yəni,mənsubiyyətimiz)
biri iranlı, ikincisi türk, üçüncüsü isə
azərbaycanlı olmağımızdır. Şimali azərbaycanlıların
isə bir hüviyyəti var , o da azərbaycanlı
olmalarıdır. Ona görə də kimsənin haqqı
yoxdur, bu hüviyyəti onlardan almağa. Hər millət
özü- öz adını təyin edər, başqası
ona ad qoya bilməz. İranda belə polemik məqalələri
şovinistlərin oxuya bilməsi üçün farsca
yazırdım. Hətta sonra “Varlıq”da çıxan məqalələrdən
60 –ını seçib kitab şəklində nəşr
etdik.Bir hissəsi farsca idişonu da çevirdik.
Oxumağınızı tövsiyə edirəm. 60 məqalə
mənim 33 il də yazdığım məqalələrin bir
hissəsidir. Beləcə də “Varlıq” indi də davam
edir, dilimizi, ədəbiyyatımızı, kimliyimizi
tanıtdırır, müdafiə edir.
–“Varlıq” da hazırda redaktor kimdir?
– Özüm.
–Yalnız Tehrandamı
çap olunur?
–Bəli, Tehranda nəşr olunur.
–İranda başqa
bu cür dərgilər varmı?
–Yox, ana dilində
bir çox dərgilər çıxdı , amma qapandı.
Ya siyasətə girdilər,
ya da maddi
baxımdan çətinliklərə
tuş gəldilər.
“Varlıq” dərgisini
çətinliklə çıxardıram.
Fədakarlıq şəklində. Bir gün Əbülfəz Elçibəy zamanında
Dilbər xanım (Tehranda Azərbaycan səfirliyində çalışırdı)
mənə üç
yüz tümən pul gətirdi. Dedi ki, bunu
Azərbaycan səfiri
(Nəsib Nəsibzadə)
“Varlıq”a yardım üçün verdi,
amma mən qəbul etmədim. Sonra burda Yazıçılar
İttifaqında yığıncaq
keçiriləndə Əbülfəz
Elçibəy də
orda imiş, Səbri Təbrizi çıxışında deyib
ki, siz sözdə
yardım edirsiniz . Bu vaxt Əbülfəz bəy yardım etmək istədiklərini amma mənim onu qəbul etmədiyini anladıb. Biz heç bir yerdən kömək almamışıq və almayacağıq da. Pulumuz çatmazsa dərgini bağlayacayıq. Məncə, “Varlıq” indiyə kimi öz işini
görüb.
–“Varlıq”a görə
təqiblərə məruz
qalmısınızmı?
–Xeyr. Dərgi hökumətin sözçüsü
deyil. Hökumət İslami hökumətdir.
Amma bizdə şah zamanından qalma çox paniranistlər, panşovinistlər,
panfarsistlər var. Onlar
bizi türk qəbul etmir, Bu cəfəngiyatdır, biz xalis
türkük, yalnız
oğuz türkləri
deyilik, uyğur da, qıpçaq da bizə qarışıb.
Oğuzlar Xəzərin cənubundan,
qıpçaqlar isə
şimalından gəliblər.
–Bəs yerli türklər hansılardır?
–Yerli türklər də bunlarla qarışıb . Bizim Azərbaycanda
çox əskidən
türklər vardı,
amma əksəriyyət
şimaldan , Orta asiyadan
gəlib. Onların bir hissəsi
ruslarla, macarlarla birləşib xiristian olub, bir hissəsi
Gürcüstana gedib,
bir hissəsi isə Azərbaycana gəlib. Ona görə nə
qədər şimala
gedirsən qıpçaq
faizi çoxalır, nə qədər cənuba gedirsən qıpçaq faizi azalır.
–Cərrah kimi çox böyük işlər görmüsünüz.
Amma sonra türkçülüyə
meyllənmisiniz ki, dərgi də bu işlərimizdən biridir. Azərbaycanda daha çox
da bu işlərinizə
görə tanındınız.
Bu nədən irəli gəlirdi?
–Mən liseyi bitirdikdən sonra tibb fakültəsinə qəbul oldum. Və üçüncü sinifə
qədər orda oxudum. Sonra mən İrandan
Türkiyəyə oxumağa
gedən 100 nəfərin
içərisində İstanbula
getdim. O zaman Fransaya getmək şansım da var idi. Bu fikrimi
atama deyəndə mənə bu sözləri dedi “Oğlum, mən səni Bakıya göndərmək istəyirdim,
amma aramızda dəmir pərdə var. Mən səni istanbula göndərirəm
ki, tibb elmiylə yanaşı dilimizi, ədəbiyyatımızı,
tariximizi də öyrənəsən”. Yanılmadı, mən bütün bunları Türkiyədə
öyrəndim. İrana gələndən
sonra türk dilini, tarixini oxumağa davam etdim. Mənim həm həkimliyə,
həm də dilimizə eşqim vardı. Dilimizə sarıldıqca eşqim
daha da artdı.
Gördüm ki, biz nə
qədər də alim olsaq da
Türk dünyasına
qarşı cahilik.
Çünki bizim tarixdə
xüsusilə pəhləvilərin
zamanındakı tarixdə
türklər yarıvəhşi
xalq kimi qələmə verilirdi.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 17 noyabr.- S.5.