Qayakvartetinin 50 yaşı qeyd edilir

 

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında əfsanəvi “Qayakvartetinin yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək. APA-nın məlumatına görə, yubiley tədbiri ilə əlaqədar olaraq bu gün mətbuat konfransı təşkil olunub. Tədbirdə “Qaya” ansamblının yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev, ilk solistlərindən biri Rauf Babayevyubiley tədbirinin rejissoru Cavid İmamverdiyev iştirak ediblər. 50 yaşını qeyd edən “Qaya”nın yarandığı günləri xatırlayan Teymur Mirzəyev, Rauf Babayevlə birgə 1953-cü ildən Asəf Zeynallı adına musiqi texnikumunda, sonra konservatoriyada təhsil aldıqları günlərdən danışıb: “Həmin vaxtlarda çoxsəsli oxumağa vurulmuşduq. Məşq etməyə yerimiz olmadığından harada gəldi, gecə-gündüz məşq edirdik. Əlimizdə kamerton bulvarın skamyasında, xəlvətcə filarmoniyada, konservatoriyanın otaqlarında məşqlər edirdik. 1961-ci ildə isə Arif Hacıyev, Teymur Mirzəyev, Lev YelisavetskiRauf Babayevdən ibarət olan qrupla professional səhnəyə çıxmağa başladıq. Ona görə də məhz həmin il “Qaya”nın yaranma ili hesab olunur”. Rauf Babayev 1967-ci ildə Moskvada keçirilən ümumittifaq müsabiqəsində və digər musiqi yarışlarında birincilik əldə etmələrini, dünyanın əksər ölkələrində verdikləri konsertləri, qastrol səfərlərini yada salıb. “Eurovisionmilli seçimlərində münsif olaraq təmsil olunan Rauf Babayev bu müsabiqə ilə bağlı fikrilərini də açıqlayıb və müsabiqənin SMS səsverməsi ilə keçirilməsindən narazılıq edib. Musiqiçinin fikrincə, belə bir seçim növü peşəkarlıq və obyektivlik baxımından düzgün deyil. Çünki məhz həmin səsverməyə görə, çox vaxt layiqli ifaçılar onluğa belə düşə bilmirlər. Cavid İmamverdiyev isə yubiley tədbiri barədə məlumat verib. Gecədə Gürcüstanın “Dielakvarteti, Sərxan Sərxan və Azərbaycan sənətçiləri çıxış edəcəklər. Rusiyada yaşayan Lev Yelisavetskinin ürəyində cərrahiyyə əməliyyatı aparıldığından tədbirə gələ bilməyəcək, lakin tədbirdə onun ürək sözləri yazılmış video çarx nümayiş olunacaq.

 

 

525-ci qəzet.- 2011.- 18 noyabr.- S.7.