Hikmət Çətin: “Sülh sazişi imzalanmadan bölgədə sabitlik mümkün deyil

 

“MƏN PROTOKOLLAR İMZALANARKƏN TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA HANSISA ƏMƏKDAŞLIĞIN BAŞ TUTACAĞINA İNANMIRDIM”

 

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, 2004-2006-cı illərdə Əfqanıstanda NATO-nun baş mülki zabiti vəzifəsində çalışmış Hikmət Çətinin APA-ya müsahibəsi.

 

– Dünya türklərinin inteqrasiyası istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

– Mənim xarici işlər naziri vəzifəsində çalışdığım dövr dünyanın və bölgənin ən gərgin zamanına təsadüf edirdi. İllərlə uzaqdan yalnız adlarını bildiyimiz ölkələr bir-bir müstəqilliklərini qazandılar və Türkiyə bu ölkələrin suverenliyini tanıyan ilk dövlət oldu. Müstəqillik qazanan türk dövlətləri ilə əlaqələr hər gün inkişaf etməkdədir. Məqsədimiz bu ölkələrin sivil dünyaya inteqrasiya edən dövlətlər olmasıdır. Geriyə dönüb baxdığımızda görürük ki, keçən 20 il içində başda Azərbaycan olmaqla bu ölkələrin çoxu müstəqilliklərini saxlaya bilib, inkişaf edib və dünyanın bütün qurumlarında söz sahibi olan ölkələr halına gəliblər. Əlbəttə, ortaq dil, din və mədəniyyət var. Əməkdaşlıq inkişaf edir. Ancaq türk ölkələrinin siyasi birliyi məsələsi gündəmdə deyil. Bu baxımdan türk dünyasının siyasi birliyindən çox, ortaq tarixin, mədəniyyətin, dinin diktə etdiyi məsələləri inkişaf etdirmək lazımdır ki, bu istiqamətdə də işlər görülür.

– Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam edir. Türkiyənin bu münaqişənin həllindəki mövqeyi sizin prizmanızdan necə görünür?

– Mən Türkiyə ilə Ermənistan arasında protokollar imzalandığı zaman Azərbaycanda idim. Haqlı olaraq Azərbaycanda bir narahatlıq yaşanırdı. Həmin vaxt dediklərimi bir daha təkrar etmək istəyirəm. Türkiyədə heç bir şəkildə Azərbaycanı narahat edəcək və çətin vəziyyətdə qoya biləcək qərar verilə bilməz. Yəni bu protokollar dövlətçilik baxımından doğru olsa belə, Azərbaycan ərazilərinin böyük hissəsi işğal altında, 1 milyondan artıq azərbaycanlı qaçqın vəziyyətində olduğu halda mən Türkiyə ilə Ermənistan arasında hansısa əməkdaşlığın baş tutacağına inanmırdım. Əlbəttə, bölgənin sülh və əmin-amanlığa ehtiyacı var. Azərbaycan bölgədə önəmli bir ölkədir və sülhün bərqərar olmasını istəyən dövlətdir. Amma bunun üçün Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad olunmalıdır. Qısası, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan bölgədə sabitliyin bərqərar olmasını gözləmək mümkün deyil. Bu məsələdə Türkiyənin Azərbaycana hər zaman dəstək olduğuna və olacağına inanıram. Bölgədə sülh yaranması Ermənistanın da xeyrinədir.

– Sizin qənaətinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını alan əsas məqam nədir?

– BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarına görə, Qarabağ Azərbaycan torpağıdır. Əlbəttə, münaqişənin həlli üçün status məsələsinin müəyyənləşdirilməsi lazım olacaq. Amma bunun zamana ehtiyacı var. Ermənistanın da bunu qəbul etməsi zəruridir. Dağlıq Qarabağ müstəqil ola bilməz, Ermənistana birləşdirilməsi mümkün deyil, rayon statusunda olması da mümkün deyil. Bu ərazinin Azərbaycana bağlı xüsusi statusu olmalıdır. İlk atılacaq addım ətraf 5 rayonun Azərbaycana qaytarılması və azərbaycanlıların həmin bölgəyə köçməsidir. Bu, münaqişənin həlli üçün müsbət niyyətli addım olar. Məncə, Azərbaycanın, Türkiyənin, Rusiyanın, ABŞ-ın, Fransanın, Ermənistanın da üzərində dayanmalı olduqları ən vacib məqam bu addımın atılmasıdır.

– Son vaxtlar PKK terror təşkilatının fəallaşması nə ilə bağlıdır? Bunun bölgədə baş verənlərlə – əsasən də Türkiyənin qonşuları ilə arasında olan gərginliklə bağlılığı varmı?

– PKK yeni bir məsələ deyil. Terror problemi çox uzun bir prosesdir. Heç bir ölkə qonşu dövlətin ərazisindən özünə qarşı yönələn terror əməlini qəbul edə bilməz. Şimali İraqda terrorçuların düşərgələrinin ləğv edilməsi lazımdır. Bu məsələdə Türkiyənin ABŞ İraqla işbirliyi daha da artacaq. Bu problemi həll etmək zəruridir. Şimali İraq terror yuvası olmaqdan qurtarılmalıdır.

 

 

525-ci qəzet.- 2011.- 18 noyabr.- S.5.