Sözün
canını sərgiləyən əsər
Can
sözdür, əgər bilirsə insan,
Sözdür
ki, deyərlər özgədir can.
Məhəmməd
Füzuli
Min illər
boyunca insanın təbiətdəki başqa canlılardan
ayrılaraq şüurlu sosial varlığa çevrilmək
yolunda gerçəkləşdirdiyi intellektual fəaliyyətinin
ən böyük uğurlarından olan və insanın insan
kimi yetişməsində müstəsna rol oynayan söz və
onun fiziki gerçəkləşdirmə vasitəsi kimi
meydana çıxan danışıq, insan nitqi bəşər
tarixi boyu böyük şəxsiyyətləri,
düşüncə sahiblərini heyrətləndirib, onun
daşıdığı tükənməz enerji
qarşısında az qala Tanrı qarşısında
olduğu kimi səcdə edilib. Xüsusən
canlı danışığın rəngarəng intonasiya
imkanları, qarşı tərəfə təsirin məqsədindən
asılı olaraq bu intonasiyalardan bir ling kimi istifadə edilməsi
insanların hər gün müşahidə etdikləri
ağlasığmaz möcüzə təsiri
bağışlayıb. Məhz bu potensial imkanlardan
yalnız bir neçə təzadlısını nəzərdə
tutan böyük Azərbaycan hökmdar-şairi Şah
İsmayıl Xətai sözə həsr etdiyi şeirlərindən
birində yazırdı:
Söz
var ki, kəsdirər başı,
Söz var ki, kəsər savaşı.
Söz
var ki, ağulu aşı
Bal ilən
edər yağ bir söz.
Eyni
sözün tələffüzü zamanı intonasiya
çalarlarının bəzən tam polyar mənalara gətirib
çıxardığını nəzərdə tutan xalq
müdrikliyində də haqlı olaraq: “Hoha var dağa
çıxarar, hoha var dağdan endirər” – deyilir.
Şifahi
sözün insanlara təsir mexanizmlərindən biri də bəşər
ədəbi-mədəni hərəkatının yetirdiyi dahi
sənətkarların yüksək humanist fikirlərinin
istedadlı aktyorlar tərəfindən dinləyicilərə
və tamaşaçılara
çatdırılmasıdır ki, bunun da elmi əsasları
və praktik fəndləri “Səhnə
danışığı” fənninin araşdırma obyektini
təşkil edir. Dosent Əzizağa Quliyevin yenicə
işıq üzü görmüş “Səhnə
danışığı” dərsliyi də (Bakı: “Ziya”,
2011) məhz humanitar elmimizdə və təhsil prosesimizdə
mövcud olan konkret boşluğun aradan
qaldırılmasına yönəldilmiş uğurlu
fundamental əsərlərdən biri və bu sahədə Azərbaycan
dilində qələmə alınmış ilk dərslik kimi
qiymətləndirilə bilər.
Audio-vizual texnikanın görünməmiş dərəcədə
inkişaf etdiyi hazırkı informasiya və bilik əsrimizdə
bəlkə də bəzilərinə səhnə
danışığı texnikası probleminin
araşdırılmasına bu qədər zəhmət sərf
etmək müəyyən dərəcədə anaxronizm kimi
görünə bilər. Axı indi
mikroelektronikanın son uğurları əsasında ərsəyə
gətirilmiş sintezatorlarda praktik olaraq istənilən səsi,
istənilən aktyorun səs tembrini və diksiyasını rəqəmsal
şəkildə əldə etmək və səsləndirmək
mümkündür. Hətta nə qədər gülməli
(bəlkə də kədərli) olsa da, bəzən
yerli-dibli səsi olmayanlar bu texnikanın “köməyi” ilə
“ulduza” da çevrilə bilirlər. Ancaq təbii
ki, heç bir səsgücləndirici və sintezedici texnika
olmadan sənətçi ilə dinləyici və ya
tamaşaçı arasında baş tutan canlı ünsiyyət
insanlara daha çox təsir edir, onlarda yüksək insani
ideya-estetik özəlliklərin formalaşmasında müstəsna
rol oynayır. Bu baxımdan, əlbəttə
ki, dünyada canlı insan qaldıqca
aktyor-tamaşaçı canlı ünsiyyətinə də
ehtiyac özünü göstərəcək və bu sahənin
öyrənilməsi də aktual olaraq qalacaq.
Səhnə
danışığı fənninin tədrisi sahəsində
yarım əsrlik təcrübəyə malik olan dosent Əzizağa
Quliyev bu uzun müddət ərzində əldə etdiyi nəzəri-təcrübi
bilikləri və zəngin elmi-pedaqoji təcrübəsini
sistemə salıb ümumiləşdirməklə çox
lazımlı bir dərslik ərsəyə gətirməyə
nail olub.
Müəllifin
qarşıya qoyduğu əsas məqsəd – sözün,
ifadənin, cümlənin, mətnin canını təşkil
edən ünsürləri onların anatomiyası vasitəsilə
ortaya qoymaq və bu detallara yiyələnməyin mexanizmini tələbələr
qarşısında açmaqdır ki, bu məqsədinə
də dərslikdə kifayət dərəcədə nail
olduğunu əlimizi ürəyimizin başına qoyaraq
söyləyə bilərik.
Üç əsas hissədən ibarət olan dərsliyin
qapıları üzümüzə “Ön söz” və
“Giriş”lə açılır. Elə kitabın kandarındaca
müəllifin belə bir maraqlı fikri ilə üzbəsurət
gəlirik ki: “...Aktyor ifasının ifadəliliyi rolun
yalnız daxili məzmununa nüfuz etməyin dərinliyindən
deyil, həm də bu məzmunu təcəssüm etdirmək
üçün fiziki aparatının hazırlıq səviyyəsindən
asılıdır.”
Doğrudan da, istedadla yazılmış sözün
ürəklərə yol tapması üçün onun
istedadla çatdırılmasının da böyük əhəmiyyətə
malik olduğunu bir türlü danmaq çətindir.
Səhnə
danışığı elmi üzrə özünəqədərki
müəlliflərin əsərlərini yüksək qiymətləndirən
Ə.Quliyev, eyni zamanda bu araşdırmalarda fənnin sistemli tədris
məqsədinin qarşıya qoyulmadığını və
“Səhnə danışığı” dərsliyinin də məhz
bu cəhəti ilə seçildiyini vurğulayaraq, xüsusi
halda qeyd edir ki, “...təlimin elmi əsaslar üzərində
qurulmasına diqqətin daha da artırıldığı bir
zamanda milli teatr mədəniyyətimizin sürətlə
inkişaf etdirilməsi üçün professional aktyor və
rejissor kadrlarının yetişdirilməsi “Səhnə
danışığı” dərsliyinin yazılmasını
bir vəzifə kimi qarşıya qoydu.”
Rza Təhmasib,
Adil İskəndərov, Mehdi Məmmədov kimi “Aktyor sənəti”
fənnini tədris etmiş klassiklərlə uzun müddət
çiyin-çiyinə işləməsini böyük
iftixar duyğusu ilə xatırlayan müəllifin əsərinin
səviyyəsini təyin edən faktorlardan birini də məhz
bu cür yüksək elmi-pedaqoji məktəb keçməsi
faktı təşkil edir.
Dərsliyin birinci hissəsi mətn üzərində tədris-yaradıcılıq
işinin elmi-praktik mənzərəsinin təsvir və tədqiqinə
həsr edilmişdir. Bölmənin əvvəlində
danışıqdakı fonetik ifadəliliyin vasitələrindən
pauzalar, vurğular, müxtəlif intonasiyalar,
danışıq sürəti, səsin tembr dəyişiklikləri
xüsusi diqqətə çəkilərək bunların səhnə
danışığında da müstəsna dərəcədə
böyük rol oynadığı və bu baxımdan hərtərəfli
tədqiqat üçün zəngin material verdiyi nəzərə
çatdırılır. Buradaca
insanın təbii, gündəlik danışığı
ilə səhnə danışığı arasındakı
prinsipial fərq yığcam şəkildə elmi cəhətdən
əsaslandırılır. Müəllif belə bir
düzgün qənaətə gəlir ki: “Mətn üzərində
aparılan tədris-yaradıcılıq işinin son məqsədi
dinləyicilərə emosional təsir göstərmək
üçün əsərin ideya-bədii mahiyyətini
açıb göstərməkdir ki, bu da hər şeydən
əvvəl mətnlə ifadə olunmuş müəllif
fikirlərinin aydın və dəqiq
çatdırılması ilə sıx bağlıdır.”
Bəs bu son məqsədi gerçəkləşdirməyin
konkret yolları və üsulları hansılardır? Ə.Quliyev bu
suala da dəqiq cavab verərək, bunun ana xəttini səhnə
danışığının məntiqi ifadəliliyinin
işlənib hazırlanması kimi müəyyənləşdirir.
Bu bölmədə müəllif “Ağılı
kimdən öyrəndin? – Dəlilərdən!” hikmətinin
metodologiyası ilə hərəkət edərək,
düzgün səhnə danışığı prosesini
reallaşdırmaq üçün nələrdən çəkinmək
lazım olduğunu nəzərə çatdırıb
yazır: “Anlaşılmaz tələffüz, sürətli
danışıq, nitqdə yerli şivə və dialekt
ünsürlərinin işlədilməsi, sözlərin
axırının “udulması”, bu və ya digər səsin məxrəcinin
dəqiq olmaması və s. mətnin məzmununun dinləyicilər
tərəfindən qavranılmasına əngəl törədir.”
Doğrudan da, məhz bu cür danışıq
qüsurları, hər cür fiziki fakturaya malik olan istənilən
teatr artistinin bütün səylərini heçə
çıxara bilər. Dərslik müəllifi bununla həm də
düzgün səhnə danışığı sahibi olmaq
üçün hansı başlıca qüsurlarla mübarizə
aparmaq lazım olduğunu tələbələrə əyani
şəkildə çatdırmış olur. Ancaq əlbəttə ki, bu qüsurların aradan
qaldırılması heç də aktyorun səhnə
danışığı ustalığını tam mənimsəməsi
anlamına gəlmir və burada bir çox başqa şərtlərin
də önəm daşıdığı şəksizdir.
Bunlardan başlıcasını müəllif,
mətnin emosional-obrazlı cəhətinin orijinala uyğun şəkildə
çatdırılmasında görür. Axı bədii əsər gerçəkliyin fotosunu
deyil, sənətkar tərəfindən qavranılması
versiyasını təqdim edir və əgər aktyor sənətkarın
bu qavrama rakursuna nüfuz edə bilməsə, onu adekvat şəkildə
qarşısındakı tamaşaçıya da
çatdırmağa müvəffəq olmayacağı
heç bir şübhə doğurmur. Bu
işdə tələbə-aktyorun köməyinə əsərdəki
fakt və hadisələri gerçəklikdə olduğu kimi
təsəvvür edə bilmək qabiliyyəti çatır
ki, bunun da formalaşdırılmasında tədris prosesinin,
istedadlı və təcrübəli müəllim əməyinin
çox böyük rolu var.
“Tikinti materialı” söz olan bədii əsərdəki
fakt və hadisələri göz önündə
canlandırmaq üçün aktyor zəngin təxəyyülə
malik olmaqla yanaşı, həm də hadisələrin
inkişaf qanunauyğunluğunu intuisiya ilə dərk etmək
və izləmək qabiliyyətinin sahibi olmalıdır. Məhz bu
cür keyfiyyətlərin köməyi ilə mətnin mahiyyətini
qavramaq və onu səhnə danışığının
ifadə vasitələrinə arxalanmaqla dinləyiciyə
çatdırıb, onda adekvat duyğuların yaranmasına
nail olmaq mümkündür.
Məlumdur ki, bədii yaradıcılıq emalatxanasının başlıca “əmək alətlərindən” birini də sətiraltı, yaxud sözaltı məna, Ezop dili təşkil edir ki, əsərin ideyasının çatdırılmasında bu mənanın təlqininin də böyük əhəmiyyəti danılmazdır. Məhz buna görədir ki, dərslikdə sözaltı mənanın səhnə danışığı vasitəsilə ifadə olunma istiqamətləri nəzərdən keçirilir və konkret vəzifələrin həlli üçün yollar göstərilir. Burada sözaltı məna hər bir aktyorun istedad və qabiliyyətindən, savad və intellekt dərəcəsindən, həyat təcrübəsindən asılı olaraq sözaltı mənanın müxtəlif variantlarda qavranıla biləcəyi, yaradıclıq fərdiliyinin əsas şərtlərindən biri kimi qiymətləndirlilir. Yeri gəlmişkən, müəllif səhnə danışığı zamanı təqlid probleminə də toxunur və bunun yolverilməzliyini bir daha vurğulayır.
Bu bölmədə özünə yer almış səhnə danışığı və məntiqi təhlil problemi də mətn üzərində məntiqi əməliyyatların aparılması yönündə tələbələrə qiymətli tövsiyələr aşılaması ilə yadda qalır. Xalq arasında işlənən “tükü tükdən seçmək” ifadəsinin mahiyyətini tətbiq etsək, burada məhz sözü sözdən seçmək və mətn daxilində sözün yerini müəyyənləşdirmək kimi problemlər tədrisin aparıcı mövzusu kimi təqdim olunur. Bu kontekstdə məntiqi fasilə və məntiqi vurğu anlayışlarının mahiyyəti konkret bədii örnəklər üzərində izah edilir.
Ayrı-ayrı bədii janrlar üzərində tədris-yaradıcılıq işinin özəlliklərini açıqlayan Ə.Quliyev, kiçik folklor janrlarından tutmuş irihəcmli dramatik əsərlərə qədər bunların hər birinin üzərindəki işin fərqli xüsusiyyətlərini ortaya qoymaqla hər sahədə tələb olunan bilik və bacarıqların aşılanması yollarını da göstərərək, müvafiq izah və qeydlərlə təmin edib.
Dərsliyin ikinci hissəsində səhnə danışığında orfoepiya problemləri tədqiqat obyektinə çevrilmişdir. Burada dosent Ə.Quliyev özünü həm də dərin bilikli bir dilçi kimi göstərir və Azərbaycan dilində işlək olan orfoepiya qaydalarının səhnə danışığına necə səmərəli tətbiq oluna biləcəyinin uğurlu örnəyini yaratmağa nail olur.
Kitabın üçüncü hissəsi səhnə danışığının texnikasının açılmasına həsr edilmişdir. Burada haqlı olaraq, danışıq texnikası, onun inkişaf etdirilməsi və təkmilləşdirilməsi aktyor professionallığının əsas amillərindən biri kimi nəzərdən keçirilir və səhnə danışığının uğurunda ona müstəsna dərəcədə böyük önəm verilir. Bu baxımdan rus və dünya alimlərinin və teatr xadimlərinin qabaqcıl təcrübəsinə söykənən Ə.Quliyev həm də bu təcrübənin Azərbaycan gerçəkliyinə tətbiqi zamanı milli mentalitetin tələblərinin nəzərə alınmasına da böyük önəm verərək bu tələblərin bir çoxunun təsnifatını təqdim edib.
Bir neçə kəlmə də dərslikdə səhnə danışığının inkişaf etdirilməsi üçün seçilən poetik material haqqında demək istərdim. Bu sahədə də müəllif öz bilik, bacarıq və erudisiyasını kifayət qədər yüksək səviyyədə göstərməyə nail olmuş, demək olar ki, Azərbaycan folkloru və ədəbiyyatının, eləcə də dünya klassikasının sayseçmə örnəklərinə müraciət edərək öz tələbələrində yüksək bədii zövq tərbiyə etməyin əsasını qoyub.
Bütövlükdə dosent Əzizağa Quliyevin “Səhnə danışığı” kitabı bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik olmasına baxmayaraq, yüksək səviyyəsi ilə seçilən və müstəqil dövlətimizdə teatr mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün professional aktyor kadrlarının yetişdirilməsində böyük önəm daşıyan uğurlu bir əsər kimi qiymətləndirilə bilər.
Zülfiyyə Eldarqızı,
sənətşünaslıq
üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 19 noyabr.- S.28.