Məhəmməd
Əmin Rəsulzadə
Əsərləri Üçüncü cild
(1915-1916)
Nəşrin redaktorları: prof. Şamil Vəliyev
və elmi işçi Samir Mirzəyevdir.
Ön
söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin
ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi
(1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi onun
1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
Dəlil
və sübut arxasında
Tiflisdə nəşr olunan
“Kavkazskoye slovo” mühərrirlərindən “T.Q.” müctəhiddəki
xəstəxanəyə “gedib” də oradakı türk əsirlərinin
hallarını görüb yazmışdı: “Əsirlər
gözəl keçiniyor, evlərindəkindən daha rahət
yaşıyorlarmış”.
Məzkur xəstəxanədəki türk əsirlərinin
hallarından razı olduqlarını Tiflis müxabirimiz də
təsdiq ediyor. Vəliəlümum imdiki halda xəstəxanələrdəki
əsirlər fəna keçinmiyorlar.
Bu xəstəxanədəki türk əsirlərinin
halını yazmaq, əlbəttə, öylə dedi-qoduya, nəfi
və isbatə dəgər bir məsələ degildir. Fəqət
yuxarıda zikri keçən müsyo, oxucularımıza məlumdur
ki, məsələyə başqa bir rəng vermişdi.
Müctəhiddəki xəstəxanənin təsvirini
türk qəzetələrinin nəşriyyatını “təkzib”
üçün dərc etmişdi. Bu da müqəddiməsində
söylədigi səbətkaranə bir cümləsindən
aşkar oluyordu.
Bu müqəddiməsində
“T.Q.” hərfləri pərdəsinə bürünən
müsyo diyordi ki, “Bakıda çıxan türk qəzetələrində
gün yoxdur ki, türk əsirlərinin bizdəki məşəqqətli,
qeyri-qabil təhəmmül hallarından şikayət edilməsin”.
Məsələ vazehdir. Məayət
bütün mənası ilə movcuddur. Türk qəzetələri
yazıyorlarmış ki, Rusiyada türk əsirlərini
bilxassə incidiyorlar. Onlara yaxşı
baxmıyorlarmış. Bunu da müntəzəm və daima hər
günki nəşriyyatlar ilə icra ediyorlarmış.
İştə, türk qəzetələrinin guya vaqe olan bir
“qərəzkaranə” nəşriyyatı müsyo mühərriri
həqiqəti-halı bilməgə vadar eləmiş. Nəticədə
işin türk qəzetələri yazdığından
başqa bir şəkildə olduğu
anlaşılmışdır.
Başqa bir vəqt olsaydı, əlbəttə
ki, bu kibi qərəzkaranə yazılara çox da əhəmiyyət
verilməzdi. Fəqət imdiki zaman əql və təsəvvürün
degil, hiss və həyəcanın hökm elədigi bir
zamandır. Ona görə başqa vəqtlərdə zərərsiz
ədd olunan hər hankı yolsuz bir vəqtə belə, bu
kibi zamanlarda ümidedilməz zərərlər verə bilər.
Rus əfkari-ümumiyyəsini təftiş edərkən
mühərririn məqsədi də bu olsa gərək.
İştə, buna görə də müsyo
“T.Q.”- ni vaqe olan isnadı gərək türkcə qəzetələrin
və gərək bəzi rus qəzetələrinin etiraz və
təkziblərini mücib oldu.
Mühərririn türkcə qəzetlər
haqqında dediklərinə istinad ediyoruz. Çünki iddia
elədigi “nəşriyyati-yövmiyə” qətiyyən
türkcə qəzetələrində görülməmişdir.
Fəqət, bu kərə Tiflisdə nəşr
olunan “Zakavkazskaya reç” qəzetəsi tərəfindən
sıxışdırılan “Kafkazskoye slovo” mənbəyi
göstərmək məcburiyyətində qalmış və
nə qədər tühəf ki, göstərdigi mənbə
münhəsirən “İqbal”dan ibarət olmuşdur.
“İqbal” 866-cı nömrəsində
yazmış imiş ki: “Bəzi qəzetələr
türk əsirlərinin nə kibi çətin şərait
daxilində bulunduqlarını göstərən bəzi məlumat
dərc etdilər”, və “Bakı müsəlmanlarından bir
komitə hökumətə müraciətlə istəmiş
ki, öz xərcilə türk əsirlərindən
ötrü xəstəxanələr təsis edilsin. Məəttəəssüf
bu komitəyə cavabi-rədd verilmişdir”.
Bu iki “açıq və
aşkar surətdə yazılan fəqərədən əlavə
“İqbal”da Kazan qəzetələrindən “Quyaş” və
“Yulduz”, Orenburq qəzetəsi “Vəqt” və Krım qəzetəsi
“Tərcüman”dan nəqlən 865, 870 və 876-cı nömrələrdə
bir çox əsli və mütərcim fəqərələr
və məqalələr (?) dərc edilmişdir ki, həpsi
“türk əsirlərinin nə kibi çəkilməz şərait
təhtində olduqlarını təsvir etməkdə”
imiş.
Əvvəla, 866-cı nömrəli
“İqbal”da “Qara ilə ağ üzərində” degil “sətirlər
arasında olsun belə türk əsirləri haqqında bir kəlmə
də yazılmamışdır. Ö.F.Əfəndi
“T.Q.” müsyonun müctəhiddəki xəstəxanədə
bulunan tabur imamı Lütfüllah və zabit Süheyle bəy
əfəndilərlə görüşmədigini zahirə
çıxartdığı kibi, yazmış olduğu izahnaməsində
dəxi əsla 866-cı nömrəli “İqbal”
oxumamış olduğunu dəxi müsyö özü
meydana qoyur.
Zatən yalnız 866-cı
nömrə degil, göstərilən digər nömrələrdə
də mühərririn müddəasını, bəzi
“türk əsirlərinin çəkilməz şərait təhtində
yaşadıqlarını və ondan şikayəti” isbat edəcək
bir sətir belə yoxdur.
“İqbal” 865-ci nömrəsini də (eynən)
alıyoruz “türk əsirlərinin həqqində qəzetələrdə
bəzi məlumat dərc edilmişdir. Dərc olunan bu məlumatdan
əsirlərin halı nə kibi fəna bir yolda olduğu
anlaşılıyor idi” – dedikdə məqsədi türkcə
qəzetələr degil, haman rusca qəzetələr bilxassə,
Tiflis qəzetələri idi. “Fəna hal” dəxi
xəstəxanələrdə degil, səhneyi-hərbdən
alınıb da bu xəstəxanələrə gətirildikləri
zaman vaqe oluyor ki, bu xüsusda “əsirlərin günlərlə
ac qalmış olduqlarının, xəstəliklərdən
son dərəcə zəhmət çəkdiklərini,
paltarsızlıqdan tir-tir titrədiklərini “Kafkazskoye
slovo” özü az yazmamışdır”.
İştə, Bakı müsəlman
komitəsi degil, Bakı müsəlmanlarından bir cəmiyyət
(qruppa, bir heyət)-in istədigi də bu idi ki, bu kibi zavallı
bir gündə olan türk əsirlərinə sərih bir
müavinəti-tibbiyyə və səhiyyə yetirmək
üçün öz xərcinə olaraq yollarda iaşə
mərkəzləri sazlasın. Böylə
bir müavinətə ehtiyac olduğunu qəzetələrin
(türkcə qəzetələr degil) təsviratı kibi səhiyyəyi-əskəriyyəyə
mənsub hökumət məmurlarının müraciəti də
göstərməkdə idi.
866-degil, 865-ci nömrədə yazılan fəqərə
bu ikisindən başqa bir şey degildir.
Zatən “Kafkazskoye slovo”nun təhriflə
iqtibas etmiş olduğu fəqərələr dəxi bundan
artıq bir şey göstərmiyor. 870 və 876 nömrəli
“İqbal”larda digər türkcə qəzetələrdən
nəql olunan fəqərələrə gəlincə, onlarda
yalançı mühərririn dedigi kibi
türk əsirlərinin Rusiya idarəsində keçirdikləri
çəkilməz şəraitdən kəza qətiyyən
bəhs edilməməkdədir. Bunu oxucular alıb özləri
də təhqiq edə bilərlər.
Burada ancaq filan müsəlman
xanımının türk əsirləri üçün ianə
topladığı, filan cəmaətin türk əsirlərinə
papiros, şəkər və bu kibi məlzumat verdigi və
filan mollanın türk ölənlərini kəfən və
dəfn edib namazlarını qıldığı xəbər
veriliyor.
Yoxsa müsyo mühərrircə
türk əsirlərinə ianə etmək, onların
halını sormaq, onlara əlbisə, papiros və qənd-çay
götürüldügünü, ələlümum əhali
tərəfindən müavinət gördüklərini
söyləmək əsirlərin çəkilməz bir
şərait təhtində yaşamalarını
elan etməkmidir?
Əlbəttə, degil. Bunu
“Kafkazskoye slovo”çılar özləri də çox əla
biliyorlar. Çünki ordu üçün əhali tərəfindən
vaqe olan ianələri və soldat xəstəxanələrinə
xəlq tərəfindən göstərilən himayəni
qeyd etdikləri zaman ordunun “çəkilməz bir şərait
təhtində” yaşadıqlarını yazarkən ordunun
“çəkilməz bir şəraitdə bulunduğunu”
yazmış olduqları qətiyyən xəyallarına da gəlmiyor.
Bir kimsənin əqlinə də gəlməz...
Qospodin “T.Q.”dən əlavə
“K.S.” müdiri özü də bu məsələyə
müdaxilə etmiş “müsəlman qəzetələrini
müdafiə etməgə lüzum yox. Çünki türk əsirlərinin
fəna halda bulunduqlarını yazmışlarsa, qəbahətli
bir şey işləməmişlər. Əsir hər yerdə
möhtərəmdir və insaniyyət naminə onun halına
qalmaq mətbuatın vəzifəsidir. Müsəlman
mətbuatı bu vəzifəsini ifa edirsə, kimsə onun
başqa bir işdə ittiham etməz” misalında bir
mütaliədə bulunduqdan sonra “Zaqafqazskaya reç” vasitəsilə
hərflərin yalanını çıxaran
“Müsülmanin” cənablarına hücumavər olub onu
öz qəzetələrini oxuyacaq qədər kəmsavad olmaq və yaxud tədqiq və təhqiq
istedadında olmamaqla ittiham ediyor və ədəbi nəzakətdən
kənarə çıxaraq şəxsiyyətə
keçmiş və bir rus mühərriri degil, faytonçu və
yaxud çəkməkisinə yaraşır bir surətdə
sögərək tərəf müqabilinə qəzetə
çıxarınca “lülə kabab” bişirməgi
tövsiyə ediyor.
Həqsiz olduğu halda bu qədər bir cəsarət
göstərmək üçün insan ya sərxoş, ya da
ki, cahil olmalıdır.
Pasxa münasibətilə vaqe
olan “içgi azadlığı” olmasaydı, biz “K.S.”
müdirinin bu cəsarətini ancaq özünün cəhalətinə,
türkcə bilməyib də yalnız qurnaz mühərrin tərcüməsinə
inandığına həml edərdik. İmdiki halda məsələnin
ikisinə də ehtimal vermək olar.
Niş
“İqbal”, 31 mart 1915, ¹900
Tühəf – gülünc
Münhəsirən – yalnız
Məlzumat – zəruri olan şeylər
Həml – boynuna qoyma
Bakı
darülmüəllimini münasibətilə
İmdiki məarif naziri İqnatyev mütəvəffi
Kasvinin yerinə oturduğu zaman məarifi-ümumiyyəyə
bir az azadca nəfəs almaq dövrü gəldigi mülahizəsində
bulunanlar çox olmuşdu.
Vəzirin Avropa üsuli-tərbiyə
və tərzi-idarəsi tərəfdarı bilnisbə tərəqqipərvər
bir zat olub da həqiqi rus ehtiyacına rəayətkar bir idarə
adamı olduğu dəxi qəzetələr tərəfindən
ayrıca bəyan edildigi kibi, Kasvindən qalan bir çox
xarabalıqların bu vəzir zamanında tərhim
və təmil olunacağına ümidlər izhar olunmaqda idi.
Hər nə qədər tərəqqipərvər
Moskva qəzetələrindən birisinin dedigi kibi İqnatyev
tam “məarif bəhari” vücudə gətirəcək “bir
gül” degilsə də, hər halda Kasvin bir vədinin
sui-öğləqindən çıxmaq üzrə
bulunduğumuza bir dəlil ola bilər.
İştə, bu sui-öğləqlərdən
çıxmaq üzrə bulunduğumuzun dəlilləri bu
günlərdə təşəkkül edən bir çox
ürfani yığınlarla vaqe olan bəzi tədbirlərdəndir.
Hər gün qəzetələrdə
məarif müdirlərinin müşavirəsi, coğrafiya
müəllimlərinin ictimai, tarixşünaslar və tarix
müəllimlərinin yığını və bu kibi elmi və
ürfani hərəkətlərin zühura gəldigini qəzetələrdə
oxuyuruz. Şübhəsiz ki, bütün bunlar hər
şeyi ancaq vəzarət masasında və qayəttar bir
nöqteyi-nəzərdən baxaraq hazırlayan “kasviliq”ə
heç də bənzəmiyor.
Yuxarıda dedigimiz məarif
müdirləri müşavirəsində (ki vəzirin öz
rəyasəti altında və Petroqradda iniqad etmişdi)
movqei-müzakirəyə qoyulmuş maddələr arasında
qeyri-rus olan millətlərin dəxi məktəb və məarif
işlərinə əhəmiyyət verilməsi və bu məktəblərdə təlim dili olaraq öz ana dillərinin qəbul
edilməsi məsələsi qalxızıldığı
kibi, müsəlman məktəb və mədrəsələrindəki
tədrisatında zəmanə müvafiq bir surətdə
islah edilib Rusiyanın digər məktəbləri kibi məlum
bir nizam və qaidə altına alınması lüzumi
danışılmışdı.
Bu fəqərənin mövcud
olduğu bu vəqtə qədər milli məktəblər
açmaq haqqında önümüzə çıxan sədləri
dağıda biləcəgimiz xüsusunda şübhəsiz
ki, az-çox ümid verir və bu günədək milli
arzularımızı təşkil edən milli məktəblər
vücudə gətirmək üçün yeni təşəbbüslərdə
bulunacağımızı təhrik qılar.
Bugünki nömrəmizdə “Tərcüman”
rəfiqimizdən nəql etdigimiz məqalə dəxi zatən
vəzir cənablarının müsaidəkarlığına
etimadən yazılmışdır. Bu xüsusda digər
daxili Rusiya türk mətbuatının da kəza bəzi fəqərələr
közə çarpmaqda və milli məktəb məsələyi
mübrəməsi təkrar mövqei-müzakirəyə
qoyulmaqdadır.
Burası vazehatdandır ki,
Rusiyada yaşayan qeyri-rus, başqa təbirlə məhkum millətlərin
məarif və milli ehtiyacları ancaq rus məarif idarəsinin
və ələlümum idareyi-hökumətin başında
az-çox tərəqqipərvər zatların bulunduqları
zaman nəzəri-etibarə alınıb onlardan ötrü nəfəs
çəkmək imkanı hasil oluyor.
Hər nə zaman ki, Petroqrad məhafili-aliyyəsinə
imansız və mərhəmətsiz “həqiqi rus millətçiliyi”
hakim və nafiz olmuş – o zaman rus ülum və məarifi ilə
bərabər qeyri-rus millətlərin dili ilə, dini dəxi
sıxışdırılmışdır. Rus xəlqinə vaseh bir məarif, rus elminə
geniş bir hürriyyət təmin edən nəzəriyyə
Petroqrada hakim olunca biləks, rus darülfünunları, rus
edadiləri, rus ibtidailəri ilə bərabər, qeyri-rus
milli məktəbləri də kəndilərini sıxmaqda
olan məngənənin boşaldığını hiss
etmişlərdir.
Kasvi rus darülfünunlarını oyuncaq və
naqis bir halə gətirdigi zaman qeyri-rus məktəblərini
dəxi mümkün olduğu qədər ruslaşdırmaq
politikasının amili etmək istəmişdi.
İmdi isə İqnatyev Rusiya
darülfünunlarının əvvəlki hürriyyətini
kəndilərinə qaytarmaq və ali ünas məktəbləri
olmayan yerlərdə qadınların dəxi
darülfünunlara girə bilmələrini təmin etmək
istərkən, qeyri-rus məktəblərin
ehtiyaclarını da gözədiyor.
Rus hökumət idarəsi bilxassə məarif
vəzarətinin təşəbbüsləri Həzrət
Yusif zamanında Firovnun gördügü yuxuya pək bənzər.
Firovn yuxusunda görmüşdü ki, olduqca bərəkətli
və hasilli illərdən sonra yeddi dənə arıq
öküz zühur edib bütün məhsullarını
yedilər və Misirə aclıq üz verdi.
Rusiya məarif
politikası da bu tərtiblədir. Bir zaman bərəkətli
və kök illər olur. Məktəblərə
vazeh ixtiyarlar verilib xəlq ilə məarif yekdigərinə
rabit oluyor. Hər tərəfdə məktəblər
və darülfünunlar açılır, sonra baxırsan
ki, ac öküzlər çıxdı. Kök
və bərəkətli sənələrin vücudə gətirdikləri
məhsulları birər-birər yeməgə
başladılar.
Hal-hazırda
Rusiya məarifinə daraşan ac öküzlərin əkinəcəkdən
dəf olunduqları sezilməkdədir.
Bunu bizim
Bakı da hiss edər bir halə gəldi. Dünki
nüsxəmizdə oxunduğuna görə vəzir Bakıda
məhzən rus-müsəlman məktəbləri
üçün müəllimlər hazırlamaq
üçün bir darülmüəllimin təsisinə icazə
vermişdir.
Bakıda
darülmüəllimin, həm də müsəlman məktəbləri
üçün müəllim hazırlayan bir darülmüəllimin
açmaq fikri çoxdan mövcuddur. Daha 1905 və 1906-cı illərdə bu
fikir araya atılıb kəmali-ciddiyyətlə müzakirə
edilmiş və bu xüsusda hökumət nəzdində az təşəbbüslər
olunmamışdır. Fəqət bu vəqtədək
məsələnin həll edilmək səmtinə
yanaşdığı yox idi. Xəlq tərəfindən
rus-müsəlman məktəblərinə qarşı
göstərilən tövcə və etibar gündən-günə
artmaqda ikən müəllim yetişdirmək üzrə haman Qori seminariyasının müsəlman
şöbəsindən başqa bir müəssisə yox idi. Məlum işdir ki, Qori və yaxud bir İrəvan
darülmüəlliminlərinin vicudilə böyük
Qafqasiya müsəlmanlarının müəllimə olan
ehtiyacı rəf olunamazdı.
Gərək
“Nəşri-məarif” cəmiyyəti və gərək sair
müəssəsati-rəsmiyə və qeyri-rəsmiyyə tərəfindən
şəhərlərdə və kəndlərdə
açılmaqda olan ibtidai məktəblərdə dərs
verməklə məşğul olan müəllimlər tədqiq
olunsa, o vəqt Bakı kibi yerdə bir darülmüəllimin
təsisini su ilə hava qədər lazım olduğu bila tərəddüd
təsdiq olunar.
Zatən
darülmüəlliminin Qafqasiya türkləri
üçün su ilə hava qədər lazım olduğu
Bakı türkcə qəzetələrində dəfələrlə
yazılmışdır.
Qafqasiya
türkləri arasında bu qədər mətlub olan məarifi-ümumiyyəni
təmim etmək üçün bir degil, bir neçə
darülmüəllimin təsisinin vacib olduğu şübhə
götürməz bir məsələdir.
Binaənileyh
məsələnin əsasən təsdiq olunmuş
olduğuna sevinərik. İmdi artıq bu xüsusun qövldən-felə gəlməsinə
çalışmalı, bir dəqiqə olsun bu xüsusda təxir
etməməlidir. Ac öküzlərin
zühurini bəkləmədən
çalışmalıdır.
Qarelərimizə
məlum olduğu üzrə vəzarət Bakı
darülmüəlliminin vücudə gəlməsini bəzi
ibtidai məsarifinin məhəlcə təmin olunmasına
bağlamışdır.
Vəzarətin
qoyduğu şərtlər bunlardır:
1.
Darülmüəllimin üçün xüsusi bina tikilənə
qədər ona müvəqqəti növbəti bir mənzil
vermək.
2.
Darülmüəlliminin tərtibatı – ibtidaisinin məsrəfini
ödəmək.
Darülmüəlliminin
kirayəsi ilə pansiyon məsarifi ilədə 10.000 manat
hesab edildigi kibi, tərtibati-ibtidaisi üçün də
20.000 manat istənilmişdir.
İstənilən
bu şəraitin müvafiq və yaxud kafi
olub-olmadığı xüsusinə daxil olmayacağız. Fəqət bu qədər deyə bilərik
ki, bu qədər arzu olunan bir müəssənin bir an əvvəl vücudə gəlməsi mənafei-vətəniyyə
və milliyyə naminə mətlubdur. Bilaxirə
istənilən məsarifin məhəlli mənbələrdən
təmini lazım gələrsə, Bakı kibi dövlətli
bir şəhərdə birdəfəlik olaraq 20.000 manatla sənəvi
10.000 manat üçün işin müəvvəq
qalmasını gözləmək olmaz.
Hər halda
şəhər qlasnılarının, bilxassə müsəlman
qlasnılarının, öylə də məarifi-ümumiyyə
ilə əlaqədar olan dairələrin müqəddəs
borclarıdır ki, məsələnin qanuni və idari cəhətlərini
nəzərə alaraq heç dayanmadan Bakı darülmüəlliminin
açılmasını felən təminə
çalışsınlar ki, bu çalışmaları ilə
çoxmilyonlu Qafqasiya müsəlmanlarının məarifini
axsamaqdan mühafizə edəcəklərdir.
M.Ə.Rəsulzadə
“İqbal”, 3
aprel 1915, ¹903
Mütəvəffi
– ölmüş
Mübrəm
– mütləq icra edilməli
Məhafil –
məclis
Müəvvəq
– gecikdirilmiş, təxirə salınmış iş
Boğazlar məsələsi
Tələsmişlər
tərəfindən bu pasxa bayramı üçün
yarılıb keçilməsi gözlənilən Dardanel
bombardmanının hal-hazırda “yenə başdan olmaq üzrə”
yenidən başlandığı məlumdur.
Yeni bir
planla başlanıb da daha “Qəmqələ” və “Sədülbəhr”
ətrafında və Sarus xəlicində patırdı
çıqarmaqda olan bombardmanın nə kibi bir nəticə
ilə qurtaracağı bittəbii daha məlum degildir. Fəqət yalnız
bombardmanın nəticəsi degil nə kibi bir müvəffəqiyyətlə
güzəran etdigini dəxi Çanaqqala “Dardanel”
boğazından bir dürlü açılmayan sislərdən
(duman) seçib ayırd etmək olmuyor.
Dardanel
boğazı böylə top tüstüsü və sislərlə
dudi-alud olduğu bir əsnada Bosfor (İstanbul) boğazı
da bizim Qara dəniz flotumuzun nümayişlərinə məruz
olub qalmış və bu nümayiş ilə Türkiyə bəhriyyəsinin
dəxi biləks nümayiş icra etməsini mucib olmuşdur.
Gərək
Çanaqqala və gərək İstanbul boğazı ətrafındakı
Türkiyə istehkamatı böylə sislər və
tüstülərlə örtülü bir takım əsgəri
hərəkətlərə məruz və müthiş gəmilərin
ağır toplarına qarşı mübarizə etməyə
məcbur ikən boğazlar münasibətilə vaqe olan
siyasi nəşriyyat haman öz qaidəsilə
davam edib durmaqda və yalnız etilafi-müsəlləs
dövlətləri degil Amerikaya varıncaya qədər
bütün bitərəf dövlətlərin qəzetələrincə
belə müzakirə və bəhs olunmaqdadır.
Şübhəsiz
ki, boğazlar məsələsi “Şərq məsələsi”
deyə məşhur və Osmanlı müqəddəratının
həllindən ibarət olan məsələnin özəgini
təşkil etməkdədir. Bu məsələdə bütün
Avropa dövlətləri degil bütün dünya dövlətləri
– bir az fərqlə – hamısı zimdəxəldirlər.
Fəqət bu məsələ hər kəsdən
ziyadə Rusiyanı əlaqələndirir və Rusiya məsali-siyasiyyəsi
arasında baş bir rol oynuyor və oynamışdır da.
Rusiyanın bu vaxta qədər türklərlə
vaqe olan müharibələri hər nə qədər
müxtəlif nam və ünvanlarla vaqe olmuşsa da
İstanbula malik olmaq və boğazların hakimi kəsilmək
daima Rusiya siyasətinin ənənatə bağlı bir siyasəti
olmuşdur.
Daha
böyük Petro böyük islahatına başlarkən
böyüklükü ilə mütənasib mədəni bir
mövqe işğal edə bilmək üçün
Rusiyanın Bəhri-mühitə çıxması və aləmi-təməddünlə
açıq və xətərsiz bir dəniz vasitəsilə
bitişməsini lazım görmüşdü. Bunun üçün də
Petroqradın təsisi ilə Rusiya dahisi Avropaya bir “pəncərə”
açmaq istədi. Bunun üçün
cənubə doğru aqın edib Qara dəniz sahillərini zəbt
etmək fikrinə düşdü. Özündən
sonra böyük Katerina dəxi onun
çızdığı planlara sadiq qaldı.
Hər nə
qədər Petroqrad böyük Petronun istədiyi kibi Avropaya
qarşı bir “pəncərə” işini görə
bilmişdisə də açıq mühitə
çıxmaq üçün bir “qapı” ola bilməmişdi.
Çünki Baltik dənizi ilə bu dənizi
Şimal dəryasına rəbt edən rahrular Almaniya ilə
sair Avropa dövlətlərinin əlində olub tam
qarşıda da Rusiyanın kölgəsini qılınclayan
İngiltərə duruyordu. Bundan əlavə
Petroqrada səmt olan dənizlər qışın
buzlandığından burası yalnız siyasətən
degil, iqtisada da “qapı” olacaq bir məziyyətdə degildir.
Halbuki böyük Rusiyanın tərəqqisi
daimi surətdə kəndisini Bəhri-mühit ilə rəbt
edən su yoluna möhtac idi. Bu
böyük ehtiyacı rəf edəcək ən düz yol isə
boğazlar ilə İstanbul idi. Boğazlar
Rusiyanın “qapısı” idi. “İstanbul
ilə boğazlara malik olan şəxs isə Rusiya
qapılarının açarlarını özündə
bulundurmuş oluyor”.
Rusiya
mühərririni-siyasiyyəsinin təbirincə də “rus
hökuməti öz evinin açarını başqa əllərdə
buraxa bilməz”.
İştə,
“öz evinin açarını türklər əlində
buraxmamaq” üçün Rusiya Osmanlı dövləti ilə
neçə kərə qavğa etdi və bu dövlətin əzəmət
və şövkətini qırmaq üçün əlindən
nə gəldisə əsirgəmədi. Rus ordusu az qaldı ki,
İstanbula girsin. Az qaldı ki, “Novaya
vremya” təbirinə görə Ayasofiyanın başına təkrar
xaç takılsın. Az qaldı ki, əsrlərdən
bəri xristianlıq aləmi ilə müsəlmanlıq aləmi
arasında bir ixtilaf alması təşkil edən İstanbul
qəti surətdə rus əzəməti-siyasiyyəsi
xonçasının bir bəzəgini təşkil eləsin.
Fəqət bu qədər fədakarlıqlara rəğmən
yenə məqsəd əldə ediləmədi. Yenə “Rusiya qapısının açarı
özgələr əlində qaldı”.
Rusiyanı
müzəffərkən böylə böyük məqsədinə
yetişməkdən mane olan yalnız Türkiyə degil idi. Türkiyə məmanəti
qırıldığı zamanlar belə Rusiya öz məqsədinə
irəməmiş idi. Rusiyayı durduran və
Ayastafanusdan döndərib də Berlin konfransına aparan bu
gün müttəfiqləri olmaq surətilə boğazı
zorlamaqda olan dövlətlər bilxassə İngiltərə
idi. İngiltərə və Fransa
hökumətləri Rusiyanın Bəhri-Səfidə
çıxmaq hərəkətini durdurmaq üçün
yalnız konqrelərdə degil müharibə meydanlarında
da Türkiyə ilə bərabər və rus ziddinə olaraq
hərb etmişlər və qan tökmüşlərdir.
Sevastopol müharibəsində türklərlə
müttəfiqən qan axıtmış olan Fransa, ingilis əsgərlərinin
qardaş qəbri İstanbulun məzarıstanlarından birini
təşkil etməkdədir.
Bəhri-Səfidə
çıxmaq Rusiya üçün bir ehtiyac, açıq dəryalarda
özündən başqa böyük və əzəmətli
bir dövləti çəkə bilməyən İngiltərə
üçün isə Rusiyanın açıq dənizə
çıkmaları böyük bir təhlükə təşkil
edə bilərdi. İştə, bu iki mülahizə daima
toqquşmaqda və bu iki toqquşma məşhur rus və
ingilis rəqabətini dastanlara dastan etməkdə idi.
Qurnaz
ingilislər bir aralıq bütün Avropanı dəxi ruslara
qarşı özləri ilə həmrəy edə bilmiş
və 73 müharibəsindəki müzəffəriyyətindən
sonra Berlin konfransı vasitəsilə Avropa
boğazlarının açarlarını türklərə
tapşırmışdı. Demək ki, son fədakarlıq
dəxi faidə verməmişdi.
Bir
aralıq bu müvəffəqiyyətsizliyi görərək
rus siyasiləri açıq dənizə çıxmaq
üçün boğazlardan sərfi-nəzər edib Əqsayi-Şərqə
atlandılar. Fəqət
orada da yenə İngiltərə müttəfiqi olan Yaponiya
mane oldu və o məşhur şikəstlik üz verdi. Bunun nəticəsində dəxi
təkrar buraxılmış əski siyasətə əhəmiyyət
verilməyə başlandı.
Bu dəfə
Avropanın vəziyyəti dəyişmişdi. İngilislər nəzərində
ruslardan daha müdhiş bir rəqib meydana gəliyordu –
Almaniya.
Almaniya
qorxusu ənənatə müsətənd rus düşmənligi
siyasətini yaddan çıxartdırıyordı. İslavlıq aləmi ilə
germanlıq aləmi arasında mövcud olub da gündən
günə artmaqda olan ziddiyyəti-mənafe ruslar ilə
almanların sui-övləqinə səbəb oluyordu. Digər tərəfdən də alman tərəqqiyati-əsgəriyyə
və iqtisadiyyəsi İngiltərəni qorkutuyordu. İngiltərənin dənizlərə hakim
olması üçün Almaniya böyük bir təhlükə
təşkil ediyordu. Berlin konkresində
rusları təklədikləri kibi bu kərə də
ingilislər almanları təkləməgə
başladılar, həm də müvəffəq oldular. Məşhur rus-Fransa ittifaqı və
dolayısı ilə də İngiltərə-Rusiya
etilafı İran və Tibet məntəqeyi-nüfuzu kibi
uyuşmalar hasil oldu. Dünki düşmənlər bu
gün dost kəsildilər. Nəhayət bu
günki bu qorxunc müharibədə iştə Berlin
konkresində ruslara qarşı müttəfiq olaraq rəy verən
dövlətlər indi ruslara müttəfiqən almanlara
qarşı hərb ediyorlar.
Bu hal
rus imperatorları üçün Rusiya qayeyi-amalını təşkil
edən İstanbul məsələsinin bu kərə
rusların istədigi kibi həll olunması məsələsini
bütün ənənati ilə təkrar meydana qoyur. Türkiyənin müharibəyə
qarışdığı gündən etibarən bilafərq
məslək bütün rus qəzetələri bir ağızdan
“İstanbul ilə boğazlar rusların olmalıdır” deyə
yazmağa başladılar. Hələ
müttəfiq təhriyyə tərəfindən
Çanaqqala boğazı bombardman edilməyə
başlanınca bu məsələ bütün əsbiyyətilə
təkrar başlandı. Siz bir qəzetə
tapmazsınız ki, İstanbul məsələsinin rusların
olmaqdan başqa məsələnin digər bir surətlə həlli
yakınına yanaşsın.
Rusiyanın
müttəfiqləri (Fransa və İngiltərə)
müharibənin ən böyük
ağırlığını dəröhdə etmiş olan
Rusiya müttəfiqlərinin bəslədigi bu əmələ
qarşı nə kibi bir əlaqədə bulunuyorlar əcəba?
Gərək
İngiltərə və gərək Fransa qəzetələri
rusların boğazlardakı istəglərini təminə
bilatərəddüd razıdırlar. Fəqət bu təminin
xarici şəklini təyinə gəlincə Rusiyadakı
kibi orada mətin və sırsılmaz bir təsəvvürə
təsadüf olunmuyor. Hətta xariciyyə nazirimiz
Sazanovun İstanbul və boğazlar haqqında söylədiyi
nitqi-məşhurundan belə İngiltərə xariciyyə
naziri rəsmi surətdə bəhs edirkən diplomatcasına
idareyi-lisan etmişdi... Diplomatca söylənilən
bu nitq hətta boğazdakı bombardmanların nə yolda
getdigini örtən sis qədər pərdəli bir fikir hasil
etdirmişdi.
İngilis
və firəng mühərririni-siyasiyyəsi miyanında
rusların düşündügü kibi boğazlarla
İstanbulun tamamilə ruslara verilməsi tərəfdarı
olanlar varsa da məsələyə başqa bir surəti həll
düşünənlər də çoxdur.
Bunlarca
İstanbul ya küçük və bitərəf bir dövlətin
əlində olub da ticarət üçün azad qalmalı,
yaxud bütün dövlətlərin iştirakı ilə
ümumi bir idarəyə malik bulunmalıdır. Xülasə öylə bir
hali-vəz edilməlidir ki, kimsəyə artıq
boğazlardan keçmək müşkül olmayıb və
heç bir surətlə və heç bir zaman kimsənin
yolu bağlana bilməsin.
Fəqət
buna Rusiya əfkari-ümumiyyəsi qətiyyən
yanaşmıyor. Boğazlarla İstanbul məhz rus əlinə
keçməli əks halda günün birində yenə
Rusiya qapısını yabançı əllərdə
bulunmaq üzündən hasil olan təhlükəyə
qarşı Rusiyanın heç bir təminatı yoxdur –
diyorlar.
Demək
ki, boğazları zorlarkən müttəfiqlər ən
müşkil bir mövqedə bulunuyorlar. Həm düşmənin “can alacaq”
nöqtəsinə vuruyorlar, həm də müttəfiqlərin
əsəbinə toxunub kəndilərini fəzlə həyəcan
verişlərə cəlb edəcək bir nöqtəyi
qurcalıyorlar.
Əlbəttə,
hal-hazırda məsələnin həll olunan bir cəhəti
varsa o da cəhəti-əsgəriyyəsidir. Siyasi cəhətinə gəlincə
o bittəbii topların atıldığı və əfkarın
ğələyanda olduğu bu cidal zamanında degil müharibədən
sonra qurulacaq sülh məclisində həll olunacaqdır.
Şübhəsiz
ki, rus siyasiləri, rus əfkari-ümumiyyəsinin tələbi
vəchilə sülh məclisinə girərkən
İstanbul məsələsinə ayrıca bir əhəmiyyət
verdirmək istəniləcəkdir. Və heç şübhəsiz
ki, bu məsələnin həlli üzərində keçirilmiş
olan müharibədəki müvəffəqiyyətlərlə
bərabər müharibədən sonra hasil olan
müvazineyi-siyasiyyə də icrayi-təsir edəcəkdir.
Ehtimal
ki, müharibə vüquatı ilə ondan hasil olan müvazinənin
təsiri təvam olur. Bu iki
təsirin yek digəri ilə mübariz olmasına da az ehtimal yoxdur.
Hər
halda bu bir gələcək məsələsidir.
M.Ə.Rəsulzadə
“İqbal”, 5
aprel 1915, ¹904
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2011.- 19
noyabr.- S.26-27.