MƏŞƏDI SƏMƏD KƏRBƏLAYI MƏHƏMMƏDHƏSƏN OĞLU (1885, Sərkar kəndi/Samux rayonu – 1945-dən sonra, ?)

 

YAZARDAN BİR-İKİ SÖZ

 

Adı arxiv sənədlərində bəzən “Məşədi Səməd Kərbəlayı Həsən oğlu” kimi də gedən Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamanı) üzvü Məşədi Səmədi tapıb ortaya çıxarmaqçün mən 15 ilə yaxın axtardım. Çətinlik buradaydı ki, onun deputat sənədində seçildiyi yer olaraq “Gəncə qəzası” yazılmışdi, oçağkı Gəncə qəzasısa bugünkü bir neçə rayon, 300-ə yaxın kənd deməkdir. Onu illərcə Gəncənin özündə, Goranboy və Şəmkir rayonlarında, hətta Mingəçevirdə axtardım. Bu iyulda AR Dövlət Arxivində çalışarkən indiyədək gözümdən yayınmış bir sənəddə onun Samux rayonunun Sərkar kəndindən olduğunu oxudum. İki gün sonra soraşıqla həmin kənddən olan Təhmasib Əliyev adlı xeyirxah bir soydaşımızın telefonunu öyrənib istəyimi ona bildirdim. Sən demə, Təhmasib bəyin Gəncə və Samuxda böyük hörməti varmış və həmişə rəhbər vəzifələrdə çalışdığına görə insanları da yaxşı tanıyırmış. Mənə söz verdi ki, Məşədi Səmədin qohumlarını tapıb səni Gəncədə onlarla görüşdürəcəyəm.

 

GƏNCƏDƏ

 

Aradan iki həftə ötdü. Bir də Təhmasib bəy zəng etdi. Kişinin dili də varmış, dilçəyi də! Dedi ki, Gəncədə Məşədi Səmədin qohumlarıyla birgə səni gözləyirik. Təcili qatara bilet alıb Gəncəyə yola düşdüm. İyulun 25-də səhər tezdən qatardan düşdüyümdə şəhər dəmiryol vağzalında məni üç nəfərin gözlədiyini gördüm. Tanış olduq: Təhmasib Əliyev, Eldar və Yusif Hümbətovlar. Üçü də Sərkardandı. Arxayın söhbət etməkçün şəhərin xudmani restoranlarından birinin həyətində oturduq. Təhmasib bəy Məşədi Səmədin yaxın dostlarından biri olmuş Samuxlu Qaçaq Məhəmmədqasım’ın oğlu Kitay’ın oğlu Putay Mirzəyev’i də buraya çağırdı.

Söhbətdaşlarımla yaxından tanış olaraq öyrəndim ki, Təhmasib Məcnun oğlu Əliyev (1958) doğma kəndlərinə 20 ildən artıq rəhbərlik edib, rayon icra hakimiyyətinin müavini işləyib və indi də sahibkarlıqla məşğuldur. Məşədi Səməd onun nənəsi Cavahir xanım’ın qaynıdır. Eldar Ələddin oğlu Hümbətov (1953) və Yusif Əbülfət oğlu Hümbətov (1964) isə Məşədi Səmədin qardaşı İsmayıl’ın nəvələridir. Eldar bəy Gəncədə yaşayır. O, Azərbaycan Texnologiya Universitetinin baş müəllimidir. Yusif bəysə Gəncə Humanitar Kollecində şöbə müdiri işləsə də (iqtisad üzrə fəlsəfə doktorudur) evi doğma Sərkardadır. Sərkarla Gəncənin arası cəmi bir neçə kilometr olduğuna görə hər gün gedib-gəlmək elə də çətin deyil.

Təhmasib bəy əsl təşkilatçı adammış. Bu gün kimlərlə görüşüb məlumat toplaya biləcəyimizi yarım saatın içərisində müəyyənləşdirdi, görüşüləcək adamlara zəng edərək onlardan vaxt aldı və bir də axşam bizimlə olacağını bildirərək işinin-gücünün dalınca getdi. Eldar bəylə mən də bütün gün Yusif bəyin “Jiquli”sində Gəncə – Sərkar arası məkik vurduq, çoxlu qocalarla görüşdük, Məşədi Səməd haqqında gerçəkləri, xatirələri öyrəndik.

 

SƏRKAR KƏNDİNİN ƏYAL DƏFTƏRİ

 

Gəncəyə “hazırlıqlı” getmişdim – əlimdə Sərkar kəndinin əyal dəftərlərinin (rusca ona “kameralnoye opisaniye” deyilir) və Məşədi Səmədin deputatlığı ilə bağlı sənədlərin üzləri vardı. Əyal dəftərlərini incələyərkən ortaya çıxan suallara söhbətdaşlarımdan cavab aldım.

Gəncə qəzasının 1873-cü ilə aid əyal dəftərində (AR Tarix Arxivi, fond 43, siyahı 2, iş 7179) Kərbəlayı Məhəmmədhəsənin və oğlu Səmədin adı yoxdur. Onların adını yalnız 1886-cı ilin əyal dəftərində (ARTA, fond 43, siyahı 2, iş 7352, vərəq 705) görürük. Burada 69-cu nömrə altında 32 yaşlı (deməli, 1854-cü ildə doğulub) “Məhəmmədhəsən Hümbət oğlu” qeydə alınıb. Göstərilir ki, onun ailəsi iki oğlundan (Səməd və Məhəmmədhüseyn) və 2 qadından ibarətdir (əyal dəftərlərinə qadın adı salınmazdı – o çağın müsəlman kişiləri buna icazə vermirdi). Yeri gəlmişkən, buradan Səmədin 1 yaşı olduğunu öyrənirik; deməli, o, 1885-də anadan olub.

Məşədi Səmədin ata-babasının adının 1873-ün əyal dəftərinə niyə düşmədiyinin səbəbini soruşduqda Yusif bəy bildirdi ki, nəslimiz Samux torpağına Gürcüstanın Sarvan kəndindən köçərək gəlib. (Bunu sonra bütün qocalar təsdiqlədi). Köçmənin tarixi dəqiq bilinmir, ancaq bunun 1873-dən bir-iki il sonraya düşdüyü şübhəsizdir.

 

MƏŞƏDİ SƏMƏDİN SOYU HAQQINDA

 

Məşədi Səmədin ulu babasının adını heç kəs bilmir. Babası isə Məşədi Hümbət’dir. 1886-cı ilin əyal dəftərində adının çəkilməməsindən bilinir ki, həmin tarixdə o, sağ deyilmiş və Sarvandan köçənsə oğlu Kərbəlayı Məhəmmədhəsəndir.

Eldar və Yusif bəylər Məşədi Hümbətin soyu haqqında bizə bilgi verdilər. Doğrudur, sonra bəzi qocalar da bu haqda öz fikirlərini bildirdilər, ancaq onların dediklərində uyuşmazlıqlar olduğundan, yalnız bu iki əmiuşağının dediklərinə üstünlük verdim. Soyla bağlı aşağıda yazdıqlarım da onlardan öyrəndiklərimdir.

Beləliklə, Məşədi Hümbətin Xanım adlı yoldaşından bir qızı və iki oğlu olub: Məşədi Telli, Kərbəlayı Məhəmmədhəsən və onun qardaşı. Bu qardaşın adı indi unudulsa da uşaqlarının adı bəllidir: İmran və Şöhlə. Kərbəlayı Məhəmmədhəsən isə Qara Kazım’ın bacısı və Kalva Yusif’in bacısı ilə, Xanım adlı bir qadınla evlənib. Onlardan 7 oğlu olub: Məşədi Səməd, Məhəmməd (əyal dəftərindəki Məhəmmədhüseyn), İsmayıl, Cavad, Nəsib, Həmzə, Məmməd. İki də qızı varmış: Züleyxa, Şəkər. Bunların hər birinin övladlarını saysaq mövzumuzdan uzaqlaşarıq. Bu siyahını tamamlamaq sərkarlıların boynuna düşür.

Kərbəlayı Məhəmmədhəsənin Samuxda köçdüyü kəndin adı Sərkar’dır. O, bu kəndin aşağısında torpaq sahəsi alıb. Ancaq doğma yurdunu unutmadığına görə yaşadığı məhəlləni də Sarvan adlandırıb. Sərkarın həmin hissəsinə bu gün də el arasında Sarvan deyilir.

Məşədi Səmədin qardaşı Həmzənin oğlu Yolçunun həyat yoldaşı Şəfurə Ədil qızı Hümbətova (1931) bildirdi ki, Məşədinin torpağı Sərkarda bulaq olan yeganə yermiş. Kənddəki Umudəli kəhrizini də Kərbəlayı çıxarıb.

Kənd ağsaqqalı Nadir Abbasov’un (1935) söylədiyinə görə, Gürcüstandan buraya 4 tayfa gəib: Kalaməssənli (əslində: Kəlbə Məhəmmədhəsənli), Dəlisəfərli, Daşdəmirli, Yediyarlı. Bu Sərkar kəndinin bünövrəsini Gəncə xanı Ziyad xan’ın sərkarı Hüseyn qoyub. (Ziyad xandan söz düşəndə Nadir kişi dedi ki, Qarakeşiş kəndində – Xanların üst tərəfində Əsli ilə Kərəmin qəbri durur).

Məşədi Səmədə gəlincə, onun iki arvadı olub: Münəvvər və Töhfə. Töhfəni Tiflisdə alıb, Münəvvərin üstünə gətirib. Ondan Məşədinin övladı olmayıb. Töhfə gələndən sonra Münəvvər Gəncədə olub. Ondan iki oğul dünyaya gəlib: Məhəmmədbağır və Tağı (Məşədi ona ana babasının adını qoyub). Oğlanların ikisi də Bakıda yaşayıb. Məhəmmədbağır neft mühəndisi olub. Tovuzlu Kübra həkim’lə ailə qurub. Tağı isə həkimdi. Subaydı. Hər iki qardaşı atalarına görə “KQB” izləyərək məhv edib. Bakıda yaşadıqlarına görə, təəssüf ki, Sərkardakı qohumlarında onların taleyi haqqında geniş bilgi yoxdur. Onların dayısı – Münəvvər xanımın qardaşı Eyyub Verdiyev Bakıda Şors (indiki Bəşir Səfəroğlu) küçəsində yaşayırmış (Ticarət Nazirliyində işləyirmiş). Övladları qalırsa onlarda məlumat ola biləcəyi güman edilir. Məşədi Səməd mühacirətdə də evlənib və 2 oğlu olub. Onlardan da bir şey bilinmir.

 

MƏŞƏDİ SƏMƏDİN KİŞİLİYİ

 

Bu bir gündə Məşədi Səməd haqqında çox sözlər eşitdim, çox şeylər öyrəndim. O, hündür boylu, pəhləvan cüssəli bir adammış. Sərkar kəndində təsərrüfatıyla, ticarətlə məşğulmuş. Bacarıqlı idarəçi olduğuna görə çoxlu var-dövlət, sərvət əldə edib. Ədaləti və namusluluğuyla xalq arasında böyük hörmət qazanıb. Bir sözünü iki etməyiblər. Elin xeyir-şərində həmişə qabaqda gedib. Məclislərin dör başında (ən hörmətli yerində) oturdulub. Əliaçıq və insaflı olduğuna görə yetim-yesirlər, əlsiz-ayaqsızlar onu özlərinə arxa, hayan sayıb. Hamı danışır ki, o, Göyçədən gəlmiş bir ailəni öz himayəsi altına alıb. Bu insanlara o qədər yaxşılıq edib ki, onlar da sonralar Məşədi Səmədin törəmələri kimi Hümbətov soyadı götürüblər.

Məşədi Səməd bədəncə çox güclü insanmış. Görünür, bu, ona irsən atasından keçib. Danışılana görə, Gəncəyə məşhur bir pəhləvan gəlib, buranın bütün pəhləvanlarını yıxıb. Deyiblər ki, onun öhdəsindən yalnız Sərkarlı Kərbəlayı Məhəmmədhəsən gələ bilər. Ona adam göndəriblər. Əkindəymiş. Öncə evə gedib, bir məcməyi xəngəl yeyib, sonra çarıqlarını geyərək Gəncəyə yola düşüb. Pəhləvan onu görcək gülüb, ancaq bir azdan ağlamalı olub – Kərbəlayı onu çiyninə götürüb yerə çırpmaq istəyəndə yalvarıb ki, məni yerə vurub biabır eləmə, o da üsulluca yerə qoyub.

Məşədi Səmədin də Təbrizdən gəlmiş bir pəhləvanı yıxdığı söylənilir.

Məşədi dosta dost, düşmənə düşmən olub. Onun baçısı Şəkər xanım’ın nəvəsi Knyaz Çərkəz oğlu Abdullayev’in (1927) dediyinə görə, Məhəmməd Məşədi Səmədin böyük qardaşıymış. O da igid adam olub. Onaçılan tüfənginin dəstəyi qızıldanmış. Ancaq arvadı ərini satıb və düşmənləri Məhəmmədi üzümlükdə öldürüblər. Məşədi qardaşının qisasını onu öldürənlərdən layiqincə alıb.

 

MƏŞƏDİ SƏMƏD VƏ  DƏLİ ALI

 

Məşədi Səmədin Gəncəbasarda çoxlu dostları olub. Onların içərisində Qaçaq Məhəmmədqasım və Dəli Alı’ya ayrıca sevgi bəsləyib. Məhəmmədqasımla dostluqları tale onları ayıranadək davam edib, Dəli Alıylasa bir toy məclisi üzündən küsülüşüblər. Bu əhvalatı bir çox qocalardan eşitdim.

Səfurə xanım Hümbətova:

Şəmkirdə bir toyda Məşədi Səməd yaxşı oynayıb. Dəli Alının buna paxıllığı tutub. Toydan qayıdanda onu qabağa buraxaraq arxadan vurmaq istəyib. Bunu onun dəstəsindən biri Məşədiyə xəbər verib. Məşədi Səməd subaşına getmək bəhanəsiylə geri qalıb. Mauzeri onun üstünə çəkib, ancaq salamat buraxıb. Dəli Alı sonra minnətə adamlar göndərib, barışıblar. Ancaq bundan sonra yaxınlıqları olmayıb.

Sabir Fərzalı oğlu Zeynalov (1934):

Mənim ana babam Kəblə Abdulla Məşədi Səmədin əmisi oğludur. Mən 1955-58-ci illərdə Gəncədə Məşədinin bacısı Şəkər xanım’ın evində qalırdım. O, mənə qardaşı haqqında çox şeylər danışıb.

Şəkər xanımın mənə söylədiyinə görə, Məşədi Səməd sovet hakimiyyətinin ilk illərində kənd soveti sədri işləyib. Hətta belə bir məsəl də yaranıbmış: “Kənd soveti Məşədi Səməd – katib Məşədi Səməd”.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Ədalət TAHİRZADƏ

 

525-ci qəzet.- 2011.- 19 noyabr.- S.21.