“Xalq
cəbhəsi” qəzetinin 10 yaşı tamam
olur
ELÇİN MİRZƏBƏYLİ:
“GÜNEY AZƏRBAYCANA DİQQƏTİN BİZİM ÖLKƏ
MEDİASINDA OYADILMASINDA “XALQ CƏBHƏSİ” QƏZETİNİN
XİDMƏTLƏRİ MÜSTƏSNADIR”
Bu gün Azərbaycan mətbuatında
öz dəsti-xətti ilə seçilən “Xalq cəbhəsi”
qəzetinin 10 yaşı tamam olur. Bununla əlaqədar qəzetin
baş redaktoru Elçin Mirzəbəyli “525”in
suallarını cavablandırıb
–
Ötən 10 il müddətində ən çox yadda qalan
hadisə nə olub?
–
8-ci mikrorayonda yerləşdiyimiz binanın 13-cü mərtəbəsinin
daha çox hadisə baş verib. Oradakı şəraitimiz o
qədər bərbad vəziyyətdə idi ki, ümumiyyətlə
hər hansı mətbuat orqanının həmin şəraitdə
işləməsi ağlasığmaz idi. Məndən
öncə qəzetin baş redaktoru olmuş şəxslər
və əməkdaşlar da bu problemlərlə
qarşılaşıblar. Orada adətən işıqlar
tez-tez sönürdü, lift işləmirdi və bir çox
halda biz 13-cü mərtəbəyə piyada qalxıb
düşməli olurduq. Elə vaxt olub ki, işıqlar
sönüb və internet klublardan birinə gedib, orada işləməli
olmuşuq. Bütün avadanlığı birinci mərtəbəyə
düşürmüşük və ora çatanda
işıqlar yanıb, yenidən geriyə qayıtmalı
olmuşuq. Maraqlı hadisələr həddən artıq
çoxdur. Az qala hər gün qəzetdə bir lətifə
baş verir. Bütün bunları 10 il ərzində toplasan
böyük bir kitab ortaya çıxardı. Ancaq həmin o,
13-cü mərtəbədə olduğumuz müddətdə
ən unikal hadisə binanın rəhbərliyinin kanalizasiya xətlərini
kəsməsi olub. O zaman 13-cü mərtəbədən 1-ci
mərtəbəyə daha tez-tez düşmək məcburiyyətində
qalırdıq. Uşaqlarımız da az qala idmançıya
çevrilmişdilər, hər biri atletik görkəm
almışdı. İndi həmin problemlərlə
qarşılaşmırıq, bugünkü şəraitimiz
o vaxtkı ilə müqayisə edilməz dərəcədədir.
Ancaq həmin acı xatirələri hər dəfə
xatırlayanda bir üzümüzdə təbəssüm
yaranır.
–
Ölkədə xeyli sayda qəzet var . Ötən 10 ildə
“Xalq cəbhəsi” qəzeti özünün yerini müəyyən
edə bildimi?
–
“Xalq cəbhəsi” özünün yerini tapması
üçün heç 10 il əziyyət çəkmədi.
Qəzet fəaliyyətə başladıqdan bir neçə
ay sonra öz prinsipləri, dəsti-xətti ilə artıq
yerini tapmışdı. Bu gün Azərbaycan mətbuatında
çox sayda gündəlik qəzet fəaliyyət göstərir
və onların həm oxşar, həm də fərqli cəhətləri
var. Təbii ki, ümumi yanaşmalarda “Xalq cəbhəsi” qəzeti
ilə bir sıra qəzetlərlə, o cümlədən
“525-ci qəzet”lə oxşar cəhətləri var. Amma biz
ilk gündən elan etdiyimiz hədəflərlə, prinsiplərlə
bugünkü fəaliyyətimiz arasında heç bir fərq
yoxdur. Öz prinsiplərimizə ardıcıl şəkildə
əməl etmişik. Milli azadlıq hərəkatının
dalğası yarananda, söhbət siyasi proseslərdən
getmir, sırf xalq hərəkatı kimi formalaşanda onun təməl
prinsipləri var idi. Bunlar Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması və
Dağlıq Qarabağ üzərində dövlətimizin
suveren hüqüqlarının bərpası, Azərbaycan
milli şüurunun oyadılması, bu istiqamətdə təbliğatın
aparılması, türkçülük və azərbaycançılıq
xətti idi. Qəzetimiz fəaliyyətdə olduğu müddətdə
bütün bu prinsiplərlə işini qurub və bir an da
olsun bunlardan kənarlaşmayıb. Bu baxımdan bir çox məsələ,
o cümlədən Güney Azərbaycanla bağlı məlumatlar
əsasən “Xalq cəbhəsi” qəzetində
yayılır. Güney Azərbaycana diqqətin bizim ölkə
mediasında oyadılmasında “Xalq cəbhəsi” qəzetinin
xidmətləri müstəsnadır. Heç kimin diqqət
yetirmədiyi vaxtlarda biz bu işlə məşğul
olmuşuq və bu gündə həmin vəzifəni şərəflə
yerinə yetiririk. Çoxlu sayda fərqli cəhətlərimiz
var və bu hadisələrə yanaşmamızda
özünü göstərir. Qəzetimizin özünəməxsus
cəhətlərini hər kəs qeyd edə bilər. Ola
bilsin kiminsə bundan xoşu gəlmir, kimsə qəbul etməsin,
amma bu bizik, necə varıq elə.
– Yəqin
ki, bu gün yazılı medianını üzləşdiyi
problemlər sizdən də yan keçməyib.
– Biz
elə problemlər yaşamışıq ki, bu gün
onları heç kimə arzulamıram. Əvvəl qeyd etdiyim
13-cü mərtəbədə qışın soyuğunda
otaqda az qala kürklə oturduğum bir vaxtda işıqlar
sönəndə generatorun gücü ancaq kompüterlərin
işlədilməsinə çatırdı. Masamın
üzərindəki çırağı gözümün
qarşısında bu günədək saxlayıram ki, həmin
günləri unutmayım. Problemlər hər zaman olacaq,
bunlarla yanaşı, yaşamağı bacarmaq lazımdır.
Çünki hər dəfə yeni bir problem
çıxır, cəmiyyət, media inkişaf edir, yeni
dövrə uyğunlaşmalısan və bunun
üçün yeni imkanlar lazımdır. Bunları əldə
etmək üçün maliyyə və digər texniki
imkanlar olmalıdır. Bu hər bir gündəlik mətbu
orqanının qarşılaşdığı problemlərdir.
Biz problemləri tədricən aradan qaldırmağa
çalışırıq. Əsas faktor qəzetin qorunub
saxlanmasıdır. Belə deyək ki, mətbuatın
ümumi inkişafı fonunda qəzetin inkişafına nail
olmaqdır ki, bu da bizim üçün prioritet təşkil
edir.
–
Vaxtı ilə qəzetə rəhbərlik edən və eyni
zamanda əməkdaşları olmuş jurnalistləri təşkil
etdiyiniz mərasimə dəvət etmisinizmi?
–
Geniş şəkildə tədbirimiz olacaq və
keçmiş əməkdaşlarımızın
böyük bir qismini dəvət etmişik. Bizim konkret sayda
insanlar dəvət etmək imkanımız var idi və buna
uyğun həmkarlarımızı dəvətlər göndərdik.
Qəzetin ilk baş redaktoru olmuş Vüsalə
Mahirqızı daxil olmaqla, digər baş redaktor olmuş
şəxslər, eləcə də jurnalistlərimiz burada
iştirak edəcək.
–Gələcək zaman ərzində
qəzetlərin kağız variantdan internetə keçidinin
olacağı qeyd edilir. Sizin qəzet buna hazırdırmı?
–
Özümə və digər mətbu orqanların rəhbərlərin
təsəlli olaraq bildirmək istəmirəm. Amma qeyd edim ki,
bu gün Azərbaycanda internet bumu yaşanır, yeni media və
sosial şəbəkələr daha çox dəbdədir,
diqqət çəkir. Ölkədə bir çox insanlar
kompüter almaqla sosial şəbəkələrə
çıxışlarını təmin edirlər. Bu yeni
ünsiyyətin, dialoqun formasıdır. Amma internet media vasitəsi
deyil, kommunikasiya vasitəsidir və ona görə də
internet heç zaman qəzeti əvəz etməyəcək. Necə ki, internet televiziyanı, televiziya qəzeti, kino teatrı əvəz edə bilmədi. Hər bir şeyin
öz yeri var. Ola bilər zamanla yeni çıxan texnologiya öz dəb dövrünü yaşayır, zaman keçdikcə bu prosesin özü tənzimlənir. Hesab edirəm
ki, çap mediası yeni texnologiyalardan istifadə etməklə, özünün
varlığını qoruyub
saxlayacaq. Azərbaycanda istər internet mediası,
istərsə də çap mediası üçün əsas
problem bu deyil. Ən böyük problem oxucu mədəniyyətinin olmamasıdır,
azərbaycanlılar oxumağı
sevmirlər. Oxumaq bizim
mədəni həyatımızın
tərkib hissəsinə
çevrilməyib, mütaliə
etməyi əksəriyyətimiz
xoşlamırıq. Hesab edirəm
ki, bu problemi
aradan qaldırmaq lazımdır.
– Özünüz özünüzə
nə arzu edərdiniz?
– İstər qəzetimizin
əməkdaşları, istər
redaktorlarının hər
biri yüksək yaşam tərzinə, mükafatlara layiqdirlər. Arzu edərdim
tək bizim qəzetin fədakar redaktorları, jurnalistləri
yox, bütövlükdə
Azərbaycan mətbuatının
ləyaqətli jurnalistləri,
öz imzalarına hörmət edən mətbuat nümayəndələri
layiq olduqları həyat tərzini yaşaya bilsinlər.
Çünki hər şey
burdan başlayır.
İnsan
layiq olduğu qiyməti alanda o xoşbəxt olur, gələcəyə ümidlə
baxır, peşəsinə
daha çox bağlanır.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.- 2011.- 19 noyabr.- S.7.