Üzeyir Hacıbəyli və Azərbaycanda
xor musiqi mədəniyyətinin
inkişaf yolları
Dahi Üzeyir Hacıbəylinin Azərbaycan
musiqi mədəniyyətində əsasını qoyduğu
janrlardan biri də xordur. XX əsrdən başlayaraq Azərbaycan
xor mədəniyyəti ümumdünya xor
ifaçılığı ənənələri ilə zənginləşərək,
öz milli çərçivəsindən kənara
çıxmağa başladı. O, öz inkişaf yolunun
başlanğıcını 1908-ci ildə
yazılmış, dahi Üzeyir Hacıbəylinin Yaxın və
Orta Şərqdə ilk opera olan “Leyli və Məcnun”unun səhnəyə
qoyulmasından götürmüşdür. Bəstəkar bu
operada iki ənənəni – Şərq monodikliyi və Avropa
çoxsəsliliyini üzvi surətdə birləşdirməklə,
Azərbaycanda professional xor incəsənətinin gələcək
nailiyyətləri üçün əsaslı bünövrə
yaratmış oldu. Bəstəkarın “Leyli və Məcnun”
operasında xor parçalarından istifadə etməsi xalq tərəfindən
heç də pis qarşılanmamış, əksinə bu
operanın uğur qazanmasına xidmət göstərmişdir.
Muğam operası çərçivəsində
Ü.Hacıbəyli Azərbaycan milli musiqisi əsasında
xor oxumaları yaratmağa nail olmuşdur.
Ü.Hacıbəylinin musiqili komediyalarından “Ər və arvad”,“O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında satiradan bədii silah kimi istifadə etməsini nəzərə alaraq, qeyd etmək olar ki, istər mənfi, istərsə də müsbət obrazların təsvirində xor olduqca parlaq şəkildə vasitəçi olmuşdur.
Lakin bu əsərlərin səhnəyə qoyulması zamanı yaranan əsas və mühüm problem, Azərbaycanda professional xor kollektivinin olmaması idi. Ü.Hacıbəylinin bu məsələ ilə məhz öz ilk operasının səhnələşdirilməsi dönəmində üzləşdiyi vaxtda o, öz uzaqgörənliyi və inadkarlığıyla o dövrdə mümkün olan hər bir vasitəylə musiqiçilərin xor ifasına cəlb olunmasına çalışırdı.
Bəzi mənbələrdən alınan məlumatlara görə, Ü.Hacıbəylinin ilk səhnə əsərlərinin ifasında opera teatrının artistlərindən əlavə, Rus Kilsəsi və Sinaqoqlardan da ifaçılar iştirak edirdilər. Ancaq təbii ki, bu azərbaycandilli xor deyildi.Və bu amil əsərlərin səhnələşdirilməsi prosesində ciddi maneələr törədirdi. Belə ki, mətnin düzgün tələffüz olunmaması, milli musiqini hissetmə bacarıqsızlığı, şərq metroritmik xəttinin ifadə olunmasının mürəkkəbliyi, habelə çoxsəsli konsert ifasının milli musiqi təfəkkürünə əsaslanan oxuma spesifikasıyla qarşı-qarşıya qoyulması ümumi mənzərəni pozurdu. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Ü.Hacıbəyli xor oxumasının inkişafı yolundakı çıxış nöqtələrini uzlaşdırmağı bacarmışdı.
Lakin xor ifaçılığıyla bağlı milli kadrların olmaması problemi hələ də gündəmdə idi. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ü.Hacıbəyli məktəblilər üçün iki səsli xor əsərləri yazmaqla, Azərbaycan gəncliyində xorla oxuma mədəniyyətini kiçik yaşlardan formalaşdırmağa cəhd göstərdi. Sözügedən parçalar Ü.Hacıbəylinin üç əsərdən ibarət not nəşrində toplanmışdı: “Ey, səba yeli”, “Axşam oldu” və “Cürətimin sirrini bil”. Bununla da bəstəkarın xor əsərlərinin iki müxtəlif mədəniyyətin sadə vasitələrlə təbii sintezinə nail olmaq üçün kifayət qədər spesifik fakturaya malik olmalarını qeyd etmək lazımdır.
1920-ci illərdən Ü.Hacıbəylinin yaradıcılıq və musiqi fəaliyyəti özünü daha da məqsədyönlü şəkildə göstərir. Belə ki, o, gələcək Azərbaycan Dövlət Konservatoriyasının nizamnaməsini hazırlayarkən, oraya daxil etdiyi ilk maddələrdən biri, ixtisasından asılı olmayaraq təhsil alan tələbələrin hamısına xor sinfinin mütləq keçilməsi olmuşdu. Ü.Hacıbəyli xor fənnini Azərbaycan Musiqi Məktəbinin tədris planına da salmışdı. Lakin o, bununla da kifayətlənmədi. Nəhayət, 1926-cı ildə, Konservatoriyada Ü.Hacıbəyli çoxsəsli xor yaratmağa cəhd göstərdi. Lakin, təəssüf ki, bu kollektivin ömrü uzun sürmədi. Xorun dağılmasının səbəblərindən biri geniş ictimaiyyətin bu mədəniyyəti qəbul etməməsi olmuşdur.
Bununla belə, Ü.Hacıbəyli öz prinsipiallığından əl çəkməyərək bu problemin həlli üçün yeni yollar axtarmaqda davam edirdi. Avropa və Türk xorlarını ayıraraq, M.F.Axundov adına Opera və Balet teatrının baş xormeysteri Y.Qrossman həm tələbələrə, həm də özfəaliyyət xorlarına rəhbərlik etməyə başladı. Ancaq bu işlər yenə də bir nəticə vermədi. Şübhəsiz, Azərbaycan Dövlət xoruna Azərbaycan şifahi xalq musiqisini dərindən bilən, perspektivli düşüncə sahibinə malik olan, istedadlı bir musiqiçi lazım idi. Və beləliklə, 1936-cı ildə Ü.Hacıbəyli Azərbaycan Dövlət Filarmoniyası nəzdində100 nəfərdən ibarət Azərbaycan Dövlət Xorunu yaradaraq, bədii rəhbər və ilk azərbaycanlı xormeyster olur. O qeyd edir ki, bu xoru yaradarkən Azərbaycanın müxtəlif bölgələrindən xüsusi musiqi hazırlığı olmayan istedadlı ifaçılar da buraya cəlb olunub. Onların arasında hətta kolxozçular da var idi. Bu cür tələbələr üçün xüsusi dərs planının hazırlanması və 4 il ərzində tədrisin həyata keçirilməsi təqdirəlayiq bir hal idi. Üzeyir Hacıbəyli azərbaycandilli xorun iş prosesini daha tez mənimsəməsi üçün azərbaycan xalq mahnılarını xor üçün işləmiş, solist, xor və simfonik orkestr üçün “Vətən və Cəbhə” və başqa kantatalar bəstələmişdir. Qeyd edək ki, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Azərbaycan Dövlət Xoru dinləyicilərdə güclü təəssürat yaratmış, bundan əlavə dekadanın 30-dan çox iştirakçısına, o cümlədən 4 xor artistinə fəxri ordenlər verilmişdir.
1940-cı ilin iyun ayında Azərbaycan Dövlət Konservatoriyasının daha əvvəl mövcud olmuş etnoqrafik türk xoru və rəqs kollektivi “Mahnı və rəqs ansamblı”nın tərkibinə qatılmış, bununla da əlaqədar Xor kapellasının yaradılmasına dair işlərə start verilmişdir. Elə həmin ildə Azərbaycanda Ü.Hacıbəylinin rəhbərliyi ilə ilk Xor Kapellasının yaradılması haqda sərəncam verildi və 54 nəfərdən ibarət kollektiv fəaliyyətə başladı.
Lakin Böyük Vətən Müharibəsi illərində kapellanın fəaliyyəti çətinləşdi və bir neçə il bu sahədə durğunluq yarandı. Sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında Xor dirijorluğu kafedrasının yaranması xor ifaçılığının inkişafında mühüm rol oynadı. Bu kafedrada çox istedadlı xormeysterlərdən Cahangir Cahangirov, L. Frolova, E.Novruzov, N.Məlikov, L. Atakişiyeva, S. Ağayeva, Z.İsmayılova və b. Pedaqoji fəaliyyətlərini ifaçılıq fəaliyyəti ilə uzlaşdırmışlar.
1966-cı ildə Azərbaycan Dövlət Xor Kapellası daha intensiv fəaliyyətə başlamışdır. Bir müddət bu xorun rəhbəri istedadlı dirijor, Əməkdar incəsənət xadimi E.Novruzov, sonralar isə Z.İsmayılova olmuşdur. Bu dövrdə kapellanın repertuarı çox genişlənərək, həm dünya, həm də Azərbaycan bəstəkarlarından bir çox yeni kantata və oratoriyalar, eləcə də kiçik həcmli əsərlərlə zənginləşmişdir. Bu kollektiv təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox başqa şəhərlərində çıxış edərək, dinləyicilərin hüsn-rəğbətini qazanmışdır.
1996-cı ildən bu günədək Azərbaycan Dövlət Xor kapellasının bədii rəhbəri və dirijoru, xalq artisti,professor Gülbacı İmanovadır. Hazırda kollektivin repertuarına bir çox əsərlər daxildir. Son illərdə kapella Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Fransa, Almaniya, Avstriya və b. Xarici ölkələrdə uğurlu qastrol səfərlərində olmuşdur.
Qeyd edək ki, Ü.Hacıbəyli, C.Cahangirovdan sonra, Azərbaycan xor musiqisinin inkişafı yolunda xidmətləri olmuş simalardan biri olan, Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mustafayevin də adını çəkmək lazımdır. O, 1958-2008-ci illər ərzində Azərbaycan Radiosu və Televiziyası xorunun bədii rəhbəri və dirijoru vəzifəsində çalışmışdır. Hal-hazırda xorun rəhbəri Şəhla Ələkbərovadır.
Üzeyir bəyin “Leyli və Məcnun” operasının səhnəyə qoyulması və xoru ilk dəfə professional səhnəyə çıxarmasından 100 ildən çox vaxt ötüb. Bu illər ərzində ölkəmizdə xor mədəniyyəti uzun və keşməkeşli yollardan keçərək formalaşmış və Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu ildən bu günədək öz çiçəklənmə dövrünü yaşamaqdadır. Buna bariz nümunə olaraq, son 20 ildə ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Uşaq Xor Kapellasının, Avropa Şurası və YUNESKO-nun iqamətgahlarında, Brüssel şəhərinin Pale de Konqres konsert salonunda Azərbaycan və bir sıra dünya bəstəkarlarının əsərlərindən ibarət geniş proqramla 2008-ci ildə baş tutan uğurlu çıxışlarını göstərmək olar. O cümlədən əməkdar incəsənət xadimi Elnarə Kərimovanın rəhbərlik etdiyi, yeni yaranmış “Buta” kamera xorunun fəaliyyətini də qeyd etmək lazımdır. Kollektiv bu yaxınlarda Üzeyir Hacıbəyli adına 3-cü beynəlxalq musiqi festivalı çərçivəsində öz ilk konsert proqramını uğurla təqdim etdi.
Üzeyir bəyin ənənələri bu gün də Azərbaycanda Milli xor mədəniyyətinin inkişafının əsasını təşkil edir. Buna baxmayaraq, Azərbaycanda xor musiqisinin təbliğatının genişlənməsinə böyük ehtiyac duyulur. Yaxşı olardı ki, bizim radio və televiziya kanallarımız xor əsərlərindən ibarət silsilə konsertlər təşkil etsin. Ən yaxşı xor mədəniyyəti nümunələrinin yaranması üçün Azərbaycan Bəstəkarlar İttifaqının müsabiqə keçirməsi də faydalı olardı. Ümumiyyətlə, xor musiqisi və xor ifaçılığının inkişafı yolunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının misilsiz əməyi vardır. Belə ki, bu kafedranın yetirmələri müxtəlif musiqi ocaqlarında xor mədəniyyətinin formalaşmasında mühüm rol oynamışlar. Onlardan biri, xor dirijorluğu kafedrasına uzun müddət rəhbərlik etmiş görkəmli Azərbaycan bəstəkarı, xalq artisti C.Cahangirov olmuşdur. Onun xor üçün yazılmış iri və kiçik həcmli əsərləri bu gün də xor kollektivlərinin repertuarındadır. Yaxşı olardı ki, Bakı Musiqi Akademiyasının 90 illiyi ilə əlaqədar olaraq, xor dirijorluğu kafedrasında oxuyan ən fəal tələbələrə Cahangir Cahangirov təqaüdünün verilməsi nəzərdən keçirilsin.
Leyla MURADZADƏ,
Bakı Dövlət
Konservatoriyasının
4-cü kurs tələbəsi,
Prezident təqaüdçüsü
525-ci qəzet.-2011.- 22 noyabr.- S.7.