“Kişi
və qadın” Mingəçevirdə
Noyabrın
16-17-də görkəmli dramaturq Əli Əmirlinin “Kişi və
qadın” adlı ikihissəli epataj komediyası əsaslı təmirdən
sonra 43-cü teatr mövsümünü açan Mingəçevir
Dövlət Dram Teatrının ifasında
tamaşaçılara təqdim olunub. Bu barədə
teatrın direktoru, əməkdar mədəniyyət
işçisi Həsən Həsənov məlumat verib: “Bu, Əli
Əmirlinin Mingəçevir teatrında tamaşaya qoyulan
dördüncü əsəridir. Dramaturqun komik-dramatik səpkidə
işlədiyi bu komediyada dramatik situasiya gözlənilməz
olduğu qədər də maraqlıdır. Hadisələr
tamaşaçının diqqətini elə ilk səhnələrdən
səfərbər edir. Bir-birlərini əvəz edən qəfil
dönüşlərlə, gərgin psixoloji məqamlarla
müşayiət olunan komik səhnələr, ekssentrik vəziyyətlər,
vərdiş etdiyimiz həyat normalarını pozan epataj hadisələr
quruluşçu rejissor Sərvər Əliyevin yozumunda adi məişət
komediyası modelində deyil, sırf teatral həyat modeli kimi
təqdim edilir. Tamaşanı müşayiət edən
sürəkli alqışlar işin uğurlu
alınmasının bariz göstəricisi idi. Bu
alqışlar bizim üçün çox yüksək qiymət
oldu. Tamaşada teatrımızın istedadlı aktyorları
gözəl oyun göstərə bildilər. Fürsətdən
istifadə edib onların hamısının adını
çəkmək istərdim: Günel Əhmədova,
Şıxı Yaqubov, Zülfi Məmmədov, Fəridə Məmmədova,
Ruhəngiz Abdullayeva, Afət Əliyeva və rejissorun
özü Sərvər Əliyev. Tamaşanın rəssamı
Rafael Haşımov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Cəsarətlə deyə bilərəm ki, Mingəçevir
teatrı çoxdan belə bayram əhval-ruhiyyəsində
olmayıb”.
Qeyd edək ki, dünyanın özü qədər qədim və əbədi bir mövzuya – kişi və qadın münasibətlərinin qəribəliklərinə həsr olunmuş bu komediyanı dramaturq 2004-cü ildə qələmə alıb və əsər elə yazıldığı ildə də Dövlət Gənclər Teatrında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda uğurla səhnələşdirilib. Bundan sonra əsər ölkənin bir sıra teatrlarına da vəsiqə qazanıb. Axırıncı dəfə “Kişi və qadın” bu ilin aprel ayında Qusar Dövlət Dram Teatrında ləzgi dilində səhnələşdirilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 22 noyabr.-S.7.