“Azərbaycanın
Milli Qəhrəmanı – Gültəkin
zirvəsi” adlı anım mərasimi keçirilib
Azərbaycanın
Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı
şəhidlik zirvəsinə ucalmış Gültəkin Əsgərovanın
doğum günü münasibətilə anım mərasimi təşkil
edilib. Mərasim Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin “Bura Vətəndir” məclisinin Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü və
azadlığı uğrunda döyüşlərdə həlak
olan Vətən övladlarının əziz xatirəsinə
həsr olunmuş “Şəhidlər ölməz, Vətən
bölünməz!” layihəsi çərçivəsində
gerçəkləşib. “Azərbaycanın Milli Qəhrəmanı
– Gültəkin zirvəsi” adlı tədbirin
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin məzarını ziyarət edərək,
məzarın üzərinə güllər qoyub, sonra üzərinə
G.Əsgərovanın döyüş səhnəsində təsviri
vurulan avtomobillərlə Dövlət Bayrağı
Meydanına yürüş ediblər. Daha sonra Şəhidlər
Xiyabanına gələrək Gültəkin Əsgərovanın
məzarı önünə gül dəstələri
düzüblər. Şəhid anaları Cəmiyyətinin sədri,
pedaqoji elmlər namizədi Rəfiqə Əsgərova
qızının məzarı önündə
çıxış edərək Gültəkinin qəhrəmanlıqla
zəngin, keşməkeşli həyatına nəzər
salıb. . Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir Gültəkin
Əsgərovanın və ümumilikdə Vətən
torpağı uğrunda canlarından keçən
insanların həyatlarını xalqımızın qəhrəmanlıq
salnaməsinə yazılan şanlı səhifə kimi qiymətləndirib.
Burada Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının aktrisası Xalidə Şərifova, Azərbaycan
Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə
doktoru Xədicə İskəndərli, “Məhsəti”
şairlər məclisinin üzvü, şair Güləmayıl
İsayeva, şəhid xanımı, şair Arzu Nehrəmli,
ehtiyatda olan polkovnik, şair Telman Dəmirli qəhrəmanlıq
ruhlu şeirlər səsləndiriblər.
Mərasimin
davamı Gültəkin Əsgərovanın mənzilində
olub. Tədbiri Gənc Tamaşaçılar Teatrının
baş redaktoru, Əməkdar Mədəniyyət
işçisi, “Bura Vətəndir” məclisinin sədri Səriyyə
İsmayılova idarə edib. Əvvəlcə Azərbaycan
himni səsləndirilib, şəhidlərin və Gültəkin
Əsgərovanın ruhu bir dəqiqəlik sükutla yad
edilib. Giriş sözü ilə çıxış edən
Rəfiqə Əsgərova qızı haqqında xatirələrini
bölüşüb. Tədbirdə Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin prezidenti, Xalq şairi
Söhrab Tahir, vitse-prezidentlər Xəzər Emin, Səriyyə
İsmayılova, Rasim Məmmədov, hüquqşünas Həvva
Hüseynova, Qarabağ döyüşlərinin
iştirakçısı, general Əli bəy, Gənc
Tamaşaçilar Teatrının baş mühəndisi,
şair Səyavuş Şahmirov, Səməd Vurğunun
ev-muzeyi və fondunun rəhbəri Aygün Vəkilova, Xalq
artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov və
başqaları çıxış edərək Vətənin
ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş insanların qəhrəmanlıqları,
Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda
canından keçən və şəhidlik zirvəsinə
yüksələn vətən övladlarının
adlarının həmişə tarixdə
qalacağını vurğulayıblar. Güləmayıl
İsayeva, Xədicə İskəndərli və
başqalarının ifasında Gültəkin Əsgərovanın
qəhrəmanlığını əks etdirən şeir
parçaları iştirakçılara duyğulu anlar
yaşadıb. Tədbirin ruhuna uyğun səsləndirilən
musiqi parçaları ilə yanaşı, teatrın aktyoru
Ilham Əsədovun mahnısı dinləyicilərə təqdim
olunub .
Mərasimdə
həmçinin, İtaliyada gənc ifaçılar
arasında keçirilən Beynəlxalq müsabiqədə
birincilik qazanan Səməd Vurğunun nəticəsi Vurğun
Vəkilov və İtaliyada vokal üzrə uşaqlar
arasında keçirilən Beynəlxalq müsabiqədə
birinci yerə layiq görülmüş Emin Xəzər
musiqi parçaları ifa ediblər.
Sonda
Rəfiqə Əsgərova və Söhrab Tahir tədbirin
yüksək səviyyədə təşkilinə, görə
“Bura Vətəndir” məclisinin sədri, əməkdar mədəniyyət
işçisi Səriyyə İsmayılovaya təşəkkürlərini
bildirərək, bu tipli tədbirlərin ölməz şəxsiyyətlərinin
ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək, gənclərin
mənəvi tərbiyəsində əvəzsiz olduğunu
diqqətə çatdırıblar. Natiqlər
çıxışlarında ölkə prezidenti İlham Əliyevin
apardığı ardıcıl və məqsədyönlü
siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə
yönəldiyini diqqətə çatdıraraq,
Qarabağın tezliklə qaytarılacağına əminliklərini
dilə gətiriblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 22 noyabr.-S.7.