Qənirə Paşayeva “Onun sevgi məktubları”nı imzalayıb
Noyabrın
19-da millət vəkili Qənirə Paşayevanın “Onun
sevgi məktubları” adlı yeni kitabının təqdimat mərasimi
keçirilib. Park Bulvar-da “Əli və Nino” kitab
dükanları şəbəkəsinin satış məntəqəsindəki
mərasimdə Qənirə Paşayeva bunu özü
üçün önəmli bir hadisə hesab edib. O bildirib
ki, bu kitabın təqdimatı xeyriyyə aksiyası
üçün nəzərdə tutulub.
Tədbirdə
“Əli və Nino” kitab dükanları şəbəkəsinin
sahibi Nigar Köçərli, kitabın redaktoru Günel
Mövlid, Milli Məclisin deputatı Jalə Əliyeva və
başqaları Q.Paşayevanı təbrik edərək, ona
yeni yaradıcılıq uğurları arzulayıblar.
Q.Paşayeva
deyb ki, “Onun sevgi məktubları”nın satışından əldə
olunacaq gəlir bütünlüklə, həyat
yoldaşını itirmiş, üç uşaq anası olan
kimsəsiz və evsiz bir qadının problemlərinin həllinə
sərf ediləcək. Sonra müəllif oxucular
üçün kitabları imzalayıb.
“Onun
Sevgi məktubları” adlı epistolyar roman Q. Paşayevanın
yazdığı ilk bədii əsərdir.
“Onun
sevgi məktubları” Azərbaycanın müasir ədəbiyyatında
epistolyar janrda yazılmış azsaylı əsərlərdən
biridir. Real hadisələr üzərində qurulmuş romanda
yer alan məktubların mətni də kitabda nağıl
olunan sevgi hekayəti qədər gerçəkdir.
Oxuyacağınız hekayəti bədii təhkiyə və
xırda müdaxilələrlə oxuculara çatdıran
müəllif Qənirə Paşayeva, hadisələrin
yazarı olmaqla yanaşı, həm də gerçək
iştirakçılarından, qəhrəmanlarından
biridir.
“Onun
sevgi məktubları” – üç nəfərin hekayətidir...
Kitab
müəllifin bu fikirləri ilə başlayır:
“Heç
düşündünüzmü, bizə sevdiyimizi xatırlamaq,
unutmamaq üçün yaddaş verən Tanrı niyə onu
unutmaq üçün heç nə verməyib? Bəlkə
Tanrı qullarını ən zəif, ən həssas, ən
ağrılı yeri olan sevgi ilə imtahana çəkir?
Sevgi ilə yaratdığının ağrıya
dözümünü yoxlayır?
Sevgi,
sevən insana ağrını, acını da sevdirəcək
qədər dəlidi, çılğındı. Qəlbini
yaralayan, könlünü, ruhunu ağrıdan, qürurunu
darmadağın edən bir insana dünyanın ən gözəl
sözlərini dedirdəcək qədər
güclüdü. Ölümdən başqa heç nəyə
tabe olmayan dəhşətli hissdir sevgi.
Amma
heç nəyə baxmayaraq, sevgidən qorxmaq lazım deyil.
Onu yaşayanda, elə cənnəti yaşayır insan. Bir də
ki, qorx, ya qorxma, fərqi yoxdur. Qəfil qonaq kimi, ən
gözləmədiyin anında gəlir sevgi...
Kimisinə
cənnəti, kimisinə cəhənnəmi gətirərək...”.
525-ci qəzet.-
2011.- 22 noyabr.-S.7.