22 Noyabr ədliyyə işçilərinin
peşə bayramı günüdür
Məhkəmələr müasirləşir
20 il
əvvəl ölkəmiz müstəqilliyini bərpa etdikdən
sonra yeni dövlət quruculuğu prosesində qarşıda
duran ən mühüm vəzifələrdən biri real
hakimiyyət bölgüsünün həyata keçirilməsi
və müstəqil məhkəmə hakimiyyətinin bərqərar
olunması idi. Məlum olduğu kimi, sovet hakimiyyəti
dövründə məhkəmələr kommunist
partiyasının müəyyən etdiyi çərçivədə
– yalnız partiya və dövlət maraqlarını ifadə
edən qanunlar və direktiv göstərişlər əsasında
fəaliyyət göstərirdi. Ötən əsrin 90-cı
illərinin əvvəlində Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi
ilə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər
Əliyev xarici müdaxilənin, daxili hərc-mərcliyin və
separatizmin qarşısını aldıqdan sonra siyasi və
sosial stabillik şəraitində sərbəst bazar
iqtisadiyyatının, demokratik institutların bərqərar
olunması üçün köklü mütərəqqi
islahatlar aparmağa başladı. Həyatın bütün
sahələrini əhatə edən bu islahatların məqsədi
Azərbaycanda dövlət idarəçiliyinin,
iqtisadiyyatın, cəmiyyətin əsaslı şəkildə
müasirləşdirilməsi idi. Bu yolda insan
hüquqlarının müdafiəsində son sözə
malik olan məhkəmə sisteminin yeniləşməsi,
müasir dövrün tələblərinə
uyğunlaşdırılması xüsusi əhəmiyyət
kəsb edirdi. Ümummilli lider Heydər Əliyevin bilavasitə
rəhbərliyi ilə işlənib- hazırlanmış
müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq
səsverməsi ilə qəbul olunduqdan sonra həyata
keçirilən demokratik dəyişikliklər prosesində məhkəmə-hüquq
islahatına zəruri diqqət yetirilərək, insan
hüquqlarının daha etibarlı müdafiəsinə xidmət
edən prinsipcə yeni, üçpilləli məhkəmə
sistemi yaradıldı. 2000-ci ildə ölkəmizdə ilk dəfə
olaraq, test üsulu ilə şəffaf prosedurlar və
demokratik seçim əsasında yeni hakim korpusu
formalaşdırıldı, qısa müddət ərzində
beynəlxalq prinsiplərə və müasir tələblərə
uyğun yeni mütərəqqi qanunlar və məcəllələr
qəbul edildi. Məhkəmələrə müstəsna səlahiyyətlər
verildi, hakimlərin maddi və sosial təminatı xeyli
yaxşılaşdırıldı. Bununla da, müstəqil
Azərbaycanda müstəqil və müasir məhkəmə
hakimiyyəti formalaşdırıldı.
Ulu
Öndərimizin dövlət quruculuğu siyasətini
uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab
İlham Əliyev dövlət başçısı
seçildikdən sonra mühüm diqqət yetirdiyi sahələrdən
biri də məhkəmələrin fəaliyyəti oldu.
İnsan hüquqlarının etibarlı müdafiəsinə
daim xüsusi önəm verən Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması və məhkəmələrin fəaliyyətindəki
problemlərin aradan qaldırılması üzrə kompleks tədbirlər
işlənib hazırlandı.
Bu məqsədlə
Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə yaradılmış Azərbaycan-Avropa
Şurası birgə işçi qrupu tərəfindən
nüfuzlu ekspertlər ayrıldı, hakimlərin müstəqilliyi,
seçilməsi, təyin edilməsi, ixtisasının
artırılması və fəaliyyətinin qiymətləndirilməsi
məsələləri üzrə müvafiq Fəaliyyət
Planı həyata keçirilməyə başlandı.
Avropa
Şurası ekspertlərinin yaxından iştirakı ilə
bir sıra normativ-hüquqi sənədlər
hazırlandı, “Məhkəmələr və hakimlər
haqqında” Qanuna dəyişikliklər və əlavələr
barədə” və “Məhkəmə-Hüquq Şurası
haqqında” qanunlar qəbul edildi. Yeni qanunvericiliyə uyğun
olaraq Məhkəmə-Hüquq Şurası demokratik əsaslarla
formalaşdırıldı, Hakimlərin Seçki Komitəsi
yaradıldı, hakimliyə namizədlərin ən mütərəqqi,
demokratik və şəffaf üsullarla seçilməsinə
başlanıldı.
İndiyədək
çoxsaylı imtahan və müsahibələrdən, habelə
namizədlərin hakim vəzifələrinə
hazırlanmaları üzün uzunmüddətli kurs və təcrübədən
ibarət olan bu qaydalar əsasında 3 dəfə (2007, 2008 və
2010-cu illərdə) seçim proseduru keçirilmişdir. Həmin
prosedurlar əsasında 2200 hüquqşünas
sırasından 235 nəfər seçilərək hakim vəzifələrinə
təyin olunmuşdur. Hazırda hakimliyə namizədlərin
növbəti seçimi aparılır.
Ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması məqsədilə ölkəmizdə
ilk dəfə olaraq hakimlərin son yaş həddinə – 65
yaşadək təyinatı müəyyən edilmişdir.
Ölkə
Prezidentinin 2006-cı il yanvarın 19-da məhkəmə
sisteminin müasirləşdirilməsi ilə bağlı
imzaladığı fərmanın yerinə yetirilməsi ilə
Azərbaycanda məhkəmə islahatları keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu.
Belə
ki, dövlət müstəqilliyinin ilk dövründə məhkəmə-hüquq
islahatlarının əsas məqsədi mütərəqqi
qanunvericilik bazası yaratmaqla, müasir dünya təcrübəsinə
uyğun üçpilləli məhkəmə sistemi
formalaşdırmaq, hakimlərin müstəqilliyini təmin
etmək, məhkəmələri insan hüquqlarının
etibarlı qorunmasının real təminatçısına
çevirmək idi.
2005-ci
ildən başlayaraq isə islahatların ağırlıq mərkəzi
beynəlxalq təcrübə nəzərə alınmaqla,
ölkəmizdə məhkəmə strukturunun təkmilləşdirilməsi,
məhkəmə sisteminin müasirləşdirilməsi,
hakimlərin fəaliyyətinin
yaxşılaşdırılması, ədalət mühakiməsinin
səmərəliliyinin artırılması üzərinə
keçirildi. Bu məqsədlə görülən
ardıcıl tədbirlər sırasında əhalinin məhkəmələrə
müraciət etmə imkanlarının
asanlaşdırılması və bölgələrdə
hüquqi yardımın yaxşılaşdırılması
üçün konkret addımlar atılmağı
başlandı.
2007-ci
ildə yeni regional apelyasiya və digər məhkəmələr
yaradıldı, iş yükünün azaldılması məqsədilə
hakim ştatlarının sayı 2 dəfə, məhkəmə
aparatı işçilərinin sayı 60 faiz
artırıldı, hər bir hakim üçün əlavə
köməkçi ştatları təsis olundu. Hakimlərin
sayı ilə bağlı konkret olaraq qeyd etmək istərdim
ki, 2007-ci ilin avqustuna qədər Yasamal Rayon Məhkəməsində
cəmi 6 hakim çalışırdısa, indi onların,
daha doğrusu bizim sayımız 13 nəfərə
çatıb.
2010-cu
ilin iyun ayında Azərbaycanın əlavə 4 bölgəsində
regional ağır cinayətlər məhkəmələri təsis
edilmiş, dövlət orqanları tərəfindən insan
hüquqlarına ciddi əməl olunmasının təmin
edilməsi məqsədilə 2011-ci ilin yanvar ayından
ölkəmizin tarixində ilk dəfə olaraq 7 bölgədə
inzibati-iqtisadi məhkəmələr fəaliyyətə
başlamış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.
Məqsədyönlü
şəkildə, düşünülmüş
ardıcıllıqla həyata keçirilən bu mütərəqqi
dəyişikliklər sözsüz ki, ədalət mühakiməsinin
səmərəliliyinin artırılmasına xidmət etməklə
yanaşı, yerli əhalinin məhkəmələrə
müraciət imkanlarını asanlaşdırır, habelə,
bölgələrin inkişafına, xüsusilə yerli
hüquqşünasların işlə təmin olunmasına,
regionlarda vəkillik xidmətinin
stimullaşdırılmasına şərait yaradır.
Məhkəmə
islahatları hazırda elə bir mərhələyə
yetişib ki, ölkəmizin iqtisadi imkanlarının
artması, sosial məsələlərin uğurlu həlli ilə
yanaşı, məhkəmə infrastrukturunun də yeniləşməsinə,
əsil ədalət evlərinə çevrilən yeni məhkəmə
binalarının inşasına, mövcud tiklilərin yenidən
qurulmasına, hakimlərin iş şəraitinin
yaxşılaşdırılmasına mühüm diqqət
yetirilir.
Ölkəmizdə
aparılan məhkəmə-hüquq islahatlarının
uğurlu nəticələrini yüksək dəyərləndirən
Dünya Bankı Azərbaycanla əməkdaşlığa
marağını real addımlarla ifadə etmişdir. Azərbaycanda
ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi
çərçivəsində Dünya Bankının və
Azərbaycan hökumətinin ayırdığı vəsait
hesabına yeni məhkəmə binalarının tikintisinə
başlanılmışdır. Ən müasir beynəlxalq tələblərə
cavab verən həmin müasir informasiya-kommunikasiya
texnologiyaları (İKT) ilə, mühafizə və digər
avadanlıqlarla təchizatına dair işlər
görülür. Bütün məhkəmələri əhatə
edən vahid veb-portalın və məhkəmə aktları
üçün vahid elektron məlumat bazasının
yaradılması üzrə işlər aparılır.
Verilən
məlumata görə layihənin uğurla həyata
keçirilməsini nəzərə alaraq və görülən
işlərin miqyasını genişləndirmək məqsədilə
Dünya Bankının Direktorlar Şurası bu ilin yayında
qeyd olunan layihənin əlavə maliyyələşdirilməsi
üçün 61,7 milyon ABŞ dollarının
ayrılmasını təsdiq etmişdir. Bununla da layihə
üzrə ayrılan vəsaitin həcmi 100 milyon ABŞ
dollarına çatdırılmışdır.
Cəmi
bir neçə ilə əvvəl tiklib istifadəyə
verilmiş Ali Məhkəmənin binası öz gözəlliyi
və əzəməti ilə hakimlərin qürur mənbəyinə
çevrilmişdir.
Bu
günlərdə Oğuz Rayon Məhkəməsinin yeni
binasının açılış mərasimindən
reportajı izləyən hər kəs artıq regionlarda da ən
müasir tələblərə cavab verən məhkəmə
binalarının tikildiyinin şahidi oldu. Hazırda belə bir
gözəl bina Yasamal Rayon Məhkəməsi
üçün də inşa edilir və tikinti işləri
başa çatmaq üzrədir. Digər məhkəmələr
üçün də yeni binaların tikintisinə
başlanılmışdır.
Bütün
bunlar o deməkdir ki, Azərbaycanda məhkəmələr həm
daxilən (struktur təkmilləşməsi baxımından),
həm də zahirən (yeni möhtəşəm,
yaraşıqlı və hər cür şəraitə malik
binaların inşası baxımından) müasirləşir.
Sözsüz
ki, aparılan islahatlar vətəndaşların məhkəmələrə
inamını artırmaqla yanaşı hakimlərin də məsuliyyətini
daha da artırır. Ən müasir tələblərə
cavab verən, bəzən avropalı hakimlərin də həsəd
apara biləcəyi məhkəmə binasında işləmək
bir hakimi daha artıq məsuliyyətlə
çalışmağa sövq edir. Belə binalara daxil olan hər
bir vətəndaş da istər-istəməz məhkəmədən
daha çox obyektivlik və ədalət gözləyir.
Ədliyyə
işçilərinin peşə bayramı günündə
bütün həmkarlarımızı ürəkdən təbrik
edərək, hamımıza işdə uğurlar, həyatda
can sağlığı və xoşbəxtlik arzulayıram.
Xaqani Tağıyev,
Yasamal Rayon Məhkəməsinin
Hakimi
525-ci qəzet.- 2011.- 22 noyabr.-S.5.